Məhkəmə qərarları › İş №1(012)-290/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-290/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-290/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2024-cü il tarixdən cəzasını çəkən, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında video-konfrans vasitəsilə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının 35 manat müqabilində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən yolun kənarına qoyduğu bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1,029 qram olan kustar üsülla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısf’na (Siyahı İ) daxil olan narkotik vasitə heroini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək daşımış və üzərində saxlamış, 05 mart 2024-cü il tarixdə saat 21:00 radələrində Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Nübar qəsəbəsində saxlanılaraq Abşeron RPİ-yə gətirilib, polis idarəsinin inzibati binasında həmin tarixdə saat 21:40-dan 21:55-ə kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, 1,029 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Video-konfrans vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməldaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Ona təzyiq göstərildiyi üçün ibtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olduğunu söyləmişdir. Ona təzyiq göstərilməsi ilə bağlı heç bir quruma şikayət etməmişdir. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Lakin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 mart 2024-cü il tarixdə saat 14:00 radələrində «İnstaqram» sosial şəbəkəsində tanış olduğu lakin adını və soyadını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkan əsasında Abşeron rayonu Nübar qəsəbəsində onun hesabına 35 manat məbləğində pul göndərməklə bir büküm narkotik vasitə heroin əldə edərək əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyub öz istifadəsi üçün saxlamışdır. Bundan sonra, artıq saat 21:00 radələrində o, piyada olaraq Abşeron rayonu, Nübar qəsəbəsində hərəkətdə olduğu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər və həmin vaxt üzərində narkotik vasitə olduğundan, narahatçılıq keçirərək, həyacan keçirmişdir. Həmin vaxt isə polis əməkdaşları onun tək piyada olaraq hərəkət etdiyini və özü də, onları görüb həyəcanlanaraq onlarda şübhə yaratdığından, onun şəxsiyyəti ilə maraqlanmağa başlamışlar. O, isə həmin vaxt üzərində narkotik vasitə olduğundan, polis əməkdaşlarının onu saxlamasına və tutulacağını düşünərək, özünü təqdim edərkən bir qədər özünü çaşdırmışdır. Belə ki, o, bu hərəkətləri ilə özünü şübhəli apardığından, həmin polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmişlər və o, da, etiraz etməyərək polis idarəsinə onlarla birlikdə gəlmişdir. Bundan sonra, polis idarəsində polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılacağı barədə bildirilərək, huquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra isə polis idarəsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşyalar varsa təqdim etməsi təklif edilmişdir. O, da, həmin vaxt 05 mart 2024-cü il tarixdə saat 14:00 radələrində öz istifadəsi üçün «İnstaqram» sosial şəbəkəsində tanış olduğu lakin adını və soyadını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkan əsasında Abşeron rayonu Nübar qəsəbəsində onun hesabına 35 manat məbləğində pul göndərməklə bir büküm narkotik vasitə heroin əldə edərək əynində olan tünd göy rəngli cins şalvarımın sağ yan cibində saxladığı, şəffaf sellofana bükülmüş olan bir ədəd bükümdəki narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları həmin bükümə baxış keçirərək, maddi sübut olduğundan və ekspertizaya təqdim ediləcəyini bildirib qablaşdıraraq götürmüşlər və üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və doğruluğu həm onun həm də digər iştirakçılar tərəfindən imza edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, özü narkotik vasitə aludəçisidir və mütəmadi olaraq narkotik vasitədən istifadə etsə də, lakin narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Onu polis əməkdaşları saxlayan zaman və polis idarəsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Abşeron RPİ-nin NMB üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 05 mart 2024-cü il tarixdə saat təxminən 21:00 radələrində o, və Abşeron RPİnin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Oruc adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Abşeron rayonu, Nübar qəsəbəsində Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq Abşeron RPİ-yə gətirmişlər. Belə ki, polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, Pİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edildi və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparıldı. Belə ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində 05 mart 2024-cü il tarixdə saat 14:00 radələrində «İnstaqram» sosial şəbəkəsində tanış olduğu lakin adını və soyadını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkan əsasında Abşeron rayonu Nübar qəsəbəsində onun hesabına 35 manat məbləğində pul göndərməklə öz istifadəsi üçün əldə edərək üzərində saxladığını və həmin tarixdə saat 21:00 radələrində Abşeron rayonu Nübar qəsəbəsində Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bununla ələqadar olaraq, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 56 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işi başlama və icrata qəbul etmə haqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1340 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN Zərflər üçün № 56” möhür əksİ, "Təqsirləndirilən şəxs...” və s.soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,029 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 1,029 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,929 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4453 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olantünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən, həmin Məcəllənin 177.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Rspublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hğkm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və istintaqa təqdim olunmuş 1,029 qram çəkidə narkotik vasitə heroin xx.xx.2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və həmin heroin tədqiqata sərf edildikdən sonra 0,929 qram çəkidə qalan qalığı məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin MSK-na təhvil verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı dediklərini onun özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə şahidlərin verdiyi ifadələr dolayısı ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahid yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq Şahid1 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidin ifadəsi, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə, törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 110 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,929 qram olan narkotik vasitə heroin məhv edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 30 saata görə 180 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 345 (üç yüz qırx beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilə tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş hazırki iş üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri“ ləğv edilsin və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə 110 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,929 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 30 saata görə 180 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 345 (üç yüz qırx beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar