Məhkəmə qərarları › İş №1(012)-295/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-295/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-295/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməmyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Belə ki, Təqsirləndirilən şəxs 28.02.2021 -ci il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər və qısqanclıq zəmnində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncu yumruq zərbələri ilə zərərçəkmişin baş və sifət nahiyələrinə bir neçə dəfə zərbələr vurmaqla ona burun sümüyünün qapalı, yerinidəyişməyən sınığı, sağ gözaltı nahiyəsinin qançırından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə yeddi il əvvəl rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan onların iki övladı olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, son zamanlar bu münasibətlər pisləşmiş və onlar eyni həyətdə yerləşən ayrı-ayrı evlərdə yaşamağa başlamışlar. 28.02.2021-ci il tarixdə saat 22 radələrində o, Ayişəyə zəng edən zaman telefonun məşğul olduğunu görmüş və bir qədər sonra təkrar zəng edərək Ayişədən bir az əvvəl kiminlə danışdığını soruşmuşdur. Ayişə isə öz növbəsində ona kobud cavab qaytararaq bunun ona dəxli olmadığını bildirdiyi üçün əsəbləşmiş və Ayişənin yaşadığı evə getmiş, orada olan zaman onlar arasında qısqanclıq zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı o, Ayişənin sifət nahiyəsinə iki dəfə sillə zərbəsi vurmuşdur. Həmin vaxt atası Şahid araya girərək onu Ayişədən uzaqlaşdırmışdır. Sonradan o, Ayişənin onun barəsində Qobu PB-yə şikayət etdiyini bilmişdir. Sonda o, təqsirinin olmamasını əsas gətirərək bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə yeddi il əvvəl ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş və birgə nikahdan onların iki övladı dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da, sonradan bu münasibətləri korlanmış və onlar eyni həyətdə yerləşən ayrı-ayrı evlərdə yaşamağa başlamışlar. 28.02.2021-ci il tarixdə, saat 21 radələrində Cavid onun yaşadığı evə gələrək heç bir əsaslı səbəb göstərmədən üzərinə hücum çəkmiş və yumruqla onun sifət və baş nahiyələrinə bir neçə dəfə zərbələr endirmişdir. Zərbələrin təsirindən o, burun nahiyəsidən xəsarət almış və Caviddən onu döyməsinin səbəbinin soruşmuşdur. Cavid isə cavabında atası Azərdən pul istədiyini, lakin sonuncunun ona pul vermədiyini bildirmiş və onu atası Azərin pul verməməsi üçün ona qarşı öyrətməsində günahlandırmışdır. O, əlavə olaraq yaşadığı evdə baş vermiş məlum hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada qayınatası Şahid da olduğunu bildirmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 28.02.2021 -ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman eyni həyətdə lakin ayrı-ayrı evlərdə yaşayan oğlu Cavidlə gəlin Ayişənin səslərini eşitmiş və evə daxil olduğunda sonuncunun sifətinin qan olduğunu görmüşdür. Ayişəni nə səbəblə döydüyünü soruşduqda isə Cavid əcəb etdiyini dediyi üçün o, əsəbləşərək Caviddən evdən çıxıb getməsini tələb etmiş, sonuncu isə oradan çıxıb getmişdir. X6 arasında mübahisənin şəxsi münasibətlər, eləcə də qısqanclıq zəminində yarandığı ona məlum olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından Şahid ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin 15.03.2021ci il tarixli 476 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - burun sümüyünün qapalı, yerinidəyişməyən sınığı, sağ gözaltı nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 28.02.2021 -ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə tərəfindən özünü müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 16.03.2021-ci il tarixli arayışdan (tələbnamədən), Abşeron rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya şöbəsinin 21.04.2021-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Niyazov X5 Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1 -ci maddəsi ilə təqsirli bilinmiş və Abşeron rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmiş, daha sonra Abşeron rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 -ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun çəkilməmiş cəzası 02 (iki) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona cəza təyin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Niyazov X5 rayonu, Qobu qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 19 ünvanında həyat yoldaşı-1996-cı il təvəllüdlü X4, qızı-2014-cü il təvəllüdlü X3 və 2016-cı il təvəllüdlü Şahid Cavid qızı ilə birlikdə qeydiyyatda olmaqla yaşayır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşıdrılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu, Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən hesablansın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu, Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar