Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-291/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkantədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsistintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,195 qram çəkidə narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21-ci məhəllə, 5 saylı evin qarşısına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12.50-də qeyd olunan yerdə saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş X2 İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin içəri sol döş cibindən üç ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,078 qram, 2,179 qram və 1,938 qram olmaqla, ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda – 6,195 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə o, saat 16 radələrində yaşadığı evin yaxınlığından keçən zaman yerdə siqaret qutusu görüb onu qaldırıb içərisinə baxdıqda, içərisində 3 sellofan bükümdə narkotik vasitə heroin olduğunu görmüş və həmin heroini gələcəkdə yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmək məqsədi ilə üzərində saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 12.50 radələrində o, şəxsi işləri ilə bağlı yaşadığı evin qarşısına çıxan zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, Baş X2 İdarəsinin əməkdaşları olduqlarını bildirərək, şəxsiyyəti barədə soruşmuşlar. O, şəxsiyyəti barədə məlumat verdikdən sonra onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduqlarını, ondan şübhələndiklərini bildirib onlarla birlikdə Baş İdarəyə getməyi təklif etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə Baş idarəyə gəlmişdir. Baş İdarədə ona razılığı əsasında vəkil Kərim Bağırov təqdim edilmiş və hüquqları izah edildikdən sonra üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona üzərində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra o, özü əynindəki qara rəngli gödəkçəsinin sol içəri döş cibindən üç ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər polis əməkdaşları tərəfindən açıldıqda orada narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan başqa üzərindən bir ədəd “İphone X” markalı mobil telefonu və 24 manat məbləğində pulu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş üç ədəd sellofan bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək imzalanmışdır. Eyni zamanda aşkar edilmiş mobil telefon götürülmüş, 24 manat pul isə onun özünə qaytarılmışdır. Bundan sonra protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Baş İdarəyə xx.xx.1988-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21-ci məhəllə, ev 5, mənzil 35-də faktiki yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21-ci məhəllə, 5 saylı binanın 1-ci blokunda saxlanılaraq Baş X2 İdarəsinə gətirilərək rəhbərliyə məruzə edilmiş və tədbirlərin davam etdirilməsi Baş İdarənin İstintaq və X5 bölməsinə həvalə edilmişdir. Belə ki, Baş İdarənin xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin içəri sol döş cibindən üç ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında maddəni, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində simkart olmayan “İphone X” markalı mobil telefonu, şalvarın sol yan cibindən qapı açarını və bir ədəd 20 manatlıq, dörd ədəd isə 1 manatlıq əskinazlardan ibarət cəmi 24 manat nağd pulu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan bükümdəki maddələrin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni 1 gün əvvəl yaşadığı evin yaxınlığından tapmasını, əvvəllər televizorda gördüyü üçün tanıyıb götürdüyünü, təxminən 5-6 aydır ki, narkotik vasitə olan marixuana istifadəçisi olduğunu, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 24 manat pul və ev açarı özünə qaytarılmış, lakin mobil telefon və 3 ədəd bükümdə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, 3 ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində digər sübut əhəmiyyətli predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə «Samsung A70» markalı mobil cihazın vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra axtarış və götürmə keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeydə alınmış videogörüntü bir ədəd disk daşıyıcısına köçürülərək götürülmüş əşyalarla birlikdə protokola əlavə edilmişdir. Daxil olmuş ilkin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitəni satışı ilə məşğul olması göstərilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsüzərinə şəxsi axtarış və götürülmə aparılmış, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin içəri sol döş cibindən üç ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında maddəni, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində simkart olmayan “İphone X” markalı mobil telefonu, şalvarın sol yan cibindən qapı açarını və bir ədəd 20 manatlıq, dörd ədəd isə 1 manatlıq əskinazlardan ibarət cəmi 24 manat nağd pulu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 24 manat pul və ev açarı özünə qaytarılmış, lakin mobil telefon və 3 ədəd bükümdə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 6” möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində digər sübut əhəmiyyətli predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə zamanı “Samsung A70” markalı mobil cihazın videokamera funksiyasından istifadə edilməklə videoçəkiliş aparılmış, aparılan videoçəkiliş diskə köçürülərək, protokola əlavə olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30970 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” əl yazısı olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,078 qram, 2,179 qram, 1,938 qram, ümumi təmiz çəkisi 6,195 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan heroinin xalis çəkisi 6,135 qramdır. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. Cinayət işi materiallarında olan maddi sübut hesab edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar olunaraq götürülmüş bir ədəd zərfdə qablaşdırılan üç ədəd sellofan bükümdə tədqiqatdan sonra qalıq qalan 6,135 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 199 saylı Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan üç ədəd sellofan bükümdə tədqiqatdan sonra qalıq qalan 6,135 qram çəkidə narkotik vasitə heroinin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanması barədə xx xxxxxx 2019-cu il tarixli qərarının nəzərə alınması qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Masallı RİHB-nin Ərkivan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin CPM-nin 39.1.11-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün əlavə alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsini müəyyən edə bilər. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1184/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 1(012)-291/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2019-cu ildən hal-hazıradək, yəni xx xxxxxx 2020ci il tarixədək tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 07 ay 26 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 01 il 03 ay 22 gün təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dərhal ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, iş üzrə maddi sübut kimi tanınmış tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilən 6,135 qram çəkidə narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 07 ay 26 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 01 il 03 ay 22 gün cəza müddətinə hesablansın və hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündəcəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılmasınövündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan109,90 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilən 6,135 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi vəAbşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-291/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-291/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver