Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-305/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu P.Gəncəli kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə ayrı-ayrı otaqları olan birgə yaşadıqları evdə sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 da gecə qalacağı səbəbindən aralarında yaranmış mübahisə ilə əlaqədar söhbət etmək üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Uğur Market” adlı ərzaq mağazasının yanına dəvət edib orada - ictimai yerdə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətin üzvlərinin mənafelərinə toxunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə öz şəxsiyyətini zərərçəkmişlərin şəxsiyyətlərinin fövqündə qoyub silah qismində istifadə etdiyi bıçaqla insanların gözü qarşısında Zərərçəkmiş şəxs2 sağ qolundan qəsdən iki dəfə zərbə endirib sağ said nahiyəsinin, saidin bükücü əzələlərinin və mil arteriyasının hissəvi kəsilməsi ilə müşahidə olunan deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra cinayət əməlini davam etdirərək əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 sağ qolundan qəsdən bir dəfə zərbə endirib sağ dirsək nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndliləridir. Məhəmməd ilə məktəbdə eyni sinifdə oxumuşdur, qardaşı Turalla isə Abşeron rayonu Xırdalan şəhərində yerləşən eyni ünvandakı ayrı-ayrı fərdi yaşayış evlərində kirayədə yaşamışdır. Əvvəllər həm Tural, həm də Məhəmmədlə münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 21 iyul 2022-ci il tarixdə Məhəmməd mobil telefonla zəng edərək işlədiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və X2 şəhərinə gələcəyini, gələndə onunla görüşüb hal-əhval tutmaq istədiyini bildirmişdir. O, Məhəmmədə gələrkən görüşə biləcəyini söyləmiş, ertəsi gün Məhəmməd yenidən ona zəng edib Xırdalan şəhərində olduğunu demiş, o, həmin vaxt işdə olduğu üçün Məhəmmədə axşam saatlarında görüşməyi təklif etmişdir Saat 20:00 radələrində arvadı Səidə mobil telefon vasitəsilə ona zəng edərək Turalın qardaşı Məhəmmədi öz evinə gətirməsi və Turalgillə birlikdə qalması barədə məlumat vermişdir. İşlərini bitirib taksi ilə evə qayıdarkən avtomobili Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin qarşısında saxladaraq yerə düşmüş və Turalın mobil nömrəsinə zəng edib evdə olmadığı halda, arvad-uşağının evdə tək olduğunu bilə-bilə nə üçün qardaşını evinə gətirdiyini soruşmuşdur. Tural “Qardaş mənimdir, özüm bilərəm. Sənə nə dəxli var” deyib ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Turala özü işdən evə gələnədək bir də həyətə daxil olmamalarını söyləməsinə baxmayaraq, kirayədə yaşadığı ünvana çatıb həyətə daxil olanda Tural və Məhəmmədin qapını açıq qoyaraq uzandıqlarını görmüş, buna görə də Turalı bayıra çağırıb işi olduğunu demiş, Turalla birlikdə küçəyə çıxanda Məhəmməd də onların arxasınca gəlmiş, Turaldan ailə-uşağı evdə ola-ola niyə qapını açıq qoyub uzandıqlarını soruşanda, Tural “Özüm bilərəm, necə yatıram, necə uzanıram” cavabını vermişdir. Daha sonra Tural və Məhəmməd onun üzərinə gəlib yumruqla vuran zaman o isə özünü müdafiə etməyə başlamışdır. Həmin vaxt qonşuları çölə çıxdıqlarını xatırlamasa da, küçədən keçən tanımadığı şəxslər yaxınlaşıb onları ayırmışlar. Ardınca Tural və Məhəmməd ondan uzaqlaşıb həyətə daxil olmuşlar. O, vəziyyətin belə olduğunu görüb evə qayıtmış və köçmək üçün əşyalarını yığmışdır. Lakin axşam saatları olduğu üçün qapını bağlayıb evdə qalmağa, ertəsi gün isə yaşadığı evdən köçməyə qərar vermişdir. Bir qədər sonra qapı döyülmüş, qapını açanda Turalın qapının ağzında dayandığını görmüşdür. Tural onunla söhbət etmək üçün birlikdə küçəyə çıxmaq istədiyini bildirsə də, ertəsi gün söhbət etmələrinin daha yaxşı olacağını bildirərək imtina etmişdir. Ancaq Tural onun sözlərinə məhəl qoymadan təkidlə ondan küçəyə çıxmasını istədiyi üçün içəri keçib köynəyini geyinmiş və Turalla birlikdə küçəyə çıxmışdır. Onların küçəyə çıxdıqlarını görən Məhəmməd də arxalarınca gəlməyə başlamışdır. Tural onu kirayədə yaşadıqları evin yaxınlığından keçən dəmiryoluna tərəf aparanda həmin yerin tənha, insanlardan uzaq olduğunu hiss etmiş və yaxşı bir yer tanıdığını bildirərək onları “Uğur Market” adlı mağazanın yaxınlığına, insanların sıx olduğu yerə tərəf aparmışdır. Tural ilə birgə addımlayıb zibil yeşiklərinin olduğu yerə doğru getdikləri vaxt Məhəmməd də onların yanı ilə hərəkət etmişdir. Yeşiklərin yanına çatanda Tural ilə arasında sözlə mübahisə yaranmışdır. Elə bu an qəflətən Məhəmməd onun sağ qolundan tutmuş, daha sonra Turala onu vurmasını bildirmişdir. Tural onu vurmaq üçün əynindəki paltarın cibindən bıçaq çıxarmış və o, cəld hərəkətlə bıçağı Turalın əlindən alaraq onları qorxutmaq üçün havada sağa-sola yellətməyə başlamışdır. Buna baxmayaraq, Tural və Məhəmməd onun üzərinə gəldiyi görüb yenidən onları dayandırmaq məqsədilə bıçağı yellətməyə davam etmişdir. Bu zaman bıçaq Tural və Məhəmmədin sağ qoluna toxunmuş və qollarından axan qan əlinə bulaşmışdır. Bunu görən kimi oradan qaçıb uzaqlaşmış, bıçağı isə xatırlamadığı yerdə yolun kənarına tullamışdır. Sonda o, himayəsində bir azyaşlı uşağının olmasını və “Vətən müharibəsi” iştirakçısı olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs onun həmyerlisidir və Nicatı uşaqlıqdan tanıyır. 22 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığında Nicat ona və qardaşı Məhəmmədə bıçaqla xəsarətlər yetirmişdir. O, təxminən 2022-ci ilin mart ayında Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini kirayələyərək arvadı Baharla birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Bundan 1-2 ay sonra Nicatın ailəsini dolandıra bilmədiyini və maddi baxımdan korluq çəkdiyini öyrənmişdir. Nicata yazığı gəldiyi üçün arvadı ilə kirayələdiyi evə köçməsini və həmin evin ayrı-ayrı otaqlarında qalmağı, evin kirayə pulunu birlikdə verməyi təklif etmişdir. Nicat onun bu təklifi ilə razılaşaraq həmin evə köçərək arvadı Səidə ilə birlikdə evin qonşu otağında yaşamışdır. 21 iyul 2022-ci il tarixdə qardaşı Məhəmməd onunla mobil telefon əlaqəsi saxlayaraq məzuniyyətin son gününü onlarla keçirib ertəsi gün xidmət etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə qayıdacağını bildirmişdir. Qardaşının onlarla gecələməsinə etiraz etməyərək Məhəmmədə Salyan rayonundan Xırdalan şəhərinə gəlib çatanda qarşılamaq üçün xəbər etməsini bildirmiş, çünki Məhəmməd əvvəllər heç vaxt qaldığı evə gəlmədiyi üçün ünvanı bilməmişdir. Sonradan Məhəmmədin məktəbdə sinif yoldaşı olduğunu bilmişdir. Daha sonra o, Nicatla da əlaqə saxlamış və Xırdalan şəhərinə gələndə görüşüb hal-əhval tutmaq istəmişdir. 22 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində Məhəmməd mobil telefonuna zəng edib Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin qarşısında olduğunu və qarşısına çıxmasını bildirmiş, Tural ona bir qədər irəli gəlməsini, onu qarşılamaq üçün evdən çıxdığını söyləmiş, bir neçə dəqiqə sonra Məhəmmədlə küçədə qarşılaşıb onu evə aparmışdır. Yolda olarkən Nicat mobil telefonuna zəng edərək Məhəmmədin nə üçün gəldiyini soruşmuş, o isə qardaşının bir gün onlarla qalıb ertəsi gün xidməti yerinə qayıdacağını demiş və telefon danışığı başa çatmışdır. Təxminən 5 dəqiqə sonra Nicat yenidən zəng etdiyi üçün Məhəmməddən kənarlaşaraq telefonla danışmağa başlamışdır. Nicat telefon danışığı zamanı Məhəmmədin gecəni yaşadıqları evdə keçirməsinə narazılığını bildirmiş, o isə Nicata vaxtilə öz qardaşını yaşadıqları evə gətirdiyini demişdir. Telefon danışığı başa çatdıqdan təxminən 5 dəqiqə sonra Nicat özünü onların yanına çatdırmış və Məhəmmədlə görüşdükdən sonra söz demək üçün onu kənara çəkmişdir. Söhbət zamanı Nicat ona Məhəmmədin gecəni onların evində keçirməsini istəmədiyini bildirsə də, bunun mənasız olduğunu demişdir. Ardınca Nicat əsəbi şəkildə onlardan aralanaraq çıxıb getmiş, daha sonra qardaşı ilə birlikdə ərzaq mağazasına baş çəkib axşam yeməyi hazırlamaq üçün ərzaq almış və evə yollanmışlar. Evə çatdıqdan sonra yenicə yemək yeməyə başlayanda Nicat da evə gəlmiş və yaşadığı otağa daxil olmuşdur. Bir qədər sonra gələn səslərdən Nicatın arvadı Səidə ilə mübahisə etdiyini eşitmiş, nə baş verdiyini öyrənmək üçün ayağa qalxıb Nicatın ailəsinin yaşadığı otağa doğru getmiş, qapını açdıqda Nicatdan nə baş verdiyini soruşmasına baxmayaraq, Nicat ona kobud tərzdə “Sənə qalmayıb, öz ailəvi məsələmdi” deyib qapını sərt şəkildə bağlamış və arvadı ilə mübahisəni davam etdirmiş, sonra yenidən Nicatgilin qaldıqları otağın qapısını döyüb Nicatı çağırmış və əgər bu şəkildə narazılıq yaradacaqsa, ailəsini də götürüb çıxıb getməsini istəmişdir. Nicat ona gözləməsini, bir qədər sonra söhbət etmək üçün onu çağıracağını bildirmiş, bundan sonra Məhəmməd ona Nicatın yetim uşaq olduğunu bildirib ona baş qoşmamasını məsləhət görmüş və həyətə çıxıb siqaret çəkməyi təklif etmişdir. O, qardaşı ilə birlikdə həyətə düşüb siqaret çəkdikdən 10-15 dəqiqə sonra evə daxil olub mobil telefonunu götürməyə getmiş, bu zaman enerji yığmaq üçün otaqda qoyduğu telefonun ekranının çatladığını görmüş, bu barədə Nicatdan soruşduqda, Nicat bundan xəbərsiz olduğunu söyləmiş, nəticədə aralarında sözlə mübahisə yaranmışdır. O, məsələni aydınlaşdırmaq məqsədilə Nicata qapının ağzına çıxaraq söhbət etməyi təklif edib həyətə çıxmış, bir neçə dəqiqə sonra Nicat onun yanına gəlmiş və onlar birlikdə küçəyə çıxıb addımlamağa başlamışlar. Həmin vaxt Məhəmməd də arxalarınca gəlmiş, geriyə çevrilib qardaşından evə qayıtmasını istəsə də, Məhəmməd su almaq üçün mağazaya getdiyini, Nicatın özü ilə bıçaq götürdüyünü, ehtiyyatlı olmasını demiş, o, Məhəmmədin sözlərinə əhəmiyyət vermədən bir daha qardaşından geri qayıtmasını tələb etmişdir. Bu zaman Nicat ən öndə, özü Nicatdan təxminən 3-4 addım arxada, Məhəmməd isə ondan 5-6 addım arxada hərəkət etmişdir. Nicatın yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazaya çatmasına təxminən 5-10 metr qalmış tanımadığı 20-25 yaşlı bir nəfər şəxs haradansa gəlib Nicata qoşulmuşdur. Bir neçə addım sonra Nicatın həmin şəxsdən söhbətdə düzgünlüyə fitva verməsini və kimin haqlı olduğunu söyləmək istədiyini eşitmişdir. bir qədər getdikdən sonra Nicat onları adı çəkilən mağazanın yaxınlığına, insanların keçib getdiyi istiqamətə, zibil qutularının qoyulduğu yerə aparmışdır. Həmin vaxt Məhəmməd onların arxalarınca addımlamağı davam etdirmiş, yeşiklərin yanına çatanda Nicatla arasında Məhəmmədin yaşadıqları evdə gecələməsi ilə bağlı mübahisə yaranmışdır. Nicatın əlini belinə atdığını görən kimi Məhəmməd qaçaraq yaxınlaşıb “Ayıb deyil sənin üçün? Bıçağa əl atırsan? Bu nə hərəkətdi?” demiş və onunla Nicatın arasına keçib hər hansı hadisənin törənməsinə mane olmağa çalışmışdır. Bu zaman küçədə ətrafdan insanlar keçib getmiş, Məhəmməd üzünü Nicata tərəf çevirəndə Nicat bıçaqla sağ qolundan qəsdən iki dəfə zərbə vurmuş və qardaşının qolundan qan axmağa başlamışdır. Nicatın Məhəmmədə xəsarət yetirdiyini görən kimi aralarına keçmiş, nəticədə Nicat onun da sağ qolundan bıçaqla qəsdən bir dəfə zərbə endirmişdir. Nicat bıçaqla onlara xəsarət yetirərkən ətrafda Nicatın tanışı olan tanımadığı şəxsi görməmişdir. Belə ki, həmin şəxs hadisəyə heç bir müdaxilə etmədən qorxaraq oradan çıxıb getmişdir. Ona və qardaşına xəsarət yetirməsinə baxmayaraq, Nicat sakitləşməmiş, onun üzərinə gəlməyi davam etdirmiş, o, özünü müdafiə etmək və Nicatın növbəti bıçaq zərbələrindən yayınmaq üçün 1-2 addım arxaya çəkilmiş və zibillikdən götürdüyü karton hissəsi ilə özünü müdafiə etməyə çalışmışdır. Elə bu vaxt küçədən keçən tanımadığı şəxslər onlara yaxınlaşmış, bunu görən Nicat əlindəki bıçaqla birlikdə qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra həmin şəxslər ona və Məhəmmədə köməklik göstərib yaxınlıqdakı meyvə-tərəvəz dükanının yanına aparmış və su ilə yaralarını təmizləyərək sarımışlar. Ardınca o, qardaşı Məhəmmədlə birlikdə yaşadıqları evə getmiş, bir qədər özünə gəldikdən sonra Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət edərək Nicatın qardaşına bıçaqla qolundan xəsarət yetirməsi barədə məlumat vermişdir. Gecə saatlarında qanı saxlaya bilmədikləri üçün M.A.Topçubaşov adına X1 müraciət etmiş, ertəsi gün ərizə yazmaq məqsədilə Abşeron rayon Polis İdarəsinə müraciət getmişlər. Sonda o, təqsirləndirlən şəxsdən şikayətçi olduğunu bildirərək ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 22 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığında uşaqlıqdan tanıdığı və məktəbdə eyni sinifdə oxuduğu Təqsirləndirilən şəxs ona və qardaşına bıçaqla xəsarətlər yetirmişdir. Belə ki, qardaşı Tural təxminən 2022-ci ilin mart ayında Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini kirayələyərək arvadı Baharla birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Bundan 1-2 ay sonra qardaşı Nicatın ailəsini dolandıra bilmədiyi və maddi sıxıntıları olduğu üçün Nicata ailəsi ilə birlikdə kirayə qaldığı evə köçməyi və həmin evin ayrı-ayrı otaqlarında yaşamağı, bu yolla kirayə pulunu verməkdə çətinlik çəkməyəcəyini bildirmişfir. Nicat da Turalın bu təklifi ilə razılaşaraq həmin evə köçmüşdür. Həmin vaxtdan Nicat və Tural sözügedən ünvanda öz ailələri ilə birlikdə yaşamağa başlamışlar. 2022-ci ilin iyun ayının ortalarında o, təhsil aldığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzindən 1 aylıq məzuniyyətə buraxılmış, buraxılışın son gününü qardaşı ilə birlikdə keçirib ertəsi gün xidməti yerinə qayıtmaq qərarına gəlmişdir. Həmin dövrdə Nicatla münasibəti yaxşı olduğu üçün 21 iyul 2022-ci il tarixdə mobil telefon vasitəsilə Nicata zəng edib ertəsi gün Xırdalan şəhərinə gələcəyini, gələndə görüşüb hal-əhval tutmaq istədiyini bildirmişdir. Nicat ona gələndə görüşə biləcəklərini, buna görə xəbər etməyi tapşırmışdır. Ertəsi gün saat 20:00 radələrində Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin qarşısına çatıb yenidən Nicatla mobil telefon əlaqəsi saxlamışdır. Həmin vaxt Nicat ona işdən çıxdığını, təxminən 10-15 dəqiqə sonra olduğu yerə çatacağını bildirmişdir. Nicatla danışdıqdan sonra Turala zəng edib Xırdalan şəhərinə çatdığını, ancaq yaşadığı evi tanımadığı üçün onu qarşılamasını bildirmişdir. Tural bir qədər irəli gəlməsini, özünün onu qarşılamaq məqsədilə evdən çıxdığını söyləmişdir. Bir neçə dəqiqə sonra qardaşı gəlib onu qarşılayaraq yaşadığı evə aparmışdır. Yolda olarkən Nicat Turalın mobil telefonuna zəng edərək Turaldan onun nə üçün gəldiyini soruşmuş, Tural isə onun bir gün onlarla birlikdə gecələyib ertəsi gün xidməti yerinə qayıdacağını demiş və telefon danışığı başa çatmışdır. Təxminən 5 dəqiqə sonra Nicat yenidən zəng etdiyi üçün Tural ondan bir qədər kənarlaşaraq telefonla danışmağa başlamışdır. Başa düşdüyü qədər ilə Nicat gecəni qardaşıgillə keçirməsinə narazılığını bildirmiş, qardaşı isə Nicata vəziyyəti izah etməyə çalışmışdır. İkinci telefon danışığı başa çatdıqdan təxminən 5 dəqiqə sonra Nicat özünü onların yanına çatdırıb soyuq şəkildə onunla görüşərək Turalla ikilikdə bir qədər kənara çəkilib söhbət etmişdir. O, söhbətin onun həmin gecəni Turalgilin evində gecələyəcəyi ilə bağlı olduğunu başa düşmüşdür. Bir neçə dəqiqə sonra Nicat oradan çıxıb naməlum istiqamətə getmiş, bundan sonra qardaşı ilə birlikdə ərzaq mağazasına gedib axşam yeməyi üçün bəzi ərzaqlar almış və evə yollanmışlar. Evə çatdıqdan sonra yenicə yemək yeməyə başlayanda Nicat özünü evə çatdırmış və yaşadığı otağa daxil olmuşdur. Bir qədər sonra gələn səslərdən o, Nicatın arvadı Səidə ilə nəyəsə görə mübahisə etdiklərini eşitmiş, buna görə də Tural nə baş verdiyini öyrənmək üçün ayağa qalxıb Nicatın ailəsinin yaşadığı otağa getmiş, Nicat qapını açdıqda Tural nə baş verdiyini soruşsa da, Nicat kobud tərzdə “Sənə qalmayıb, öz ailəvi məsələmdi” ifadəsini işlədərək qapını bağlamış və arvadı ilə mübahisə etməyə davam etmişdir. Tural ikinci dəfə Nicatgilin qaldıqları otağın qapısını döyüb Nicatı çağırmış və əgər bu şəkildə narazılıq yaradacaqsa, ailəsini də götürüb çıxıb getməsini istəmişdir. Nicat qardaşına bir qədər gözləməsini, otaqdan çıxanda söhbət edəcəklərini bildirmişdir. O, Turala yaxınlaşıb Nicatın yetim uşaq olduğunu bildirib qardaşına siqaret çəkməyi təklif etmişdir. Tural onunla onunla birlikdə həyətə düşüb siqaret çəkməyə başlamışlar. Bundan 10-15 dəqiqə sonra onlar evə daxil olanda Tural enerji yığmaq üçün otaqda qoyduğu mobil telefonunun ekranının çatladığını görmüş, bu barədə Nicatdan soruşanda, Nicat bundan xəbərsiz olduğunu söyləmiş və aralarında sözlə mübahisə yaranmışdır. Daha sonra Tural məsələni aydınlaşdırmaq məqsədilə Nicata qapının ağzına çıxıb söhbət etməyi təklif etmiş və evdən çölə çıxmışdır. Nicat çölə çıxanda əynindəki şalvarın belində - sol arxa tərəfdə bıçaq olduğunu görsə də, bu barədə Turala heç bir şey demədən onlardan təxminən 3-4 dəqiqə sonra özü də küçəyə çıxıb arxalarınca getməyə başlamışdır. Bir qədər irəlilədikdən sonra Tural onların arxasınca gəldiyini hiss etdiyi üçün geriyə çevrilib ondan evə qayıtmasını istəmişdir. Turala yalandan su almaq üçün mağazaya getdiyini və əlavə olaraq Nicatın özü ilə bıçaq götürdüyünü, buna görə də ehtiyatlı olmasını bildirmişdir. Turalın geri qayıtması ilə bağlı təkidlərinə baxmayaraq, Nicat ən öndə, Tural Nicatdan təxminən 3-4 addım arxada, özü isə qardaşından 5-6 addım arxada hərəkət etmişdir. Nicatın yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazaya çatmasına təxminən 5-10 metr qalmış tanımadığı 20-25 yaşlı bir nəfər şəxs haradansa çıxıb Nicata qoşulmuşdur. Bir neçə addım sora eşitmişdir ki, Nicat həmin şəxsdən söhbətdə düzgünlüyə fitva verməsini və kimin haqlı olduğunu söyləməsini istəyir. Bundan sonra Nicat onları adı çəkilən mağazanın yaxınlığında, insanların keçib getdiyi istiqamətə zibil yeşiklərinin qoyulduğu yerə aparmışdır. Bu zaman o, Nicatın, tanımadığı şəxsin və Turalın arxasınca addımlamağı davam etdirmişdir. Qutuların yanına çatanda Tural və Nicat arasında ona məlum olmayan səbəbdən mübahisə yaranmışdır. Nicatın əlini belinə atdığını görən kimi iti yerişlə yaxınlaşıb “Ayıb deyil sənin üçün? Bıçağa əl atırsan? Bu nə hərəkətdi?” demiş və qardaşı ilə Nicatın arasına keçib hər hansı hadisənin törənməsinə mane olmağa çalışmışdır. Bu zaman küçədə ətrafdan insanlar keçib getmişlər. Üzünü Nicata tərəf çevirəndə Nicat bıçaqla sağ qolundan qəsdən iki dəfə zərbə vurmuş və qolundan qan axmağa başlamışdır. Tural Nicatın bıçaqla ona xəsarət yetirdiyini görən kimi aralarına keçmiş, nəticədə Nicat qardaşının da sağ qolundan qəsdən bir dəfə zərbə vurmuşdur. Nicat bıçaqla onlara xəsarətlər yetirən zaman ətrafda Nicatın tanışı olan şəxsi görməmişdir. Belə ki, həmin şəxs hadisəyə heç bir müdaxilə etmədən qorxaraq oradan çıxıb getmişdir. Onlara xəsarət yetirməsinə baxmayaraq Nicat sakitləşməmiş, Turalın üzərinə getməyi davam etmiş, Tural isə özünü müdafiə etmək və Nicatın növbəti bıçaq zərbələrindən yayınmaq üçün 1-2 addım arxaya çəkilərək zibillikdən götürdüyü karton hissəsi ilə özünü müdafiə etməyə çalışmışdır. Elə bu vaxt küçədən keçən tanımadığı şəxslər onlara doğru gəldiyini görən Nicat əlindəki bıçaqla birlikdə qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra həmin şəxslər ona və Turala köməklik göstərib yaxınlıqdakı meyvə-tərəvəz dükanının yanına aparmış və su ilə onların yaralarını təmizləyərək sarımışlar. Ardınca o, qardaşı Turalla birlikdə yaşadıqları evə getmiş, Tural bir qədər özünə gəlib Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət edərək Nicatın ona bıçaqla qolundan xəsarət yetirməsi barədə məlumat vermişdir. Gecə saatlarında qanı saxlaya bilmədikləri üçün özü və qardaşı M.A.Topçubaşov adına X5 Xəstəxanasına, ertəsi gün ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişlər. Sonda o, təqsirləndirlən şəxsdən şikayətçi olduğunu bildirərək ona ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan “MTE və PA Birliyi”-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 1665 nömrəli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 kliniki və məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sağ dirsək nahiyəsinin deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir, törədilmə müddəti 22 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Abşeron rayon şöbəsinin 20 yanvar 2022-ci il tarixli 1779 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ said nahiyəsinin, saidin bükücü əzələlərinin və mil arteriyasının hissəvi kəsilməsi ilə müşahidə olunan deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, 22 iyul 2022-ci il tarixdə əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan rayon İcra Hakimiyyəti başçısının Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 dekabr 2022-ci il tarixli 794 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə P.Gəncəli kəndində qeydiyyatdadır və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı-xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materialalrına əlavə olunmuş vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olmasını və İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, 127.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, 127.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı və cəzaçəkmənin əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, , maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-305/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-305/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver