Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-299/2023 22.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X4, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 2005-ci il tarixdə Gədəbəy rayonu Şəkərbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Rəşidoğlu-E MMC-də fəhlə işləyən, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu Şəkərbəy kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi Babək küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olan “596” saylı marşrut mikroavtobusunun salonunda sərnişin qismində dayanmış Zərərçəkmiş şəxs həmin mikroavtobusda sərnişin olan qohumu Şahid2 əlinə toxunmasını görüb sonuncuya qarşı əxlaqsızlıq edildiyini düşündüyündən Zərərçəkmiş şəxs yaxınlaşıb bu barədə irad bildirməklə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətin üzvlərinin mənafelərinə toxunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə öz şəxsiyyətini zərərçəkmişlərin şəxsiyyətlərinin fövqündə qoyub Zərərçəkmiş şəxs sərnişinlərin gözləri önündə yumruq və başla qəsdən vuraraq burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı və sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib 5 dəqiqə müddətində mikroavtobusun içərisində sərnişin qismində olan şəxslərin rahatlığını və dincliyini pozmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X4 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, atası ilə əlaqəsi yoxdur və anası ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi Babək küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 08 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində qohumu, eyni zamanda qonşusu Şahid2 ilə birlikdə “Eurohome bazarı” deyilən yerdən Xırdalan dairəsinə gedib yaşadıqları evə getmək üçün “596” saylı marşrut mikroavtobusunu gözləmişlər. Avtobus gəldikdən sonra Aybəniz bibi avtobusun ön tərəfindəki oturacaqlardan birində əyləşmiş, özü isə bir qədər arxa tərəfə keçib ayaqüstə dayanaraq tutacaqdan tutmuşdur. Bir qədər məsafə qət etdikdən sonra avtobusun sürücüsü sərt tormozlama etmişdir. Sonradan adının Mahir olmasını bildiyi şəxs yıxılmamaq üçün Aybəniz bibinin qolundan tutmuş, Aybəniz bibi həmin şəxsə müraciətlə “Mənim qolumu burax, mən səni saxlaya bilmərəm” sözlərini demişdir. Bir neçə dəqiqə sonra Mahirin yenidən qəsdən Aybəniz bibinin əlinə toxunmağa çalışdığını, Mahir adlı şəxsə təkrarən əlini çəkməsini bildirdiyini görmüşdür. Buna baxmayaraq Mahir üçüncü dəfə Aybəniz bibinin əlinə toxunduqda onların arasında sözlə mübahisə yaranmışdır. Mahirə yaxınlaşıb qadına toxunmamasını söyləmiş və “Ayıbdır, keç otur qıraqda” ifadəsini işlətmişdir. Mahir ona “Get işinlə ol, küçük” deməklə xatırlamadığı nalayiq ifadə işlədərək cavabını verdiyindən özünü saxlaya bilməyib əli ilə Mahirin sinəsindən itələmişdir. Mahir ondan hansı səbəbdən bunu etdiyini soruşub mobil telefon nömrəsini istəmiş və ertəsi gün görüşəcəklərini bildirməklə görüşə gəlməyənin ünvanına söyüş söymüşdür. Həmin vaxt əsəbiləşib marşrut avtobusunun içərisində, sərnişinlərin gözləri qarşısında başı ilə bir dəfə Mahirin burun nahiyəsinə zərbə endirmiş və yaxasından tutub Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı” ilə üzbəüz dayanacaqda avtobusdan düşürmüşdür. Mahir avtobusdan düşərkən onu aşağı çəkərək özü ilə yerə düşürmüş və əl-qol atmağa başlasa da, o, yenidən Mahiri itələyib avtobusa minərək hərəkətini davam etdirmişdir. Zərərçəkmiş şəxs ünvanına söyüş söydüyü üçün başla burun nahiyəsindən vuraraq xəsarət yetirmiş, hadisə 08 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində “596” saylı marşrut mikroavtobusu Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olub “Heydər parkı”-nın qarşısından keçərkən avtobusun içərisində baş vermiş və təxminən 3-4 dəqiqə ərzində başa çatmış, hadisə nəticəsində heç bir xəsarət almamış, avtobusdakı sərnişinlərin sürücüdən Mahiri avtobusdan düşürməyi tələb etmişlər. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 08 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün “Meyvəli bazarı” deyilən yerdən “596” saylı marşrut mikroavtobusuna minmişdir. Həmin vaxt mikroavtobusun içərisində xeyli sayda sərnişin olduğundan sıxlıq yaranmışdır. Bu səbəbdən sərnişinlər güclə ayaqüstə dayanmış və istəmədən bir-birlərinə toxunmuşlar. Saat 18:30 radələrində mikroavtobus Xırdalan dairəsi yaxınlığındakı dayanacaqda saxlayanda sonradan adlarının Aybəniz və Nihad olmasını bildiyi 45-50 yaşlı qadın və 16-17 yaşlı oğlan avtobusa minmişdir. Həmin qadın avtobusun ön tərəfində ayaqüstə dayanmışdır. Bir qədər getdikdən sonra avtobusun sürücüsü sərt tormozlama etdiyindən qadın özünü saxlaya bilməyib ona toxunmuşdur. Təxminən 3-4 dəqiqə sonra sürücü yenidən sərt manevr etdiyi üçün o, müvazinətini saxlamaq məqsədilə tutacaqdan tutmağa çalışmış və həmin vaxt qadının üzərinə itələnmişdir. Bu zaman əli qadının əlinə dəymiş və o, cəld hərəkətlə əlini qadının əlindən çəkib üzrxahlıq etmişdir. Daha sonra əyilib avtobusdan düşəcəyi yerə baxanda kimsə əlini arxa tərəfdən çiyninə qoymuşdur. Geriyə dönəndə Nihad adlı oğlan əvvəlcə yumruqla, ardınca isə başla burun nahiyəsindən zərbə endirmişdir. Həmin oğlanın onu hansı səbəbdən vurduğunu soruşub mobil telefonunu həmin oğlana vermiş və mobil nömrəsini yazmasını istəmişdir. Nihad mobil nömrəsini telefonuna qeyd edərək adını söyləmiş və mikroavtobus Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı” ilə üzbəüz dayanacaqda saxladıqda Nihad və tanımadığı şəxslər onu avtobusdan düşürmüşlər. Bundan sonra yaşadığı evə gedib burnundan axan qanı dayandırmaq istəsəm də, bunu bacarmadığı üçün qardaşı Zahirə zəng edib Nihad adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Zahir yaşadığı ünvanın yaxınlığına gələrək onu “X8” publik hüquqi şəxsinə aparmış, xəstəxanadan çıxdıqdan sonra o, qardaşının mobil telefonu vasitəsilə polisə məlumat vermişdir. Şahid2 əlindən tutmamış, ayağı ilə dizlərinə toxunmamış, sadəcə marşrut avtobusu tormozlama edərkən müvazinətini saxlaya bilmədiyi üçün bilmədən əli ilə həmin qadının əlinə toxunmuş, buna görə üzrxahlıq etmiş avtobusun içərisində onunla Aybəniz adlı qadın arasında heç bir mübahisə və ya münaqişə yaşanmamış, Nihadın ona qəsdən xəsarət yetirməsinin səbəbini bilmir, bunu aydınlaşdırmaq məqsədilə Nihada telefonunu verib mobil nömrəsini yazmasını istəmiş, hadisənin “596” saylı marşrut avtobusunun baş vermiş və təxminən 4-5 dəqiqə ərzində başa çatmış, hadisə zamanı marşrut avtobusunun içərisində təqribən 30-35 nəfər sərnişin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 08 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində qohumu, eyni zamanda qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə “Eurohome bazarı” deyilən yerdən Xırdalan dairəsinə gedib yaşadıqları evə qayıtmaq üçün “596” saylı marşrut mikroavtobusunu gözləməyə başlamışlar. Avtobus gəldikdən sonra o, avtobusun ön tərəfində dayanmış, Nihad isə bir qədər arxa tərəfə keçib ayaqüstə dayanaraq tutacaqdan tutmuşdur. Bir qədər məsafə qət etdikdən sonra avtobus sərt tormozlama etmiş, sonradan adının Mahir olmasını bildiyi şəxs yıxılmamaq üçün onun əlindən tutmuş və o, bunun təsadüf olduğunu düşünərək əlini çəkmişdir. Bir neçə dəqiqə sonra Mahir adlı həmin şəxs təkrarən əlindən tutmağa çalışanda həmin şəxsə müraciətlə əlini buraxıb tutacaqdan tutmasını bildirmişdir. Bu zaman avtobusdakı sərnişinlər ona sürücünün arxa tərəfindəki oturacaqlardan birini əyləşmək üçün təklif etmişlər. Əyləşdikdən sonra Mahir adlı şəxs ona tərəf gəlib ayaqlarını dizlərinə toxundurmaqla əxlaqsız davranışa yol vermişdir. Həmin vaxt özünü saxlaya bilməyib sərt şəkildə Mahirə iradını bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman Nihad onlara tərəf gəlib Mahirin yaxasından tutaraq keçib qıraqda dayanmasını demiş, Mahir isə Nihadın ünvanına nalayiq ifadə işlətmişdir. Buna görə də Nihad əsəbiləşərək əli ilə Mahirin sinəsindən itələmişdir. Mahir hansı səbəbdən Nihaddan belə etdiyini soruşaraq Nihadın mobil telefon nömrəsini istəmiş və ertəsi gün görüşəcəklərini deməklə görüşə gəlməyənin ünvanına söyüş söymüşdür. Nihad həmin vaxt əsəbiləşib avtobusun içərisində, sərnişinlərin gözləri qarşısında başı ilə bir dəfə Mahirin burun nahiyəsinə zərbə endirmiş və avtobus Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər parkı” ilə üzbəüz dayanacaqda hərəkətini saxlayanda Mahirin yaxasından tutaraq avtobusdan düşürmüşdür. Mahir Nihadı aşağı dartıb özü ilə yerə düşürsə də, Nihad Mahiri itələyərək avtobusa minmiş və hərəkətlərini davam etdirmişlər. Nihadın başla Mahir adlı şəxsə qəsdən xəsarət yetirməsinin səbəbinin ona qarşı əxlaqsız davranışa yol verməsi ilə bağlı aralarında yaranmış mübahisə və mübahisə zamanı Mahirin söyüş söyməsi olmuş, hadisə 08 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində “596” saylı marşrut mikroavtobusunun içərisində baş vermiş və təxminən 3-4 dəqiqə ərzində başa çatmış, hadisə nəticəsində hər hansı xəsarət almamış, avtobusdakı sərnişinlərin sürücüdən Mahiri avtobusdan düşürməyi tələb etmişlər, Mahirin sərnişinlərin yanında Nihadın ünvanına söyüş söymüş, Nihadın söyüş söyüb-söyməməsini xatırlamır, Mahirə xəsarət yetirilən zaman avtobusun içərisində təqribən 25-30 nəfər sərnişin olmuş, Nihaddan başqa hər hansı şəxsin Mahirə xəsarət yetirməsini görməmış, Mahirin onun əlindən tutmaqla və ayaqlarını dizlərinə toxundurmaqla əxlaqsızlıq etməsi barədə müraciət etsə də, buna dair sübut təqdim edə bilməmiş, hadisənin baş verdiyi “596” saylı mikroavtobusun markasını və dövlət qeydiyyat nişanını bilmir, mikroavtobusda sərnişin qismində olan şəxslərdən Nihaddan başqa heç kimi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs kiçik qardaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 08 noyabr 2022-ci il saat 21:00 radələrində Mahir mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq Abşeron rayonu Xırdalan şəhərində marşrut mikroavtobusunun içərisində sərnişin qismində olarkən döyüldüyünü bildirmişdir. Mahirdən harada olduğunu soruşduqda, Mahir hadisədən sonra burnundan açılan qan dayanmadığı üçün yaşadığı evə gəldiyini demişdir. Mahirə xəstəxanaya getməli olduqlarını bildirərək qardaşından bir qədər sonra yaşadığı ünvanın yaxınlığında yolun kənarına çıxıb dayanmasını istəmiş, təxminən 15-20 dəqiqə sonra Mahiri yolun kənarından avtomobilinə əyləşdirmişdir. Bu zaman qardaşının burun nahiyəsində qançır və sıyrıq xəsarətləri olduğunu görmüşdür. Mahiri “Semaşko” deyilən xəstəxanaya apararkən yolda xəsarətin kim tərəfindən və hansı səbəbdən yetirildiyini soruşmuşdur. Mahirin ona danışdıqlarına görə, “596” saylı marşrut mikroavtobusunun içərisində sərnişin qismində dayanan zaman sürücü sərt tormozlama etdiyi üçün müvazinətini saxlaya bilməyib bir nəfər tanımadığı qadınla toqquşmuş, qadından üzr istədikdən sonra əvvəllər tanımadığı Nihad adlı 17-18 yaşlı oğlan yaxınlaşıb mübahisə yaratmış və başla və yumruqla Mahirə xəsarət yetirmişdir. Xəstəxanaya çatıb tibbi yardım aldıqdan sonra o, Mahiri yaşadığı evə aparmışdır. Saat 23:40 radələrində yolda olarkən Mahir ondan mobil telefonunu alıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə Nihad adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hazırda onların təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 Abşeron rayon şöbəsinin 25 noyabr 2022-ci il tarixli 2649 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən bədən səthində aşkar edilmiş xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı, sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 08 noyabr 2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Rəşidoğlu – E MMC-in xx.xx.2023-cü il tarixli 002 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs MMC-də fəhlə vəzifəsində işləməklə 600 manat əmək haqqı alır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, qanuni nümayəndələrin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CPM-nin 428.2-ci mddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsində təsbit edilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.2-ci maddəsinə görə, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır. Məhkəmə, cəza təyini Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növlərindən bəhs edən Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinə görə cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə əsas cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq ona təyin ediləcək cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 175.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün nəzərə alınmaqla, təyin edilmiş 600 (altı yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-299/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-299/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver