Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-298/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, orta təhsilli, işsiz, evli, Bakı şəhəri, Nəsimi rayonu qeydiyyatda olmaqla olmaqla Bakı şəhəri, Nəsimi rayonu 4MR. H.Seyidzadə küçəsi ev 17, m.6-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə barəsində Yevlax rayon məhkəməsində Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama məqsədi ilə tanışı Şahid vasitəsiylə tanış olduğu Zərərçəkmiş şəxs, sonuncuya kredit düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2023-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Rahat” marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə 4169 7388 3634 5672 saylı kart hesabına köçürtdüyü 700 manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs həmin miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Maddi vəziyyəti pis olduğundan, dələduzluq əməlləri törətmişdir. Bununla əlaqədar olaraq onda müxtəlif vətəndaşların bank kartları olmuşdur. Zərərçəkmiş şəxs tanımır. Onunla hər hansı bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs tanışı Maarif vasitəsi ilə tanımışdır. Belə ki, Maariflə mobil telefonla danışan zaman Maarif ona İlhamə adlı tanışının olduğunu və ona kredit düzəltmək lazım olduğunu bildirmişdir. Pula ehtiyacı olduğundan həmin şəxsə kredit düzəldə biləcəyini demişdir. İlhamə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxsə Türk bankında işlədiyini və 20000 manat pul düzəldə biləcəyini bunun üçün 700 manat pul lazım olduğunu bildirmişdir. Dəqiq vaxt yadında deyil, 2024-cü ilin avqust ayında həmin şəxsə tanımadığı, Coşğun Mehraliyevə məxsus bank kart nömrəsini göndərmiş və 700 manat pulu həmin karta göndərməsini istəmişdir. Daha sonra İlhamə 700 manatı həmin kart hesabına göndərmişdir. Həmin pulu Bakı şəhəri Əhmədli metrostansiyası yaxınlığında kapital Bank ATM-ə məxsus bankomatdan çıxarmışdır və şəxsi ehtiyacları üçün xərcləmişdir. İlhaməyə işinin həll olacağını bildirmişdir. Həmin vaxtdan bir müddət sonra onu başqa dələduzluq əməllərinə görə polis əməkdaşları saxlamışlar. Zərərçəkmiş şəxs 700 manat pulu maddi vəziyyəti pis olduğu üçün aldadaraq əldə etmişdir. Hər hansı bank müəssisəsində işləmir. Həmin kart sahibi də Zərərçəkmiş şəxs kimi ona inanıb kartını vermişdir. Həmin şəxsin də işini düzəltmək məqsədi ilə kartını ondan almışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, artıq Yevlax Rayon Məhkəməsinin qərarı ilə cəza verildiyini, odur ki, məhkəmədən ona yüngül cəza təyin edilməsini, Yevlax Rayon Məhkəməsinin təyin etdiyi cəza ilə kifayətlənilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Su İdarəsində hidrotexnik vəzifəsində işləyir. 380 manat əmək haqqı alır. Qızı Leylanın xeyir işi ilə əlaqədar olaraq pul lazım olmuşdur. Lakin ona bankdan istədiyi pulu verməmişlər. Həyat yoldaşı Ağa ona Maarif adlı tanışının olduğunu, Maarifin də tanışı olduğunu və ona əlavə kredit ayrıla biləcəyini demişdir. Maariflə əlaqə saxlayan zaman o Elnarə adlı tanışının olduğunu bildirmişdir.Elnarəyə onun mobil nömrəsini verə biləcəyini demişdir. Elnarə həmin gün əlaqə saxlayan zaman, ona kredit üçün 20 000 pul lazım olduğunu bildirmişdir. Elnarə hansısa Türk bankında işlədiyini kredit ayıra biləcəyini bildirmişdir. Ona əgər işini alındırarsa 2000 manat pul verəcəyini demişdir. Elnarə ona problem olmadığını bildirmişdir. Bunun üçün ilkin olaraq 700 manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən Rahat marketdən ödəmə terminalı vasitəsi ilə Elnarə kimi tanıdığı şəxsin göndərdiyi 4169-7388-3634-5672 saylı kart hesabına göndərmişdir. Daha sonra həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Bundan sonra aldadıldığını başa düşüb bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onunla yalnız mobil telefon vasitəsi ilə danışmışdır. Onun üzünü görməmişdir. Onun yalnız adının Elnarə olduğunu bilmişdir. Həmin vaxt onun yanında heç kim olmamışdır. Hzırda ziyanlıq ödənilməmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, usta kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs onun dostu Ağanın həyat yoldaşıdır. Ağa ilə 1 ildən çoxdur ki, tanış olmuşdur. Onunla münasibəti normal olmuşdur. Təxminən 2023-cü ilin avqust ayının əvvəllərində Ağa ilə görüşən zaman, Ağa problemlərinin olduğunu kredit lazım olduğunu bildirmişdir. Ona təxminən 2 il əvvəl Elnarə adlı qadınla dostlarının vasitəsi ilə tanış olduğunu, həmin qadının bankda işlədiyini, bəlkə də onlara kömək edə biləcəyini demişdir. Bundan sonra Elnarənin mobil nömrəsini Ağaya vermişdir. Daha sonra bu barədə maraqlanmamışdır. Bir neçə gündən sonra Ağa onunla əlaqə saxlayaraq Elnarənin onları aldatdığını, onlardan 700 manat pul aldığını demişdir. Elnarəyə zəng eləyib, nə üçün belə etdiyini soruşmuşdur. Elnarə ona həmin şəxslərin pulunu qaytardığını bildirmişdir. Ağa ilə 2 həftədən sonra əlaqə saxlayan zaman, Ağa Elnarənin pulunu qaytardığını bildirmişdir. O da daha heç nə deməmişdir. Təxminən 1 ay sonra Ağa yenidən onunla əlaqə saxlayaraq, Elnarənin onlara pulu qaytarmadığını bildirmişdir. Ağadan nə üçün ona yalan danışdığını soruşan zaman Ağa İlhamənin ona elə dediyini bildirmişdir. Yenidən Elnarəylə əlaqə saxlayıb nə üçün pulu qaytarmadığını, yalan danışdığını soruşan zaman, Elnarə bildirmişdir ki, birinci dəfə İlhaməyə pulu qaytarmışdır.Lakin sonradan İlhamənin istəyi ilə yenidən ondan pul alıb, ona köməklik göstərmək istəmişdir. Lakin İlhamə ondan şikayət etdiyinə görə, onun işini görmək istəməmişdir. Daha sonra Elnarə ilə əlaqə saxlamaq istəyən zaman onun mobil telefonuna zəng çatmamışdır. Yalnız Elnarə ilə onları tanış etmişdir. Onların Elnarəyə pul verməsindən xəbəri olmamışdır. Nə də bu işdə hər hansı bir formada marağı olmamışdır. Sadəcə olaraq Ağa problemlərindən ona danışdığı üçün ona köməklik göstərmək istəmişdir. Onun yalnız adının Elnarə olduğunu bilmişdir. Onu cəmi 1 dəfə görmüşdür. Əvvəllər bankda işlədiyini bilir.Bundan başqa da yalnız Ağagilin söhbətindən sonra onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Başqa da onun haqqında hər hansı bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 23021520 nömrəli cinayət işi başlanmış, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən Həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə CM-in 178.2.1 və 178.2.4-cü maddəsləri ilə başlanılmış cinayət təqibinə xitam verilmişdir,Təqsirləndirilən şəxs Şirvan Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Yevlax Rayon Polis Şöbəsində istintaq olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-76/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1000 manat cərimə cəzası hazırki hökmlə birləşdirilərək üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cəzası saxlanılmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, cinayət qanunvericiliyində təkrar törədilən cinayətlərə görə təyin ediləcək cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalət prinsipini nəzərdə tutan Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu prinsip həmçinin eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsinin yolverilməzliyini ehtiva edir. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi habelə Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə görə heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 34.1-ci maddəsinə görə heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmədə müəyyən olunur ki, ibtidai istintaq zamanı fakta əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. 22 iyul 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla təqsirləndirilən şəxsin əvvəlki törətdiyi cinayət əməlinə hüquqi qiymət verilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsinə əsasən onun əməli “təkrarçılıq” yaratdığı üçün cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən 178.2.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-76/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki törətdiyi cinayət əməlinə görə məhkum edildiyindən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin “təkrarlığı” kimi qiymətləndirilə bilməz. Ona görə də, ona elan edilmiş ittiham üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən Həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün əməli törətməsinə dair etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin elan olunmuş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, əvvələr törətdiyi cinayət əməlinə görə dəfələrlə məhkum olunduğunu, məhkumluğu ödənilmədən yenidən cinayət əməlini törətməyini, təyin olunmuş cəzalardan islah olunmadığını, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1000 manat cərimə cəzası hazırki hökmlə birləşdirilərək üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-76/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzasına məhkum edilmiş, cəzaçəkmənin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-76/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzası ilə həmin Məcəllənin 66.5ci maddəsinə əsasən qismən toplanılmalı, ona qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunana əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1000 manat cərimə cəzası müstəqil icra olunmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmş “həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəza çəkmənin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci,mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)- 76/2024 saylı hökmü ilə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 (bir min) manat təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 1000 manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(039)-76/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin,mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-298/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-298/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver