Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-30/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1986-cı il tarixdə Xankəndi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ənzil 15 yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 25 mart 2023-cü il tarixdə saat 15 radələrində həyat yoldaşı Şahid məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 73-də yerləşən 15 saylı mənzilin yataq otağında paltar dolabının üzərində olan uşaq oyuncağının içərisindən Şahid keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 15260 manat və milli məzənnə ilə 3740 manat təşkil edən 2200 ABŞ dolları pulunu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 19000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid ilə 2022-ci ilin iyul ayında rəsmi ailə həyatı qurmuşdur. Ev almaq məqsədi ilə 2023-cü ilin fevral ayında keçmiş arvadı Aysu Göyçay şəhərində yerləşən özünə məxsus torpaq sahəsindəki, evini satıb, pulun bir hissəsini xərcləyib, 15900 manatı və 2200 ABŞ dolları pulu xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 73, mənzil 15-də yerləşən yaşadıqları evin yataq otağında şkafın üstündə olan oyuncağın içərisinə qoyması üçün ona vermişdir. O, həmin pulu elə Aysunun yanında həmin yerə qoymuşdur. İşləri ilə əlaqədar ona pul lazım olduğu üçün xx.xx.2023-cü il tarixdə, Aysuya məlumat vermədən, həmin 15900 manatı və 2200 ABŞ dolları pulu işlədiyi «Asiya Luxe» turizm şirkətində işləri ilə bağlı olan ödənişləri ilə əlaqədar götürmüşdür. Məqsədi işlərini həll etdikdən sonra vəsaiti yerinə qoymaq olmuşdur. Çünki onlar həmin pulun üstünə bir miqdar vəsait əlavə etməklə ev almaq niyyətində olmuşdurlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Aysu pulunun yerində olmadığını aşkar etmiş və həmin vaxt ona zəng etmişdir. O da, pulu işləri ilə əlaqədar götürdüyünü iki-üç gün müdətində geri qaytaracağını bildirmişdir. Aysu heç nə deməmiş, ondan şikayət etməmişdir. Aysuya həmin 15900 manat və 2200 ABŞ dolları pulu 2 gün keçsədə qaytara bilmədiyi üçün Aysu onun barəsində DİNnin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Belə olan halda, o, Aysunun pulunu bir ay ərzində qaytaracağına söz vermişdir. Bundan sonra Aysu ilə Türkiyə Respublikasına getmişlər və orada Aysu ondan Türkiyə polisinə onu döydüyü barədə şikayət etdiyi üçün onu orada xx.xx.2023-cü il tarixədək saxlamışlar, buna görə onun şirkətdə bütün işləri dayanmışdır. Bundan sonra o, Bakı şəhərinə qayıtmış və xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə əlaqədar o, Respublika xəstəxanasında müalicə almışdır. Aysunun onun barəsində şikayəti araşdırılma nəticəsində əməldə cinayət tərkibi olmadığı üçün xitam edilmişdir. Bundan sonra Aysu keçmiş həyat yoldaşı Talehlə əlbir olaraq pulun Talehə aid olduğunu bildirmiş, Talehin şikayəti əsasında cinayət işi başlanılmışdır. Həmin 19000 manat pulun Zərərçəkmiş şəxs məxsus olması doğru deyildir. O, həmin pulu işlərini gördükdən sonra qaytarıb yerinə qoymaq fikirində olmuş, lakin işləri alınmadığından pulu Aysuya qaytara bilməmişdir. Həmin məbləğ Talehə aid olsa idi mütləq onun bu barədə məlumatı olardı, həmin məbləğ Aysunun özünə məxsus olmuşdur. Taleh bu iş üzrə zərərçəkən deyil, ona hər hansı formada zərər dəyməmişdir. Aysunun pulunu götürməsini etiraf etdiyini, həmin vəsaiti qaytarmaqdan imtina etmədiyini, azadlığa buraxılarsa qısa vaxt ərzində həmin vəsaiti Aysuya hissə-hissə qaytaracağını bildirməklə, bunun cinayət olmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 2010-cu il tarixdə Şahid ilə ailə həyatı qurmuş və həmin nigahdan bir oğlan övladları olmuşdur. 2016-cı il tarixdə onlar rəsmi olaraq boşanmışlar. Aysu isə 2022-ci ilin iyul ayında 2-ci dəfə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuşdur. Buna baxmayaraq hər ay oğlu Yusif Rəfiyevə baş çəkmiş, onun maddi təminatlarının ödənilməsinə köməklik etmiş, bəzən oğlu Yusifi yaşadığı Göyçay rayonuna gətirib bir neçə gün orada qaldıqdan sonra yenidən anasının yanına Bakı şəhərinə gətirmişdir. Aysu ilə onun münasibəti boşanmalarına baxmayaraq normal olmuşdur. Hər ikisi ailə qurmuş və boşanmaqları ilə bağlı bir birinə kin duymamışdırlar. Hətta bir birinə etibarları da yetərincə olmuşdur. Belə ki, boşandıqları vaxt Aysu ilə aralarında razılaşma olmuşdur ki, əgər birgə nikah dövründə əldə etdikləri Göyçay şəhərində yerləşən 3 sot torpaq sahəsindəki, 280 kvadrat ölçüsü olan ev satılsa onlar həmin pulu yarı böləcəklər. Bu ikisi arasında qarşılıqlı razılıq əsasında olmuşdur. 2023-cü ilin fevral ayında Aysu ona zəng edərək bildirmişdir ki, Göyçay şəhərində yerləşən onun adına olan həmin evi 38000 manata satmaq istəyir. O, da qiymətinin normal olduğunu düşünərək razılıq vermişdir. Aysu ona təklif etmişdir ki, o, gəlib həmin puldan ona düşən 19.000 manat pulu ondan götürsün. O, işləri ilə əlaqədar gələ bilməmiş, oğlunu görməyə gələndə gəlib pulu da götürəcəyini demişdir. Sonradan bir neçə dəfə Aysu ilə əlaqə saxlasa da, bəzən Aysunun işləri olduğundan, bəzən də o, gələ bilmədiyi üçün pulu götürə bilməmişdir. Nəhayət xx.xx.2023-cü il tarixdə o, Aysuya zəng vuraraq Bakı şəhərinə gəlib oğlunu görmək istədiyini və ona məxsus 19000 manat pulu da götürəcəyini bildirmişdir. Lakin Aysu ona bildirmişdir ki, ona məxsus 19000 manat pul həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən evdən oğurlanmışdır və o, bu barədə Abşeron RPİ-nə şikayət etmişdir, hətta hal-hazırda həmin faktla bağlı cinayət işidə başlanmışdır. Həmin vaxta qədər Aysu ona belə bir problemin olması ilə bağlı heç nə deməmişdir. O, əvvəl Aysuya inanmamış, onunla sözlə mübahisə edərək niyə bu barədə ona bildirmədiyini soruşmuş, Aysu isə onu bu məsələyə qoşmaq istəmədiyini Elçinin pulu qaytarmağa əvvəl söz verdiyini, sonradan vədinə əməl etmədiyi üçün ondan polis orqanlarını, prokurorluğa şikayət etdiyini bildirmişdir. Lakin o, başa düşmüşdür ki, Aysu bu məsələləri həll edə bilməyəcək, zaman keçdikcə isə o, pulunu ala bilməyəcək. Ona görə də, özü məsələyə müdaxilə etmiş, aidiyatı qurumlara şikayət etmişdir. Zərər ödənilmədiyi üçün şikayətçi olduğunu, zərəri ödənilərsə, hər hansı bir şikayətinin olmayacağını bildirməklə, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, O, 2010-cu il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və həmin nigahdan bir oğlan övladları olmuşdur. 2016-cı il tarixdə isə onlar rəsmi olaraq boşanmışlar. Bundan sonra 2022-ci ilin iyul ayında 2-ci dəfə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuşlar. Hələ Talehlə nikahda olduğu vaxt əldə etdiyi Göyçay şəhərində yerləşən onun adına olan 3 sot torpaq sahəsindəki, 280 kvadrat ölçüsü olan evini satmaq qərarına gəlmişdir. Daha əvvəldən Tahlehlə aralarında razılıq olmşdur ki, ev satıldıqda pulunu iki hissəyə böləcəklər. Əvvəllər evi satmaq istəməsələr də, sonradan həm o, həm də Taleh ailə qurduqdan sonra pula ehtiyacları olmuşdur. 2023-cü ilin fevral ayında evi satıb, pulun bir hissəsini xərcləmiş, Talehə aid 19000 manat pulu isə yaşadığı evinin yataq otağında şkafın üstündə olan oyuncağın içərisinə qoymuşdur. Həmin pulun bir hissəsi ABŞ dolları olmuşdur. O, Zərərçəkmiş şəxs ona məxsus 19000 manat pulunu gəlib götürməsini bildirmiş, Taleh isə ona Novruz bayramından sonra övladını gəlib görəcəyini və pulu həmin vaxt götürəcəyini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs ayda bir dəfə yaşadığı Göyçay rayonundan Bakı şəhərinə gələrək oğlu Yusif Rəfiyevi görmüş, onun ehtiyaclarını ödəmiş və elə olmuşdur ki, oğlunu yaşadığı Göyçay rayonuna müvəqqəti aparıb gətirmişdir. Həmin pulun orada olmasından həyat yoldaşı Təqsirləndirilən şəxs məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, evdə təmizlik işləri apararkən pulu saxladığı yerə baxdıqda pulun yerində olmadığını görmüşdür. Həmin vaxt o, həyat yoldaşı Təqsirləndirilən şəxs zəng etdikdə o, pulun onda olmasını, ondan xəbərsiz gizli olaraq götürüb xərclədiyini və ona 2 gün ərzində qaytaracağını bildirmişdir. O, bundan narahat olmuş, Taleh pulunu götürməyə gələndə nə deyəcəyini bilməmişdir. Buna görə Elçinlə aralarında mübahisə yaranmışdır. Elçin isə onu əmin etmişdir ki, qısa vaxtda alacaqlarını alıb Talehin pulunu qaytaracaqdır. O, da Elçinə inanmışdır. Lakin Elçin onu aldatmış, pulu qaytarçamışdır. Məcbur qalıb onun barəsində DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Bundan əvvəldə həyat yoldaşı Təqsirləndirilən şəxs evin satışından onun öz payına düşən 12000 manat pulunu dollar etmək məqsədi ilə götürüb, bir hissəsini dollar etsədə 3900 manat pulunu ona qaytarmamışdır. Elçinlə onun arasında başqa pul məsələləri də olmuşdur, lakin onlar ailə olduğundan həmin hissələri qabartmamışdır. Talehə məxsus pulun oğurlanması ilə bağlı şikayətçi olduğu vaxt, Elçinin şikayətdən sonra pulu qaytaracağını düçündüyü üçün Talehin bu məsələdən xəbərdar olmasını istəməmişdir. Həm də ona görə bunu istəməmişdir ki, keçmişdə evli olduğu şəxs onun ailə vəziyyətindən Elçinin etdiklərindən xəbədar olsun. Həmin 19000 manat pulun Zərərçəkmiş şəxs məxsus olmasından Təqsirləndirilən şəxs də məlumatı olmuşdur. Elçin Talehin pulundan başqa xatırlamadığı miqdarda onun da pulunu götürmüşdür, lakin o hissədə şikayətçi deyildir. Həmin vəsaitin Elçinlə birgə nikah dövrünə heç bir aidiyatı olmamışdır. Satışdan əldə edilmiş vəsaitin 19.000 manatı onun özünə digər hissəsi, yəni 19.000 manatı isə Talehə aid olmuşdur. O, özünə məxsus vəsaitin bir hissəsini şəxsi bir hissəsini isə ümumi məsələlərlə bağlı xərcləmiş, bir hissəsini isə Elçinə vermiş Elçin öz işləri ilə əlaqədar xərcləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edlməsi və cinayət işinin başlanması haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə cinayət işi başlanılmışdır. 2 “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 03 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla, icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır; 3 “İfadənin yerində yoxlanılması barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs pulu götürdüyü yeri əyani şəkildə göstərməklə, həmin məbləğdə yəni 15900 manat və 2200 ABŞ dollarını götürdüyünü və qaytaracağını bildirmişdir. 4 Şahid və Təqsirləndirilən şəxs arasında keçirilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs pulu götürdüyünü etiraf etmiş, lakin Zərərçəkmiş şəxs aid olduğunu bilmədiyini qeyd etmişdir. Şahid isə onun bunu bildiyini üzünə söyləmişdir. 5 “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:25 də şübhəli şəxs qismində tutulmuşdur. 6 “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 11 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; 7 “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 8 Abşeron Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4(012)-349/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 may 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; 9 Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 03 il azadlıqdan məhrum etmə 01 il şərti sınaq müddəti təyin edilməklə və 03 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq həmçinin məxfi sənədlərlə işləmək hüququndan məhrum etmə əlavə cəzası təyin edilmişdir. Əsas cəza müddəti xx.xx.2020-ci ildə əlavə cəza müddəti xx.xx.2023-cü ildə başa çatdığından o, qeydiyyatdan çıxarılmışdır. 10 Ağdam RİHB-nin Ağdam şəhər İnzibati ə/d üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən keçən müddət ərzində Elçin Quluiyev barəsində şikayət daxil olmadığı müəyyən edilmişdir. 11 “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 005 iyul 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid məxsus 640 manat və 3900 manat pulunu oğurlaması faktı üzrə cinayət hadisəsi faktının olması müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, barəsində CM-nin 177.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi məhkəməyə verilməsi qərara alınmış, iş üzrə zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolu və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə, cinayət işinin materiallarına əlavə edilmişdir. 12 “Təqsirləndirilən şəxə yenidən ittiham elan edilməsi” haqqında 08 iyul 2023-ci tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir; 13 “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 yanvar 2015-ci il təvəllüdlü X1 adlı övladı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs həmin vəsaiti qeyd edilən yerdən Şahid məlumatı və icazəsi olmadan götürdüyünü, lakin həmin məbləğin Zərərçəkmiş şəxs aid olduğunu bilmədiyini ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi ifadələrində qeyd etmişdir. O, həmin vəsaitin birgə nikah dövründə əldə edilmiş vəsait olmasına dair hər hənsı tələb irəli sürməmiş, həmin vəsitdə özünün payının olmasını qeyd etməmiş, bunu mübahisələndirməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda sonradan özünü təqsirli bilməməsinə dair ifadəsini digər sübutlarla müqaisə edərək hesab edir ki, onun ifadəsi inandırıcı olmamaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün dolayı etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yəni - xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə törətdiyi əvvəlki cinayət əməlinə görə 03 il azadlıqdan məhrum etmə 01 il şərti sınaq müddəti təyin edilməklə, 03 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq həmçinin məxfi sənədlərlə işləmək hüququndan məhrum etmə əlavə cəzası təyin edilmiş, əsas cəza müddətinin vaxtı xx.xx.2020-ci ildə, əlavə cəza müddətinin vaxtı isə xx.xx.2023-cü ildə başa çatdığından o, qeydiyyatdan çıxarılmışdır. Məhkəmə onu qeyd edir ki, əvvəllər törədilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas və əlavə cəzaları hazırda ittiham edildiyi cinayət əməlinin baş verməsinədək tam çəkib, qurtarıldığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələbinə uyğun olaraq hazırki iş üzrə residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan, həmçinin cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə ona təyin edilmiş əsas və əlavə cəzanı çəkib qurtarmasını nəzərə alaraq, məhkəmə qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini və ya buna cəhd etməməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 10 may 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 19000 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 40 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 350 manat (40 saat x 6 AZN + 10 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 19000 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə sərf etdiyi 40 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 350 (40 saat x 6 AZN + 10 saat x 11 AZN) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-30/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-30/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver