Məhkəmə qərarları › İş №1(012)-302/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-302/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-302/2020 24.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1998-ci ildə İmişli rayonu Boşçallar kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır şossesinin cənubunda qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Q.Nəbi küçəsi ev 53-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1, 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının həyətində Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “Daewoo gentra minik” markalı, 99AR293 dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi “BMV” markalı, 99AF939 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi ziyanın ödəməsini tələb edib, bu səbəbdən mübahisə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib, yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq, ona burun sümüklərinin yerini dəyişmiş sınığı, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və ya Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindəki yanacaq doldurma məntəqəsinin yaxınlığında, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs idarə etdiyi BMV markalı, ** AF *** dövlət qeydiyyat nömrəli avtomobili, onun idarə etdiyi “Devoo” markalı ** AR *** dövlət qeydiyyat nömrəli avtomobili ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron rayon Polis İdarəsinin yol patrul polisi inispektoru Seymur adlı polis əməkdaşı tərəfindən araşdırma aparılmış və onun günahkar olduğu aydın olmuşdur. Hadisə zamanı avtomobilinin sol tərəfinin arxa qapısı və arxa qanadı, Samirin avtomobilinin isə qabaq sol tərəfi əzilmişdir. Avtomobili əzildiyinə görə ona dəymiş 2000 manat ziyanı ödəməsini Samirə demiş, Samir isə günahkar olmadığını deyib ona dəymiş ziyanı ödəmək istəmədiyini demişdir. Buna görə xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Samirdən avtomobilinə dəymiş 2000 manat ziyandan 500 ya da 800 manat almaq üçün onun yaşadığı Masazır qəsəbəsindəki evin qarşısına getmiş və Samirə zəng görüşmək üçün çağırmışdır. Yanına gəlmiş Samirdən avtomobilinə dəymiş 2000 manat ziyandan ona 500 ya da 800 manat pul verməsini təklif etdikdə, Samir ona pul ödəməyəcəyini deyib, üvanına təhqiramız sözlər deyərək, ona kəllə atmışdır. Samirin ona atdığı kəlləsi başının sol yan tərəfinə dəymişdir. Həmin vaxt Samir ilə arasında baş vermiş mübahisəni görən dostu Nurlan, iki Orxan adlı Masazır qəsəbəsində yaşayanlar, Əlühüseyn və Xəyal adlı şəxslər və ətrafdakı tanımadığı adamlar onları ayırmışlar. Samir burnundan xəsarət almışdir. Baş vermiş dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Samir kəllə ilə başının sol tərəfindən vurduğu zərbədən, başı şişmiş, ancaq bunla bağlı heç yerə müraciət etməmişdir. Zərərçəkmiş şəxslə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən tanıyır. Belə ki, həmin tarixdə yaşadığı Abşeron rayonun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindəki yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi BMV markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətinə, Təqsirləndirilən şəxs idarə etdiyi “Devoo” markalı avtomobil çıxdığına görə toqquşma baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron rayon Polis İdarəsinin yol patrul polisi inispektoru Seymur adlı polis əməkdaşı tərəfindən araşdırma aparılmış və Nailin günahkar olduğu aydın olmuşdur. Toqquşma zamanı onun avtomobilinin qabaq sol tərəfi, Nailin isə avtomobilinin sol tərəfinin arxa qapısı və arxa qanadı əzilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 20 radələrində Masazır qəsəbəsindəki evində olduğu vaxt Nail ona zəng edərək yaşadığı evin qarşısında onu gözlədiyini bildirmişdir. Buna görə Nailin yanına gəlib, onunla görüşdükdə Nailin ora həmin “Devoo” markalı avtomobili ilə gəlmiş və yanında tanımadığı bir cavan oğlan olmuşdur. Nail baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun günahkar olduğunu deyərək, onun avtomobilinə dəymiş 2000 manat maddi ziyanı ondan tələb etmişdir. Nailə hadisədə onun günahının olmadığını və ona pul verməyəcəyini dedikdə, aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Nail yanındakı oğlana “tutub bunu basaq baqaja” dedikdə, həmin oğlan da Nail ilə onun əl-qolundan tutmaq istədikdə, kənara çəkilməklə onu tutmaqlarına imkan verməmişdir. Həmin vaxt Nail yumruqla onun sifət nahiyyəsindən bir neçə zərbə vurmuş və zərbədən özünü saxlaya bilməyib yerə yıxılmışdır. Nail onu vura-vura uca səslə, nalayıq sözlər ilə söymüş, Nailin yanındakı oğlan isə onu vurmamış və söyməmişdir. Səsə gələn komendant Mehman və tanımadığı digər adamlar onu Nailin əlindən almışlar. Hadisə zamanı Nailin vurduğu yumruq zərbəsindən burun sümüyü sınmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində məhəllə sakini kimi çoxdan tanıyır, aralarında yaxın münasibətləri vardır. İşlədiyi Abşeron rayonun Masazır qəsəbəsində avtoyuma sexinə Nail idarə etdiyi “Devoo” markalı ** AR *** dövlət qeydiyyat nömrəli avtomobili həmişə yuduzdurmaq üçün onun yanına gətirmişdir. Həmçinin Zərərçəkmiş şəxs də idarə etdiyi BMV markalı, ** AF *** dövlət qeydiyyat nömrəli avtomobili yuduzdurmaq üçün onun yanına gətirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Nail ilə Samirin idarə etdikləri avtomobillərin toqquşduğunu eşitmiş, onların hansı şəraitdə toqquşduqlarını görməmiş və bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində idarə etdiyi “GEELY MK” markalı, ** VV *** dövlət nömrə nişanlı avtomobili ilə Masazır qəsəbəsindən keçərkən, yaşayış binasının kənarında Nail ilə Samirin əlbəyaxa olub bir-birilərini, yumruqla vurduqlarını görmüşdür. Onları ayırmaq üçün tez avtomobilini saxlayıb, avtomobilində olan tanışı Əlihüseyn ilə onların yanına gəlmişdir. Ətrafda olan tanımadığı adamlar onların dalaşmasına tamaşa etmiş, lakin heç biri onları ayırmamışdır. Əlihüseyn ilə onları ayırmışlar. Orada Nailin dediyinə görə onların dalaşmasına səbəb, avtomobillərinin toqquşması və ona dəyən ziyanı Samirin ödəməməsi olmuşdur. Hadisə yerində təxminən 10 nəfər tanımadığı adamlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu Masazır qəsəbəsində yaşayan “Devoo” markalı, ** AR *** dövlət qeydiyyat nömrəli avtomobil sürən Nail və BMV markalı, ** AF *** dövlət qeydiyyat nömrəli vtomobil idarə edən Samir adlı şəxsi Masazırda yaşayan kimi üzdən tanımış, onların heç biri ilə əlaqəsi və münasibəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində tanışı Şahid1 idarə etdiyi “GEELY MK” markalı, ** VV *** dövlət nömrə nişanlı taksi avtomobili ilə Masazır qəsəbəsindən keçərkən, yaşayış binasının qarşısındakı işıqforda, oradakı hündürmərtəbəli yaşayış binasınin birinci mərtəbəsindəki “Sion” marketin yaxınlığında Nail ilə Samirin əlbəyaxa olduqlarını gördükdə onları ayırmaq üçün Xəyal avtomobilini saxlamış və tez onların yanına getmişlər. Ətrafda olan tanımadığı adamların ancaq onların dalaşmasına tamaşa etdiklərini, onları ayırmadıqlarını görmüşdür. Xəyal ilə birlikdə Nail və Samirin arasına girib, onları ayırmışlar. Onları ayırdığı vaxt Samirin atdığı kəllənin Nailə dəyib-dəymədiyini görməmişdir. Samir həmin vaxt Nailin ünvanına söyüş söymüş və qaçmışdır. Nail onların əlindən çıxaraq Samiri vurmaq üçün onun ardınca qaçmış və Samirə çatdığı anda Xəyal ilə birlikdə Naili tutub saxlamışlar və onları dalaşmağa qoymamışlar. Xəyal sürdüyü avtomobilin Samirin sürdüyü avtomobili ilə toqquşduğuna görə dalaşdığını demişdir. Hadisə yerində təxminən 10 nəfər tanımadığı adamlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədov X2 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır və Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi 1 ünvanında yerləşən “xxxxx” MTK tərəfindən inşa edilmiş yaşayış binasının gözətçisi işləyir. Növbə ilə sutkalıq işləyir. xx xxxxxx 2019-cu il tarixdə olmuşdur. Həmin gün təxminən saat 20 radələrində binanın həyətinə çıxanda görmüşdür ki, binanın həyətində təxminən 15-20 nəfər adamlar var və bir nəfər tanımadığı oğlan bir nəfərlə mübahisə edərək söyüşlər söyür. Ora yaxınlaşanda görmüşdür ki, binanın sakini Zərərçəkmiş şəxs burnundan qan gəlir və ondan nə baş verdiyini soruşanda Samir ona demişdir ki, orada olan Nail adlı şəxs onunla dalaşıb və ona xəsarət yetirib. Orada olan tanımadığı şəxslər adını sonradan bildiyi həmin Nail adlı şəxsi sakitləşdirirmişlər. Samir demişdir ki, bir neçə gün əvvəl həmin şəxsin avtomobili onun avtomobili ilə toqquşub, həmin şəxs ondan avtomobilin ziyanını tələb edir və ona görə dalaşaraq onu döymüşdür. Bbinanın həyətinə çıxanda orada təxminən 10-15 nəfər tanımadığı şəxslər olmuşdur, həmin şəxsləri tanımamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 2891 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə - tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətburun sümüklərinin yerini dəyişmiş sınığı bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 127.1, 221.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə özünü tam təqsirli bilməsə də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib, yumruqla zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan və ya Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq cinayətini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, ekspertiza rəyi, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1-ci maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 221.1-ci maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar