Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-294/2023 15.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Cəbrayıl rayonu, Daşkəsən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonu Daşkəsən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 07 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində avtobus dayanacağında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na (Siyahı İ) daxil edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,511 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda bükümü 20 manat olmaqla əldə edib Abşeron rayonu Masazır qəsəbəsi “Gənclər şəhərciyi” yaşayış kompleksinin qarşısına daşımaqla üzərində saxlamış, 08 sentyabr 2022-ci il tarixdə saat 02:25 radələrində X6 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi “Gənclər şəhərciyi” yaşayış kompleksinin qarşısında olan piyada keçidinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməklə saxlanılıb Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindəki "Kent” markalı siqaret qutusunun içərisindən 1 ədəd sellofan paketə bükülmüş 0,511 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri ünvan 2 ünvanında yaşayır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təxminən 2 ildir bədənində şiddətli ağrılar olduğu üçün narkotik vasitə heroindən istifadə edir. Lakin narkoloji dispanserdə qeydiyyatda dayanmır. 07 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı qəsəbədə avtobus dayanacağında olarkən təxminən 30-35 yaşlarında bir nəfər şəxslə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxsin danışıq tərzindən və hərəkətlərindən narkotik vasitə istifadəçisi olduğunu hiss etmişdir. Həmin şəxslə söhbət edərkən özünün də narkotik vasitə istifadəçisi olduğunu, onun üçün narkotik vasitə təşkil edə bilərsə, almaq istədiyini bildirmişdir. Adını bilmədiyi həmin şəxs onun üçün bir bükümü 20 manat qarşılığında narkotik vasitə heroin “təşkil edə biləcəyini” söylədikdə bununla razılaşmışdır. Daha sonra həmin şəxsdən 1 büküm narkotik vasitə heroin gətirməsini xahiş etmişdir. Sözügedən şəxs orada gözləməsini bildirərək çıxıb getmiş və təxminən 15-20 dəqiqə sonra yanına qayıdıb ona 1 büküm verib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisini açıb baxanda həqiqətən də içərisində heroin olduğunu görmüşdür. Buna görə də narkotik vasitəni gətirən şəxsə 20 manat pul vermişdir. Ardınca bükümü siqaret qutusunun içərisinə qoyub qutunu əynindəki şalvarın sağ yan cibində gizlətmişdir. 08 sentyabr 2022-ci il tarixdə saat 02:00 radələrində həmkəndlisi ilə görüşmək üçün yaşadığı evdən çıxıb Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksinə yollanmışdır. Həmkəndlisinin evinin qarşısına çatıb qapını döysə də, evdə heç kim olmadığına görə qapını açan olmamışdır. Sonra bir neçə dəfə həmkəndlisinin mobil telefon nömrəsinə zəng etmiş, lakin zənglərə cavab verilməmişdir. O, şəhərcikdən çıxıb Bakı- Sumqayıt avtomobil yoluna tərəf piyada şəkildə addımlamağa başlamışdı Saat 04:00 radələrində həmin yoldakı piyada keçidinə yaxınlaşanda ərazidə xidmət aparan polis avtomobili ona yaxınlaşmışdır. Üzərində narkotik vasitə olduğuna görə polis əməkdaşlarından qorxub qaçmaq istəmişdir. Lakin polis əməkdaşları arxasınca gələrək onu saxlayıb nə iş gördüyünü soruşmuş, o, həmkəndlisinin yanına gəldiyini deyəndə polis əməkdaşları ondan şübhələnərək gecə saatlarında oğurluq və ya başqa məqsədlə gəlibgəlmədiyi barəsində sual verib şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişlər. Həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmamış və səmimi şəkildə üzərində narkotik vasitə gəzdirdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Polis idarəsindəki xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmaqla videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan üzərində qanunsuz olaraq hər hansı əşya olub- olmadığını soruşmuş, o da səmimi şəkildə əynindəki qara rəngli şalvarın sağ yan cibindəki siqaret qutusunu çıxarıb içərisində olan 1 ədəd bükümü təqdim etmiş və bükümün içərisində narkotik vasitə heorin olduğunu demişdir. Polis əməkdaşlarının razılığından sonra cibindən çıxardığı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən siqaret qutusu açılıb baxış keçirlərkən 1 ədəd sellofan bükümdə olan heroin aşkar olunmuşdur. Daha sonra həmin büküm polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün zərfdə qablaşdırılmışdır. Zərfin üzəri onun özü və şəxsi axtarış aparılmasında iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarışın sonunda polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmadığı üçün protokolu imzalayaraq doğruluğunu təsdiq etmişdir. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid3 ifadəsindən görünür ki, 18 aprel 2018-ci il tarixdən daxili işlər orqanlarında xidmət edir. Həmin vaxtdan Abşeron rayon Polis İdarəsinin Əlahiddə X7 12-ci patrul bölüyündə polis nəfəri işləyir, polis serjantı xüsusi rütbəsindədir. 08 sentyabr 2022-ci il tarixdə saat 02:25 radələrində patrul bölüyünün digər polis nəfərləri, polis serjantları Şahid2 və Şahid1 ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığındakı piyada keçidində 14 saylı piyada marşrutla xidmət aparan zaman bir nəfər şəxsin orada dayandığını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs onları görən kimi qaçmağa başladığından dərhal arxasınca qaçaraq həmin şəxsi saxlayıb nə üçün qaçdığını soruşmuşlar. Qaçmağa çalışan şəxs əvvəlcə şəhərcikdə yaşayan qohumunun evinə gəldiyini bildirsə də, şəxsin hərəkətləri şübhə yaratdığından şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demiş, əynindəki şalvarın cibində narkotik vasitə heroin saxladığını səmimi şəkildə etiraf etmişdir. Daha sonra həmin şəxs ərazidə xidmət aparan avtopatrulla Abşeron rayon Polis İdarəsinin növbətçi hissəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Polis idarəsində saxladıqları şəxsin 1980-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Təqsirləndirilən şəxs Çingiz oğlu olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs polis idarəsinə müdafiəçi dəvət edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Şahid2 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində saxladığı sellofan büküm çıxarıb təqdim etmiş və içərisində heroin olduğunu səmimi şəkildə etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılmış və oradan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, bükümü 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən dayanacaqda tanımadığı şəxsdən 20 manat pul qarşılığında aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisi dəqiqləşdirildikdən sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar həmin protokolu düzgün hesab etməklə imzalamışlar. İş üzrə ifadələri elan edilmiş Şahid2 və Şahid1 şahid qismində dindirilmiş Şahid3 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 6/4892 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №56” möhür əksi, “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,511 (0,461) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 daxil olmuş məhkəmə- narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 08 sentyabr 2023-cü il tarixli diskə məhkəmədə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X2 08 sentyabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan 1 ədəd sellofan bükümə bükülmüş vəziyyətdə narkotik vasitə hesab edilən heroini çıxarıb təqdim etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 15 aprel 2005-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş, 10 oktyabr 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, hal-hazırda məhkumluğu yoxdur. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair iş üzrə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təmiz çəkisi 0,461 qram olan narkotik vasitə - heroin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk müvafiq olaraq 09 sentyabr 2022-ci il və 25 yanvar 2023-cü il tarixli qərarlarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı dəlillər olduğu üçün 08 sentyabr 2022-ci il tarixdə saat 05:00-da Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəyyam Rüstəmov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 08 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilərək Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 15 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yeri müəyyən edilib tutularaq istintaqa təhvil verildiyi üçün 16 yanvar 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv və məhkumluğu olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “ polisin nəzarəti altına vermə “ qətimkan tədbiri ləğv edilməli, Abşeron rayon məhkəməsinin ********* saylı cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 0.461 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 05(beş) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri ləğv edilsin, Abşeron rayon məhkəməsinin ********* saylı cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 0.461 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-294/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-294/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver