Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-298/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni yaşayış massivində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 mart 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq oradan 427 manat nağd pulu, bir ədəd 1400 manat dəyərində brilyant qaşlı qızıl kişi nişan üzüyünü, bir ədəd 1600 manat dəyərində brilyant qaşlı qızıl qadın üzüyünü, bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qızıl qadın üzüyünü, bir ədəd 1200 manat dəyərində qaşsız qızıl qadın üzüyünü, bir ədəd 700 manat dəyərində brilyant qaşlı qızıl qadın üzüyünü, bir ədəd 262 manat dəyərində sadə qaşlı 3,08 qram çəkidə 583/585 əyarlı qızıl qadın üzüyünü, bir ədəd 480 manat dəyərində qızıl boyunbağını, bir ədəd 548 manat dəyərində 6.45 qram çəkidə 583/585 əyarlı klonlu qızıl boyunbağını, bir cüt 380 manat dəyərində uşaq üçün qızıl sırğanı, bir cüt 73 manat dəyərində 0,86 qram çəkidə 583/585 əyarlı uşaq üçün qızıl sırğanı, bir cüt 212 manat dəyərində, 2.49 qram çəkidə 583/585 əyarlı qadın üçün qızıl sırğanı, 4500 manat dəyərində qızıl boyunbağı, sırğa və üzük dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 12982 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik maddələrdən istifadə edir, dostları Şahid1 və Şahid2 ilə eyni məhəllədə yaşayır. Əvvəllər bir neçə dəfə onlarla birlikdə narkotik maddə qəbul etmişdir. 15 mart 2023-cü ildə saat təxminən 15 radələrində o, yaşadığı məhəllədəki “AL market” mağazasının qarşısında olarkən Rahidin atasına məxsus yaxınlıqdakı mağazanın qarşısında olduğunu görüb, sonuncunu əl işarəsi ilə yanına çağırmış, Rahidlə salamlaşıb hal-əhval tutduqdan sonra vəziyyətinin yaxşı olmadığını deyib, haradansa narkotik əldə etmək lazım olduğunu söyləmiş və Rahiddən əvvəllər narkotik aldıqları şəxsin nömrəsini soruşmuş, sonuncu da həmin nömrəni Anarın bildiyini söyləmişdir. Elə bu vaxt onlar Anarın kənardan Rahidgilin mağazasının qarşısına tərəf piyada gəldiyini görüb, sonuncunun yanına getmişlər. O, Anardan narkotik satan adamın telefon nömrəsini soruşub, həmin nömrəyə zəng edib, bir büküm psixotrop maddə, yəni metamfetamin istəmiş, həmin adam da 15 dəqiqə sonra yaşadıqları qəsəbədə olan “Baba” marketin yanına gələcəyini bildirmişdir. Bundan sonra o, Rahidə birlikdə həmin yerə gedib qayıtmağı təklif etmiş, sonuncu da razılaşmış, amma narkotik qəbul etdiyinə görə həmin ərəfədə Qaradağ rayonu, Müşviqabad qəsəbəsinin polis sahə rəisinin onu axtardığını deyib, narkotik maddəni alıb, geri qayıdanda həmin sahə rəisinin məhəllədə onları narkotik maddə ilə yaxalaya biləcəyindən ehtiyat edib, Anardan küçədə dayanıb, qara rəngli maşın gələrsə xəbər verməsini xahiş etmiş, Anar razılaşsa da mobil telefonun enerjisinin olmadığına görə zəng edə bilməyəcəyini söyləmişdir. Buna görə də Rahid məcbur qalıb öz mobil telefonunu Anara verib, qara rəngli maşın gələrsə onun telefonuna zəng edib, xəbər verməsini tapşırmış və bundan sonra Rahidlə birlikdə narkotik maddə almaq üçün “Baba” marketə tərəf getməyə başlamışdır. Elə həmin vaxtı yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs həyət darvazasını bağlayıb, qara rəngli maşınına minib, ailəsi ilə getdiyini görüb, sonuncunun evində heç kimin olmadığını və evdə oğurlamaq üçün qızıl, pul ola biləcəyini düşünmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Rahidi özündən kənarlaşdırmaq üçün bir az getdikdən sonra sonuncuya narkotik maddə satanı tanımadığını deyib, həmin yerə tək getmək istədiyini söyləmiş, Rahid də razılaşmış və onu evlərində gözləyəcəyini deyib getmişdir. O da Rahiddən ayrılıb, birbaşa yaşadığı qəsəbədəki “Baba” marketin yanına gedib, narkotik maddə satan adamla görüşüb, 15 manata bir büküm metamfetamin alıb, tez geri qayıtmış və Elnurun evindən oğurluq etmək üçün sonuncunun evinin arxasındakı hasardan aşaraq həyətə keçmiş, sonra içəriyə daxil olmaq üçün evin arxa tərəfindəki plastik pəncərəyə yaxınlaşmış, həmin yerdə evin divarı hasara çox yaxın olduğundan o, hasara dırmanaraq bir ayağını hasara dirəyib, oradakı pəncərəni əli ilə zərblə itələyib açmış və oradan içəriyə daxil olmuşdur. Həmin otağın yataq otağı olduğunu görüb, tez qızıl-pul axtarmağa başlamış, otaqdakı güzgülü dolabın siyirməsində 27 manat pul olduğunu görüb, həmin pulu götürüb cibinə qoymuş və oradakı paltar dolabını axtarmağa başlamış, həmin dolabın yuxarı rəfində qızıl qabında bir ədəd qızıl kişi üzüyünün, 6 ədəd qızıl qadın üzüyünün, 3 ədəd qızıl boyunbağının, 4 cüt qızıl sığanın olduğunu görüb həmin qızılları qabdan götürüb cibinə qoyub, dolabı yenə axtarmağa başlamış, bu zaman dolabdakı pul qabından 400 manat pul tapıb həmin pulu da götürüb cibinə qoymuş və evə daxil olduğu pəncərədən çölə çıxıb, evin qarşı tərəfinə keçib oradakı hasardan aşaraq küçəyə tullanıb, Rahidgilin yaxınlıqdakı evlərinə getmiş və sonuncunu çağırıb, narkotik maddəni aldığını bildirmişdir. Bundan sonra həmin narkotik maddəni istifadə etmək üçün Rahidlə birlikdə Anarın yanına getmiş, Rahid mobil telefonunu Anardan geri aldıqdan sonra birlikdə qəsəbənin “parnikilər” deyilən məhəlləsində olan əvvəllər narkotik maddə qəbul etdikləri, tikintisi tamamlanmamış, qapısı olmayan iki mərtəbəli fərdi yaşayış evinə getmişlər. Onun aldığı bir büküm metamfetamini birlikdə qəbul etdikdən sonra o, oğurladığı qızılları cibindən çıxarıb, satmaq istədiyini bildirmiş və şəxsiyyət vəsiqəsi olmadığına görə Anarla Rahiddən həmin qızlları satmaq üçün onunla Bakı şəhərinə qızıl mağazasına getmələrini xahiş etmiş, Rahid ondan həmin qızılları haradan əldə etdiyini soruşmuş, o da oğurladığını və bunun onlara heç bir aidiyyəti olmadığını söyləmiş və qızılları satmaqda ona köməklik etmələrini xahiş edib, qızılların pulundan onlara da verəcəyini bildirmişdir. Həmin vaxtı axşamüsütü olduğuna görə Rahid mağazalarında satıcılıq edən anasının bir azdan namaz qılmaq üçün evə gedəcəyini bildirmiş və anasını əvəz etmək üçün mağazalarında olacağını deyb, onunla gedə bilməyəcəyini söyləmiş, Anar da şəxsiyyət vəsiqəsinin evlərində həyat yoldaşında olduğunu və vəsiqəni ala bilməyəcəyini söyləyib, onunla gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar ayrılmış, o, Elnurun evindən oğlurladığı qızılları satmaq üçün taksi ilə Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva ticarət mərkəzinə getmiş, oradakı qızıl alverçilərinə yaxınlaşıb həmin qızılları satmaq istəsə də onun şəxsiyyət vəsiqəsi olmadığına görə qızılları ondan almamışlar. Bundan sonra o, ticarət mərkəzinin qarşısında dayanıb, oradan çıxan müştərilərə xəstəsinin cərrahi əməliyyatı üçün təcili pul lazım olduğuna görə satmaq istədiyi qızılları olduğunu deyib, həmin qızılları almalarını təklif etmiş, həmin vaxtı tanımadığı orta boylu, təxminən 45-50 yaşı olan bir nəfər kişi onun satmaq istədiyi qızıllara baxıb, bir neçəsini bəyənib, almaq istədiyini deyib, həmin qızılları neçiyə satdığını soruşmuş, o da alıcının bəyəndiyi 2 cüt qızıl sırğanı, 5 ədəd qızıl üzüyü, 2 ədəd qızıl boyunbağını 2000 manata satmaq istədiyini bildirmiş, həmin adam da bəyəndiyi qızılların cəminə 1700 manat pul verə biləcəyini söyləmiş, o da razılaşıb həmin məbləğdə pulu alıb, bəyəndiyi qızılları həmin adama verib oradan tez uzaqlaşmış və yaxınlıqdakı restoranların birində şam yeməyi yeyib, sonra taksi ilə yaşadığı evə getmişdir. Oğurladığı qızıllardan özündə qalan 2 ədəd qızıl sırğanı, 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl klonlu boyunbağını sonra satmaq üçün həyətdəki hamamda olan köhnə pencəyinin cibində gizlədib, evə yatmağa getmişdir. Ertəsi günü yuxudan dürüb şəxsi ehtiyaclarını təmin etmək üçün Bakı şəhərinə getmiş və oğurluqdan əldə etdiyi pulların çox hissəsini xərcləyib, yenidən yaşadığı qəsəbəyə qayıtmışdır. Həmin günü qəsəbədə danışılan söhbətlərdən Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə polisə şikayət etdiyini eşitmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evində yaşayır. 15 mart 2023-cü i tarixdə saat 15:30 radələrində yaşadığı evin qapı və pəncərələrini bağlayıb, ailə üzvüləri ilə birlikdə qara rəngli “Kia-Rio” markalı avtomobilinə minib, Qaradağ rayonu Müşviqabad qəsəbəsində yaşayan qardaşıgilə qonaq getmiş, təxminən 2 saat sonra, saat 17 radələrində evinə qayıtmışdır. Evə daxil olub yataq otağına girdiyi vaxt otaqdakı əşyaların səliqəsinin pozulduğunu, oradakı dolabların qapılarının açılmış vəziyyətdə olduğunu və otağın plastik materialdan olan pəncərəsinin açıq olduğunu görüb, evdə olmadıqları müddətdə kiminsə onun evinə pəncərədən daxil olaraq oğurluq etdiyini hiss edib, tez otaqdakı qiymətli əşyaların və pulun olduğu yerləri yoxlamağa başlamışdır. Həmin vaxtı otaqdakı paltar dolabda qızıl qabında saxladıqları bir ədəd 1400 manat dəyərində brilyant qaşlı qızıl kişi nişan üzüyünün, bir ədəd 1600 manat dəyərində brilyant qaşlı qızıl qadın üzüyünün, bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qızıl qadın üzüyünün, bir ədəd 1200 manat dəyərində qaşsız qızıl qadın üzüyünün, bir ədəd 700 manat dəyərində brilyant qaşlı qızıl qadın üzüyünün, bir ədəd 350 manat dəyərində olan sadə qaşlı qızıl qadın üzüyünün, bir ədəd 480 manat dəyərində qızıl boyunbağının, bir ədəd 500 manat dəyərində klonlu qızıl boyunbağının, bir cüt 380 manat dəyərində uşaq üçün qızıl sırğanın, bir cüt 340 manat dəyərində uşaq üçün qızıl sırğanın, bir cüt 450 manat dəyərində qadın üçün qızıl sırğanın, 4500 manat dəyərində qızıl boyunbağı, sırğa və üzük dəstinin, həmin dolabda pul qabında saxladıqları 400 manat pulun, həmçinin güzgülü dolabın siyirməsində saxladıqları 27 manat pulun yerində olmadığını görüb, həmin əşyalarınvə pulların oğurlandığını yəqin edib, dərhal mobil telefonu ilə DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Baş vermiş oğurluqda konkret şübhələndiyi şəxslər olmasa da hadisə baş verən günü o, ailə üzvüləri ilə birlikdə öz maşınında yaşadığı evdən çıxıb qardaşıgilə qonaq gedərkən qonşusu Rahidlə onunla eyni məhəllədə yaşayan Sahibi birlikdə küçədə görmüşdür. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla eyni küçədəki qonşuluqda yaşayır. Elnuru xeyli müddətdir tanıyır, sonuncu ilə normal münasibəti var. Təqsirləndirilən şəxsla Şahid2 da onunla eyni qəsəbədə yaşayırlar. Hər ikisi ilə dostluq münasibətindədir. 15 mart 2023-cü il tarixdə yaşdıqları qəsəbədə yerləşən, gündəlik təlabat malları satılan, ailəsinə məxsus mağazada müştəriləri yola salmaqda anasına köməklik etdiyi vaxt, saat 15:30 radələrində siqaret çəkmək üçün mağazadan çölə çıxarkən Sahibin yaxınlıqadakı “AL” marketin qarşısından əl işarəsi ilə onu yanına çağırdığını görüb, həmin yerə getmişdir. Əvvəllər birlikdə narkotik qəbul etdiklərinə görə Sahib vəziyyətinin yaxşı olmadığını deyib, haradansa narkotik əldə etmək lazım olduğunu söyləyib, ondan əvvəllər narkotik aldıqları şəxsin mobil telefon nömrəsini soruşmuş, o da həmin nömrəni dostları Anarın bildiyini söyləmiş və sonuncunun kənardan piyada onların mağazasının qarşısına tərəf gəldiyini görüb, Sahiblə birlikdə həmin yerə getmiş, Sahib Anardan narkotik satan adamın telefon nömrəsini soruşmuş və zəng edib, bir büküm “patı”, yəni metamfetamin istəmiş, həmin adamın 15 dəqiqə sonra qəsəbədəki “Baba” marketin yanına gələcəyini bildirib, ona birlikdə həmin yerə getməyi təklif etmiş, o da razılaşmış, amma narkotik qəbul etdiyinə görə həmin ərəfədə Qaradağ rayonu Müşviqabad qəsəbəsinin polis sahə rəisinin onu axtardığını düşünüb, Sahiblə narkotik maddəni alıb geri qayıdanda həmin sahə rəisinin məhəllədə ola biləcəyindən ehtiyat edib, Anardan küçədə dayanıb, qara rəngli maşın gələrsə onlara xəbər verməsini xahiş etmiş, sonuncu razılaşsa da mobil telefonun enerjisinin olmadığına görə söndüyünü bildirmiş, bundan sonra o da məcbur qalıb öz mobil telefonunu Anara verib, qara rəngli maşın gələrsə Sahibin telefonuna zəng edib xəbər verməsini tapşırıb Sahiblə birlikdə ara küçə ilə “Baba” marketə tərəf piyada getməyə başlamışdır. Bir az getdikdən sonra Sahib narkotik maddə satanın onu tanımadığını deyib, həmin yerə tək getmək istədiyini söyləmiş, o da razılaşmış və evlərində gözləyəcəyini deyib, Sahibdən ayrılıb evə getmiş, təxminən 30 dəqiqədən sonra Sahib onun yaşadığı evə gəlib narkotik maddəni aldlğını bildirmiş, bundan sonra o, həmin narkotik maddəni istifadə etmək üçün Sahiblə birlikdə Anarın yanına getmiş və mobil telefonunu Anardan geri aldıqdan sonra birlikdə qəsəbənin “parniklər” deyilən məhəlləsinə, əvvəllər narkotik maddə qəbul etdikləri tikintisi tamamlanmamış, qapısı olmayan iki mərtəbəli fərdi yaşayış evinə gedib Sahibin alıb gətirdiyi bir büküm metamfetamini qəbul etmişlər. Həmin vaxtı Sahib cibindən bir ovuc qızıl əşyaları çıxarıb həmin qızılları satmaq istədiyini söyləmiş və özünün şəxsiyyət vəsiqəsi olmadığına görə Anarla ondan həmin qızlları satmaq üçün Bakı şəhərinə qızıl mağazasına getmələrini xahiş etmiş, o da Sahibdən həmin qızılları haradan əldə etdiyini soruşmuş, sonuncu qızılları oğurladığını və bunun nə ona, nə də Anara heç bir aidiyyəti olmadığını söyləyib, satmaqda köməklik etmələrini xahiş etmiş və qızılların pulundan onlara da verəcəyini bildirmişdir. Həmin vaxtı o, axşamüsütü olduğuna görə mağazada satıcılıq edən anasının az sonra namaz qılmaq üçün evə gedəcəyini bildirmiş və anasını əvəz etməkdən ötrü mağazada olacağını deyb, Sahiblə gedə bilməyəcəyini söyləmiş, bundan sonra Sahib Anardan onunla qızlları satmağa getməsini xahiş etmiş, sonuncu da şəxsiyyət vəsiqəsinin evlərində həyat yoldaşında olduğunu və vəsiqəni ala bilməyəcəyini bildirmişdir. Bu söhbətdən sonra onlar ayrılmışlar. O, mağazaya getmiş, Sahiblə Anarın hara getdiyini görməmişdir. Bir neçə saat sonra mağazada olduğu vaxt polislərin onun yaşadığı məhəlləyə gəldiklərini görüb, nə baş verməsi ilə maraqlanmış və qonşusu Elnurun evindən qızıllarının oğurlandığını eşitmiş, bunu bilən kimi həmin qızılları Sahibin oğurladığını düşünmüş, lakin bu barədə heç kimə deməmişdir. Bundan 2 gün sonra polislərin Sahiblə Anarı həmin oğurluğa görə tutduqlarını eşitmiş və oğurluq olan günü onlarla bir yerdə olduğuna görə polislərin onu da axtaracaqlarını hiss edib, qaldığı yerləri tez-tez dəyişərək gizlənmiş və bir müddət sonra doğulduğu Masallı rayonuna gedib qohumlarının evində yaşamış, lakin az sonra orada tanışlarının etdiyi oğurluğa görə o da Masallı polisi tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs evindən edilmiş oğurluqda onun heç bir iştirakı olmamış, bu barədə polislər onun yaşadığı məhəlləyə gəldikdən sonra bilmiş, Sahib oğurladığı qızıllardan ona verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs evindən oğurluq etməmiş, Təqsirləndirilən şəxs həmin evdən qızıl-zinət əşyalarını oğurladığını sonuncu həmin əşyaları onun və Şahid1 yanında cibindən çıxarıb göstərərkən bilmiş, Sahib həmin qızıl-zinət əşyalarından nə ona, nə də Rahidə verməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarxli 3-16-16/2-6/4612- 9/6659 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış və Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd 6.45 qram çəkidə 583/585 əyarlı klonlu qızıl boyunbağının 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 548 manat, bir ədəd sadə qaşlı 3,08 qram çəkidə 583/585 əyarlı qızıl qadın üzüyün 2023cü ilin mart ayına olan orta bazar qiyməti 262 manat, bir cüt 0,86 qram çəkidə 583/585 əyarlı uşaq üçün qızıl sırğanın 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 73 manat, bir cüt 2.49 qram çəkidə 583/585 əyarlı qadın üçün qızıl sırğanın 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 212 manat olmaqla ümumi dəyəri təxminən 1095.00 manat müəyyən edilir. Məhkəmə baxışı iclasında iki ədəd DVD diskə baxış keçirilmiş, hadisə yerinə yaxınlıqdakı mağazaların müşahidə nəzarət kameralarındakı videogörüntülərdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:41 dəqiqədə hadisə yerinə yaxınlıqdakı “AL” marketin qarşısından əl ilə işarə edərək Şahid1 yanına çağırdığı, sonuncunun 1 dəqiqə sonra onun yanına gəlib 3 dəqiqə söhbət etdikdən sonra birlikdə yaxınlıqdakı digər mağazaya tərəf getdikləri, həmin vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli “Kia” markalı avtomobili ilə yaşadığı evin yerləşdiyi küçədən qəsəbənin çıxışı istiqamətində hərəkət etdiyi, saat 16:10 dəqiqədə Şahid2 “AL” marketin qarşısında dayanıb gözlədiyi, saat 16:25 dəqiqədə Təqsirləndirilən şəxsla Rahid X2 yanına gəlmələri və sonuncunun əlindəki mobil telefonu Şahid1 verdikdən sonra birlikdə yaxınlıqdakı mağazaya tərəf getmələri və saat 17:18 dəqiqədə Rahid Musayevin “AL” marketin qarşısına gəlməsi müşahidə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, mağazaların müşahidə nəzarət kameralarındakı videogörünü özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinə əlavə edilmiş, 1 ədəd klonlu qızıl boyunbağı, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük saxlanılması üçün qanuni sahibinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 10 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılmalı, 1 ədəd klonlu qızıl boyunbağı, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 10 ay 28 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 02 ədəd DVD disk cinayət işində saxlanılsın və 1 ədəd klonlu qızıl boyunbağı, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-298/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-298/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver