Məhkəmə qərarları › İş №1(012)-289/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-289/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-289/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Türkmənistan Respublikasında anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,988 qram çəkidə psixotrop maddə metamfetamini 10 manata əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və üzərində saxlamış, 01 aprel 2024-cü il tarixdə saat 02:30-da Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölü adlanan ərazidə saxlanılaraq, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospekti 1 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 03:50-dan 04:00-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,988 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 mart 2024-cü il tarixdə gecə saat 23:30 radələrində mağazadan siqaret almaq üçün evdən çıxmışdır. Evi Abşeron rayonu, Masazırda, Əliağa Vahid küçəsində yerləşir. Evin yaxınlığında olan mağazaya gedib siqaret almışdır. Mağazadan çölə çıxıb siqareti yandıran zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər öncə vəsiqə göstərib sonra ona onlarla gəlməli olduğunu bildirmiş və telefonunu üzərindən qanunsuz şəkildə götürmüşdürlər. Hava qaranlıq olduğu üçün o, polislərin vəsiqəsini görməmiş və mülki geyimdə olduqları üçün onların polis olduğuna şübhə ilə yanaşmışdır. O polislərlə getmək istəmədiyini və kim olduqlarını bilmədiyini dedikdə polislər onun qoluna girmiş və zor tətbiq edərək özləri ilə aparmaq istəmişdirlər. Bu zaman o müqavimət göstərmiş və digər polis əməkdaşı da gələrək onun ayağından tutub maşına aparmaq istəmişdirlər. Onun talessemiya xəstəliyi olduğu üçün nəfəs ala bilməmiş, yerə uzanmış və polislərdən su istəmişdir.Polislər isə ona su verməmişdir. Əynində boz köynək və kurtka olmuşdur. Polislər onun kurtkasını çıxarmışdırlar. Daha sonra onu avtomobilin ayaqaltı hissəsində saxlayaraq X7 aparmışdırlar. Bölməyə daxil olandan sonra polislər rəis dedikləri şəxsə, guya onun ictimai asayişi pozduğunu səs-küy saldığını bildirmişdirlər. Rəis polislərə “onu aformut edin” demişdir. Bu zaman da onu pis şəkildə döymüşdürlər və o, yerdə uzanaraq əli ilə başını müdafiə etməyə çalışırdı. Döyülən zaman əynində olan boz köynəyi cırmışdırlar və üzərində kurtkadan başqa üst geyimi qalmamışdır. Daha sonra onu 2-ci mərtəbəyə aparmışdırlar. Orada ondan mobil telefonu açmağı tələb etmişlər, lakin o, buna etiraz etmiş və polislərə buna səlahiyyətlərinin olmamaqlarını bildirdikdə polis əməkdaşları ona “bizim hərşeyə səlahiyyətimiz çatır” deyərək yenidən onu döymüşdürlər. Daha sonra onu məcbur edərək barmaq izi ilə mobil telefonunu açmışlar və qanunsuz olaraq mobil telefonunda olan şəkillərə, şəxsi mesajlara, sosial şəbəkə hesablarındakı mesajlara baxmışdırlar. Ona psixoloji təzyiq göstərmək üçün bir polis əməkdaşı hansısa şəxsə verdikləri işgəncə videosunu ona göstərərək əgər dediklərini etməsə onun da aqibətinin videodakı kimi olacağını bildirmişdir. O, videodan sonra qorxmuşdur. Daha sonra ona video-çəkilişlə ona verdikləri narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini, həmçinin, biraz vəkilin gələcəyini və vəkilə ona heç bir təzyiqin olunmadığını deməsini bildirmişdirlər. Qorxusundan eyni qaydada video-çəkilişdə polislərin dediyi hərşeyi etmişdir. Bundan başqa videoda göründüyü kimi o döyülmüş, əynindəki köynəyi cırdıqlarını, əynində bir tək kurtkasının qaldığını bildirmişdir. Vəkil ona üç dəfə hər hansı bir təzyiqin olunub-olunmadığını soruşmuş və o, qorxusundan heç bir təzyiqin olunmadığını bildirmişdir. Daha sonra bir polis əməkdaşı mülayim şəkildə ona yaxınlaşıb hətta siqaret çəkməyinə də icazə vermişdir. Daha sonra ona ağrılarının olduğunu bildirmiş və narkotik vasitəni qəbul etməsini bildirmişdir. Daha sonra idarədə olan zaman növbətçi onun üstünü yoxlayarkən bədənində olan xəsarətləri görmüş, ona yoxlanarkən pilləkəndə 2-3 dəfə yıxıldığını deməsini bildirmişdir. 2 gün orda saxlanılarkən qabırğalarından xəsarət almış və nəfəs almaqda çətinlik çəkmişdir. Hadisədən 2 gün sonra onu evə buraxmışdırlar. Evə gəldikdən sonra da evdəkilər onun vəziyyətini görmüşdürlər. Sonda özünün əvvəllər narkotik maddə istifadəçisi olsa da hazırda sağaldığını, müharibə zaman dronların uçuşunda iştirak etdiyini, həmçinin kibertəhlükəsizlik sahəsində ixtisaslaşdığını, hətta 2 gün öncə Müdafiə Sənayesi Nazirliyindən iş təklifi gəldiyini, üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, balaca qardaşının talessemiya xəstəsinin olduğunu və köməyə ehtiyacı olduğunu, həbs olunacağı təqdirdə həm özünün həm də ailəsinin vəziyyətinin pisləşəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadə etməyə tutulmazdan təxminən 4 ay öncə başlamışdır. Sonuncu dəfə narkotik vasitəni 25 mart 2024-cü il tarixdə qəbul etmişdir. Tutulduqdan təxminə 10 gün sora müalicə alması üçün reablitasiya mərkəzinə getmiş və altı ay müalicə kursu keçmişdir. Döyülməsi ilə bağlı şikayət verməməsinin səbəbini ilk öncə polislərə inamının qalmadığını və qanunları bilmədiyini əsas gətirdi. Eyni zamanda bildirmişdir ki, polis əməkdaşları onu saat 23:40 radələrində evinin yanında saxlamış, həmin polislər iş üzrə şahid kimi dindirilmiş şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 01 aprel 2024-cü il tarixdə saat 02 radələrində və digər polis əməkdaşı Şahid1 ilə birlikdə Saray qəsəbəsi, Duz göl adlanan əraziyə gəlmişlər. Saat 02:30 radələrində yuxarıda göstərilən ünvanda olan zaman orada Yusifə yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu polis bölməsinə aparmışdırlar. Daha sonra müdafiəçi dəvət olunmuş və müdafiəçi, təhqiqatı və onların iştirakı ilə video-çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış” istintaq hərəkəti həyata keçirilmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında üzü Masazır istiqamətinə gedən yolda dayanmışdı. Ona yaxınlaşdıqları zaman tabesizlik göstərməmişdir. Şəxsi axtarışda özü şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmişdir. Ona qarşı heç bir fiziki-pxisi təzyiq və ya zorakılıq edilməmişdir. İstifadə etdiyi mobil nömrələr ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulmazdan öncə əməliyyat qrupu yaradılmışdır, əməliyyat qrupuna o özü rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşan zaman o tək olmuşdur. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olunmamışdır. İstifadə etdiyi mobil nömrə ***-***-**-** saylı mobil nömrədir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 31 mart 2024-cü il tarixdə axşam təxminən 8-9 radələrində Yusif ona mağazaya düşüb qayıdacağını bildirmişdir. Həmin gün onun sağlamlığında problem olduğu üçün yatmışdır. Otaqları ayrı olduğundan Yusifi görməmişdir. Səhər tezdən yuxudan duran zaman Yusifi görməmiş və harasa gedəcəyini zənn edərək gözləmişdir. Onun telefonuna zəng etmiş, lakin zəng çatmamışdır. Bundan sonra o qohumlarına xəbər vermişdir. Yusifi axşama qədər gözləmiş, lakin ondan xəbər ala bilməmişdirlər. Qohumlarından DİN-nin 102 xidmətinə zəng etsə də ona Yusifin haradasa tutulmadığını bildirmişdirlər. Aprelin 2-i qohumları ilə birlikdə Yasamal rayonu ərazisində bir mağazadan Yusifi soraqlayan zaman qohumlarından biri ona zəng edərək Yusifin evə gəldiyini bildirmişdir. O evə gələn zaman Yusifin çətinliklə nəfəs aldığını, üzərində kurtkadan başqa heç bir üst geyiminin, köynəyinin olmadığını görmüşdür. Yusifdən səbəbin soruşan zaman onu mağazadan çıxarkən 2 nəfər mülki geyimli şəxsin yaxınlaşdığını və döyərək zorla Saray qəsəbəsi, Duz gölünün yaxınlığına, oradan da polis bölməsinə apardıqlarını bildirmişdir. Dəfələrlə Yusifə həkimə müraciət etməyi, polisə şikayət etməyi desə də Yusif heç biri ilə razılaşmamış və heç kəsə məlumat verməməsini bildirmişdir. Hadisədən təxminən 10 gün sonra Yusifi reablitasiya mərkəzinə yerləşdirmişlər və 06 ay Yusif orada qapalı şəkildə müalicə almışdır. 7-ci ayın ilk həftəsindən artıq sağaldığı üçün reablitasiyadan çıxmışdır. İş üzrə şahid X5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmidşdir ki, ev ünvanları ünvan 6 olan xəsarətləri görmüşür və Yusif qabırğasını daha çox tuturdu. Əvvəllər Yusifin narkotik vasitə istifadə etmədiyini, tutulmazdan 2-3 ay öncədən başladığını, artıq sağaldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 01 aprel 2024-cü il tarixdə, saat 03:30 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işinin başlanması və icraata qəbul etmə haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1755 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 246” dairəvi möhür əksi və “...(imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,988 qram ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi – 1,988 qram qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,938 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* №li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi Cəfər Nəzərovun xx.xx.2024-cü il tarixli vəsatəti təmin olunmamış və onun saxlanıldığı Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunması haqqında qərar qəbul olunmuşdur. - “Başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində barəsində “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X3 haqqında xx.xx.2024-cü il tarixli, 4431 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannaboidlərin və psıxostımulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 25 iyul 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, X2 götürülmüş 1,988 qram təşkil edən,tədqiqata sərf edildikdən sonra çəkisi 1,938 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Pİ-in maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. - “Sübutların qiymətləndirilməsi” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının ekspert rəyləri maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. - “Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Polis İdarəsini İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirməsi ilə bağlı Abşeron Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Abşeron RPİ-nin Saray PB-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halları təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Abşeron Rayon Polis İdarəsinin MSY-dən məhkəmənin sorğusuna cavab məktubu və ona əlavə olunmuş MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan və tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışlardan görünür ki,Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə saat 03:30 radələrində Abşeron rayonu,Masazır qəsəbəsi,Ə.Vahid küçəsi 190-da tutulmuşdur.MSY –nə daxil olarkən tibbi müayinə zamanı hər hansı şikayəti olmadığı qeyd edilmişdir. - “Azercell Telekom” tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 200 nömrəli məktubdan görünür ki, təqdim edilmiş məhkəmə qərarıında qeyd olunan **********,********** və ********** saylı nömrənin xx.xx.2024-cü il tarixdən saar 23:00dan xx.xx.2024-cü il saat 05:00-dək olan müddətdə mövcud olan əhatə dairəsinə dair məlumat təqdim edilmişdir. Qərarda göstərilən digər müddətlərdə həmin mobil nömrənin istifadəsi aşkar olunmamışdır. - Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, "xxxx" MMC tərəfindən 08 yanvar 2025-ci il tarixdə göndərilmiş hər iki məktub və onlara əlavə edilmiş CD disk məhkəmə iclasında tədqiq edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə ünvanlanmış sorğu əsasında alınmış məlumatdan və “MSY-də saxlanılan şəxslərin uçotu kitabından”-da göründüyü kimi Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə yerləşdirilən və azad olunan zaman heç bir xəsarət və şikayəti olmamışdır. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla belə, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması faktının araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirə orqan olan prokurorluğa məlumat verilmiş, və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Abşeron RPİ-nin əməkdaşlarının əməlində qanunsuz hərəkətlərə yol verməsi faktı öz əksini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxış iclasında verdiyi ifadəsi bağlı xüsusatları müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində psixotrop maddə olmaması və ittiham olunduğu əməlin polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zorakılıq gücü ilə boynuna qoyulması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Psixotrop maddənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid1 və Şahid2 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Bütün bunlarla birlikdə təqsirləndirilən şəxs son sözündə tutulduqdan sonra narkotik vasitə istifadə etmədiyini, narkomaniyadan müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əldə edilmiş Abşeron RPİ-nin əməliyyat müvəkkili Şahid2 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** nömrəli mobil nömrənin, Abşeron RPİ-nin əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrənin anten dairəsi məlumatları müqayisəli şəkildə tədqiq edilən zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs 31 mart 23:02-dən 01 aprel saat 01:20-yədək təqsirləndirilən şəxsin anten dairəsi məlumatları Nərimanov rayon ərazisini göstərir, lakin təqsirləndirilən şəxs ifadəsində qeyd edir ki, o, 31 mart 2024-cü il tarixdə gecə saat 23:30 radələrində mağazadan siqaret almaq üçün evdən çıxmışdır. Evi Abşeron rayonu, Masazırda, Əliağa Vahid küçəsində yerləşir. Evin yaxınlığında olan mağazaya gedib siqaret almışdır. Mağazadan çölə çıxıb siqareti yandıran zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Buradan da aydın olur ki, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar anten dairəsi məlumatlarının tədqiqi zamanı da öz təsdiqini tapmır və özünü müdafiə xarakterli ifadə kimi qəbul olunur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, anten dairəsi məlumatlarının Azercell MMC-nin məktubuna nəzər yetirdikdə dəqiq olmasının müəyyən edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdara yaxın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, əməlin ictimai təhlükəliliyinə və şəxsin şəxsiyyətinə uyğun olmamaqla cəzanın məqsədini təmin edə bilməz. Azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 12 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X3 haqqında 27 iyun 2024-cü il tarixli, 4431 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,938 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,938 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar