Məhkəmə qərarları › İş №1(012)-290/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-290/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-290/2022 06.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri vəkil Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx.xx.1994-cü ildə Naxçıvan MR, Babək rayonu, Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, məhkəmə iclas zalından həbs edilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2021-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi, V.Axundov küçəsində yerləşən 6 saylı evin həyətindəki hamamın içərisində fotoşəkillər çəkdirdikdən sonra, həmin fotoşəkilləri internet sosial şəbəklərdə yerləşdirib altından Zərərçəkmiş şəxs1 atasının mobil nömrəsini yazıb, haqqında şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatlar yayacağı ilə hədələyib fotoşəkillərinin mobil telefonundan silinməsi üçün ondan 5000 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs1 rüsvay olacağından qorxduğuna görə həmin şəkillərin sosial şəbəkələrdə yayılmaması üçün ona xx.xx.2021-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi, V.Axundov küçəsində yerləşən 6 saylı evin qarşısında atası Zərərçəkmiş şəxs2 məxsus 1000 manat məbləğində nağd pulu və 250 manat dəyərində 01 ədəd 4,2 qram 583 əyarlı «Z» hərfli medalyonu olan qızıl boyunbağını, xx.xx.2021-ci il tarixdə saat 03 radələrində həmin ünvanda, yəni Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi, V.Axundov küçəsində yerləşən 6 saylı evin qarşısında atası Zərərçəkmiş şəxs2 məxsus 1650 manat dəyərində 01 ədəd 21,6 qram 750 əyarlı «zəncir» qızıl boyunbağını, 390 manat dəyərində 01 ədəd 6,1 qram 583 əyarlı qızıl nişan üzüyünü, 270 manat dəyərində 01 ədəd 4,6 qram 585 əyarlı «fantaziya» qızıl üzüyünü və 180 manat 01 cüt 3,1 qram 583 əyarlı qızıl sırğanı verməklə o, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3980 (üç min doqquz yüz səksən) manat dəyərində əmlakını və pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin avqust ayının sonlarında internet sosial şəbəkəsinin “Tik-tok” səhifəsində tanış olmuşdur. Həmin ərəfədə həyat yoldaşının əmisinin Xırdalan şəhəri “Kristal-Abşeron-1” yaşayış kompleksindəki mənzilində yaşamışdır. Zeynəblə tanış olduqdan sonra sonuncu mobil telefonun “WhatsApp” xidməti vasitəsi ilə ona öz şəklini göndərmişdir. Onlar təxminən 5-6 gün ərzində hər gün Zeynəblə telefon əlaqəsi saxlayıb danışırmışlar. Zeynəbin sözündən sonra xx.xx.2021-ci il tarixdə gecə saat 03 radələrində Zeynəbin təklifi ilə sonuncunun yaşadığı Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vəli Axundov küçəsində yerləşən evlərinə getmişdir. Həyətin darvazası açıq olduğundan, həyətə daxil olub Zeynəblə onların həyətindəki hamamda görüşmüşdür. Zeynəb ona yaxınlaşan zaman mobil telefonu ilə Zeynəblə birlikdə fotoşəkil çəkmişdir. Elə bu zaman həyətdən səs gəldiyindən, Zeynəb tez hamadan çıxıb qapını örtüb evlərinə tərəf getmişdir. Zeynəbə heç vaxt hədə qorxu gəlməmiş, nə də onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan nəsə tələb etməmişdir. Zeynəb öz xoşu ilə ona 1000 manat məbləğində nağd pul, 01 ədəd «Z» hərfli medalyonu olan qızıl boyunbağını, 01 ədəd «zəncir» qızıl boyunbağını, 01 ədəd qızıl nişan üzüyünü, 01 ədəd «fantaziya» qızıl üzüyünü və 01 cüt qızıl sırğanı vermişdir. Bundan bir neçə gün sonra Zeynəbin ondan polisə şikayət etdiyini eşitmiş və tutulacağından qorxub tez-tez yaşadığı yerləri dəyişib gizlənməyə başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vəli Axundov küçəsi ev 6-da yaşayır. Fərdi əməklə məşğuldur, Bakı şəhəri, 3-cü mikrorayon ərazisindəki atelyedə dərzi işləyir. Hər gün səhər işə gedib, axşam evə qayıdır. Zərərçəkmiş şəxs1 onun qızıdır, sonuncu Xırdalan şəhərindəki tibb kursunda təhsil alır. Həftədə 2 gün həmin kursa gedir. Bir qız övladı anadangəlmə qüsurlu olduğuna görə həyat yoldaşı demək olar ki, gün ərzində vaxtının çox hissəini həmin qızı ilə keçirir. Qardaşı Amin ondan borc pul istədiyinə görə 12 sentyabr 2021-ci il tarixdə evdə saxladığı 2500 manat pulu götürüb sonuncuya vermək istəyəndə, pulun 1000 manatının yerində olmadığını görüb kiminsə götürdüyünü düşünüb, bu barədə ailə üzvülərindən soruşmuşdur. Qızı Zeynəbdən bu barədə soruşduqda, sonuncuya hədiyyə aldığı “Z” hərfli medalyonu olan qızıl boyunbağının da boynunda olmadığını görüb, boyunbağısının harada olduğunu soruşdum. Zeynəb isə boyunbağının evdəki qızıl əşyaların içərisində olduğunu söyləmişdir. Ancaq o, Zeynəbin həyacanlamasından nə isə düz danışmadığını hiss edib, evdəki qızıl əşyalarına baxmışdır. Həmin vaxtı qızılların bir neçəsinin yerində olmadığını aşkar edib, Zeynəbdən bu barədə soruşmuşdur. Zeynəb ilk öncə qızılların və pulun yerini bilmədiyini söyləsə də, iki gün ərzində aralarında olan danışıqdan sonra sonuncu internet sosial şəbəkəsinin “Tik-tok” səhifəsində tanış olduğu Sahil Naxçıvanlı adlı oğlanın Zeynəblə olan fotoşəkillərini “Tik-tok” səhifəsində paylaşacağı ilə hədələyərək 5000 manat pul istədiyini, bunu etməməsi üçün Zeynəbdə ondan gizlin evdən 1000 manat pulu, həmin “Z” hərfli medalyonu olan qızıl boyunbağını, 2 ədəd qızıl üzüyü, 2 ədəd qızıl boyunbağını və 1 cüt qızıl sırğanı götürüb həmin Sahilə verdiyini bildirmişdir. Bunu bilən kimi Sahildən şikayət etmək lazım olduğunu deyb, qızı Zeynəblə Abşeron RPİ-nə gələrək, şikayət etmişlər. Baş vermiş cinayət nəticəsində ona ümumilikdə 3980 (üç min doqquz yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sahil Naxçıvanlı ilə 27 avqust 2021-ci ildə sosial şəbəkədə “Tik-tok” səhifəsində vertual olaraq tanış olmuşdur. Biri-birilərini yaxşı tanımaqdan ötrü həmin səhifədə 5-6 gün yazışdıqdan sonra Sahil ondan şəkil göndərməsini xahiş etmişdir. İnternet vasitəsi ilə öz şəklini Sahilə göndərmişdir. Bundan sonra Sahil onunla şəxsən görüşmək istədiyini bildirmişdir. Əvvəl görüşmək istəməsə də Sahilin təkidli xahişini nəzərə alıb görüşməyə razılıq vermiş və həmin günü, yəni xx.xx.2021-ci il tarixdə gecə ailə üzvüləri yatdıqdan sonra saat 03 radələrində Sahili həyətindəki hamama dəvət etmişdir. Razılaşdıqları kimi elə həmin gecə onlar həyətdəki hamamda görüşmüşlər. Həmin görüş 25-30 dəqiqə arasında davam etmiş, Sahil onunla selfi şəkil çəkdirmək istədiyini bildirmiş, o, buna etiraz etsə də Sahil ondan xəbərsiz ikilərinin bir yerdə olduğunu öz telefonu ilə çəkmişdir. Həmin vaxtı həyətdən səs gəldiyinə görə tez hamamdan çıxıb qapını örtüb evə tərəf qaçmağa başlamışdır. Həmin vaxtı Sahilin də hamamdan çıxıb həyət qapısına tərəf gedib çölə çıxdığını görmüşdür. Sahil getdikdən sonra həyət qapısını arxadan bağlayıb, hamamın qapısını örtüb evə qayıtmışdır. Bu zaman Sahil mobil telefonuna ***-***-**-** nömrəli mobil telefonun “WhatsApp” xidməti vasitəsi ilə zəng edib, həyətdən çıxdıqdan sonra içərisində şəxsiyyət vəsiqəsi və başqa sənədləri olan pul qabısını itirdiyini bildirib, sənədlərini yenidən düzəltdirmək üçün Naxçıvana getmək lazım olduğunu və buna görə də xərci çıxacağını, pulunun olmadığını, pul qabısının itməsinə onu səbəb gətirmişdir. Həmçinin Sahil sənədlərinin düzəlməsi üçün ondan 5000 manat məbləğində pul tələb etmiş, əks halda Sahil onunla olan fotoşəkilləri internet sosial şəbəkəsinin “Tik-tok” səhifəsində nümayiş etdirəcəyini söyləmişdir. Sahilə evdə o qədər pulun olmadığını bildirdikdən sonra, Sahil də ilk öncə ona 1000 manat məbləğində pul lazım olduğunu söyləmişdir. Sahilin ona dediklərini real qəbul etmiş və belə halın baş verməməsi üçün, valideynlərinə məxsus yaşadığı evdə olan puldan 1000 manatını onlardan xəbərsiz götürüb, xx.xx.2021-ci il tarixdə Sahillə telefon əlaqəsi saxlayıb saat 07 radələrində yaşadığı evin həyət qapısının yanında Sahillə görüşüb həmin məbləğdə pulu Sahilə vermişdir. Həmin vaxtı Sahil onun boynunda “Z” hərfi olan bir ədəd qızıl boyunbağını görüb, həmin boynbağını da ondan tələb etmişdir. Həmin boyunbağını da boynundan çıxarıb Sahilə vermişdir. Bundan sonra onla yenə telefon vasitəsi ilə danışıb əlaqə saxlamışlar. Bir neçə gündən sonra Sahil telefonla zəng edib, küçədə onunla görüşmək istədiyini bildirmişdir. Valideynlərinin və qohumlarının onları küçədə birlikdə görəcəklərindən qorxub Sahilə bu barədə deyib, etiraz etmişdir. Bundan bir neçə gün sonra, xx.xx.2021-ci il tarixdə Sahil yenidən ona zəng edib, onu Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksində yaşadığı evə dəvət etmişdir. Sahil ilə razılaşıb, saat təxminən 12 radələrində həmin yaşayış kompleksinə getmişdir. Sahil onu mənzilin qarşısında qarşılayıb içəriyə dəvət etmişdir. Orada Sahil onun mobil telefonunu alıb, açmaq üçün kodunu soruşmuşdur. Telefonun kodunu Sahilə deyəndən sonra, sonuncu telefonuna baxarkən, orada onun xalası oğlu ilə olan fotoşəklini görüb, həmin oğlanın kimliyini soruşmuşdur. Həmin şəxsin xalası oğlu olduğunu Sahilə söyləmiş, sonuncu ona inanmayıb, oğlanın kimliyini araşdıracağını deyib, həmin fotoşəkilini “WhatsApp” xidməti vasitəsi ilə öz mobil telefonuna göndərmişdir. Sonra onunla mübahisə edərək, həmin fotoşəkili və onunla olan fotoşəkilləri internet sosial şəbəkəsinin “Tik-tok” səhifəsində nümayiş etdirəcəyini yenidən söyləmişdir. Əgər ona 1000 manat və bir ədəd “Z” hərfli medalyonu olan qızıl boyunbağı da daxil olmaqla, cəmi 5000 manat olması üçün əlavə pul və ya qızıl əşyası verəcəyi halda həmin şəkilləri telefonundan siləcəyini bildirmişdir. Həmin vaxtı o, Sahilin sözlərindən özünü pis hiss etdiyinə görə oradan çıxıb evlərinə qayıtmışdır. Sahil bir neçə saat sonra telefonla ona zəng edib işin nə yerdə olduğunu, yəni pulu və ya qızılı verib-verməyəcəyini soruşmuşdur. Atasının evdə olan pullarını əmisinə vermək istədiyi üçün Sahilə pul verə bilməyəcəyini söyləmişdir. Sahil də gecə saat 12-yə kimi ondan qızıl-zinət əşyalarını tələb etdiyindən o, məcbur qalıb, həmin gecə ailə üzvüləri yatdıqdan sonra ailə üzvülərindən gizlin evdə olan qızılların içərisindən 02 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanı götürüb salfet kağızına büküb Sahilə zəng etmiş və gəlib aparmasını söyləmişdir. Həmin gecə, yəni xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Sahil həyət darvazasının yanına gəlib, həmin qızılları alıb getmişdir. Sonra Sahildən heç bir xəbər çıxmamışdır. Bir neçə gün sonra valideynləri həmin qızılların və 1000 manat pulun yerində olmadığını bilib bu barədə ondan soruşmuşlar. Məcbur qalıb, həmin qızılları və pulu Sahilə nə səbəbə görə verdiyini söyləmişdir. Bundan sonra atası Sahildən şikayət etmək lazım olduğunu deyb, onunla birlikdə polis idarəsinə gəlmiş və o, Sahildən şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X5 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar izahat verərək, dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 7 ay olar ki, fiziki şəxs X2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində, “köhnə bazar” adlanan məhəllədəki lombardında işləyir. Həftənin 6 günü hər gün səhər saat 09 radələrindən 19 radələrindək işdə olur. İşi lombarda müraciət edən şəxslərin girov kimi təqdim etdiyi qızıl əşyalarını yoxlayıb, qəbul etməkdən və bunun müqabilində lombardın şərtlərinə əsasən onlara kredit verməkdən ibarətdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu buildiyi şəxs iki dəfə onun işlədiyi həmin lombarda qızıl-zinət əşyası girov qoyaraq pul götürmüşdür. Birinci dəfə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə lombarda 1 ədəd “Z” hərfli medalyonu olan qızıl boyunbağını girov qoyaraq, 210 manat, ikinci dəfə isə bundan 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə 2 ədəd qızıl, boyunbağı, 2 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa girov qoyaraq 2200 manat pul götürmüşdür. Lombarda girov kimi götürdüyü qızıl əşyaların çəkisini, əyarını və metal tərkibini xüsusi vasitələrlə yoxladıqdan sonra qəbul edir. Qızıldan olmayan əşyaları girov kimi qəbul etmir. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını götürməyi barədə girov biletinin surətini istintaqa təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 təqdim etdiyi CD diskə və «Whatsapp» sosial şəbəkədən olan çıxarışlara tərəfimdən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs CD diskdə olan audio faylların onunla Zərərçəkmiş şəxs1 arasında olan dialoqun səs yazıları, həmin dialoqdakı kişi səsinin özünə, qadın səsinin isə Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildirmişdir. «Whatsapp» sosial şəbəkədən olan çıxarışlardakı yazışmaların isə özü və Zərərçəkmiş şəxs1 tərəfindən «Whatsapp» sosial şəbəkə vasitəsi ilə yazıldığını bildirmişdir. Girov biletlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi qızılzinət əşyalarını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən lombarda girov qoymuşdur. Arayışdan görünür ki, 01 ədəd 21,6 qram 750 əyarlı «zəncir» qızıl boyunbağı – 1650 manat, 01 ədəd 6,1 qram 583 əyarlı qızıl nişan üzüyü – 390 manat, 01 ədəd 4,6 qram 585 əyarlı «fantaziya» qızıl üzük – 270 manat, 01 cüt 3,1 qram 583 əyarlı qızıl sırğa – 180 manat, 01 ədəd 4,2 qram 583 əyarlı «Z» hərfli medalyonu olan qızıl boyunbağı – 250 manat, 01 ədəd 3,0 qram 750 əyarlı «tros» qızıl boyunbağı – 240 manat olmaqla təqdim olunmuş qızıl-zinət əşyalarının ümumi orta satış qiyməti 2980 (iki min doqquz yüz səksən) manat təşkil edir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 ədəd CD disk və «Whatsapp» sosial şəbəkədən olan çıxarışlar cinayət işinə əlavə edilmiş, 01 ədəd 21,6 qram 750 əyarlı «zəncir» qızıl boyunbağı, 01 ədəd 6,1 qram 583 əyarlı qızıl nişan üzüyü, 01 ədəd 4,6 qram 585 əyarlı «fantaziya» qızıl üzük, 01 cüt 3,1 qram 583 əyarlı qızıl sırğa, 01 ədəd 4,2 qram 583 əyarlı «Z» hərfli medalyonu olan qızıl boyunbağı, 01 ədəd 3,0 qram 750 əyarlı «tros» qızıl boyunbağı saxlanılması üçün qanuni sahibinə Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndlirilən şəxs qismində cəlb edilmiş, lakin həmin şəxs istintaq orqanlarından gizləndiyinə görə, ona həmin maddədə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmadığından, həmin tarixdə barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və barəsində həbs qətimkan tədbiri seçilərək, məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədəqorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 182.1ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsə heç vaxt hədə qorxu gəlmədiyini, nə də onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan nəsə tələb etmədiyini, zərərçəkmiş şəxs öz xoşu ilə ona 1000 manat məbləğində nağd pul, 01 ədəd «Z» hərfli medalyonu olan qızıl boyunbağını, 01 ədəd «zəncir» qızıl boyunbağını, 01 ədəd qızıl nişan üzüyünü, 01 ədəd «fantaziya» qızıl üzüyünü və 01 cüt qızıl sırğanı verdiyini bildirsə də ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, Sahil sənədlərinin düzəlməsi üçün ondan 5000 manat məbləğində pul tələb etdiyini, əks halda Sahil onunla olan fotoşəkilləri internet sosial şəbəkəsinin “Tik-tok” səhifəsində nümayiş etdirəcəyini dediyini, belə halın baş verməməsi üçün, valideynlərinə məxsus yaşadığı evdə olan puldan 1000 manatını onlardan xəbərsiz götürüb, xx.xx.2021-ci il tarixdə Sahillə telefon əlaqəsi saxlayıb saat 07 radələrində yaşadığı evin həyət qapısının yanında Sahillə görüşüb həmin məbləğdə pulu Sahilə verdiyini, həmin vaxtı Sahil onun boynunda “Z” hərfi olan bir ədəd qızıl boyunbağını görüb, həmin boynbağını da ondan tələb etdiyinə görə həmin boyunbağını da boynundan çıxarıb Sahilə verdiyini, xx.xx.2021-ci il tarixdə Sahilin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksində evdə Sahil onun mobil telefonuna baxarkən, orada onun xalası oğlu ilə olan fotoşəklini “WhatsApp” xidməti vasitəsi ilə öz mobil telefonuna göndərərək, həmin fotoşəkili və onunla olan fotoşəkilləri internet sosial şəbəkəsinin “Tik-tok” səhifəsində nümayiş etdirəcəyini yenidən dediyini, əgər ona 1000 manat və bir ədəd “Z” hərfli medalyonu olan qızıl boyunbağı da daxil olmaqla, cəmi 5000 manat olması üçün əlavə pul və ya qızıl əşyası verəcəyi halda həmin şəkilləri telefonundan siləcəyini bildirdiyini, Sahilin gecə saat 12-yə kimi ondan qızıl-zinət əşyalarını tələb etdiyindən o, məcbur qalıb, həmin gecə ailə üzvüləri yatdıqdan sonra ailə üzvülərindən gizlin evdə olan qızılların içərisindən 02 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanı götürüb salfet kağızna büküb həmin gecə, yəni xx.xx.2021 -ci il tarixdə saat 03 radələrində Sahillə həyət darvazasının yanında verdiyini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bundan başqa məhkəmə istintaq zamanı dindirilmiş Şahid ifadəsində sonradan adının Təqsirləndirilən şəxs olduğunu buildiyi şəxs iki dəfə onun işlədiyi lombarda qızıl-zinət əşyası girov qoyaraq pul götürdüyünü, birinci dəfə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə lombarda 1 ədəd “Z” hərfli medalyonu olan qızıl boyunbağını girov qoyaraq, 210 manat, ikinci dəfə isə bundan 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə 2 ədəd qızıl, boyunbağı, 2 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa girov qoyaraq 2200 manat pul götürdüyünü bildirmişdir. Eyni zamanda ibtidai istintaq zamanı iş üzrə maddi sübut kimi tanınmış CD diskə və «Whatsapp» sosial şəbəkədən olan çıxarışlara Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs CD diskdə olan audio faylların onunla Zərərçəkmiş şəxs1 arasında olan dialoqun səs yazıları, həmin dialoqdakı kişi səsinin özünə, qadın səsinin isə Zeynəb İmaıızadəyə məxsus olduğunu, həmçinin «Whatsapp» sosial şəbəkədən olan çıxarışlardakı yazışmaların isə özü və Zərərçəkmiş şəxs1 tərəfindən «Whatsapp» sosial şəbəkə vasitəsi ilə yazıldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, mütəxəssis rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs оğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində azyaşlı uşağının olması, o cümlədən zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və «Whatsapp» sosial şəbəkədən olan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 21,6 qram 750 əyarlı «zəncir» qızıl boyunbağı, 01 ədəd 6,1 qram 583 əyarlı qızıl nişan üzüyü, 01 ədəd 4,6 qram 585 əyarlı «fantaziya» qızıl üzük, 01 cüt 3,1 qram 583 əyarlı qızıl sırğa, 01 ədəd 4,2 qram 583 əyarlı «Z» hərfli medalyonu olan qızıl boyunbağı, 01 ədəd 3,0 qram 750 əyarlı «tros» qızıl boyunbağı ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və «Whatsapp» sosial şəbəkədən olan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 21,6 qram 750 əyarlı «zəncir» qızıl boyunbağı, 01 ədəd 6,1 qram 583 əyarlı qızıl nişan üzüyü, 01 ədəd 4,6 qram 585 əyarlı «fantaziya» qızıl üzük, 01 cüt 3,1 qram 583 əyarlı qızıl sırğa, 01 ədəd 4,2 qram 583 əyarlı «Z» hərfli medalyonu olan qızıl boyunbağı, 01 ədəd 3,0 qram 750 əyarlı «tros» qızıl boyunbağı ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar