Məhkəmə qərarları › İş №1(012)-292/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-292/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-292/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında sosial şəbəkə vasitəsilə əlaqə saxladığı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 25 (iyirmi beş) manat müqabilində bir bükümdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 1,627 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla Xırdalan şəhərinə daşımış, həmin gün Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanılıb, Abşeron rayon Polis İdarəsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən həmin 1,627 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təxminən iki-üç aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında sosial şəbəkə vasitəsilə əlaqə saxladığı tanımadığı şəxsdən 25 manat müqabilində bir büküm narkotik vasitə heroin əldə edib istifadə etmək məqsədilə əynində olan tünd boz rəngli şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə gedən zaman həmin ərazidə iki nəfər mülki geyim formasında olan şəxs ona yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu deyərək polis idarəsinə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də könüllü olaraq əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən çıxardığı bir ədəd gümüşü rəngli folqaya bükülmüş şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə olan heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında əldə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülmüş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırma üzərində Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər iştirak etmişlər. Şəxsi axtarış keçirilmə ilə bağlı protokol tərtib olunmuş və həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə 11 yanvar 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 11 yanvar 2022-ci il tarixdə o, əməliyyat qrupunun digər iştirakçısı Şahid2lə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində Təqsirləndirilən şəxs saxlayaraq onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən çıxardığı bir ədəd gümüşü rəngli folqaya bükülmüş şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə olan heroini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd gümüşü rəngli folqaya bükülmüş şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən çıxardığı bir ədəd gümüşü rəngli folqaya bükülmüş şəffaf rəngli sellofanın içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə heroindir. O, həmin heroini 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında sosial şəbəkə vasitəsilə əlaqə saxladığı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 6/179 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,627 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 1,577 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2022-ci il tarixli, 461 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,577 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 170.1-ci maddələri ilə təqsirli bilinərək, 03 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-in əməkdaşları tərəfindən tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslansada ibtidai istintaq zamanı prosessual pozuntulara yol verilmişdir. Belə ki, Abşeron RPİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın əsaslandırma hissəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə olunmasında daşıması ehtimalını nəzərə alaraq ətrafında əməliyyat tədbirlərinin keçirilməsi zərurətinin yarandığı qeyd edilmiş və Cinayət Prossesual Məcəlləsinin 445.1-ci maddəsinin və "Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə istinad olunmuşdur. Lakin, həmin qərarın "qərar verdim” hissəsində Təqsirləndirilən şəxs ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi göstərilməmiş, yalnız həmin qərarın müvafiq orqanlara göndərilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması və.s Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə əsasən 445.2. «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1)şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2)cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Yuxarıda qeyd edilən normalardan aydın göründüyü kimi əməliyyat-axtarış fəaliyyətinin subyektləri çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Lakin cinayət prosessual qanunvericiliyin tələbinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, Abşeron RPİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 qərarda Təqsirləndirilən şəxs ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar verilməsini göstərilməmiş, yoxlanılması üçün məhkəməyə göndərilməmiş, üstəlik qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul olunmuş, bununla da CPM-nin pozuntusuna yol vermişdir. Daha sonra iş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixatrop maddəyə bənzər maddə dərhal zərfə qoyulub qablaşdırılaraq möhürlənməli və bütün iştirakçılar tərəfindən imzalanmalı olduğu halda bütün bunlar hadisə yerində yox, bir müddət sonra polis əməkdaşları tərəfindən həmin psixatrop maddə polis idarəsində gətirilərək orada rəsmiləşdirilmişdir. Halbuki, CPM-nin 128.3-cü maddəsinə əsasən əşyanın maddi sübut kimi əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1 - əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq özünün və şahidin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,577 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,577 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar