Məhkəmə qərarları › İş №1(012)-296/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-296/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-296/2024 04.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cinayət işi üzrə şübhəli şəxs qismində tutulmamışdan bir il əvvəl Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1941-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «T-3502» nömrəli “Tokarev” (TT) konstruksiyalı yivli odlu silah hesab olunan tapançanı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş hər biri 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) və PPŞ-PPS konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, biri atəş və istifadə üçün yararlı, digəri isə atəş üçün yararsız döyüş sursatı olan 02 ədəd patron və həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62 x 25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı darağı qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Saray qəsəbəsinə daşıyıb yaşadığı yeni məhəllədə yerləşən evin həyətində gizlətməklə saxlamış və üzərində gəzdirmiş 02 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşlarının saat 21:30 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Tərlan” şadlıq sarayının qarşısında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Saray polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:30da üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın arxa cibinin üzərində bel hissəsinə keçirdiyi bir ədəd «T-3502» nömrəli “Tokarev” (TT) konstruksiyalı yivli odlu silah hesab olunan tapança, hər biri 7,62x25 mm kalibrli olmaqla, döyüş sursatı olan 02 ədəd patron və həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62 x 25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 331 ünvanında qeydiyyatda olsa da, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər heç bir ruhi və ya əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar olaraq heç bir dispanserdə və ya xəstəxanada qeydiyyatda deyil. Təxminən bir il bundan əvvəl axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə istirahət edərəkən dəniz kənarında yerdə tapança olduğunu görmüş və ətrafda heç kim olmadığından tapançanı götürmüşdür. Əynində olan şalvarının bel hissəsinə keçirdərək üzərində saxlamışdır. Yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə getdikdən sonra tapançaya baxdıqda içərisində iki ədəd patronunda olduğunu görmüşdür. Kimsənin görməməsi üçün tapançanı həyətlərində olan toyuq hinində gizlətmişdir. Silaha olan marağından tapançanı tullamayaraq hində gizlədərək saxlamışdır. Bir dəfə silahı tullamaq üçün hindən götürmüş, lakin sonra tulladığına görə heyfislənəcəyini düşündüyü üçün yenidən hində gizlətmişdir. Tapançanı gizlətdiyi müddətdən etibarən ailə üzvlərinin həmin tapançanı aşkar edəcəyindən ehtiyat etmiş, lakin silaha olan marağından da həmin tapançanı tullamaq isdəməmişdir. Buna görədə tapançanın yerini dəyişmək qərarına gəlmişdir. Belə ki, 02 avqust 2023-cü il tarixdə tapançanı gizlətdiyi yerdən çıxartmış və tapançanı əynində olan şalvarının arxa tərəfdən içərisinə keçirib üzərində saxlamışdır. Həmin tapançanın yerini dəyişmək məqsədilə qeyd etdiyi tarixdə saat 21:15 radələrində yaşadığı evdən çıxmış və Saray qəsəbəsində yerləşən Tərlan şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olarkən 2 (iki) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduqlarını deyib ona üzərində qanunsuz olaraq odlu silah saxlamağından şübhələndiklərini bildirmişlər. O da polis əməkdaşlarına üzərində TT markalı tapança olduğunu demişdir. Bundan sonra onu Saray PB-nə dəvət etmişlər. O da razılaşıb onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Orada iştirakçıların iştirakları ilə üzərində şəxsi axtarış aparmışlar. Axtarış video çəkilişlə aparılmışdır. Axtarış zamanı əynindəki qara rəngli cins şalvarın arxa tərəfdən içərisinə keçirdiyi 1 (bir) ədəd “TT” markalı tapançanı içərisində olan 2 ədəd patron ilə birlikdə təqdim etmişdir. Bundan sonra isə ondan aşkar edilmiş tapança və içərisində iki ədəd patron olan sandıqça zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuşlar, doğruluğunu imzalarıyla təsdiq etmişlər. Həmin tapançanı təxminən bir il bundan əvvəl axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə istirahət edərəkən dəniz kənarında yerdən tapmışdır. Üzərində şəxsi axtarış aparılan zaman və izahatını verərək həyəcanlı olduğu üçün tapdığı silahı həvəskarı olduğu üçün üzərində gəzdirdiyini göstərmişdir. Silaha marağı var, amma 02 avqust 2023-cü il tarixdə silahın yerini dəyişmək üçün üzərində saxlamışdır. Qeyd etdiyi tarixdə də polis əməkdaşları onu saxlamışlar. Tapançanı tapan zaman üzərində iki ədəd patron olmuş və tapdığı tapançadan istifadə etməmişdir. Həmin tapançanı gizlədib saxlamaqda hər hansı bir məqsədi olmamışdır, sadəcə olaraq həm maraqlı gəldiyi üçün həm də kiməsə verməyə çəkindiyi üçün saxlamışdır. Silahı evin həyətindəki toyuq hininin içərisində gizlətmişdir. Heç kəsin bu barədə xəbəri olmamışdır. Bundan başqa da heç bir şəxsə silah tapmağı barədə məlumat verməmişdir. Silahı hüquq-mühafizə orqanlarına təhvil verəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxduğu üçün təhvil vermək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müvafiq əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədi ilə bölmə rəhbəriyinə raportla məruzə edilmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə gedilmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Tərlan” şadlıq sarayının qarşısı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq daşımasında şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində “TT” markalı tapança olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədləşmə üçün şərait olmadığından və insanların intensiv hərəkəti səbəbi ilə Təqsirləndirilən şəxs müvafiq hərəkətlərin icrası üçün Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin Saray PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Həsənli tərəfindən hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Abşeron RPİnin Saray PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin Saray PB-nin polis sahənin polis nəfəri, polis serjantı Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 və onun iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Həsənli tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının bel hissəsindən çıxardığı 1 ədəd, gümüşü rəngli dəmir materialdan odlu silah olan “TT” markalı tapançaya bənzər əşyanı təqdim edərək qeyd edilən əşyanı təxminən 1 il öncə Sumqayıt şəhərində dəniz kənarında yerdən tapdığını, həmin zamandan özündə saxladığını və xx.xx.2023-cü il tarixdə həvəskarı olduğu üçün üzərində gəzdirdiyini, həmin əşya ilə heç bir cinayət hadisəsi törətmədiyini bildirmişdir. Aşkar edilmiş odlu silah olan “TT” markalı tapançaya bənzər əşyaya baxış keçirilən zaman həmin əşyanın içərisində 1 ədəd nömrəsi olmayan gümüşü rəngli sandıq və 2 ədəd odlu silah olan “TT” markalı tapançaya aid güllə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. Aşkar edilmiş predmetlər şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-ballistik ekspertizasının 03 avqust 2023-cü il tarixli 23/632R nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd T-3502 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1941-ci ildə istehsal olunmuş Tokarev(TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla,həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatıdırlar. Lakin, yuxarıda göstərilən səbəbdən, tədqiqata təqdim edilmiş 02 ədəd 7,62x25 mm kalibrli patronlardan, 01 ədədinin alışdırıcı kapsulunun üzərində batıq izi olan patron hal-hazırda atəş üçün yararsızdır. Digər 01 ədəd 7,62x25 mm kalibrli patron isə təyinat üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış 09 avqust 2023-cü il tarixli 3-13-11/2-9753/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 01 ədəd 7,62 mm kalibirli T-3502 №-li Tokarev(TT) konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin «Güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, tədqiqatdan sonra qalan bir ədəd «T-3502» nömrəli “Tokarev” (TT) konstruksiyalı yivli odlu silah hesab olunan tapança, həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 7,62 x 25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq və hər biri 7,62x25 mm kalibrli olmaqla, biri atəş və istifadə üçün yararlı, digəri isə atəş üçün yararsız döyüş sursatı olan 02 ədəd patron Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarının bel hissəsindən çıxardığı 1 ədəd, gümüşü rəngli dəmir materialdan odlu silah olan “TT” markalı tapançaya bənzər əşyanı təqdim edərək həmin əşyanı təxminən 1 il öncə Sumqayıt şəhərində dəniz kənarında yerdən tapdığını, həmin zamandan özündə saxladığını və xx.xx.2023-cü il tarixdə həvəskarı olduğu üçün üzərində gəzdirdiyini, həmin əşya ilə heç bir cinayət hadisəsi törətmədiyini bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq bir ədəd «T-3502» nömrəli “Tokarev” (TT) konstruksiyalı yivli odlu silah hesab olunan tapança, həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 7,62 x 25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq və hər biri 7,62x25 mm kalibrli olmaqla, biri atəş və istifadə üçün yararlı, digəri isə atəş üçün yararsız döyüş sursatı olan 02 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq bir ədəd «T-3502» nömrəli “Tokarev” (TT) konstruksiyalı yivli odlu silah hesab olunan tapança, həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 7,62 x 25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq və hər biri 7,62x25 mm kalibrli olmaqla, biri atəş və istifadə üçün yararlı, digəri isə atəş üçün yararsız döyüş sursatı olan 02 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar