Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-30/2023 12.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhər 9-cu mikrorayon, ev 75, mənzil 14də qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsi C.Novruz küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhərində bazarın yaxınlığında istintaqa məlul olmayan şəxsdən, satış məqəsədi ilə dörd ədəd kibrit qutularında, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,045 qr., 1,257 qr., 1,814 qr. və 2,432 qram, ümumi çəkisi 7,548 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 80 manata qanunsuz olaraq əldə edib üstündə saxlayaraq Abşeron rayonu Saray qəsəbəsinə gələrək, həmin narkotik vasitəni üzərində daşımış, 16 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə Abşeron RPİ-nin Saray Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə gətirilib, xidməti otaqda şəxsi axtarışı keçirilən zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan 7,548 qram qurudulmuş marixuana əynində olan göy rəngli şalvarının sağ cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan qəbul edir. İstifadə etdiyi narkotik vasitləri də əsasən Sumqayıt şəhərin ərazisindən almışdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə də bir dəfə məhkum olunmuşdur. 13 sentyabr 2021-ci il tarixdə, saat təxminən 13 radələrində Sumqayıt şəhərində bazarın yaxınlığında olan zaman təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini ondan soruşmuş, o, da həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs ona demişdir ki, onda kibrit qutularında qurudulmuş marixuana var və bir qutunu 20 manata satır. Onda da pul olduğu üçün həmin şəxsə 80 manat pul vermiş, dörd ədəd kibrit qutusunda marixuana almışdır. Həmin marixuanadan bir neçə dəfə də siqaretə doldurmaqla çəkmiş, kibrit qutularında olan marixuananı elə əynində olan göy rəngli cins şalvarının sağ cibində saxlamışdır ki, istədiyi vaxt qəbul etsin. 16 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Saray qəsəbəsi yeni məhəllədə yaşadığı evin yaxınlığında olan iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulu ilə məşğul olduğundan şübhələnib, onu Abşeron rayon Pİ-nin Saray PB-nə dəvət etmişlər və o, da etriaz etməyib, onların xidməti avtomobilinə əyləşərək Saray PB-nə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər, onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələrim izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan göy rəngli cins şalvarının sağ cibindən 4 ədəd kibrit qutularında olan marixuanaları təqdim edərək, həmin kibrit qutuların içərisindən narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqdan sonra içərisinə baxış keçirilmiş, həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, həmin narkotik vasitəni 3 gün əvvəl Sumqayıt şəhərinin ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş 4 ədəd kibrit qutularında narkotik vasitə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün əldə etmiş və bu məqsədlə də üzərində gəzdirmiş, narkotik vasitə əldə etdiyi şəxsin şəxsiyyətini bilmir, həmin şəxs təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar var olmuş, başqa əlamətlərini xatırlamır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Polis İdarəsinin Saray PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir. 16 sentyabr 2021-ci il tarixdə məxfi mənbədən ona Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur.Həmin məlumatın yoxlanılması üçün tərəfindən Polis Bölməsinin rəisinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis Bölməsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Rami Həsənovdan ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllədə saat 13 radələrində Telman Dadaşov tərəfindən müəyyən edilərək, ona yaxınlaşaraq özlərini ona təqdim edərək, narkotik vasitələrdən qəbul etməklə məşğul olmasında şübhəli olduğunu bildirərək, onu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da bundan etiraz etməyərək onlarla Polis Bölməsinə gəlmiş, X3 Cavadovla bağlı təhqiqatçı Bəşir Bəşirli tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində 4 ədəd kibrit qutularını təqdim edərək, həmin qutuların içərisində narkotik vasitə marixuana olduğunu və 13 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində bazarın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Həmin qutular açılmış və içərisində narkotik vasitə olan qurudulmuşmarixuanaya oxşar kütlə olmuşdur. Həmin kütlələr olan qutular zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Tərəflərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması istiqamətində də müvafiq əməliyyat tədbirləri keçirilmiş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 17 sentyabr 2021-ci il tarixli, 7/946 saylı məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN zərflər üçün №246” dairəvi möhür əksi olan “İştirakçılar 1) imza Şahid1. ..3) imza Telman ...” yazı və imzalar olan zərfdə 4 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,045qr, 1,257qr, 1,814qr və 2,432 qram olmaqla, ümumi təmiz çəkisi 7,548 qram bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (qalıq ümumi 7,348 qram - 0,2 qram (hər bir obyektlər0,05 qram olmaqla) narkotik vasitə - qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısı”na daxildir. Məhkəmə-narkoloji ekspertizanın 26 noyabr 2021-ci il tarixli, 4719 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 16 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə Abşeron rayon Polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqdan gizləndiyinə görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq şöbəsinə gəldiyi üçün həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqdan gizləndiyinə görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, polis tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim edildiyi üçün iş üzrə icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəlli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri ilə seçilmişdir. “Maddi sübut qismində tanınma və təhvil vermə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra qalıq qalan 7,348 qram narkotik vasitə olan quradulmuş marixuana maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş və bir ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd kibrit qutularını təqdim edərək, həmin qutuların içərisində narkotik vasitə marixuana olduğunu və 13 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində bazarın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Beləliklə də, məhkəmə, məhkəmədə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 7,548 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla törətmiş olduğu əməlində cinayət tərkibi vardır. Lakin, təqsirləndirilən şəxsin narkotik maddəni satış məqsədilə əldə edib saxlamasını təsdiq edən kifayət qədər sübutlar olmadığı halda ibtidai araşdırma orqanı onun əməlini satış məqsədilə qanunsuz olaraq narkotik maddə əldə etmə kimi qiymətləndirərək düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.». Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 7,548 qram narkotik vasitə qurudulmuş marixuananı 13 sentyabr 2021-ci il tarixdə, saat təxminən 13 radələrində Sumqayıt şəhərində bazarın yaxınlığında 30-35 yaşlı bir kişidən 80 manat pul müqabilində almış və həmin narkotik vasitələri özü istifadə etməsi üçün üzərində saxlanmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. İbtidai araşdırma zamanı və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqinə dair heç bir sübut əldə edilməmiş, aparılmış əməliyyat-axtarış və istintaq hərəkətləri ilə göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd kibrit qurularında ayrıayrılıqda 2,045qr, 1,257qr, 1,814qr və 2,432 qram olmaqla, ümumi təmiz çəkisi 7,548 qram bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsini sübut edən heç bir dəlil ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Əməliyyatı həyata keçirmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatlarının olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.” Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı prosessual pozuntulara yol verilmişdir. Belə ki, Abşeron RPİ-nin Saray PB-in əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın əsaslandırma hissəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə olunmasında daşıması ehtimalını nəzərə alaraq ətrafında əməliyyat tədbirlərinin keçirilməsi zərurətinin yarandığı qeyd edilmiş və Cinayət Prossesual Məcəlləsinin 445.1-ci maddəsinin və "Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə istinad olunmuşdur. Lakin, həmin qərarın "qərar verdim” hissəsində Təqsirləndirilən şəxs ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi göstərilməmiş, yalnız həmin qərarın müvafiq orqanlara göndərilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması və.s Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə əsasən 445.2. «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1)şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2)cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradanqaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Yuxarıda qeyd edilən normalardan aydın göründüyü kimi əməliyyat-axtarış fəaliyyətinin subyektləri çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Lakin cinayət prosessual qanunvericiliyin tələbinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, Abşeron RPİ-nin Saray PB-in əməliyyat müvəkkili, Şahid1 qərarda Təqsirləndirilən şəxs ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar verilməsini göstərilməmiş, yoxlanılması üçün məhkəməyə göndərilməmiş, üstəlik qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul olunmuş, bununla da CPM-nin pozuntusuna yol vermişdir. Daha sonra iş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana dərhal zərfə qoyulub qablaşdırılaraq möhürlənməli və bütün iştirakçılar tərəfindən imzalanmalı olduğu halda bütün bunlar hadisə yerində yox, bir müddət sonra polis əməkdaşları tərəfindən həmin narkotik vasitə olan qurudulmuş marixuana maddə polis idarəsində gətirilərək orada rəsmiləşdirilmişdir. Halbuki, CPM-nin 128.3-cü maddəsinə əsasən əşyanın maddi sübut kimi əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1 - əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Məhkəmə iclasında dindirilmiş iş üzrə şahidlər ifadələrində göstərmişlər ki, onlara daxil olmuş ilkin əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması və daşıması ilə bağlı heç bir əməliyyat məlumatı daxil olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olması ona dəlalət edir ki, o, satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində də narkomaniya xəstəliyindən əziyyət çəkməsini etiraf etmişdir. Beləliklə də, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitələrin şəxsi istifadəsi məqsədilə əldə etmiş və saxlanmışdır. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq, onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması başa düşülür. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Bundan əlavə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Lakin, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin miqdarı, satışını həyata keçirən alıcı ilə əvvəlcədən razılıq əldə edilməsi və narkotik vasitələr hazırlanması üçün hər hansı bir avadanlığın (elektron tərəzinin) olmasına dair heç bir sübut mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, «Saidinin Fransaya qarşı» işi üzrə 20 sentyabr 1993cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin «d» yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop madələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə alınması, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs 04 ədəd kibrit qutularında ayrı-ayrılıqda 2,045qr, 1,257qr, 1,814qr və 2,432 qram olmaqla, ümumi təmiz çəkisi 7,548 qram bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən 18.09.021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqatlardan sonra qalıq qalan ümumi çəkisi 7,348 qram bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsinə minəndən sonra Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən 18.09.021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan ümumi çəkisi 7,348 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-30/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-30/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver