Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-304/2022 04.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxsZərərçəkmiş şəxs və onun müdafiəçisi və nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, bərbər işləyən, məhkumluğu olmayan, Tərtər şəhəri, Şıxəli Qurbanov küçəsi ev 8-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, X3 fərdi yaşayış sahəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar 2022-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Mircəlal küçəsində yerləşən 30 saylı evin qarşısında, küçədə Zərərçəkmiş şəxs ilə sonuncunun yaxınlıqda ərzaq mağazası açması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs başının sağ təpə nahiyəsinə bir dəfə əlində olan bıçaq ilə qəsdən vuraraq ona başın sağ təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə məhkəmənin sonunda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ilə yaxındır ki, Zərərçəkmiş şəxs tanıyır. Hətta onun qardaşı Natiq Zərərçəkmiş şəxs məxsus yaşadığı evə birləşik mağazanı da işlətmişdir. Qardaşı Natiq təxminən həmin obyekti 2020-ci ilin yayından 2021-ci ilin yayınadək işlətmişdir. Lakin Teymurun mağazası kiçik olduğundan o, məcbur olub Teymura qarşıdakı obyekti icarəyə götürəcəyini bildirmişdir. Həmin ayın sonu o, obyektdən çıxmış və yaxınlıqda olan digər obyekti qardaşı icarəyə götürmüşdür. O, obyektdən çıxdığını Teymura dedikdən sonra onların arasında mübahisə olmuşdur. Belə ki, Teymur gəlib obyektdən kondisioneri götürmək istədiyini bildirdiyindən onların arasında sözlü mübahisə yaranmış, lakin kondisionerin orada qalmasına qərar vermişlər. Qardaşı artıq digər obyekti icarəyə götürdükdən uzun müddət sonra, təxminən 2021-ci ilin sonlarında Teymur özünə aid obyekti böyüdərək OBA marketə icarəyə vermişdir. 09 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində o, işlətdiyi bər-bər obyektini bağlıyıb evə getmişdir. Həmin vaxt o, Teymurun obyektinin qarşısında başı papaqlı tanımadığı bir şəxs görmüşdür. O, həmin şəxsə yaxın getdikdə sonuncunun Teymur olduğunu görmüş və yaxınlaşaraq hal-əhval tutmaq istəmişdir. Həmin vaxt Teymur onunla kobud formada danışmışdır. O, Teymura qonşuluq etdiklərini, obyektində market yox, aptek, tikinti materialları mağazası və s. açmağının daha yaxşı olacağını bildirdikdə Teymurda ona nalayiq formada kiminsə öz işinə qarışa bilmiyəcəyini bildirmişdir. Bundan sonra Teymur nalayiq ifadələrlə danışmağa davam etdiyindən o, əliylə Teymuru itələmişdir. Teymur bundan sonra söyüş söyərək onunla dalaşmaq istədiyini deyib onu təkliyə çəkmişdir. Orada Teymur qəflətən qolunun altından şiş çıxardaraq onun üzərinə gəlmişdir. O, cəld şişdən tutub şişi Teymurdan alaraq qırağa atmış və əliylə Teymurun sinəsindən itələmişdir. Teymurda sonra cəld ayağa qalxaraq evə qaçmışdır. Həmin hadisə təxminən 2-3 dəqiqə davam etmiş, orada tanıdığı hər hansı bir şəxs olmamışdır. Həmin vaxt onun üzərində bıçaq olmuş və o, Teymuru bıçaqla vurmışdır. Onların mübahisəsi təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt gecə olduğundan orada hadisənin şahidi olan hər hansı bir şəxs olmamışdır. Orada taksi sürücüsü olmuş və onu oraya gətirmişdir. Onun həmin şəxsin anket məlumatları haqqında heç bir məlumatı olmamışdır. Həmin şəxs Teymurun əlindəki şişi gördükdən sonra avtomobilə minərək oradan uzaqlaşmışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs, ifadəsində göstərdi ki, o, təxminən 2 ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır. Tural onların evinin yaxınlığında bərbər olaraq işləyir. Onunla Turalın əvvəl münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hətta Tural və qardaşı onun evinə birləşik olan obyekti 2020-ci ilin yay aylarından 2021-ci ilin yay ayına kimi mağaza olaraq işlətmişdir. Lakin daha sonra Turalgil oun mağazasından çıxaraq qarşıdakı obyekti icarəyə götürüb işlətməyə başlamışdır. Bundan təxminən 7-8 ay sonra o, obyektini böyüdərək “OBA”ya icarəyə vermişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində o, təmiri gedən obyektinə baxmaq üçün çölə çıxmışdır. Gecə radələrində küçədə itlər çox olduğundan o, həyətdəki manqaldan özünü itlərdən qorumaq üçün şiş götürmüşdür. O, çölə çıxıb obyektə baxaraq baxış keçirdikdən sonra evinin qarşısına qayıtmışdır. Həmin vaxt Turalın bər-bər obyektinin qarşısında bir avtomobil işıqlarını yandırıb söndürürmüş. Bundan sonra avtomobil onun yanına gəldikdə Turalın avtomobildə olduğunu görmüş və elə həmin vaxt Tural onunla hal-əhval tutmuşdur. Bundan sonra həmin avtomobil təxminən 15 metr irəliləyib saxlamış və Tural onun yanına gəlmişdir. Bundan sonra Tural ciddi şəkildə ona burda mağaza açmaq istədiyini eşitdiyini bildirmişdir. O da Turala hələ dəqiqləşdirmədiyini, ola bilsin ki, mağazadan əlavə aptek və yaxud da inşaat materialları mağazası açacağını demişdir. Bundan sonra Tural ona orada mağaza açacağı təqdirdə ya özünün ya da onun öləcəyini bildirmişdir. O da Turala özünün mağazadan çıxan zaman heçnə deməyib əksinə xeyir-dua verdiyini, ona qarşı hansı səbəbdən belə aqressiv danışdığını bildirmişdir. Bundan sonra Tural onun qolundan tutaraq oradan uzaqlaşdırmağa başlamışdır. Onlar çəkişə-çəkişə evinin yanına gələn zaman Tural onun əlində olan şişi dartıb ondan almış və kənara tullamışdır. Daha sonra Tural sağ əlində olan bıçağın iti olan uc hissəsi ilə qəflətən oun başının üst nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt o, digər əliylə Turalın udarının qarşısını nisbətən almışdır. Bundan sonra o, tez evin həyətinə girişi olan digər qapını açaraq içəri daxil olmuş və həyətdən dəmir parçası taparaq çölə çıxmışdır. O, çölə çıxdıqda Tural qaçaraq oradan uzaqlaşmış, o da başının qanadığını görüb polisə müraciət etmişdir. O, Turala qarşı nalayiq ifadələr işlətməmiş və Turala dalaşmaq təklifi etməmişdir. Təqsirləndirilən şəxs onun əlindən şişi alsa da, daha sonra bıçaqla onu vurmuşdur. Həmin münaqişə zamanı o, Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt ətrafda tanımadığı Turalla gələn bir nəfər şəxs olmuşdur. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı verdiyi mülki iddiadan imtina etdiyini bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasıın xx.xx.2022-ci il tarixli, 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – başın sağ təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən onun Sumqayıt şəhəri, TTY xəstəxanasına müraciət etdiyi və qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs baş nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş yara qərarda göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin təsirinndən əmələ gələ bilərdi. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsindəxx.xx.2022-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş şəxs maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiasından imtinası qəbul edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Zərərçəkmiş şəxs maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiasından imtinası qəbul edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-304/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-304/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver