Məhkəmə qərarları › İş №1(012)-309/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-309/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-309/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Ağsu rayonu, Hacman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 09.12.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1, 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.12.2020-ci il tarixdə saat 20 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz 200» markalı, **-FY-*** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə Abşeron rayonu, Novxanı-Binəqədi avtomobil yolunda Binəqədi qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı halda buna riayət etməmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yolun Novxanı kəndi ərazisindən keçən hissəsində dayanmış piyada xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi minik avtomobilinin qabaq sol hissəsi ilə yolun hərəkət hissəsinin sağ kənarından 4,9 metr məsafədə ehtiyatsızlıqdan vurmaqla ona - sol baldır sümüklərinin yuxarı 1/3-nin, sol körpücük sümüyünün və sol kürək sümüyünün yerdəyişən qapalı sınıqları, baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sağ əlin və hər iki pəncənin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla yol hərəkəti qaydalarını pozmuş və hadisə barəsində müvafiq orqanlara xəbər verməli, xəsarət alana yardım göstərməli halda buna riayət etməmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, avtomobil idarə etməyə “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə baş verən zaman özünə məxsus “Mercedes Benz 200” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. 08.12.2020-ci il tarixdə saat 18 radələrində işlədiyi «2111» taksi şirkətində Sumqayıt şəhərinə sifarişi qəbul etmişdir. Müştərini götürdükdən sonra Sumqayıt şəhərinə gətirmişdir. Sumqayıt şəhərində olan zaman isə Əhmədli qəsəbəsinə sifarişi qəbul etmiş və yolun yaxın olması üçün Novxanı-Binəqədi avtomobil yolu ilə hərəkət etmişdir. Hərəkətdə olan zaman tanımadığı sərnişin avtomobilinin qabaq sərnişin oturacağında oturubmuş. Həmin vaxt o, avtomobili 50-60 km/saat sürətlə idarə edirmiş, hava isə çiskin yağışlı olmuşdur. Novxanı-Binəqədi avtomobil yolu ilə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, yolun Abşeron rayonu, Novxanı qəsəbəsindən keçən hissəsində “Dalğa” ticarət mərkəzinə çatmamış, yolu soldan sağa iti addımlarla keçən piyadanı vurmuşdur. O, əvvəlcə kimi vurduğumu bilməsə də, sonradan piyadanı vurduğunu bilmiş və qorxduğu üçün hadisə yerindən dərhal uzaqlaşmışdır. Bakı şəhəri Əhmədli qəsəbəsində sərnişini düşürtdükdən sonra, yaşadığı evə getmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən təxminən 2-3 saat sonra, Abşeron RPİ-dən polis əməkdaşı tərəfindən onun mobil telefonuna zəng edilərək, yol nəqliyyat hadisəsi törətdiyini və həmin faktla bağlı onu Abşeron RPİ-nə dəvət etmişlər. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb həmin vaxtı havanın qaranlıq və yağışlı olması olmuşdur. Hadisə baş verən zaman, avtomobili 60 km/saat idarə edirmiş, avtomobili idarə edən zaman spirtli içkilərdən istifadə etməmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08.12.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Abşeron rayonu, Novxanı kəndindən həmin kənddə yerləşən hazırlıq kursuna getmişdi. Həmin gün saat 20 radələrində Abşeron rayonu ərazisindən keçən Novxanı-Binəqədi avtomobil yolunu sağdan-sola piyada keçən zaman, sağına-soluna baxmış və sağ tərəfdən avtomobillərin uzaq məsafədə olduğunu görüb həmin yolu Binəqədi rayonu istiqamətində olan hərəkət hissəsini keçmiş və qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xəttində dayandığı zaman, sonradan bildiyi «Mercedes Benz 200» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hisəsi ilə onu sol tərəfdən vurmuş və nəticədə o, ayağından xəsarət almışdır. Hadisə zamanı onun tanıdğı şəxslərdən orada kimsə olmamışdır. O, xəttin üzərində dayanmış vəziyyyətdə olan zaman, «Mercedes Benz 200» markalı avtmobili ümumiyyətlə görməmişdir. «Mercedes Benz 200» markalı avtmobil onu sol tərəfdən sol ayağından vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə verərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 04.03.2021-ci il tarixli 10Ə nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol baldır sümüklərinin yuxarı 1/3-nin, sol körpücük sümüyünün və sol kürək sümüyünün yerdəyişən qapalı sınıqları, baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sağ əlin və hər iki pəncənin yumşaq toxumalarının əzilməsi bərk küt əşya (əşyaların) təsirindən törənmişdir; 08.12.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 01.03.2021-ci il tarixli 8/296 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki:

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes Benz 200» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alan yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Abşeron RPİ-nin DYPŞ-dən alınmış məlumata əsasən, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 09.06.1975-ci il tarixdə AC 372263 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron rayon polis idarəsinin 09.12.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09.12.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1, 264-cü maddələrilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən razılıq əldə etməsini nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətmişdir. Onun əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə ona qarşı irəli sürülmüş ittihamdan CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə davam etdirilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı Cinayət Məcəlləsinin 263.1, 264-cü maddələri ilə elan olunmuş ittihamdan zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməli, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmişi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmış, özü barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs az ağır və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi az ağır cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 09.12.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 60 saat hüquqi yardıma görə Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 360 manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 09.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 263.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar