Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-30/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X1 iştirakı ilə xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq Day.Keçid-1349-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12 radələrində idarə etdiyi, taksi fəaliyyəti ilə məşğul olduğu “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Saray “YPX” postunun yaxınlığından avtomobilinə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs1 Mais qızını və qızları Zərərçəkmiş şəxs2, Şahid1 Abşeron rayonu, Masazır qəsəbəsinə apararkən Masazır qəsəbəsi, Ə.Vahid küçəsində, “Araz” marketin qarşısında nəqliyyatın intensiv hərəkət etdiyi və vətəndaşların gur hərəkətdə olduğu yerdə sonuncular ondan avtomobili saxlamağını tələb edib yerə düşdükdən sonra o. sifariş yerinə gec gəldiyi üçün sonuncuların “9933” taksi şirkətinə şikayət etmələrini bəhanə edib heç bir əsaslı səbəb olmadan onlarla mübahisə edib özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təstiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xulqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs1 Mais qızının və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək zor tətbiq edib Zərərçəkmiş şəxs1 Mais qızının qolundan tutub dartaraq üzü üstə yerə yıxıb ona sağ əlin ovuc səthinin və sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlər, Zərərçəkmiş şəxs2 isə sağ qol nahiyyəsindən yumruqla zərbə ilə vurub ona sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, bundan sonra da öz qərəzli xuliqanlıq hərəkətini davam etdirib idarə etdiyi avtomobilindən götürdüyü, İstintaqla müəyyən edilməyən bıçağı nümayiş etdirməklə onları hədələmiş, onun bu qərəzli xuliqanlıq hərəkətləri 10 dəqiqə ərzində davam etməklə nəqliyyat vasitələrinin intensiv hərəkəti, ətrafda olan obyektlərin normal iş fəaliyyəti və vətəndaşların rahatlığı pozulmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq Day.Keçid 1349-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə bir yerdə yaşayır. Zərərçəkmiş şəxs1 Mais qızının və Zərərçəkmiş şəxs2 şikayət ərizələri ilə bağlı bildirir ki, özünə məxsus “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 1 ay olar ki, “9933” taksi şirkəti ilə müqavilə bağlamış və müqavilələrinə görə həmin şirkət ona müştəri verilməsini həyata keçirir. xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olduğu zaman şirkətdən ona sifariş gələrək Saray qəsəbəsində yerləşən “Saray YPX” postunun yaxınlığından Masazır qəsəbəsinə, oradan da Bakı şəhəri, Yasamal rayonuna getmək istəyən müştərilərin olduğu bildirildiyi üçün o, idarə etdiyi avtomobil ilə qeyd olunan yerə getməyə başlamışdır. Yolda olarkən onun ***-***-**-** nömrəli mobil telefonuna 2-3 dəfə onu gözləyən müştərilər tərəfindən zəng gələrək ondan nə vaxt çatacağını soruşmuşlar. Saray qəsəbəsində işıqforların çox olduğunu və buna görə də yavaş gəldiyini, həmçinin qısa müddətdə yanlarına çatacağını bildirmişdir. Bir neçə dəqiqədən sonra o, “Saray YPX” postundan Bakı şəhəri istiqamətinə təxminən 2 kilometr gəldikdən sonra həmin müştərilərə çatmışdır. 3 nəfər qadından və 2 azyaşlı uşaqdan ibarət həmin müştərilər avtomobilə əyləşərək onunla aqressiv şəkildə danışmağa başlamışlar və gec gəlməyinin səbəbini soruşmuşlar. Hərəkətə başlamaqla həmin müştərilərə Saray qəsəbəsində işıqforların sayının çoxluğunu, ona görə də yavaş gəldiyini izah etməyə çalışsa da hər üç müştəri onunla kobud rəftar etmişlər, həmçinin ona qarşı təhqiramis ifadələr işlətməyə başlamışlar. Çalışmışdır ki, onlara cavab verməsin. Masazır dairəsinə çatan zaman ön oturacaqda oturan qadın ona təkidlə avtomobili saxlamağı bildirmişdir. Həmin qadına arxadan maşın gəldiyini deyib burda saxlaya bilməyəcəyini, avtomobili yol kənarına çəkib saxlayacağını söyləmişdir. Lakin həmin qadın əli ilə avtomobilin şitinə vuraraq təcili avtomobili saxlamağı bildirmişdir. Bundan sonra o, Masazır qəsəbəsinin girişində, “Araz” marketin qarşısında imkanlaşdırıb avtomobili saxlamışdır. Həmin müştərilər gediş haqqını vermədən yerə düşmüşlər, həmçinin onun barəsində “9933” taksi şirkətinə şikayət edəcəklərini bildirmişlər. Avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq məqsədi ilə təxminən 5-6 metr qabağa sürüb yol kənarında saxlamış və avtomobildən düşərək həmin müştərilərə yaxınlaşıb ondan şirkətə şikayət etmələrinin səbəbinin 5 dəqiqə gecikməyi olub-olmadığını soruşmuşdur. Həmin vaxt qadınlardan biri “elə bil anası bacısı yoxdur” demişdir. Bundan sonra o, da onlara hərəkətlərinin doğru olmadığını demişdir. Bu zaman avtomobilində ön oturacaqda oturan qadın ona şillə vurmuş, yanındakı qadınlar isə ona dəstək olaraq onu vurmağa başlamışlar. O, həmin qadınlardan aralaşıb avtomobilinə minib getmək istəsə də onu arxadan tutub çəkdikləri üçün getməsi mümkün olmamışdır. Bu zaman tanımadığı bir şəxs də onun çiynindən əlləri ilə tutaraq “bu nə hərəkətdir” demişdir. Həmin oğlana bildirmişdir ki, sən məni tutmusan, bunlar da məni vururlar. Həmin vaxt tanımadığı oğlan ona söyüş söymüşdür. Birtəhər onun əlindən çıxaraq avtomobilinin sol qabaq qabısını açıb cibliyindən hava təmizləyən ətir qabını götürmüş və onlara nümayiş etdirmişdir ki, həmin oğlan ondan əl çəksin və o, da avtomobilinə əyləşərək gedə bilsin. Həmin hava təmizləyici ətir qabını nümayiş etdirdikdən sonra avtomobilinə əyləşib hadisə yerindən getmişdir. xx.xx.2019-cu il tarixdə avtomobilinə müştəri qismində əyləşmiş həmin 3 nəfər qadınla aralarında mübahisə baş verməsinə başlıca səbəb müştərilərin sifarişindən sonra sifariş olunan yerə 5 dəqiqə yubanmağı, həmçinin həmin qadınların “9933” taksi şirkətinə şikayət etmələri olmuşdur. xx.xx.2019-cu il tarixdə həmin şəxslərlə aralarında baş verən mübahisə zamanı onları söyməmiş, döyməmiş və həmçinin bıçaqla hədələməmişdir. Sadəcə olaraq yuxarıda qeyd etdiyi kimi, tanımadığı bir oğlan onun çiynindən tutduğuna görə avtomobilindən hava təmizləyici ətir qabını götürərək onu qorxutmuşdur ki, ondan əl çəksin və avtomobilinə əyləşib gedə bilsin. Avtomobilinin qabaq sol qapısının cibliyindən götürdüyü əşya bıçaq yox, hava təmizləyici ətir qabı olmuşdur. Həmçinin o, həmin əşya ilə qadınları yox, həmin vaxt çiynindən tutan tanımadığı şəxsi onu təhqir etdiyinə görə qorxutmaq istəmişdir. İstintaq zamanı avtomobil üçün nəzərdə tutulmuş həmin hava təmizləyici ətir qabını istintaqa təqdim edə bilər. xx.xx.2019-cu il tarixdə, saat 12:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində, Masazır dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 Mais qızı, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə aralarında baş vermiş mübahisə zamanı bir-birilərinə nalayiq ifadələr söyləmişlər, lakin onların hər üçü onun üzərinə gələrək onu əlləri ilə vurduqlarına görə o, da özünü müdafiə edərək onları itələyib özündən aralamaq istəmişdir. Həmin vaxt onlarla bacara bilmədiyini görüb, qorxudaraq özündən aralamaq məqsədi ilə avtomoibilinin qabaq sol qapısını açıb qapının cibliyində olan bıçağı götürərək onlardan yaxa qurtarmaq üçün bıçağı onlara nümayiş etdirmişdir. Bundan sonra həmin 3 nəfər qadın onları əlinə götürdüyü bıçaqla vuracağından qorxub ondan aralaşmışlar. Bundan sonra o, avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Həmin bıçağı avtomobilinə əyləşib hadisə yerindən aralaşdıqdan bir qədər sonra yol kənarına tullamışdır. Həmin bıçağı yol kənarına tulladığı yeri göstərə bilməyəcək, çünki həmin vaxt bərk əsəbi olduğuna görə bıçağı Masazır qəsəbəsində dəqiq olaraq hansı əraziyə tulladığını xatırlamır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Mais qızı ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, “Qəbələ” restoranının yaxınlığında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində qızları Zərərçəkmiş şəxs2 və Şahid1 ilə birlikdə yaşadıqları evdən çıxaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksində yaşayan baldızı Tərifənin yaşadığı evə, oradan da Tərifə ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan qaynı qızı Natəvanın yaşadığı evə getmək üçün qızı Nurcan “9933” taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. Həmin vaxt qızı Nurcanın mobil telefonuna şirkət tərəfindən sms vasitəsilə göndərilən mobil nömrəyə zəng etdikdə taksi sürücüsü 8 dəqiqəyə gözlədikləri yerə gəlib çatacağını bildirmişdir. Lakin təxminən 10 dəqiqədən sonra taksinin gəlmədiyini görüb qızı Nurcan yenidən taksi sürücüsünün ***-***-**-** nömrəli mobil telefonuna zəng edib gedəcəkləri yerə gecikdiklərini bildirmiş və sürücüdən harda qaldığını soruşanda sürücü Saray qəsəbəsi ərazisində tıxacda olduğunu və qısa müddətdə çatacağını söyləmişdir. Təxminən 5 dəqiqə də gözlədikdən sonra Nurcan həmin taksi sürücüsünə gəlmədiyi üçün yenidən zəng etdikdə o. yenə də gözlədiyimiz yerə yaxınlaşdığını söyləmişdir. Bir qədər sonra Saray qəsəbəsi ərazisində yerləşən “X7”nun yaxınlığına, gözlədikləri yerə “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı taksi gəlmiş və onlar həmin taksiyə əyləşmişlər. Həmin vaxt sürücü onlara nə üçün tez-tez zəng etdiklərini soruşaraq irad bildirmişdir. Bu zaman qızı Nurcan gedəcəkləri yerə yubandıqları üçün ona tez-tez zəng etdiklərini bildirəndə sürücü kobud şəkildə yubandırdığının əvəzində avtomobili yüksək sürətlə idarə edəcəyini deyib avtomobili sürətlə idarə etməyə başlamışdır. Sürücünün onlarla kobud danışdığını və avtomobili sürətlə idarə etdiyini görüb ona avtomobili saxlamağı bildirmişdir. Lakin sürücü ona əhəmiyyət verməyərək hərəkəti davam etdirmişdir. Bir qədər sonra o, yenə də sürücüyə avtomobili saxlamağı söyləmişdir. Lakin bu dəfə də sürücü ona əhəmiyyət verməmiş və “elə eləmiyin ki, avtomobili çevirim, hamınız öləsiniz” sözlərini demişdir. Həmin vaxt onlarla birlikdə həmin taksidə əyləşmiş 7 və 9 yaşlı nəvələrinin qorxduqlarını görüb sürücüyə başqa heç bir söz deməmişdir. Onlar Masazır dairəsinə yaxınlaşdıqda sürücünün avtomobili səhv yolla idarə etdiyini görüb sürücüyə bildirmişlər ki, avtomobili səhv yolla idarə edir. Bu zaman sürücü öz yollarını seçdikdən sonra kobudluqla “hansınız maşını idarə edə bilirsinizsə avtomobili verim siz idarə edin” sözlərini deməsinə baxmayaraq onlar yenə də əsəblərini cilovlamışlar. Sonra onlar Masazır dairəsində sürücünün yenidən yolu səhv saldığını görmüş və qızı Nurcan sürücüyə bildirmiş ki, “biz Masazır qəsəbəsinə gedirik, əgər tanımırsızsa avtomobili saxlayın biz düşək”. Həmin vaxt sürücü avtomobillə manevr hərəkətlər edərək Masazır qəsəbəsi istiqamətində hərəkəti davam etdirmişdir. Bundan sonra o, sürücünün hərəkətlərinə, onun sərnişinlərə qarşı kobudluğunu və hörmətsizliyini qəbul edə bilməyib təkidlə ondan avtomobili saxlamağı tələb etdiyi üçün sürücü avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin vaxt o, sürücüyə bildirmiş ki, ondan taksi şirkətinə şikayət edəcəklər. Bu zaman sürücü “istiyirsiniz gedin polisə də şikayət edin” deyib avtomobili sürməyə başlamışdır. Təxminən 20 metrdən sonra sürücü avtomobili saxlayıb avtomobildən düşərək onların ünvanına nalayiq söyüşlər söyərək onlar istiqamətə gəlmişdir. Taksi sürücüsü əli ilə qızı Nurcanın qoluna zərbə vurmuş, həmçinin Nurcanın əlindən mobil telefonu alıb yerə vurmuşdur. Sürücünün bu hərəkətlərinə görə onun üstünə qışqırıb iradını bildirəndə sürücü söyüşlərini davam etdirərək onu da əli ilə itələmiş, sürücünün onu əli ilə itələdiyi zaman isə müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Həmin vaxt qızı Nurtən kömək edərək onu yerdən qaldırmışdır. Sürücü üzünü çevirib avtomobilinə doğru gedəndə qızı Nurcan əsəbindən onu arxadan itələmişdir. Həmin vaxt sürücü avtomobilinin qapısını açıb qapının saxlanc yerindən bıçaq götürüb onların üzərinə gəlməyə və öldürəcəyi ilə hədələməyə başlamışdır. Həmin vaxt qızı Nurcan geri qaçmağa, qızı Nurtən isə sürücünün əlində bıçağı görüb qorxudan bərk həyəcanlanmışdır. Bu vəziyyətdə sürücünün qarşısına çıxaraq uşaqlarına zərər gəlməsin deyə onu vurmasını söyləmişdir. Nəvələrinin ağlaşmasına görə geri dönüb uşaqların nə etdiklərinə baxdıqdan sonra sürücü istiqamətinə çevrilərkən artıq sürücünün avtomobilinə əyləşib getdiyini görmüşdür. xx.xx.2019-cu il tarixdə saat 12:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində aralarında mübahisə baş verən zaman “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilk öncə əli ilə onun sinə nahiyyəmə vurmuş, sonra itələmişdir. Ona görə də o, müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Həmin vaxt yaxınlıqlarına təxminən 10-15 adam toplaşmış və həmin şəxslər də həmin taksi sürücüsü ilə aralarında baş verənlərin şahidi olmuşlar. Həmin hadisə təxminən 10 dəqiqə davam etmişdir. Həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs avtomobilindən götürdüyü bıçaqla onları hədələməsini ətrafdakı şəxslərin bir çoxu görmüşdür. Lakin hadisəni görən həmin şəxslərin kimlikləri barədə heç bir məlumatı yoxdur, həmin şəxsləri tanımırlar. Bundan başqa o, “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, “Qəbələ” restoranının yaxınlığında valideynləri ilə birlikdə yaşayır və fərdi əməklə məşğuldur. xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində anası Zərərçəkmiş şəxs1, Naxçıvan MR-dan onlara qonaq gəlmiş bacısı Şahid1 və Nurtənin 2 azyaşlı övladları ilə birlikdə yaşadıqları evdən çıxaraq Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bibisi Tərifənin yaşadığı evə, oradan da Tərifə ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan əmisi qızı Natəvanın yaşadığı evə getmək üçün o, “9933” taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. Onun mobil telefonuna taksi şirkəti tərəfindən sms gələrək taksinin gözlədikləri yerə qısa müddətdə yaxınlaşacağı bildirilmişdir. Taksi şirkəti tərəfindən sms vasitəsilə göndərilən mobil nömrəyə zəng etdikdə həmin taksi sürücüsü 8 dəqiqəyə gözlədikləri yerə gəlib çatacağını bildirmişdir. Lakin təxminən 10 dəqiqədən sonra taksinin gəlmədiyini görüb yenidən taksi sürücüsünün ***-***-**-** nömrəli mobil telefonuna zəng edib gedəcəkləri yerə gecikdiklərini bildirmiş və harda qaldığını soruşanda o, Saray qəsəbəsi ərazisində tıxacda olduğunu və qısa müddətdə sifariş olunan yerə çatacağını söyləmişdir. Təxminən 5 dəqiqə də gözlədikdən sonra həmin taksi sürücüsünə gəlmədiyi üçün yenidən zəng etdiyində o. yenə də gözlədikləri yerə yaxınlaşdığını söyləmişdir. Bir qədər sonra “Saray YPX” postunun yaxınlığında gözlədikləri yerə “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı taksi gəlmiş və onlar həmin taksiyə əyləşmişlər. Həmin vaxt sürücü onlardan nə üçün tez-tez zəng etdiklərini soruşaraq irad bildirmişdir. Bu zaman o, gedəcəkləri yerə yubandıqları üçün ona tez-tez zəng etdiyini bildirəndə sürücü kobud şəkildə yubandırdığının əvəzində avtomobili yüksək sürətlə idarə edəcəyini deyib avtomobili sürətlə idarə etməyə başlamışdır. Anası Rahimə sürücünün onlarla kobud danışdığını və avtomobili sürətlə idarə etdiyini görüb ona avtomobili saxlamağı bildirmişdir. Lakin sürücü anasına əhəmiyyət verməyərək hərəkəti davam etdirmişdir. Bir qədər sonra anası yenə də sürücüyə avtomobili saxlamağı söyləmişdir. Lakin bu dəfə də sürücü anasına əhəmiyyət verməmiş və “elə eləmiyin ki, avtomobili çevirim, hamınız öləsiniz” sözlərini demişdir. Onlar Masazır dairəsinə yaxınlaşdıqda sürücünün avtomobili səhv yolla idarə etdiyini görüb sürücüyə bildirmişlər ki, avtomobili səhv yolla idarə edir. Bu zaman sürücü öz yollarını seçdikdən sonra kobudluqla “hansınız maşını idarə edə bilirsinizsə avtomobili verim siz idarə edin” sözlərini deməsinə baxmayaraq onlar avtomobildə azyaşlı uşaqlar olduğu üçün əsəblərini cilovlamışlar. Sonra onlar Masazır dairəsində sürücünün yenidən yolu səhv saldığını görmüşlər və o, sürücüyə bildirmişdir ki, “biz Masazır qəsəbəsinə gedirik, əgər tanımırsızsa avtomobili saxlayın biz düşək”. Həmin vaxt sürücü avtomobillə manevr hərəkətlər edərək Masazır qəsəbəsi istiqamətində hərəkəti davam etdirmişdir. Bundan sonra onlar sürücünün hərəkətlərinə, onun sərnişinlərə qarşı kobudluğunu və hörmətsizliyini qəbul edə bilmədikləri üçün anası Rahimə təkidlə sürücüdən avtomobili saxlamağı tələb etmişdir. Bu zaman sürücü avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin vaxt sürücüyə bildirmişlər ki, ondan taksi şirkətinə şikayət edəcəklər. Bu zaman sürücü “istiyirsiniz gedin polisə də şikayət edin” deyib avtomobili sürməyə başlamışdır. Təxminən 20 metrdən sonra sürücü avtomobili saxlayıb avtomobildən düşərək ünvanlarına nalayiq söyüşlər söyərək onlar istiqamətə gəlmişdir. Taksi sürücüsü əli ilə onun qoluna zərbə vurmuş, həmçinin əlindən mobil telefonu alıb yerə vurmuşdur. Anası və o, sürücünün bu hərəkətlərinə görə onun üstünə qışqırıb iradlarını bildirəndə o, anasını da əli ilə itələyib söyüşlərini davam etdirmişdir. Sürücünün anasını əli ilə itələməsi nəticəsində anası yerə yıxılmışdır. Həmin vaxt bacısı Nurtən anasının yerdən qalxmasına kömək etmişdir. Sürücü üzünü çevirib avtomobilinə doğru gedəndə o, əsəbindən onun arxasınca gedib sürücünün paltarından tutmuş və etdiyi hərəkətlərin səbəbini soruşmuşdur. Həmin vaxt anası və bacısı da onlara yaxınlaşıb sürücüyə öz iradlarını bildirəndə o, avtomobilinin qapısını açıb qapının saxlanc yerindən bıçaq götürüb üzərlərinə gəlməyə və onları öldürəcəyi ilə hədələməyə başlamışdır. Sürücünün onları bıçaqla vuracağından qorxub ondan aralaşmışlar. Sonra həmin şəxs avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. xx.xx.2019-cu il tarixdə saat 12:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində aralarında mübahisə baş verən zaman “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilk öncə onun əlimdən telefonu alıb yerə çırpmış, onlar sürücünün üstünə qışqırıb iradlarını bildirəndə sürücü əli ilə onun sağ qoluna zərbə ilə vurmuşdur. Daha sonra isə anasının qolundan tutub çəkmiş, nəticədə isə anası müvazinətini saxlaya bilməyib yerə yıxılaraq xəsarət almışdır. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşən zaman sərnişinlərlə kobud davrandığına görə sürücüyə ondan şikayət edəcəklərini bildirib “9933” taksi şirkətinə zəng edərək şikayətlərini bildirdiklərinə görə də taksi sürücüsü yenidən avtomobili saxlayıb üzərlərinə gəlib bu hərəkətləri etmişdir. Sonradan adı ona məlum olan “Samand Soren” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12:15 radələrində aralarında baş verən mübahisə zamanı avtomobilinin qapısının saxlanc yerindən götürdüyü bıçaqla onu, anası Rahiməni və bacısı Nurtəni hədələməsini ətrafdakı şəxslərin bir çoxu görmüşdür. Lakin hadisəni görən həmin şəxslərin kimlikləri barədə heç bir məlumatı yoxdur, həmin şəxsləri tanımır. Həmçinin o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs vurmamışlar, sadəcə olaraq həmin şəxs onları əli ilə vurduğu zaman onun paltarlarından tutub özlərini qorumuşlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “xxxx” MMCdə inkasator mühafizəçisi işləyir və həmin şirkətə məxsus “Fiat Doblo” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti zamanı avtomobildə əyləşməklə vəzifəsini yerinə yetirir. xx.xx.2019-cu il tarixdə saat 12:10 radələrində o, “xxxx” MMC-yə məxsus “Fiat Doblo” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında, Ə.Vahid küçəsində hərəkətdə olarkən tanımadığı 1 nəfər oğlanla 3 qadın arasında mübahisə olduğunu görmüş və həmin şəxslərin bir-birilərinə əlqol atdıqlarının şahidi olmuşdur. Həmçinin həmin vaxt qadınlardan birinin yerə yıxıldığını da görmüşdür. Bundan sonra içərisində əyləşdiyi “Fiat Doblo” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət istiqamətində dayandığına görə yolu bağlamamaq üçün sürücü avtomobili hərəkətə gətirmiş və onlar çıxıb getmişlər. Həmin vaxt onların bir-birilərini tutduqlarını, hər iki tərəfin bir-biriləri ilə mübahisə edərək birbirilərinə zərbə vurduqlarını görmüşdür. Salonunda əyləşdiyi avtomobil yolun hərəkət istiqamətini bağladığına görə sürücü avtomobili sürmüş və onlar həmin yerdən aralaşmışlar. Ona görə də aralarında baş vermiş mübahisə zamanı tanımadığı həmin oğlanın qadınların üzərinə bıçaqla gəldiyini, onları hədələdiyini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olmaqla ünvan 3 mənzil 67 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “xxxx” MMC-də inkasator sürücüsü işləyir və həmin şirkətə məxsus “Fiat Doblo” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2019-cu il tarixdə saat 12:10 radələrində o, idarə etdiyi “Fiat Doblo” markalı, **-AG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında, Ə.Vahid küçəsində hərəkətdə olarkən tanımadığı 1 nəfər oğlanla 3 qadın arasında mübahisə olduğunu görmüşdür. Həmin şəxslərin bir-birilərinin ünvanlarına nalayiq sözlər işlətdiyini, həmçinin bir-birilərinə əl-qol atdıqlarının şahidi olmuşdur. Bundan sonra isə tanımadığı həmin oğlanın qadınlardan birinin qolundan çəkdiyini, həmin qadının isə müvazinətini saxlaya bilməyib yerə yıxıldığının şahidi olmuşdur. O, həmin vaxt tələsdiyi üçün və avtomobili yolun hərəkət hissəsində dayandığına görə həmin yerdə çox dayanmamış və avtomobili sürüb getmişdir. O, hadisə yerində olan zaman tanımadığı həmin oğlanın qadınların üzərinə bıçaqla gəldiyini, onları hədələdiyini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in “TŞX”-nin müşahidə kameralarından götürülərək cinayət işinə əlavə olunmuş diskə baxış protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 12:10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Zərərçəkmiş şəxs1 Mais qızı, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qolundan tutub dartaraq yerə yıxmışdır. Həmçinin avtomobilinin qabaq sağ qapısını açaraq qapının cibliyindəın bıçaq götürüb Zərərçəkmiş şəxs1 Mais qızına, Zərərçəkmiş şəxs2 və Şahid1 nümayiş etdirərək hədələmişdir. Həmçinin hadisə baş verən zaman ətrafa xeyli sayda adamlar toplaşmışdır. Məhkəmə - tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 2693 №-li rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ əlin ovuc səthinin və sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə - tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 2694 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. xx.xx.2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onlar, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslər, şahid ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 22 saat hüquqi yardıma görə 132 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Bakı şəhəri, Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 22 saat hüquqi yardıma görə 132 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhəri, Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-30/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-30/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver