Məhkəmə qərarları › İş №1(012)-3/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-3/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-3/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 2-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 yanvar 2018-cı il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsindəki 19 saylı evdə qonaq olduğu müddətdə sonuncunun yataq otağındakı güzgülü dolabda saxladığı 2000 manat dəyərində olan 1 ədəd brilyant qaşlı qızıl üzüyü, 235 manat dəyərində olan 2 cüt qızıl sırğanı, 450 manat dəyərində olan 1 ədəd qızıl boyunbağını, 120 manat dəyərində olan 1 ədəd medalyonu ilə birlikdə qızıl boyunbağını, 500 manat dəyərində olan 1 ədəd qızıl qolbağını oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3305 manat məbləğində maddi ziyan vurmuşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2015-ci ildən onunla birlikdə yaşayan qaynanasının rəfiqəsi kimi tanıyir. Əvvəllər Ruhəngiz tez-tez onlara qonaq gəldiyindən onunla münasibəti yaxşı olmuşdir. 08 yanvar 2018-ci il tarixdə saat təxminən 18 radələrində o, Bakı şəhəri “Nizami” metrostansiyasından çıxarkən “Staistika” binasının yanında yaşayan keçmiş iş yoldaşı Şəfiqə ilə təsadüfən rastlaşmış, sonuncunun əlindəki torbaları aparmaqda əziyyət çəkdiyini görüb ona köməklik edib həmin torbaları evlərinə kimi aparmış, Şəfiqə də onu evinə çay içməyə dəvət etmiş, o, razılaşıb Şəfiqənin evində qonaq olmuşdur. Həmin vaxtı Rühəngiz ona zəng edib, hal-əhval tutub, 09 yanvar 2018-ci ildə nəvəsinin ad günü məclisindən sonra Günayla gəlib onu maşınla evlərinə qonaq aparacağını söyləmişdir. O da razılaşmışdır. Bundan 2 gün sonra saat təxminən 12 radələrində Ruhəngiz onun mobil telefonuna zəng edib qızı Günayın maşını ilə Bakı şəhərində işləri olduğunu bildirib, işləri qurtardıqdan sonra onu maşınla götürüb evlərinə aparacağını söyləmiş, o da razılaşmışdır. Bundan təxminən 2 saat sonra Ruhəngiz ona zəng edib, qızı Günayın idarə etdiyi avtomobillə yanına gəlib onu Bakı şəhərindəki “Staistika” binasının yanında maşına mindirib Masazır qəsəbəsindəki evlərinə aparmışdır. Evə daxil olduqdan sonra o, Rügəngizgillə birlikdə yataq otağına getmiş, Ruhəngizlə qızı Günay ev paltarlarını geyinib, üzərilərində olan qızıl əşyalarını çıxarıb yataq otağındakı güzgülü termonun qabağındakı, içərisində qızıl qolbağı olan qızılqabına qoymuşlar. O, bunu görüb həmin qızılları oğurlamaq qərarına gəlmiş və yataq otağından hamıdan axırda çıxarkən tez termonun üstündəki qızıl qabını açıb içərisindəki qızılları gizlincə götürüb əynindəki cins şalvarın yan cibinə qoyub Rühəngizgilin ardınca qonaq otağına keçib oradakı masanın ətrafında əyləşdir. Günay ona çay və yemək gətirmiş, o, söhbət edib, çay içib yemək yedikdən sonra Rühəngiz qızı Günaya onun üçün taksi çağırmasını söyləmiş, sonuncu da zəng edib taksi çağırmışdır. Bir neçə dəqiqədən sonra o, küçəyə çıxıb taksinin gəlməsini gözləmək üçün masadan qalxıb paltosunu geyinmiş, bu zaman Rühəngiz onun boynuna sarı metaldan olan sadə boyunbağı asıb, cibinə 20 manat pul qoymuş və qızı Günaya onu yola salmasını söyləmiş, sonuncu da saat təxminən 18 radələrində onunla küçədəki taksiyə kimi gəlib taksinin pulunu verib onu yola salmışdır. O, taksiyə minib oğurladığı qızılları satmaq üçün birbaşa Bakı şəhəri Mərkəzi Univermağın yaxınlığına getmiş və orada taksidən düşüb, univermağın arxasındakı zərgərlik mağazasında işləyən əvvəldən tanıdığı Məşədi Elşənin yanına gedib özünə məxsus satmaq istədiyi qızıl əşyası olduğunu söyləmiş, sonuncu da alacağını bildirdikdən sonra o, şəxsiyyət vəsiqəsini verib, oğurladığı qızıl-zinət əşyalarından 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağını həmin Məşədi Elşənə 257 manata satmış, 1 cüt qızıl sırğanı isə sonra satmaq üçün özündə saxlamış, pulu və vəsiqəni alıb oradan çıxıb yaşadığı evə getmişdir. Ertəsi günü Ruhəngiz ona mesaj yazıb evdən qızıllarının oğurlandığını bildirmiş, o isə Rühəngizə cavab yazmamışdır. Oğurluqdan əldə etdiyi pulları iki gün ərzində şəxsi ehtiyaclarına xərcləmiş, sonra yenə Məşədi Elşənin yanına gedib Rühəngizin evindən oğurladığı 1 cüt qızıl sırğanı da 45 manata ona satıb öz şəxsi ehtiyaclarına xərcləmiş, 2-3 gün sonra Ruhəngiz mesaj yazıb qızıllarını onun oğurladığını bildiyini söyləmiş və ondan qızıllarını geri qaytarmağını xahiş etmiş, o, yenə Rühəngizə heç bir cavab yazmamışdır. Bundan bir həftə sonra Rühəngizin ondan polisə şikayət etdiyini bilmişdir. Rühəngizin evindən 1 ədəd brilyant qaşlı qızıl üzüyü, 2 cüt qızıl sırğanı, 1 ədəd qızıl boyunbağını, 1 ədəd medalyonu ilə birlikdə qızıl boyunbağını, 1 ədəd qızıl qolbağını deyil, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 cüt qızıl sırğa oğurlamışdır. Zərərçəkmiş şəxs hüquqi varisi X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, zərərçəkmiş onun anasıdır. Anası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaqda zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 5 il olar ki, Bakı şəhərindəki evini satıb ailə üzvüləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsində aldığı 19 saylı evə köçmüşdür. 10 yanvar 2018-ci ildə saat təxminən 15 radələrində qızı Günayın idarə etdiyi avtomobillə Bakı şəhərində olarkən küçədə təsadüfən keçmiş qonşusu və rəfiqəsi Leylanın gəlini Nigarı görüb görüşmüş və bir neçə dəqiqə söhbət etdikdən sonra sonuncunu evinə qonaq dəvət edib, birlikdə Masazır qəsəbəsində yaşadığı evinə getməyi təklif etmişdir. Nigar da onun təklifini qəbul edib, qızının idarə etdiyi avtomobilə əyləşib onunla birlikdə Masazır qəsəbəsində yaşadığı evinə getmiş və təxminən 1 saat onun evində qonaq olduqdan sonra o, saat təxminən 18 radələrində taksi çağırıb Nigarı Bakıya yola salmaq istəmiş, həmin vaxtı sonuncunun cibinə 20 manat da pul qoymuş, Nigarın evdən çıxarkən əyin-başını səliqəyə salmaq üçün yataq otağına keçib təxminən 1-2 dəqiqədən sonra geri qayıtmış, sonuncunun bu hərəkəti onda şübhə doğurduğuna görə o, Nigar getdikdən bir neçə dəqiqə sonra yataq otağına keçib qızıllarını oradakı güzgülü dolabın üstündə qoyduğu yerə baxmış və yerində olmadığını görüb Nigarın həmin qızılları oğurlamaq üçün yataq otağına keçdiyini yəqin edib tez sonuncunun mobil telefonuna zəng etmiş, telefonun bağlı olduğunu görüb onu aparmaq üçün çağırdığı taksi sürücüsünə zəng edib Nigarı soruşmuş, sürücü də Nigarı Bakı şəhərində Mərkəzi Univermağın arxasında düşürdüyünü söyləmişdir. Bundan sonra o, Nigarın qızıllarını oğurladığına tam əmin olmuş, sonuncunun bu hərəkəti onu çox məyus etdiyinə görə bir neçə gün özünü pis hiss etmiş və bu barədə polisə məlumat verməyib özü Nigarı axtarmağa başlamış, təxminən 10 gün Nigarı axtarsa da tapa bilməyib məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxtı Nigar onun evindən 1 ədəd 2000 manat dəyərində olan brilyant qaşlı qızıl üzüyü, 235 manat dəyərində olan 2 cüt qızıl sırğanı, 450 manat dəyərində olan 1 ədəd qızıl boyunbağını, 120 manat dəyərində olan 1 ədəd medalyonu ilə birlikdə qızıl boyunbağını, 500 manat dəyərində olan 1 ədəd qızıl qolbağını oğurlayaraq ümumilikdə ona 3305 manat məbləğində maddi ziyan vurmuşdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, anası Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən bir il olar ki, dayısı Pərviz Kəriminin Bakı şəhəri Mərkəzi Univermağın yaxınlığında Nizami küçəsi-52 ünvanında yerləşən zərgərlik emalatxanasında işləyir. Həmin emalatxana səhər saat 10 radələrindən axşam 19 radələrinədək açıq olur, emalatxanada istifadə etdiyi metalları şəxsi adamlardan alır. 12 yanvar 2018-ci il tarixdə saat 18-19 radələrində emalatxanada olduğu vaxtı əvvəllər bir dəfə də qızıl-zinət əşyası satmış Nigar adlı qadın onun yanına gəlib, hazırda xatırlamadığı bir neçə qızıl-zinət əşyasını göstərib satmaq istədiyini bildirmiş, o da həmin əşyalara baxıb, 750 əyarlı olduğunu bilib, tərəzidə çəkmiş və 6,46 qram olduğunu gördükdən sonra Nigara həmin vaxtın məzənnəsi ilə hesablayıb 257 manat pul vermişdir. Sonra şəxsiyyət vəsiqəsini alıb seriya və nömrəsini emalatxanada aldığı qızıl əşyalarının qeydiyyatını apardığı dəftərə yazıb Nigara həmin qeydiyyat yerində imza etdirdikdən sonra sonuncunun vəsiqəsini qaytarmış, Nigar da pulu və vəsiqəsini alıb getmişdir. Bundan iki gün sonra axşamüstü Nigar yenə emalatxanaya onun yanına gəlib azyaşlı qızına aldığı 1 cüt qızıl sırğanı satıb başqasını almaq istədiyini söyləmişdir. O da həmin sırğaya baxıb 585 əyarlı olduğunu və 1,1 qram çəkisi olduğunu görüb Nigara məzənnəyə uyğun olaraq hesablayıb həmin 1 cüt sırğaya görə 45 manat pul vermiş və emalatxanada aldığı qızılların qeydiyyatını apardığı dəftərdə bu barədə qeyd edib Nigara imza etdirdikdən sonra sonuncu ondan pulu alıb getmişdir. Bundan sonra Nigarı görməmiş, onun həmin qızılları oğlayıb satdığını bilməmişdir. Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarını bir neçə gün sonra əridərək emalatxanada düzəltdiyi hansısa qızıl-zinət əşyasına istifadə edib satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 01 fevral 2018-ci il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 01 fevral 2018-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 26 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - Müstəntiq F.Nəsirov tərəfindən qəbul olunan 01 mart 2018-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək iş üzrə icraat dayandırılmış, 27 mart 2018-ci il ytarixdə iş üzrə icraat təzələnmişdir. - Abşeron rayon məhkəməsinin 05 iyun 2018-ci il tarixli,1(012)-231/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixdə iş üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, məhkəmənin 17 fevral 2023-cü il tarixli qərarı ilə iş üzrə icraat təzələnmişdir. - Abşeron rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsəində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 5904/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təqdim edilmişdir. - Baxış və götürmə protokolundan görünür ki, Şahid2 işlədiyi zərgərlik emaltxanasında aldığı qızıl-zinət əşyalarının qeydiyyatını apardığı dəftərə baxış keçirilərkən sonuncunun Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə 6.46 qram çəkidə qızıl-zinət əşyasını 257 manata, xx.xx.2018-ci il tarixdə 1.1 qram çəkidə qızıl-zinət əşyasını 45 manata alması barədə qeydiyyat aparılması və Təqsirləndirilən şəxs imza etdirilməsi aşkar olunmuşdur. - DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi, 42- 1-ci maddəsi ilə 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. xx.xx.2000-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Xalq Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 15;93-3-cü mədəsinin 2-ci hissəsi və 170-ci maddəsinin 1-ci hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apelliyasiya məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 06 ay, 08 gün müddətində saxlanılmış, cəzasının sonu ilə azad olunmuşdur. - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri ərazi hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar tutulduğu 22 (iyirmi iki) gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə 01 ay 14 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə 01 ay 14 gün müddət ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində 10 (on) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar