Məhkəmə qərarları › İş №1(012)-293/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-293/2020

31.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-293/2020 31.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Tovuz rayonu Qaraboyunlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qaraboyunlar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu Hökməli-Qobu avtomobil yolu üzərində yerləşən satıcı işlədiyi «Mircəlal» marketdə həmin mağzanın daimi müştərisi Zərərçəkmiş şəxs ilə arasında, sonuncunun sərxoşluğun təsiri altında sifarişini verərkən fikrini düzgün izah etməməsi səbəbindən yaranmış anlaşılmazlıq üzündən yaranmış mübahisə zamanı sonuncunu sillə və yumruq zərbələri ilə baş və sifət nahiyələrində bir neçə dəfə zərbələr vurmaqla ona sol əlin ikinci barmağının əsas falanqasının yerdəyişməyən sınığı, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2 ildən artıq müddətdir ki, tanışlığı vardır və bu müddət ərzində onların münasibətləri normal olmuşdur. Belə ki, Adil mütəmadi olaraq onun satıcı işlədiyi «Mircəlal» marketə gələrək oradan alış-veriş etmiş və o, Adili daimi müştəri kimi tanımışdır. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Adil sərxoş halda onun işlədiyi mağazaya gələrək, ona qutusunu əlində tutduğu siqaretdən verməsini istəmişdir. O isə bir neçə dəfə məhz hansı marka siqaret istədiyini Adildən soruşsa da sonuncu əlini göstərək o siqaretdən verməsini tələb etmişdir. Buna görə də o, əlindəki siqaret qutusunu bərk sıxıb saxladığı üçün markanı görə bilmədiyini Adilə demişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Adil onun ünvanına nalayiq ifadələr səsləndirərək onu söyüb-təhqir etmişdir. Buna görə də o, əsəbləşmiş və üzərinə gedərək Adilin baş və üz nahiyələrinə yumruq-sillə zərbələri ilə bir neçə dəfə zərbələr vurmuşdur. Bundan sonra Adil mağazadan çıxıb getmişdir. Adillə aralarında yaranmış mübahisə onun işlədiyi mağazanın içərisində başlamış və 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt orada onlardan başqa şəxslər olmamış, Adilin ona hər hansı bir formada müqavimət göstərməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə istintaqının onun iştirakı olmadan aparılmasını, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs iki ildən artıq müddətdir ki, tanıyır və bu müddət ərzində onlar arasında hər hansı bir ədavət, yaxud düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində o, Abşeron rayonu Hökməli qəsəbəsində müvəqqəti olaraq kirayədə yaşadığı evdə olan zaman şam yeməyində spirtli içki qəbul etmiş, daha sonra isə Hökməli-Qobu avtomobil yolu üzərində yerləşən «Mircəlal» marketə telefon hesabına pul yükləmək üçün getmişdir. Orada o, Turaldan bir ədəd iki manatlıq yükləmə kartı verməsini xahiş etmiş, sonuncu isə ona 2 ədəd 1 manatlıq kart vermişdir. Həmin vaxt o, 2 ədəd 1 manatlıq deyil, 1 ədəd 2 manatlıq kart istədiyini dediyində Tural onun tərəfindən ələ salındığını zənn edərək onunla mübahisə etməyə başlamışdır. Bu mübahisə zamanı Tural üzərinə gələrək onun baş və kürək nahiyələrinə 3-4 dəfə yumruq zərbələri vurmağa başlamışdır. Bu səbəbdən də o, özünü müdafiə etmək məqsədilə başını və sifətini əllərini ilə qapamışdır. Həmin vaxt Turalın atdığı yumruq zərbələrindən biri onun sol əlinə və başına dəymiş və o, həmin nahiyyələrdən xəsarətlər almışdır. Bundan sonra o, mağazadan çıxaraq oradan uzaqlaşmış və DİN-in «102» xidmət zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsla aralarında yaranmış mübahisə və dava-dalaş 3-4 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxslər olmamışdır. Həmçinin həmin vaxt qarşı tərəfə hər hansı bir formada müqavimət göstərmədiyini də qeyd etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 565 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol əlin ikinci barmağının əsas falanqasının yerdəyişməyən sınığı, ənsə nahiyəsinin əzilmişcırılmış yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Sadələşdirilmiş icraat işi materiallarında olan 2/1963 saylı, xx.xx.2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar