Məhkəmə qərarları › İş №1(012)-309/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-309/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-309/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiaya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxx 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3/13də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Cabir Novruz küçəsində yerləşən fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə, saat 13 radələrində BB238507 seriya nömrəli “ B1, B, C1,C ” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi ilə Duz gölü istiqamətində 60 km/saat sürətlə hərəkət edərək yolun İlqar Abdullayev küçəsində yerləşən “Mərasim evi” nin yaxınlığından keçən hissəsində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa, həmçinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı tələblərinə əsasən nəqliyyat vasitələri nişanda göstərilən surətdən çox olmayan sürətlə hərəkdə olmaqla) həmin maddələrin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yolu sağdan sola keçən piyada X4 avtomobilin qabaq sağ qanadı ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyyatsızlığı X3 başın küt travması, baş-beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, hər iki ağciyərin əzilməsi, sol bazu, oma və hər iki qasıq sümüklərinin qapalı yerdəyişən sınıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq başın küt travması, başbeyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Cabir Novruz küçəsi, nömrəsiz fərdi evdə yaşayır. Avtomobil idarə etmək üçün “B1, b, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi varıdır. 14 aprel 2023-cü il tarixdə saat 13 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlkı avtomobillə “Saray” körpüsündən üzü “Duz” gölü istiqamətində hərəkət etmişdir. “Dəlixana” dairəsi adlanan yeri keçdikdən təxminən 300 metr məsafədə “Playstation” klubun yaxınlığında yolun sağ kənarında təxminən 50 metr məsafədə kürəyində məktəbli çantası olan qız uşağının dayandığını görmüşdür. Təxminən 15 metr məsafədə həmin qız yolun əks istiqamətinə baxa-baxa yolu keçməyə başlamışdır. O, dərhal əyləci sıxmış və bununla paralel siqnal verərək avtomobilin sükanını sol tərəfə burmuşdur. Buna baxmayaraq həmin qız avtomobilinin ön sağ qanadına, daha sonra mühərrik örtüyünə çırpılaraq yerə yıxılmışdır. O, dərhal avtomobildən yerə düşərək həmin qıza yaxınlaşmışdır. Əlləri ilə qızın üzünü özünə tərəf çevirmiş və gözlərinin açıq olduğunu ancaq danışa bilmədiyini müşahidə etmişdir. Həmin qızın üzünü su ilə yumuş və ətrafdakı insanlardan təci-tibbi yardına zəng etmələrini xahiş etmişdir. Təxminən 6-7 dəqiqə gözləməyinə baxmayaraq təcili-tibbi yardım avtomobili gəlməmişdir. Bu vaxt bir nəfər tanımadığı şəxs yqaxınlaşaraq onun kənara çəkilməsini istəmişdir. O, kənara çəkilmişdir. Həmin şəxs qıza baxmış və qulağından qan gəldiyini ancaq hələ yaşadığını demişdir. Bundan sonra həmin şəxs qızı götürərək idarə etdiyi ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Lexus” markalı avtmbilin arxa oturacağına qoymuşdur. Sonra ona qızı Sumqayıt şəhərində yerləşən travmatologiya xəstəxanasına apardığını demiş və onun arxasınca gəlməsini istəmişdir. O, idarə etdiyi avtomobilə əyləşərək həmin şəxsin arxası ilə 400-500 metr getmiş ancaq özünü pis hiss etdiyi üçün avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Avtomobildən düşərək səkinin üzərində oturmuş və baş vermiş hadisə barədə qardaşı Ayxana məlumat vermişdir. Təxminən 15-20 dəqiqədən sonra qardaşı Ayxan gələrək oradan onu götürmüş və Sumqayıt şəhərində yerləşən travmatologiya xəstəxanasına aparmışdır. Orada ona məlum olmuşdur ki, idarə etdiyi avtomobillə vurduğu qız xx.xx.2009-cü il təvəllüdlü X5r. Həmin gün yəni, 14 aprel 2023-cü il tarixdə saat təxminən 18 radələrində Ləman Hətəmovanın 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılacağını eşitmiş və dərhal həmin xəstəxanaya getmişdir. Təxminən 30 dəqiqədən sonra Ləman Hətəmovanı həmin xəstəxanaya gətirmişlər və o, səhərə kimi həmin xəstəxanada qalmışdır. 15 aprel 2023-cü il tarixdə xəstəxanadan Ləman Hətəmovanın sağ olması və əməliyyat olunacağı barədə məlumat aldıqdan sonra evə getmişdir. 15-16 aprel 2023-cü il tarixdə günün çox hissəsini həmin xəstəxanada olmuşdur. 17 aprel 2023-cü il tarixdə xəstəxanaya gedərkən polis əməkdaşları ona məlumat verərək Ləman Hətəmovanın öldüyünü demişlər. Bundan sonra o, Abşeron rayon Polis İdarəsinə getmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Xahiş edir ki, ona yüngül cəza təyin edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, “Badamlıq” yaşayış massivi, Ömər Xəyyam küçəsi, nömrəsiz fərdi evdə yaşayır. 14 aprel 2023-cü il tarixdə saat 13 radələrində tanımadığı mobil nömrədən telefonuna zəng gəlmişdir. Telefonu açdıqda tanımadığı şəxs onun telefon nömrəsini qızı Ləmanın gündəliyindən götürdüyünü demişdir. Həmin şəxsə Ləmanın atası olduğunu demiş və nə baş verdiyini soruşduqda həmin şəxs ona qızının avtomobillə vurulması və Sumqayıt şəhəri ərazisində yerləşən Travmatologiya xəstəxanasına aparılması barədə məlumat vermişdir. O, dərhal evdən çıxmış və həmin xəstəxanaya getmişdir. Xəstəxanada ona həkimlər tərəfindən məlumat verilmişdir ki, “Ləman qapalı kəllə beyin travması almışdır”. Həmin xəstəxanada “MRT” cihazı olmadığı üçün Ləmanın 1 saylı Şəhər Kliniki Xəstəxanasına köçürülməsinə zərurət yarandığından həmin gün yəni 14 aprel 2023-cü il tarixdə saat təxminən 21 radələrində Ləmanı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Ləman həmin xəstəxanada müayinə olunduqdan sonra həkimlər Ləmanın əməliyyat olunmasının mümkünsüz olduğunu demişlər. 17 aprel 2023-cü il tarixdə saat 15 radələrində 1 saylı Şəhər Kliniki Xəstəxanasında olduğu zaman həkimlər onlara qızı Ləmanın ölməsi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs xəstəxanaya, yas mərasiminə gəlməmiş, ona baş sağlığı belə verməmişdir. Dəymiş ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 14 aprel 2023-cü il tarixdə saat 13 radələrində idarə etdiyi “Lexsus ** İS *** minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi ilə Duz gölü istiqamətində 40 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt qarşısında onunla eyni istiqamətdə qırmızı rəngli “Vaz 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etmişdir. Həmin vaxt qırmızı rəngli “Vaz 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Abdullayev küçəsində yerləşən “Mərasim evi” nin yaxınlığından keçən hissəsində yolu sağdan sola keçən azyaşlı məktəbli formasında olan qız uşağını vurmasını görüb qorxaraq avtomobili kənara çəkib saxlamışdır. Özünə gəlib hadisə yerinə yaxınlaşaraq “Vaz 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adını sonradan Toğrul olduğunu bildiyi şəxsə kənara çəkilməsini bildirmişdir. Sonra qıza baxmış və qulağından qan gəldiyini görmüş və oradakılara qızın hələ yaşadığını demişdir. Bundan sonra həmin qızı idarə etdiyi avtomobilə qoyub Vaz 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə demişdir ki, “mən qızı Sumqayıt şəhərində yerləşən travmatologiya xəstəxanasına aparıram sən də avtomobilinə əyləş mənim arxamca gəl”. Həmin şəxs də onunla razılaşıb idarə etdi avtomobilinə minərək onun arxasınca gəlmişdir. O, həmin qızı Sumqayıt şəhərində yerləşən travmatologiya xəstəxanasına aparmışdır. Orada bilmişdir ki, həmin qız xx.xx.2009-cü il təvəllüdlü X5r. Xəstəxanada həkimlər həmin qıza tibbi yardım göstərmişlər. Sonradan eşitmişdir ki, həmin qız Bakı şəhərində yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Cabir Novruz küçəsi, nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Toğrulla hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Toğrul “VAZ 2107” markalı, **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Bildirmişdir ki, 14 aprel 2023-cü il tarixdə saat 13 radələrində qardaşı Toğrul onun mobil telefonuna zəng edərək ona bildirmişdir ki, “14 aprel 2023-cü il tarixdə saat 13 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində piyada yolu keçən məktəbli qızı vurmuş və həmin qızı oraya gəlmiş tanımadığı şəxs Sumqayıt şəhərində yerləşən travmatologiya xəstəxanasına aparmışdır”. O, qardaşı Toğruldan bu xəbəri eşitdikdən sonra tez Toğrulun yanına gedib Toğrulla bir yerdə Sumqayıt şəhərində yerləşən travmatologiya xəstəxanasına getmişlər. Orada ona məlum olmuşdur ki, qardaşı Toğrul idarə etdiyi avtomobillə vurduğu qız xx.xx.2009-cü il təvəllüdlü X5r. Həmin gün yəni, 14 aprel 2023-cü il tarixdə saat təxminən 18 radələrində Ləman Hətəmova Bakı şəhərində yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. 17 aprel 2023-cü il tarixdə eşitmişdir ki, X7 Bakı şəhərində yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin 08 may 2023-cü il tarixli 50 saylı rəyindən görünür ki, 2009-cu il təvəllüdlü X3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmiş xəsarətlər-başın küt travması, baş-beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, hər iki ağciyərin əzilməsi, sol bazu, oma və hər iki qasıq sümüklərinin qapalı yerdəyişən sınıqları, qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişlər, ölümlə bir başa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni X3 piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür.

2. X3 ölümünə səbəb – başın küt travması, baş-beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı olmuşdur.

3. X3 ölümü KTM-də xx.xx.2023-cü il tarixdə saat 17:20-də baş vermişdir.

4. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 8/2661 saylı rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən ““VAZ 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64cü maddəsinin 1-ci hissəsinin(3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı), 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı), tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 13 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada xx.xx.2009-cü il təvəllüdlü X4 vurduğu yer Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Abdullayev küçəsində yerləşən “Mərasim evi” nin yaxınlığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 14 aprel 2023cü il tarixli 2377 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 15:20-də ayıq vəziyyətdə olmuşdur. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2023-ci il tarixli 016-165-437-1223 saylı məktubundan görünür ki, xx xxx 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3/13-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlıdır) BB 238507 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “VAZ 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən xx.xx.2032-cü il tarixdək olan müddət ərzində etibarnamə əsasında idarə edə bilər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli qərarından görünür ki, məhkəmədən yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin mərhumun ailə üzvləri ilə aralarında barışıq olmamışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə müdafiə tərəfin gətirdiyi dəlilərlə bağlı onuda qeyd edir ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar