Məhkəmə qərarları › İş №1(012)-293/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-293/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-293/2021 11.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1996-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, İsmət Qayıbov küçəsi ev 2-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən 37 manata özü istifadə etmək üçün bir ədəd şəffaf sellofan kəsiyi bükümündə cəmi 0,535 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində saxlayaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, İsmət Qayıbov küçəsində yaşadığı ünvana daşımış, 12 oktyabr 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin əməkdaşları saat 14 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, İsmət Qayıbov küçəsində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və 106 nömrəli xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı cəmi 0,535 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur. Narkotik vasitə olan heroini siqaret kimi yandırıb tüstüsünü udmaqla qəbul edir. 11.10.2020-ci il tarixdə axşamüstü Bakı şəhəri Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən 37 manata özü istifadə etmək üçün bir büküm narkotik maddə heroin alıb şalvarının cibinə qoymuş, ertəsi gün saat 14 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsində yaşadığı evin qarşısında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitə qəbul etməsində şübhəli olduğunu birlidirib, üzərində şəxsi axtarış aparmaq üçün Abşeron RPİ-nə getməsini bildirmişlər. O da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron rayon Pİ-nə getmişlər. Polis əməkdaşları oradakı otaqların birinə vəkil dəvət edərək, ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlırını deyib, üzərində saxlanılması qadağan olan əşya varsa təqdim etməyi təklif etmişlər. O da cibində öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 37 manata aldığı bir büküm heroin olduğunu bildirib, əlini əynindəki boz rəngli şalvarının sağ yan cibinə salıb, oradan bir büküm heroini çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onun üzərində axtarış aparmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi şəffaf sellofan kəsiyi bükümündəki heroinə baxış keçirib, kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğunu öz imzası ilə təsdiqləmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün cibinə qoymuşdur. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 12 oktyabr 2020-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 2-də yaşayan Təqsirləndirilən şəxs Rahib oğlunun narkotik vasitə qəbulu ilə məşğul olması, Abşeron rayonu, Hökməli qəsəbəsindəki 2 saylı orta məktəğin yaxınlığında olacağı və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmişdir. Müvafiq sənədləşmə işi apardıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə Hökməli qəsəbəsi 2 saylı orta məktəbin yaxınlığına gedib gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs piyada gəldiyini görüb, sonuncuya yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatı olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Orxan da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişdir. Abşeron vəkil bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir büküm heroin olduğunu bildirmiş və əlini əynindəki boz rəngli şalvarının sağ cibinə salıb, oradan çıxardığı siqaret qutusunun içərisindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb onlara təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da başqa heç nə aşkar etməyib, sonuncunun təqdim etdiyi bükümə baxış keçirmişlər. Həmin bükümdə açıq-qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin heroin olduğunu və həmin heroini bir gün əvvəl Yasamal rayonunda tanımadığı şəxsdən 37 manata özü istifadə etmək üçün alıb cibində saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bir büküm kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən nə məqsədlə alması ilə bağlı müəyyən tədbirlər keçirsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 digər şahid Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13.10.2020-ci il tarixli, 6/2146 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,535 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0.485 qram – 0.050 qram qurudulmuş heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 03.03.2021-ci il tarixli, 652 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında 10.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuş, 14.10.2021-ci il tarixdə təqsirləndieilə şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, 02.03.2021-ci il tarixdə isə barəsində yenidən polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçlmişdir. İş materiallarında olan Hökməli qəsəbə İƏDÜ nümayəndəsi ərəfindən verilmiş arayış və xasiyyətamədən görünür ki, Məlikov X5 rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsindəki 2 saylı evdə yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdən 14.10.2021-ci il tarixədək, eyni zamanda 01.03.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı cəmi 03 gün azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o məhkəmə iclas zalından həbs olunmalı, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu 11.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0.485 qram heroin məhv edilməlidir. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat məhkəmə ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon Polis İdarəsi və Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdən 14.10.2021-ci il tarixədək, eyni zamanda 01.03.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 03 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu 11.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalından həbs olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,485 qram heroin məhv edilsin. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat məhkəmə ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon Polis İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar