Məhkəmə qərarları › İş №1(012)-292/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-292/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-292/2021 30.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1957-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, Bakı Metropoliteni QSC-də çilingər işləyən, Bakı şəhəri V.Məcidov küçəsi ev 47 mənzil 28-də qeydiyyatda olub Abşeron rayonu Saray qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Hüsyen oğlu Azərbaycan Respubliksaı ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin Azərbaycan Respublikası ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsində cəza tədbirlərinin tədbiq olnması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə 13 mart 2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarının tələblərini pozaraq hərarətin yüksək olması ilə əlaqədar “Covid-19” virus daşıyıcısı olub olmamasını aydınlaşdırmaq məqsədilə 30.11.2020-ci il tarixdə tibb müəssisəsində verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 01 dekabr 2020-ci il tarixdə saat 15:56 radələrində istifadəsində olan ***-***-**-** saylı Cin mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbardarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyərək 01.12.2020-ci il tarixdə saat 23 radələrində yaşayış yerini, yəni yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi yeni yaşayış massivindəki evini tərk edərək sərt karantin rejimi qaydalarına əməl etməyib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu Saray qəsəbəsi yeni yaşayış massivində yaşayır. 29 noyabr 2020-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərarəti oldğu üçün 30 noyabr 2020-ci il tarixdə Bakı şəhərində yerləşən xəstəxanada “Covid 19” xəstəliyi ilə bağlı analiz vermişdir. Bundan sonra qayıdıb evə gəlmiş və həmin günü Bakı şəhərində yaşayan oğlu Şahid1la danışmış və xəstə olduğunu bildirmişdir. Bundan sonra oğlu Şahid1 həmin günü axşam onun evinə gəlmişdir. 01 dekabr 2020-ci il tarixdə oğlu Şahid1la birlikdə sonuncunun idarə etmiş olduğu “Vaz 2121” markalı, ** AE *** dövlət qeydiyyat nömrəli avtomobili ilə onu Sumqayıt şəhər xəstəxanasına aparıb KT müayinəsindən keçirtmişdir. Müayinə zamanı onun ağciyərlərində «buzlu şüşə» aşkar olunmuşdur. Bundan sonra o, oğlu Şahid1la birlikdə qayıdıb evinə gəlmişdir. Evdə olarkən o, oğlu Raufa koronavirusa görə test analizindən də keçdiyini, lakin hələ cavabı gəlmədiyini bildirmişdir. Evində olarkən onun istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefon nömrəsinə xəstəxanadan mesaj gəlmiş və mesajda “Covid- 19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu və yaşayış yerini tərk etməməsi barədə yazılmışdır. Bundan sonra onun səhhəti yenə də gərginləşdiyi üçün oğlu Şahid1 01.12.2020-ci il tarixdə, təxminən saat 22-30 radələrində evdən X9 zəng vurmuşdur. Lakin təcili yardm avtomobili gecikdiyi və onun səhhəti gərginləşdiyi üçün oğlu Şahid1 məcbur qalıb idarə etmiş olduğu “Vaz 2121 Niva “markalı, ** AE *** dövlət qeydiyyat nömrəli avtomobilinə mindirib Sumqayıt şəhər xəstəsanasına aparmaq istərkən 01.12.2020-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonunun Saray qəsəbəsində komendant postunda polis əməkdaşları tərəfindən sənədi yoxlanılan zaman onun “Covid- 19” xəstəsi olduğu və karantin qaydalarını pozub evdən çıxdığı məlum olmuşdur. Həmin vaxtı polis əməkdaşları Sumqayıt şəhər xəstəxanasına zəng etmiş və X10 avtomobili ilə həkim gəlmiş və həmin avtomobillə həkim müşayiəti ilə xəstəxanaya aparılmışdır. “Covid- 19” xəstəliyi müalicə olunduqdan sonra 15.12.2020-ci il tarixdə xəstəxanadan özünü təcrid müddətinin bitməsi ilə bağlı onun mobil telefonuna məktub gəlmişdir. Sonda o, etdiyi əməldən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Şahid1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Hüsyen oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oğlunun ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin PPXB-də polis nəfəri kimi çalışır. 01.12.2020-ci il tarixdə saat 21:00-dan Abşeron RPİ-nin PPXB-nün polis nəfəri Şahid3la birlikdə Abşeron rayonu, Saray qəsəbəsində “Karantin” postunda hərbi vəziyyət rejimi qaydalarını yoxlayarkən həmin günü təxminən saat 23 radələrində hərəkətdə olan “Vaz 2121 Niva” markalı avtomobil “Karantin” postunda onlar tərəfindən saxlanılmışdır. Həmin avtomobildə 2 nəfər şəxs olmuş və avtomobildə olan şəxslərin şəxsiyyəti yoxlanılmış və həmin avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs barəsində məlumat portalına baxarkən portalda Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdən “Koronavirus” xəstəsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi kimi qeydiyyata alındığı və xəstə olaola nə üçün karantin qaydalarının tələblərini pozub başqa şəxslərə xəstəliyi yoluxdurma təhlükəsi yaradaraq evdən çıxdığı soruşumuşdur. Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdə “Covid-19” müayinə testindən keçmiş və 01.11.2020-ci il tarixdə “Covid-19” xəstəsi olması barədə ona telefonla mesaj gəldiyini və mesajda yaşayış yerini tərk etməməsi yazıldığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə edən oğlu Şahid1 bildirmişdir ki, təcili yardım zəng etmiş və təcili yardımın gec gəlməsini və atasının səhhətinin gərginləşdiyəni görüb məcbur qalaraq atasını xəstəxanaya idarə etmiş olduğu avtomobili ilə aparır. Bundan sonra o, Sumqayıt şəhər xəstəxanasına müraciət etmiş və oradan Təcili Yardım avtomobilində həkim gəlmiş və Təqsirləndirilən şəxs «Modol» tipli xəstəxananın həkimi Şahid4 təhvil verilmişdir. Sonra o, bu barədə raportla Abşeron RPİnin rəisinə məruzə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 digər şahid Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, hazırda Sumqayıt TTTYS-də həkim işləyir. 01.12.2020-ci il tarixdə saat 23 radələrində TTTYS-də işdə olarkən daxil olmuş məlumata əsasən Abşeron rayonu Saray qəsəbəsi komendat postundan “Covid-19” xəsətəsi olan Təqsirləndirilən şəxs Niva markalı avtomobildən ağır vəziyyətdə götürüb X10 avtomobilinə qoyub tibbi yardım göstərilməklə Sumqayıt Modul tipli xəstəxanaya apararaq təhvil vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, Covid-19” xəstəliyi ilə əlaqədar Sumqayıt “Modul” tipli xəstəxanada həkim işləyir. 01.12.2020-ci il t arixdə saat 24 radələrində işdə olarkən TTYS-nin avtomobili ilə həkim Şahid4 “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs gətirib xəstəxanaya təhvil verdikdən sonra o, həmin xəstənin müalicə həkimi olmuş, xəstə müalicə olunduqdan sonra 16.12.2020-ci il tarixdə evinə buraxılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı Cin mobil telefon nömrəsi ilə istifadə olunan “Nokia” markalı mobil telefonunun SMS bölməsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, SMS bölməsində 01.12.2020-ci il tarixdə saat 15:56-da daxil olan məktubda “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 30.11.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”, 15.12.2020-ci il tarixdə daxil olan digər məktubda “Hörmətli Təqsirləndirilən şəxs, Sizin 15.12.2020-ci il tarixində və COVİD-19 ilə bağlı verdiyiniz analizin nəticəsi neqativdir, virus aşkar edilmədi sözləri yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 15.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı və Abşeron rayon hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs TƏBİB(Tibbi Ərazi Bölmələrini İdarəetə Birliyi)-nin16.12.2020-ci il tarixli xəstəxanadan buraxılış forması iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Abşeron rayon icra və probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X7 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X8 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Abşeron rayon Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X7 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X8 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar