Məhkəmə qərarları › İş №1(012)-294/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-294/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-294/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il saat 13:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu. Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ona siqaret almaq üçün pul verməməsi, habelə paltarları yumadan işə getmək istəməsi səbəblərindən ailə daxili münaqişə zəmnində yaranmış narazılıq üstündə mübahisə edərkən həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun burun, baş və boyun nahiyələrinə yumruqla ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunan dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2012-ci ildən Zərərçəkmiş şəxs ilə rəsmi nigahdadır. Bu nigahdan 2013-ci il təvəllüdlü və 2015-ci il təvəllüdlü 2 oğlan övladları var. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Yasəmənlə yaşadığı evdə olarkən aralarında mübahisə yaranmış, mübahisəyə səbəb Yasəmənin evdə olan paltarları yumadan işə getməyə hazırlaşması olmuşdur. O, Yasəmənin işə getməyə hazırlaşdığını görərək ona paltarları yuduqdan sonra işə getməsini bildirmişdir. Yasəmən işə getməli olduğunu bildirdikdə o, paltarları paltaryuyan maşına atıb sonra getməsini demişdir. Yasəmən buna etiraz etmiş və o əsəbləşərək paltarları yığıb çölə tullamışdır. O yaşadıqları evin həyətində olarkən Yasəmən onun yanına gəlmiş və o hirsini soyutmaq üçün sağ əli ilə Yasəmənin burun nahiyyəsindən sillə ilə vuraraq onu döymüşdür. O. Yasəmənin burnundan qan gəldiyini görüb evdən çıxaraq kafeyə çay içməyə getdiyini göstərmişdir. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt yanlarında kənar şəxsin olmadığı, mübahisə zamanı Yasəmənin onu vurmadğını və ona qarşı müqavimət göstərmədiyini göstərmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildən Təqsirləndirilən şəxs ilə rəsmi nigahdadır. Bu nigahdan 2013-ci il təvəllüdlü və 2015-ci il təvəllüdlü 2 oğlan övladı var. Əvvəllər əri Rəşadla münasibətləri normal olsa da, son vaxtlar Rəşadın işləməməsi səbəbindən münasibətləri korlanmışdır. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Rəşadla aralarında yaşadıqları evin həyətində mübahisə yaranmış, mübahisəyə səbəb Rəşadın ondan siqaret pulu istəməsi və onun isə həmin vaxt Rəşada pul verməməsi olmuşdur. Onlar bir qədər söz mübahisəsi etdikdən sonra Rəşad yaşadığı evin həyətində yumruqla onun burun, baş və boyun nahiyələrinə zərbələr vurmuşdur. Yasəmənin burnundan qan gəldiyini görən Rəşad evdən çıxıb çayxanaya getmişdir. Zərərçəkmiş şəxs evə daxil olub əl-üzünü yuduqdan sonra telefonla DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Aralarında baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt o Rəşadı vurmadığını və ona heç bir fiziki ağrı yetirmədiyini, həmin mübahisə zamanı yanlarında heç kimin olmadığını göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Cinayət işinə xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1601 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, iş üzrə təqsirləndirilən şəxsi bağışlamışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməlindən peşmandır, iş üzrə özünü təqsirli bilir. Barəsində başlanmılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə iclasları zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar