Məhkəmə qərarları › İş №1(012)-293/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-293/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-293/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Ağsu rayonun Qəşəd kəndində anadan olmuş, azərbaycanlı, Azerbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Ağsu rayonun Qəşəd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs təqaüdə çıxması ilə bağlı sənədlərin komissiyadan keçməsinə köməklik göstərə biləcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 20 sentyabr 2023-cii il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisndə yerləşən Şamaxinka adlanan ərazidə yerləşən kafedə 2000 manat pulu, xx.xx.2022-ci il tarixdə istifadəsində olan bank kartına Abşeron rayonu Xırdalan şəhəri «Abşeron Kristal» yaşayış massivində quraşdırılmış «MilliÖn» ödəmə terminalından köçürülmüş 600 manat pulu, 02 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Sulutəpə qəsədəsi ərazisində yerləşən “Hicaz” mərasim evinin qarşısında 1400 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4000 manat pulu ələ keçirərək vədinə əməl etməyib, həmin məbləğdə pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ilə yaxındır ki, Zərərçəkmiş şəxs tanımışdır. Sonuncu ilə tanışlığı ortaq tanışı olan Ağaqasımın vasitəsi ilə olmuşdur. Belə ki, 2022-ci ilin təxminən sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə çayxanada Ağaqasım və Üzeyir ilə birlikdə əyləşmişdir. Söhbət əsnasında bildirmişdir ki, təqaüd işi ilə bağlı sənədləri VTEK-dən keçirməyə köməklik edə bilir. Həmin vaxtı Ağaqasım ona müraciət etmişdir ki, danışı Üzeyirin pensiya işi vardır, imkan varsa ona köməklik etsin. O, Üzeyirdən bu barədə maraqlanmış, sonuncu demişdir ki, bütün komissiyadan keçib, sənədləri VTEK-dən keçirmək lazımdır. O da sonuncuya bu işdə köməklik edə biləcəyini bildirmişdir. Söhbət əsnasınada Üzeyir demişdir ki. 4000 manat pul müqabilində bu işi görmək olarmı, o da demişdir ki, «danışarıq». Belə olan halda Üzeyir demişdir ki, pulun 2000 manatı vardır və verə bilər. O da razılaşmış və səhər görüşməyi qərara almışlar. Səhəri günü yenidən həmin çayxanada görüşmüş, Ağbaqasım və Üzeyirlə birlikdə çayxanada əyləşdikdə Üzeyir üstündə olan 2000 manat pulu çıxarıb Ağaqasıma vermiş və sonuncu da öz növbəsində həmin məbləği ona vermişdir. O da bir ay ərzində sonuncunun işini həll edəcəyinə söz vermişdir. Ağaqasım da öz növbəsində ondan xahiş etmişdir ki. Üzeyirin işinə köməklik etsin. Onun da pula ehtiyacı olduğu üçün həmin məbləği xərcləmişdir. Üstündən 10 gün keçmiş Üzeyir onunla əlaqə saxlamış və onun kart hesabına 600 manat da köçürülmüşdür. Bundan sonra təxminən 2 gün keçmiş Üzeyirlə Sulutəpənin dairəsində görüşmüş, yolun Şamaxı istiqamətində Xırdalan şəhəri ərazisində olan hissəsində Üzeyirlə görüşdükdə yenidən pensiya işi ilə bağlı aralarında söhbət olmuş və Üzeyir üstündə olan 1400 manat pulu ona vermişdir. O söhbət əsnasında sonuncuya bildirmişdir ki, pensiya işini tezləşdirəcəkdir və onlar ayrılmışlar. Sonra həmin 1400 manat pulu da öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan sonra təxminən 5 dəfə Üzeyirlə görüşü olmuş və hər dəfə də pensiya işi ilə bağlı danışığı olduqda ona işin tezliklə həll olunacağını bildirmişdir. Üstündən 3-4 ay keçmiş, yəni 2023- cü ilin yanvar ayında eşilmişdir ki. Üzeyir onun barəsində polisə şikayət etmişdir və aldanılması barədə məlumat vermişdir. Həmin ərəfədə Üzeyirlə telefonda danışığı olmuş və onun tərəfindən söyülüb təhqir olunduğu üçün aldığı pulu ona qaytarmamışdır. Göstərmişdir ki, Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat pul almış və ona pensiya sənədlərini VTEK-dən keçirilməsini vəd etmişdir. Həmin pulu hər hansı şəxsə verməli olmamış və onun bu işlə bağlı hər hansı tanışı yoxdur. Həmin məbləği şəxsi tələbatı üçün xərcləmiş və hər hansı şəxsə bu puldan hər hansı məbləğdə pul verməmişdir. Hazırda zərərçəkənə dəyən ziyanı tam olaraq ödəmişdir. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, iş üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən təxminən 4 ay əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Şamaxinka adlanan yerdə bir kafedə tanışı Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan Bakı şəhəri Bakıxanov qəsəbəsində yaşadığını bildiyi Agaqasım Tagıyevlə oturub çay içmiş, Agaqasım ilə söhbət edəndə ona demişdir ki. Sumqayıt şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs adlı tanışı vardır və sonuncu təqaüdə çıxmaq üçün əlillik almağa kömək edir. Həmin gündən bir gün əvvəl əllilik almaq üçün sənədlərini təqdim etdiyi üçün Agaqasımın ona dediyi sözlər ağlına batmış və buna görə də həmin gün Seymurla görüşməyi qərara almışdır. Belə olduqda onun xahişi ilə Agaqasım Seymurla danışmış və sonuncu onların olduğu yerə gəlmişdir. O, Seymurla görüşüb təqaüdə çıxmaq üçün əllilik almaq isdədiyini, bununla bağlı ona kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Seymurda ona kömək edə biləcəyini bildirmişdir. Sonuncudan işinin həll üçün ondan nə qədər pul alacağını soruşmuş. Seymur da ondan işin müqabilində 4000 manat pul alacağını demişdir. O da Seymurun sözlərinə inanıb onunla razılaşmışdır. Həmin gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə Şamaxinkada Agaqasım ilə görüşmüş və 2000 manat pulu Agaqasıma verdim. Agaqasım da onun yanında həmin pulu Seymura vermişdir. Həmin gündən təxminən 10 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Seymur ondan pulunun qalığını istəmişdir. O da həmin puldan 600 manatı həmin tarixdə Seymurun ona verdiyi kart nömrəsinə Abşeron rayonu. Kristal Abşeron binasının yerləşdiyi yerdə MiliÖn aparatı vasitəsi ilə göndərmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə Seymurla Sulutəpə qəsəbəsində «Hicaz» mərasim evinin qarşısında görüşüb qalıq qalmış 1400 manatı da ona vermişdir. Həmin gündən uzun müddət keçməsinə baxmayaraq Seymur işi düzəltməmiş, nə də ki, ondan aldığı pulu qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrindən başlayaraq sat 16 radələrinədək olan müddətdə Agaqasım dəfələrlə Seymurun istiladəsində olan ********** mobil nömrəsiinə zəng etmişdir. Seymurda Agaqasıma həmin gün saat 17 radələrində Sumqayıt şəhəri ərazisində «Elmarın dairəsi» adlanan yerdə görüşəcəyini demişdir. Onlar da sonuncunun deiyi vaxtda Elmarın dairəsinə gəlmişlər. Lakin Seymur həmin yerə gəlməmişdir. O, Seymurun hərəkətlərindən əsəbləşərək DİN-nin 102 xidmətinə zəng edib Seymur adlı şəxs tərəfindən aldadıldığını, əgər Seymur pulu verməyəcəyi təqdirdə özünü öldürəcəyini bildirmişdir. Təxminən 10 gün əvvəl 250 qram benzin alıb kapron butulkada cibinə qoyub gəzdirmiş ki, Seymur onun pulunu verməzsə özünü yandırsın. Bu barədə Seymura dəfələrlə xəbardarlıq etmişdir. Lakin Seymur onun pulunu verməmişdir. O, DİN-nin 102 xidmətinə zəng edəndən sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-in əməkdaşalrı onun yanma gəlmişlər. Sonuncular ona çatana kimi benzini üzərinə töküb alışqanı digər əlində tutmuşdur. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsada onun əli alışqana toxunmuş və onun əynindəki gödəkcə alışmış və yanmağa başlamışdır. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşaraq söndürmüşlər. Lakin onun sol əl nahiyyəsi, sol qulaq seyvanı, çənə hissəsi və boyun nahiyəsi yanmışdır. Polis əməkdaşları onu Sumqayıt şəhər xəstəxanasına aparmış və ona həkimlər orada yardım gösrtərmişlər. Göstərmişdir ki, Seymur onun təqaüd işini həll etmək məqsədi ilə Bakı şəhərində Şamaxinka adlanan yerdə çayxananın qarşısında 2022-ci ilin sentyabr ayının 20-də 2000 manat pulu almış və söz vermişdir ki, məsələ yaxın günlərdə həllini tapacaq. Bundan sonra 600 manat pulu 2022-ci ilin sentyabr ayının 30-da MilliÖn terminalından köçürdüyüm 600 manat pulu ələ keçirmişdir. Bundan başqa 2022-ci ilin oktyabr ayının 2-də Sulutəpə qəsəbəsində «Hicaz» mərasim evinin qarşısında Seymurla görüşüb ona qalıq qalmış 1400 manat pulu vermişdir. Bu minvalla Seymur 4000 manat pulu təqaüdün bərpa etdirməsi adı ilə almış və onu aldadaraq pulunu mənimsəmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını, dəyən ziyanın ona tam ödənildiyini bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Üzeyir adlı şəxsi 2022-ci ilin iyul avqust aylarından tanıyır və onunla ilk tanışlığı Bakı şəhərində Şamaxinka adlanan ərazidə çayxanada olmuşdur. Üzeyirlə çayxanada oturub arabir çay içmişlər. O, Seymur adlı şəxsi isə digər bir tanışının vasitəsi ilə tanımışdır. Seymur müxtəlif adamların təqaüdlərini düzəltməkdə köməklik etdiyini bildirmişdir. Üzeyirlə çayxanada söhbət edəndə söhbəti təqaüddən düşmüş və sonuncuya demişdir ki, Sumqayıt şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs adlı tanışı var və həmin şəxs təqaüd işini həll etməkdə ona köməklik edə bilər. Üzeyir ona demişdir ki, Seymura zəng edib çayxanaya çağırsın. O da sonuncunun xahişi ilə Seymura zəng etmiş və onlar çayxanada üçlükdə görüşmüşlər. Üzeyir və Seymurla birlikdə çayxanada olarkən Üzeyirlə Seymur arasında söhbət başlamış və Üzeyir Seymura demişdir ki, onun pensiyaya işini düzəltmək olar. Sonuncular öz aralarında danışıb razılığa gəlmişlər və Seymur Üzeyirə demişdir ki, 4000 manata həmin işi həll edə bilər. Onlar razılaşmış və 2022-ci ilin təxminən sentyabr ayında Üzeyir 2000 manat pul götürüb Bakı şəhəri Nəsimi rayonu Şamaxinka adlanan ərazidə çayxanaya gəlmiş və orada görüşmüşlər. Bundan sonra Seymurda çayxanaya gəlmiş və söhbət əsnasında söz vermişdir ki, təqaüd məsələsini həll edəcəkdir. Söhbət zamanı Üzeyir 2000 manat pul sayıb ona vermiş və o da həmin 2000 manat pulu sayıb Üzeyirin iştirakı ilə Seymura vermişdir. Eyni zamanda sonuncudan xahiş etmişdir ki, Üzeyirin məsələsini həll etsin. Onun bu işdə heç bir marağı olmamamış, sadəcə istəmişdir ki, Üzeyirə yaxşılıq etsin. Sonradan onun xəbəri olmadan eşitmişdir ki, Üzeyir 2000 manat da Seymura aparıb pul vermişdir. Lakin Seymur sonuncunu aldatmış və pulunu ələ keçirmişdir. O, bunu eşidib Seymura zəng vuraraq iradını bildirmiş və demişdir ki, «Üzeyirin pulunu niyə yemisən və onun işini həll etməmisən». Seymur da ona demişdir ki, işi həll edə bilməmişdir, lakin onun pulunu qaytaracaqdır. Sonradan eşitmişdir ki, Seymur Üzeyirin pulunu qaytarmadığı üçün Üzeyir polisə şikayət etmişdir. Göstərmişdir ki, o söhbət əsnasında Üzeyirin təqaüd məsələsini həll etməkdə çətinlik çəkdiyini bilib Seymurun ona dediyi sözləri bildirmiş və eyni zamanda Seymurdan xahiş etmişdir ki. Üzeyirin işini həll etsin. Onun bu işdə heç bir maddi marağı və niyyəti olmamış, Üzeyirlə Seymur özləri öz aralarında danışıb razılaşmış və Üzeyir də özü həmin məbləği Seymura hissə-hissə ödəmişdir. Seymur Üzeyirlə danışığında işi özü həll edəcəyini demiş və həmin məbləği görəcəyi işin müqabilində ondan istəmişdir. Seymur həmin məbləği kiməsə verəcəyini deməmiş, yalnız həmin razılaşdıqları məbləğin ona verilməsini bildirmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 182/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitram olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar