Məhkəmə qərarları › İş №1(012)-304/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-304/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-304/2021 30.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs1 məxsus «Nissan Primera» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində, Ə.Vahid küçəsi istiqamətinə ara yolla hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni yola bitişik ərazidən yola çıxarkən yolda gedən nəqliyyat vasitələrinə yol verməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bünü etməyərək Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi ilə düz istiqamətdə 60 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi «Hyundai İX35» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən onun hərəkət zolağına çıxaraq toqquşmuş, nəticədə onun bu hərəkətləri idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki ağ ciyərin yüngül dərəcəli əzilməsi, sol kürək sümüyünün qapalı yerdəyişməyən sınığı, alın nahiyəsinin sol hissəsinin və üst dodaq nahiyəsinin əzilmiş cırılmış yaraları, sağ diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, habelə «Hyundai İX35» markalı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs2 2575 manat məbləğində, həmçinin idarə etdiyi «Nissan Primera» markalı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs1 4700 manat məbləğində zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil idarə etməyə “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxs1 məxsus “Nissan Primera” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili 25.10.2020-ci ildə Zərərçəkmiş şəxs1 ona verdiyi etibarnamə əsasında idarə edir. 31 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi həmin avtomobillə Xırdalan şəhərinə getmək üçün Abşeron rayonu, Masazır kəndindən hərəkətə başlamış, həmin vaxtı avtomobil sahibi Zərərçəkmiş şəxs1 da sərnişin kimi qabaq sağ oturacaqda yanında əyləşmişdir. Masazır kəndində Ə.Vahidin heykəlinin yanından ara yoldan əsas yol hesab edilən Ə.Vahid küçəsinə tərəf 15-20 km/saat sürətlə hərəkət edərək həmin küçəyə çıxmaq istəyərkən soldan Ə.Vahid küçəsi ilə “Hyundai” markalı minik avtomobilinin düz istiqamətdə hərəkət etdiyini görmüş, həmin avtomobillə aralarında 10-15 metr məsafə olduğundan o, həmin avtomobil çatanadək yolun sağ hərəkət zolağını keçib, sola həmin küçə ilə hərəkətimi davam edə biləcəyini düşünüb hərəkətinə davam etmiş, yolun hərəkət hissələriuni ayıran orta xəttinə yaxın idarə etdiyi avtomobilin qabaq sol hissəsi həmin “Hyundai” markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, hər iki avtomobil əzilərək yolun soluna istiqamətlənib dayanmışdır. Toqquşma nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs xəsarət almasa da o və sərnişini Əmir xəsarət aldığına görə hadisə yerinə gələn təcili yardım maşını ilə Bakı şəhəri Respublika Klinik xəstəxanasına getmişlər. Hadisə baş verən vaxtı idarə etdiyi avtomobildə başqa sərnişin və yük olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin hadisə zamanı Ə.Vahid küçəsinə çıxarkən soldan gələn həmin avtomobilə yol vermədiyinə görə hadisənin baş verməsində özünü təqsirli hesab edir. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, «Nissan Primera» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 25 oktyabr 2020-ci il tarixdən etibarnamə ilə idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. 31 oktyabr 2020-ci il tarixdə Emillə birlikdə həmin avtomobillə Xırdalan şəhərinə getmək üçün Masazır qəsəbəsindən yola düşmüşlər. Saat 11 radələrində Emil Fətaliyevin idarə etdiyi ona məxsus «Nissan Primera» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsindən Ə.Vahid heykəlinin yaxınlığında ara küçədən Ə.Vahid küçəsi istiqamətinə təxminən 20 km/saat sürətlə hərəkət edirmişlər. O, avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobildə başqa sərnişin olmamışdır. Ə.Vahid küçəsinə çıxarkən sürücü Emil diqqətsizlik etdiyindən sol tərəfdən gələn «Hyundai» markalı **-DH- *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və həmin avtomobilə toqquşma baş vermişdir. Toqquşma nəticəsində hər iki avtomobil əzilərək yolun soluna tərəf istiqamətlənib dayanmışdır. Hadisə nəticəsində o və Emil müxtəlif bədən xəsarətləri aldığından hadisə yerinə gələn təcili yardım briqadası onları Bakı şəhəri Respublika Kliniki Xəstəxanasına aparmış, orada tibbi yardım göstərilmiş və bir gün sonra xəstəxanadan çıxaraq evə gələrək ev şəraitində müalicəsini davam etdirmişdir. Sağlamlına dəymiş zərərlə bağlı, həmçinin avtomobilinin əzilməsi ilə bağlı dəymiş zərərin ödənilməsini tələb edir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, avtomobil idarə etməyə “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Özünə məxsus “Hyundai İX35” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 31 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi həmin avtomobillə Abşeron rayonu, Masazır qəsbəsi Ə.Vahid küçəsi ilə üzü Qurtuluş 93 yaşayış kompleksi istiqamətinə hərəkət edirmiş. Avtomobildə sərnişin və yük olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Masazır qəsəbəsində Ə.Vahidin heykəlinin yanında təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən sağ tərəfdən Masazır kəndi istiqamətindən ara yoldan gələn “Nissan Primera” markalı ** GK *** nömrə nişanlı avtomobil ona yol vermədən onun hərəkət zolağına çıxmışdır. O, toqquşmadan yayınmaq üçün sükanı bir qədər sola burmuş, lakin toqquşmanın qarşısın almaq mümkün olmamışdır. Yolun orta xəttinə yaxın idarə etdiyi avtomobilin qabaq sağ hissəsi “Nissan” markalı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, hər iki avtomobil əzilərək yolun soluna istiqamətlənib dayanmışdır. Toqquşma nəticəsində özü xəsarət almasa da “Nissan” markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs və sərnişini Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Onları hadisə yerinə gələn təcili yardım heyyəti ilə xəstəxanaya yola salmış, özü isə hadisə yerində qalıb, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Hesab edir ki, həmin hadisə «Nissan» markalı avtomobilin sürücüsünün təqsiri nəticəsində baş vermişdir. Belə ki, o, Ə.Vahid küçəsinə, onun hərəkət zolağıma çıxarkən soldan gələn avtomobilə yol verməli imiş. Qeyd edir ki, həmin avtomobilin onun hərəkət zolağına çıxdığını təxminən 5-10 metr məsafədən görmüşdür, hadisənin qarşısını almaq üçün yalnız sükanı bir qədər sola istiqamətləndirməyə imkan tapa bilmiş, lakin bununla toqquşmanın qarşısını almaq mümkün olmamışdır. Tələbi ondan ibarətdir ki, avtomobilinə dəymiş maddi ziyan sürücü Təqsirləndirilən şəxs və ya onun idarə etdiyi avtomobili sığortalamış şirkət tərəfindən ödənilsin. Hazırda şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan 31.10.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. İş üzrə məhkəmə-tibb ekspertizasının 31.10.2020-ci il tarixli 2339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət- sol oturaq sümüyünün, qapalı yerdəyişməyən sınığı bərkküt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 31.10.2020-ci il tarixdə salonunda olduğu minik avtomobilinin digər minik avtomobil ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə məhkəmə-tibb ekspertizasının 13.11.2020-ci il tarixli 2357 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki ağ ciyərin yüngül dərəcəli əzilməsi, sol kürək sümüyünün qapalı yerdəyişməyən sınığı, alın nahiyəsinin sol hissəsinin və üst dodaq nahiyəsinin əzilmmiş cırılmış yaraları, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk-küt əşyanın təsirindən törənmişdir, 31.10.2020-ci il tarixdə sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə məhkəmə-tibb ekspertizasının 31.10.2020-ci il tarixli 2316 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 yanvar 2021-ci il tarixli, 8/2187 saylı rəyi ilə müəyyən edilmişdir ki, Nissan Primera markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən -Hərəkət üçün təhlükə yaranan anda Hyundai İX 35 markalı, 99-DH- 776 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. -Hərəkət üçün təhlükə yaranan anda Hyundai İX 35 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycxan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materillarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 28.12.2012-ci ildə Azərbaycan Respublikası DİN BDYPİ Ağsu rayon QİTBŞ-si tərəfindən verilmiş BC kateqoriyalı, AB-785873 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması qeydə alınmamışdır. İş materiallarında olan 12.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 24.02.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 19.03.2021-ci il tarixdə isə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı əməlində peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsə də onun hərəkətləri nəticəsində bir zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, digəri isə maddi ziyan çəkmişdır. Hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlunun ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğluna və Zərərçəkmiş şəxs2 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar