Məhkəmə qərarları › İş №1(012)-294/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-294/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-294/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Qazax rayonu Köçvəlili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçvəlili kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qohumu X1 yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2-də yerləşən, 43 saylı mənzilə qonaq qismində gəlib, həmin mənzildə bir müddət yaşadıqdan sonra, 02 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində Ağstafa rayonunda külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə qanunsuz saxlanılmasında şübhəli bilinməklə tutulmuş X14 rayon polis şöbəsinin əməkdaşları ilə qeyd olunan mənzildə axtarış aparılması məqsədi ilə həmin ünvana gəlib, mənzilin giriş qapısını döyməklə qapını açması tələblərinə məhəl qoymayıb, uzun müddət narkotik vasitə istifadə etməməsi səbəbindən yaranmış üzvi mənşəli emosional labil pozuntu halında, özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə və zədələmə məqsədi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus mənzilin ilk öncə giriş qapısının qarşısına yığdığı mənzildə olan əşyaları daha sonra isə mənzilin yataq otağındakı pəncərəyə vurulmuş pərdəni mənzildən tapdığı dezodorant və alışqan vasitəsilə yandırıb, mənzilin 44,4 kvadrat metr sahəsini zədələyərək,yaranmış qüsurların aradan qaldırılması üçün 8880 manat dəyərində təmir-bərpa işlərinin xərci formasında və mənzildə olan bir ədəd 650 manat dəyərində «LG» markalı 80 kvadratlıq kondinsioneri, bir ədəd 15 manat dəyərində «Openbox» markalı krosno aparatını, bir ədəd eni 80 sm, uzunluğu 120 sm olan 40 manat dəyərində stolu, altı ədəd hər birinin dəyəri 6 manat olmaqla cəmi 36 manat dəyərində taxta stulu, iki ədəd hər birinin dəyəri 40 manat olmaqla cəmi 80 manat dəyərində eni 80 sm, uzunluğu 210 sm olan şüşəli dolabları, bir ədəd 70 manat dəyərində uzunluğu 220 sm olan divanı, iki ədəd hər birinin dəyəri 50 manat olmaqla cəmi 100 manat dəyərində hər birinin uzunluğu 80 sm olan kresloları, bir ədəd 40 manat dəyərində əl-üz yuyanı, bir ədəd 80 manat dəyərində «Topqapı» markalı, 24 litr həcmli su qızdırıcısını, 10 manat dəyərində güzgü dəstini, bir ədəd 40 manat dəyərində duşu, bir ədəd 80 manat dəyərində hamam vannasını, iki ədəd hər birinin dəyəri 3 manat olmaqla cəmi 6 manat dəyərində plastik vedrələri, bir ədəd 5 manat dəyərində dəmir vedrəni, bir ədəd 70 manat dəyərində unitazı, bir ədəd 150 manat dəyərində ikimərtəbəli uzunluğu 200 sm olan çarpayını, bir ədəd 15 manat dəyərində eni 50 sm, uzunluğu 96 sm olan kiçik stolu, bir ədəd 70 manat dəyərində eni 85 sm, uzunluğu 210 sm olan kitab şkafını, bir ədəd 30 manat dəyərində eni 48 sm, uzunluğu 84 sm olan şüşəli termonu, bir ədəd 60 manat dəyərində qonaq otağının çilçirağını, bir ədəd 100 manat dəyərində eni 130 sm, uzunluğu 200 sm olan dəhlizdə olan şkafı, bir ədəd 50 manat dəyərində eni 65 sm, uzunluğu 124 sm olan uşaq çarpayısını, bir ədəd 100 manat dəyərində eni 75 sm, uzunluğu 110 sm olan künc divanını, bir ədəd 30 manat dəyərində qabyuyan və şkafı, bir ədəd 20 manat dəyərində sobanı, bir ədəd 150 manat dəyərində 82 ekran «LG» markalı televizoru, bir ədəd 20 manat dəyərində “Wi-Fi” modemini, bir ədəd 80 manat dəyərində televizor altlığını, bir ədəd 80 manat dəyərində stabilizatoru, bir ədəd 700 manat dəyərində eni 165 sm, uzunluğu 236 sm olan ikinəfərlik taxtı, bir ədəd 750 manat dəyərində eni 2 metr, uzunluğu 2,35 metr olan qarderobu, bir ədəd 500 manat dəyərində pianinonu, bir ədəd 250 manat dəyərində qonaq otağının pərdəsini, bir ədəd 450 manat dəyərində 3x4 metr ölçüdə xalçanı, bir ədəd 250 manat dəyərində 2x3 metr ölçüdə xalçanı, bir ədəd 60 manat dəyərində divar saatını, bir ədəd 150 manat dəyərində yataq otağının pərdəsini, bir dəst 900 manat dəyərində yorğan-döşəyi, bir ədəd 200 manat dəyərində çarpayı üçün örtüyü, bir ədəd 100 manat dəyərində odeyalı, bir ədəd 850 manat dəyərində «LG» markalı paltaryuyanı , bir ədəd 800 manat dəyərində «İndesit» markalı soyuducunu, bir ədəd 300 manat dəyərində samovarı, bir ədəd 150 manat dəyərində «Panaconic» markalı videomaqnitafonu , bir ədəd 40 manat dəyərində uzunluğu 4 metr olan karnizi, bir ədəd 150 manat dəyərində qab dolabını, bir ədəd 70 mana dəyərində çılçırağı cəmi 8947 manat dəyərində əmlakını qəsdən yandırıb məhv etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən ümumilikdə 17827 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, analığı X6 və sonuncunun iki övladı ilə birlikdə Ağstafa rayonunda Köçvəlili kəndində yaşayır. Onun anası X7 2001-ci ildə, atası X3 isə 2013-cü ildə rəhmətə getmişlər. Onun doğma iki bacısı və bir qardaşı vardır. Anası Mahizər rəhmətə gedəndən sonra atası Nəsrəddin analığı Reyhan ilə ailə həyatı qurmuş və onların iki Qeyrət və Cəsarət adlı oğulları vardır, onlar subaydırlar və anaları ilə yaşayırlar. O, hazırda heç bir yerdə işləmir. Əvvəllər elektrik işləmişdir. O, 2007-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2008-ci il təvəllüdlü oğlu Amin dünyaya gəlmişdir. O, Sənubər ilə nikahı Pirallahı rayon məhkəməsi vasitəsi ilə təxminən 1 il olar ki, pozmuşlar. Nikahın pozulmasına səbəb onun narkotik vasitələrdən istifadə etməyi olmuşdur. Sənubər Bakı şəhəri, Pirallahı qəsəbəsində yaşayır və həmin rayonun xəstəxanasında tibb bacısı işləyir. O, nikahları pozulmamışdan əvvəl Sənubərə narkotik vasitələrin istifadəsindən əziyyət çəkdiyini, asılılığının olduğunu bildirmiş və ona müalicə almaqda kömək etməsini xahiş etmiş, lakin sonuncu bununla barışa bilməmiş və qəbul etməmişdir. O, təxminən 2019-cu ilin ortalarından kokos və şüşə-patı kimi adlanan narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Nikahı pozulandan sonra o, bacısı Mehparənin köməyi ilə ev şəraitində narkotikdən müalicə almış və müəyyən müddət nəticə olmuşdur. Sonuncu dəfə təxminən 1 ay əvvəl kəndlərində olanda nəişə alıb istifadə etmiş və buna görə Ağstafa rayon polis əməkdaşları tərəfindən tutulmuş və inzibati qaydada 20 sutka həbsdə olmuşdur. Həmin vaxt rayon məhkəməsi ona məcburi müalicəyə yönləndirmişdir, lakin xəstəxanada boş yer olmadığı üçün hələdə xəstəxanaya qəbul olunmamışdır. Təxminən 10 gün əvvəl o, iş tapmaq üçün Bakı şəhərinə gəlmiş və bir müddət dostlarının və qohumlarının yanında qalmışdır. Təxminən 4 gün əvvəl isə ünvan 1 ünvanında kirayə yaşayan xalası oğlu X4 yanına gəlmişdir. Həmin ünvanda Elmar öz arvadı Günay və oğulları Ömər və Əzilxan ilə birlikdə yaşayırlar. Xalası oğlu Elmar hörgü ustası kimi işləyir və o, gələn gün Elmar bildirmişdir ki, ailəsini Ağstafa rayonuna aparır və səhəri gün özü qayıdacaqdır, lakin geri qayıtmamışdır. O, həmin gün mağazaya getmiş və istifadəsində telefon olmadığı üçün yolüstü tanımadığı şəxsdən telefonundan zəng etməyi xahiş etmiş və həmin şəxs telefonunu təqdim etmişdir. O, Elmarın anası Əhmədova Kəmaləyə zəng etmiş və Elmarın niyə qayıtmaması barədə soruşmuş, sonuncu da ona bildirmişdir ki, Elmar narkotikə görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Sonra o, evə qayıtmış və evdə olan pianinonun üstündə bir telefon tapmış, o, elə başa düşmüşdür ki, həmin telefon Elmarın böyük oğlunundur. Həmin smartfon tipli telefon vasitəsi ilə Elmarın arvadı Günaya WhatsApp tətbiqi vasitəsi ilə zəng etmiş və nə baş verdiyini soruşmuş, sonuncu da ona bildirmişdir ki, əri narkotikə görə tutulmuş, problemi vardır və Elmarın adından xahiş etmişdir ki, evə gələn olsa, Elmarı soruşan olsa və evə gəlib baxmaq istəyən olsa qapını onlar gələnədək heç kimə açmasın. O, həmin mənzildə təxminən 4 gün qalmış və bu müddət ərzində tanımadığı şəxslər müxtəlif vaxtlarda gəlib qapını döyüb Elmarı çağırmışlar və o, onlara qapını açmamış, demişdir ki, qonaqdır və Elmar hazırda evdə yoxdur. xx.xx.2021-ci il tarixdə axşam saat 22 radələrində qapı döyülmüş, o, qapının gözlüyündən baxmış və bir qızla bir oğlanı görmüş, onların əlində monitor kimi nə isə bir əşya olmuş, onlar birinci xahiş etmişlər ki, onları evə buraxsın, o da onları buraxmamış, demişdir ki, evin sahibi hazırda yoxdur. Həmin şəxslər bütün gecə qapının yanında nə isə elektron cüyültü səsi buraxmışlar və o, evdə tapdığı telefon işləməmişdir. Onun orada qaldığı 4 gün ərzində narkotikə ehtiyacı olmuş, amma pulu olmadığı üçün alıb istifadə edə bilməmiş və buna görə çox əziyyət çəkmiş, əsəbi olmuşdur. Sonra fikirləşmişdir ki, birdən kimsə gəlib evə zorla girmək istəyər və buna görə də evdə olan əşyalarla, dəqiq desə mətbəxin və qonaq otağın qapılarını yerindən çıxarıb, barmaqlığı olmayan bir pəncərəni bağlayaraq barrikada qurmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında qapı döyülmüş, qapını döyənlər özlərini polis əməkdaşları kimi təqdim etmişlər və qapını açmağı xahiş etmişlər. O, həmin gecə özünü pis hiss etmiş və özünə qəsd etmək istəmişdir. Həmin şəxslərə qapını açmamış və evin giriş qapısının qarşısına yığdığı döşəkləri tapdığı dezodorantı alışqanı yandırıb həmin döşəklərə tutmuş və onları yandırmağa başlamışdır. Sonra görmüşdür ki, evin pəncərəsindən bir polis əməkdaşı mənzilə daxil olmaq istəyir, həmin polis əməkdaşı ona demişdir ki, qapını açsın, Elmar da burdadır, lakin o, həmin vaxt özündə olmamışdır. O, həmin pəncərəyə yaxınlaşmış və əlindəki balonu alışqanla yandırıb pəncərənin pərdəsini yandırmışdır. Onun əməli nəticəsində Elmarın yaşadığı mənzildə yanğın baş vermiş, sonradan fövqəladə hallar nazirliyinin əməkdaşları gəlib yanğını söndürmüşlər. Yanğın baş verən zaman orada olan tanımadığı polis əməkdaşı onu pəncərədən tutub çıxarmış və onu yanğından xilas etmişdir. O, yanğın törədən zaman fikrində özünə qəsd etmək olmuşdur, çünki “bu nə yaşayışdır mən yaşayıram” deyə qışqırmışdır. Evi yandıranda özündə olmamış, məqsədi də Elmarın evində ola biləcək narkotikin və ya digər cinayət izlərinin itirilməsi olmamışdır. Mənzili yandıran zaman tək olmuşdur. Yandırdığı mənzilin sahibi Zərərçəkmiş şəxs tanımamış, həmin şəxslə əvvəllər düşmənçilik, şəxsi ədavəti olmamışdır. Psixi xəstəlikdən əziyyət çəkir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Astara rayonu Siyakü kəndində yaşayır. 26 aprel 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında 50 000 manat pul müqabilində almış və mənzili aldıqdan sonra mənzilin təmirinə 5000 manat pul xərcləmişdir. O, öz ailəsi ilə birlikdə Astara rayonu Siyəkü kəndində yaşadığı üçün mənzil boş qalmaması məqsədi ilə mənzili kirayə vermək qərarına gəlmişdir. Bunun üçün 2021-ci ilin may ayında X4 həyat yoldaşı Şahid1 ona zəng vuraraq mənzili kirayə götürmək istədiyini bildirmişdir. O, X8 görmədən Şahid1 həyat yoldaşının və özünün şəxsiyyət vəsiqəsini və nigah haqqında şəhadətnamələrinin surətini istədikdən sonra mənzili onlara aylıq 250 manat pul müqabilində kirayə vermişdir. Bundan sonra öyrənmişdir ki, ona məxsus mənzili yandırmışlar. Bunun üçün yaşadığı Astara rayonundan gələrək mənzilə baxmışdır. Mənzilin və mənzilin içərisində olan əşyaları tamamilə yararsız hala düşmüşür. Hadisə nəticəsində ona məxsus mənzilə 8880 manat içəridə olan əşyaların məhv olması nəticəsində isə 8947 manat ümumilikdə 17827 manat məbləğində maddi ziyan dəymişdir. Onun tələbi ona məxsus mənzili yandıraraq yararsız hala salan şəxslərin barəsində qanuni tədbir görülməsindən ibarətdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında əri Elmar Kərimov və övladları ilə Zərərçəkmiş şəxs məxsus Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, mənzil 43 ünvanında yerləşən mənzilə aylıq 250 manat kirayə haqqı ödəmək şərti ilə köçmüşlər. Təqsirləndirilən şəxs onun ərinin xalası oğludur. Qamət 2021-ci ilin avqust ayında onlara qonaq gəlmiş və evlərində qalmış, sonra o, əri və övladları ilə Ağstafa rayonuna getmişlər. Ağstafa rayonunda olarkən əri narkotik vasitələrin külli miqdarının satışı ilə tutulmuş, bu səbəbdən xx.xx.2021-ci il tarixdə polis əməkdaşları və əri Elmar ilə Xırdalan şəhərinə yaşadıqları evdə axtarış aparılması məqsədilə yola düşmüşlər. xx.xx.2021-ci il tarixdə saat 05 radələrində yaşadıqları evə çatdıqda Qamət evin qapısını açmamış, onların və polis əməkdaşlarının qapını açması ilə bağlı tələblərinə məhəl qoymamış, sonra evdən juman çıxdığını görüb, Qamətin evi yandırdığını başa düşmüşlər, sonra yanğın söndürmə xidmətinə zəng olunmuş, hadisə yerinə gələn yanğın söndürənlər yanğını söndürmüş, həmin vaxt Qamət yanmamaq və boğulmamaq üçün evin pəncərəsinə çıxmış və polis əməkdaşları onu çölə çıxarmışlar. Şahid2 Kamaləddin oğlu məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2004-cü ildən DİO-da xidməti fəaliyyətə başlamış, 2020-ci ildən isə Ağstafa RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsində xidmət edir. 01 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Ağstafa rayon məhkəməsinin müvafiq qərarı ilə təqsirləndirilən şəxs X4 iştirakı ilə sonuncunun kirayə yaşadığı ünvan 5 ünvanına axtarış aparmaq üçün Ağstafa RPŞ-nin əməkdaşları ilə yola çıxmışlar. 02 sentyabr 2021-ci il tarixdə səhər saat 05:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərinə çatmışlar. Onunla birlikdə Ağstafa RPŞ-nin Köçvəlli PB-nin əməliyyat müvəkkili Şahid3, Ağstafa RPŞ-nin MSY-nin sürücü polis nəfəri Şahid6, polis nəfəri Seymur Məmmədov, polis nəfəri Şahid5, polis nəfəri Şahid4, təqsirləndirilən şəxs X11 və sonuncunun müdafiəçisi X13 da gəlmişdir. Onlar mənzilin yanına çatdıqdan sonra müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi, komvoy polis nəfərləri maşından düşmüşlər. Bu zaman Şahid3 videoçəkiliş aparmışdır. Müstəntiq aparılacaq axtarışla bağlı təqsirləndirilən şəxs CPM-nin maddələrini oxuyur, izah etmişdir. Bundan sonra iştirakçılar ilə birlikdə axtarış aparmaq üçün binaya daxil olmuşlar. Bu zaman qapını döysələr də qapının kimsə tərəfindən içəridən bağlandığının şahidi olmuşlar, qapını bir müddət döydükdən sonra içəridən cavab verən şəxs mənzilin qapısını açmayacağını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxs Elmar Kərimov mənzilin içərisində olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə dəfələrlə qapını açmasını xahiş etmişdir. Lakin həmin şəxs qapını açmamışdır. Bundan sonra polis nəfərləri təqsirləndirilən şəxslə birlikdə aşağı düşüb avtomobildə əyləşmişdir. Mənzildə olan şəxslə bir müddət qapıdan söhbət etsələr də həmin şəxs qapını açmamışdır. Mənzilin qapısından bildirmişdir ki, bir nəfər pəncərə tərəfə gəlsin onunla söhbət etsinlər. Bu zaman Ağstafa RPŞ-nin MSY-nin polis nəfəri polis serjantı Seymur Məmmədov pəncərənin qarşısına gəlmişdir ki, onunla söhbət etsin. Bir müddət söhbət etsələrdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs qapını açmağa razı olmamışdır. Onlar həmin şəxslə xeyli müddət söhbət etmişlər, lakin həmin şəxsi qapını açmağa razı sala bilməmişlər. Bundan sonra görmüşlər ki, həmin şəxs mənzili yandırır. Mənzildən tüstülər çıxmağa başlamışdır. Orada olan şəxslər yanğın söndürmə xidmətinə zəng vurmuşlar. Həmin vaxtı mənzildən qatı duman çıxmışdır. Mənzilin içərisində olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs tüstüdən boğulmamaq üçün yarıhuşsuz vəziyyətdə pəncərəyə çıxmışdır. Bundan sonra Coşqun və orada olan tanımadığı şəxslər binanın giriş hissəsinin üstündə olan betonun üst hissəsinə çıxaraq pəncərə tərəfə yaxınlaşıb Təqsirləndirilən şəxs mənzildən yanmaması və tüstüdən boğulmaması üçün dartıb pəncərədən çıxarmışlar. Həmin şəxsi binanın qarşısında avtomobilə əyləşdirmişlər. Sonradan həmin şəxsi Abşeron RPİ-nə təhvil vermişlər. Bundan sonra onlar da iştirakçılarla yenidən Ağstafa rayonuna qayıtmışlar. Şahidlər Şahid3, Şahid4, Şahid5 və Şahid6 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5 və Şahid6 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 4902 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə yanğın-texniki və məhkəmə tikinti-texniki ekspertizasının 26 noyabr 2021ci il tarixli, 10/5559 nömrəli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzilin daxilində iki ədəd müstəqil mənbə zonası olmuşdur. Onlardan birincisi mənzilin giriş hissəsində, ikincisi yaşayış otağında, döşəmə səviyyəsində yerləşmişdir. Yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə mənzildə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(-dılması) nəticəsində baş vermişdir. ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar ümumi dəyəri təqribən 8880 manat məbləğində olduğu müəyyən olundu. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 9/7479 nömrəli rəyində göstərilmişdir ki, «LG» markalı 80 kv-lıq kondinsionerin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 650 manat, «Openbox» markalı krosno aparatının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 15 manat, eni 80 sm, uzunluğu 120 sm olan stolun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, taxta stulun bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 6 manat, eni 80 sm, uzunluğu 210 sm olan şüşəli dolabın bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, uzunluğu 220 sm olan divanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, hər birinin uzunluğu 80 sm olan kreslonun bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 50 manat, əl-üz yuyanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, «Topqapı» markalı, 24 litr, 11 su qızdırıcısının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 80 manat, güzgü dəstinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 10 manat, duşun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 40 manat, hamam vannasının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 80 manat, plastik vedrənin bir ədədinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 3 manat, dəmir vedrənin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 5 manat, unitazın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, ikimərtəbəli, uzunluğu 200 sm olan çarpayının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 150 manat, eni 50 sm, uzunluğu 96 sm olan kiçik stolun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 15 manat, eni 85 sm, uzunluğu 210 sm olan kitab şkafının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 70 manat, eni 48 sm, uzunluğu 84 sm olan şüşəli termonun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 30 manat, qonaq otağının çilçirağının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 60 manat, eni 130 sm, uzunluğu 200 sm olan dəhlizdə olan şkafın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 100 manat, eni 65 sm, uzunluğu 124 sm olan uşaq çarpayısının 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 50 manat, eni 75 sm, uzunluğu 110 sm olan künc divanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 100 manat, qabyuyan və şkafın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 30 manat, sobanın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 20 manat, 82 ekran «LG» markalı televizorun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 150 manat, «Vay-fay» modemin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 20 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən 27 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq yanmamışdan əvvəl normal vəziyyətdə 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2117 manat müəyyən edilir. Digər 20 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 04 mart 2022-ci il tarixli 25 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi üzvi mənşəli emosional labil pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən üzvi mənşəli emosional labil pozuntudan əziyyət çəkmişdir. Hal-hazırki müayinə zamanı da Təqsirləndirilən şəxs həmin pozuntuya xas əlamətlər aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşkarlanan üzvi mənşəli emosional labil pozuntu cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Törətdiyi əməlin qanunazidd olmasını başa düşür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, sonuncu məhkəmə prosesində Bakı şəhərində olmadığından iştirak edə bilməyəcəyini, ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi yandırmaqla özgənin əmlakını qəsdən məhv etmə əməlləri Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X10 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar