Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-300/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə 09 avqust 1985-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında (Abşeron RPİ-nin inzibati binası) qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı1) daxil edilmiş bir ədəd gümüşü rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,652 qram olan ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat müqabilində əldə edib üzərində Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivinə daşıyaraq saxlamış, 19 iyun 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivində saxlanılıb Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,652 qram olan ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə Abşeron rayon Digah qəsəbəsində yerləşən kənd qəbristanlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibirli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, yivli odlu silah olan, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatı, 01 ədəd , zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatın komplekt hissəsi olan darağını və atəşə yararlı döyüş sursatı olan 07 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını əldə edib daşıyaraq saxlamış və gəzdirmiş, 21 iyul 2023-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Digah qəsəbəsi Əliçıraq yaşayış massivində saxlanılıb, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı ağ rəngli polimer kisədə həmin bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibirli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, yivli odlu silah olan, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatı, 01 ədəd , zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatın komplekt hissəsi – darağı və atəşə yararlı döyüş sursatı olan 07 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təxminən 4 ilə yaxındır ki, hərdənbir psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Öz istifadəsi üçün psixotrop maddəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manat qarşılığında 1(bir) bükümdən ibarət psixotrop maddə metamfetamin almışdır. Həmin gün saat 16 radələrində Abşeron rayonu Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivində iti yerişlərlə piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını, onun psixotrop maddə istifadə etməkdə şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduğunu, bu məqsədlə onlarla birlikdə Abşeron rayon polis idarəsinin Mehdiabad PB-nə getməli olduğunu demişlər. O, isə polis əməkdaşlarına psixotrop maddə istifadəçisi olduğunu etiraf etmişdir. Heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra vəkillə arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkilişlə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan tünd göy rəngli idman şalvarımın sağ yan cibində olan 1 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 1 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olmuşdur. Bükülü polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmişi və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyin bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol bizə ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təxminən 11 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, ərazisində yerləşən qəbirsanlığın yuxarı tərəfində dağlıq hissəsində bir ədəd torbaya bükülmüş halda görüb şübhələndiyi üçün torbanı açdıqda içərisində «Kalaşnikov» markalı avtomatı, ona məxsus silah sandıqcası, həmçinin 7 ədəd güllə olduğunu aşkar etmiş və tapdığı silah sursatı yenidən torbaya qoyub, oradan bir neçə metir kənarda torpaq sahədə boş ərazidə tapdığı silahı yeri qazıb bastırmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, ərazisində boş torpaq sahəsində qazıb bastırdığı «Kalaşnikov» markalı avtomatı, ona məxsus silah sandıqcası və 7 ədəd gülləni totba ilə birgə bastırdığı yerdən qazıb çıxarmış və satmaq məqsədi ilə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq massivi ilə piyada evinə gedərkən yolda iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını demişlər. Həmin polis əməkdaşları əlində olan torbada ki, əşyanın odlu silah olmasından şübhələndikləri üçün həmin silahı gəzdirməyindən şüphələndiklərini bildirmişlər. Sonra həmin polis əməkdaşları onu saxlayaraq Mehdiabad PB-nə gətirmişlər. Mehdiabad polis bölməsində xidməti otaqların birində video çəkiliş aparılmaqla ona hüquqları izah olunduqdan sonra ona qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirirsənsə könüllü təqdim etməsi təklif olunmuş, ondan üzərində yəni əlində saxladığı bir ədəd torbada saxladığı, içərisində «Kalaşnikov» markalı avtomatı, ona məxsus silah sandıqcası, həmçinin 7 ədəd gülləni bağlı şəkildə onlara təqdim və silah olduğunu bildirmişdir. Torba açıldıqda içərisində parça silah qabına bükülmş bükülü də açılmış, onun içərisində bir ədəd «Kalaşnikov» markalı avtomatı, bir ədədb silah sandıqcası və 7 ədəd silah gülləsi olduğu müəyyən etmişlər. ona silahı, sandığı və gülləni haradan əldə etdiyi sual verilmiş, o, 10 gün əvvəl Abşeron rayonu, Digah qəsəbəsi, ərazisində yerləşən qəbirsanlıqdan tapdığını həmin əraziyə yaxın yerdə gizlədib xx.xx.2023-cü il tarixdə satmaq üçün evinə piyada apararkən Digah qəsəbəsi ərazisində polis saxlanılıb Mehdiabad PB-nə gətirildiyimi demişdir. Həmin silah yoxlanılmış və ekispertizaya yoxlanılması üçün qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar və müdafiəçi bağlamanın üzərini imzalamışlar. Orada əvvəlcədən ona dövlət hesabına təqdim olunmuş müdafiəçisi Valeh Məhərrəmovla da, tanış olmuşdur. Həmçinin tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra isə onun üzərinə əlavə axtarış keçirilmiş üzərindən başqa heç bir dövrüyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir, polis kapitanıdır. 19 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra ondan, Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə polis nəfəri polis kiçik serjantı X2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşı ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivində zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, 09 avqust 1985-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə polis nəfəri polis kiçik serjantı X4 və prossesə dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd gümüşü rəngli kağız bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli tozşəkilli şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız bükümün içərisində olan psixotrop maddə metamfetamindir. O, təxminən üç-dörd il olar ki, psixotrop maddə qəbul edir. Bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində alıb əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivinə daşımaqla saxlamışdır. Onun narkotik vasitə və psixtrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və toplanmış material baxılmasından ötrü Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. Sonradan məlum olmuşdur ki, Abşeron rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Bundan sonra yenidən 21 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə etmsi, saxlamsı, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra ondan, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşı ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivində zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə etməkdə, saxlamaqda, daşımaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, 09 avqust 1985-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, Əl-Çıraq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və prossesə dəvət edilmiş vəkil X3 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd ağ rəngli polimer materialdan olan kisəni təqdim etmişdir. Həmin bir ədəd ağ rəngli polimer materialdan olan kisənin içərisinə baxdıqda həmin kisənin içərisində bir ədəd sarımtıl rəngli parçadan olan silah qabında bir ədəd qara rəngli avtomat, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 07 ədəd patron olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, “sağ əlində saxlayaraq təqdim etdiyi bir ədəd ağ rəngli polimer materialdan olan kisənin içərisində olan bir ədəd sarımtıl rəngli parçadan olan silah qabındakı bir ədəd üzərində qara rəngli üzərində nömrəsi silinmiş avtomat, həmin avtomata məxsus patron darağı və daraqdan çıxarılmış 07 ədəd patrondur”. “Bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən kənd qəbirsanlığın yaxınlığında yerləşən dağın ətəyindən tapmış, sonra həmin yerdən bir neçə metr aralı məsafədə torpağa basdıraraq gizlətmişdir. Silahı torpağa basdıraraq gizlətməkdə məqsədi həmin silaha müştəri tapdıqdan sonra satmaq olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli avtomat, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 07 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd sarımtıl rəngli parçadan olan silah qabına qoyularaq bir ədəd ağ rəngli polimer materialdan olan kisənin içərisində qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlarda həmin protokola imaza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə polis nəfəri polis kiçik serjantı X6, məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli 6/3423 № li məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflət üçün №236 saylı” dairəvi möhür əksi olan “ Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,652 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq çəkisi 0,602 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil (Siyahı 1) daxildir”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 22 iyun 2023-cü il tarixli 3968 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 21 iyul 2023-cü il tarixli 23/568R saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 07 ədəd patron, zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 7,62x39 kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstuksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: avtomatın tədqiqi hissəsinə)
3. Tədqiqata təqdim olunmuş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissələridir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə yararlıdır, döyüş sursatı hesab edilmir.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdi. (təqdim edilmiş 07 ədəd 7,62x39 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 03 avqust 2023-cü il tarixli 3-13-11/2-9518/2023 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sitemi vasitəsi ilə yoxlanıldı. Müqayiusəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə azad edilmişdir. Bundan başqa, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,602 qram psixotrop maddə metamfetamin və bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibirli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, yivli odlu silah olan, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatın komplekt hissəsi – darağı və atəşə yararlı döyüş sursatı olan 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronları Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 21 radələrində üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərsində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əlində saxladığı ağ rəngli poletilen kisənin içərsində Kalaşnikov konstruksiyalı avtomatı, 07 ədəd patron və Kalaşnikov konstruksiyalı avtomatın darağının götürüləsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,602 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibirli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, yivli odlu silah olan, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatı, 01 ədəd , zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatın komplekt hissəsi – darağı və atəşə yararlı döyüş sursatı olan 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,602 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibirli texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, yivli odlu silah olan, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatı, 01 ədəd , zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatın komplekt hissəsi – darağı və atəşə yararlı döyüş sursatı olan 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov