Məhkəmə qərarları › İş №1(012)-310/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-310/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-310/2022 01.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, İ/B, ev 1-də qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs , qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 04:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin həyətində saxlanc yeri hesab edilən dəmir setka ilə ilə əhatə olunmuş tikilidə saxladığı 2000 manat dəyərində bir baş «Çivas Qanqal» cinsli 4 aylıq iti dəmir setkanı qırmaqla gizli olaraq talamış və zərərçəkmiş Zərərçəkmiş şəxs 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər cinayət törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş və 8 il 4 ay müddətinə həbs cəzasına məhkum edilmiş, cəzası yüngülləşərək 5 il 7 ay müddətinə azaldılmış və 2018-ci ilin 24 may tarixində cəzadan azad edilmişdir. Hazırda ustadır, avtomobil təmiri ilə məşğul olur. Mehdiabad qəsəbəsi, Binəqədi- Novxanı yolunun kənarında avtomobil yuma sexləri vardır, mütəmadi olaraq həmin avtoyuma sexinə gedib gəlir. Təxminən yay ayının əvvəllərindən həmin avtoyuma sexinin yanında olan ərazidə setkanın içərisində qoyun iti saxlanıldığını görmüş, bilavasitə it saxlamağa həvəskar olduğu üçün həmin itə baxmışdır. Hətta həmin itin sahibinə onun satılması ilə bağlı xəbər göndərmiş və itin sahibi də iti bir müddət sonra satmaq fikrində olacağını da bildirmişdir. O, həmin avtoyuma sexinə gəldiyi anlarda demək olar ki, hər dəfə həmin itə baxmış və elə hallar olmuşdur ki, orada olduğu anlarda itə yemək də vermişdir. Bunu həmin avtoyuma sexlərində işləyən şəxslər də görmüşlər. Avtomobil alqı-satqısı ilə məşğul olduğu üçün həmin avtoyuma məntəqəsində həftənin bazar günləri maşını yudurdub Sumqayıt şəhərində yerləşən avtomobil bazarına aparır. 22 avqust 2021-ci il tarixdə səhər tezdən avtomobilimi həmin avtoyuma məntəqəsinə gətirmiş, avtomobili yudurduqdan sonra bir iki işləri də olduğundan səhər saat təxminən 04:30 radələrində həmin avtoyuma məntəqsinə gəlmişdir. Həmin vaxtı avtoyuma məntəqəsində heç kəs olmamış, buna görə də orada setkanın içində saxlanılan iti oğurlamağı qərara almışdır. Bu məqsədlə itin saxlanıldığı yerin qarşısında olan dəmir setka çürük olduğu üçün ona qırıb aralamış və iti oradan götmüşdür. İti həmin yerdən götürdükdən sonra yaşadığı evə gətirmiş və təxminən 4-5 gün həmin iti həyətində bağlı yerdə saxlayıb qulluq etmişdir. İtə mütəmadi olaraq müxtəlif yeməklər verib ona qulluq göstərmiş, həmin iti oğurlamaqda fikri onu saxlamaq olmuş və bu məqsədlə də ona qulluq göstərmişdir. 26 avqust 2021-ci il tarixdə Mehdiabad polis bölməsinin əməkdaşı ona yaxınlaşaraq it barədə maraqlanmış, belə olduqda ona etiraf edərək itə qarşı həvəskar olduğunu bildirmiş və həmin itin də onda olduğunu demiş, sonradan götürdüyü iti polis əməkdaşlarına təhvil vermişdir. Sonda o, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində özünə məxsus avtoyuma məntəqəsi vardır. Həmin avtoyuma məntəqəsi həftənin hər günü 24 saat ərzində, yəni gecə-gündüz fəaliyyət göstərir. Həmin avtoyuma məntəqəsinin yan tərəfində, yəni həmin məntəqəyə bitişik təxminən 10 kvadrat metr sahəsi olan saxlanc yeri vardır və həmin yerdə it saxlayır, belə ki, həmin yer iki yerə bölünmüş, hər iki yerdə ayrı-ayrılıqda iki baş cinc itlər saxlamaqla məşğul olur. Həmin itlərdən biri «Çivas Qanqal» cinsli 4 aylıq itdir, digəri isə «K9» cinsli 1 illik itdir. İtlərin saxlandığı yer qapalı saxlanc yeri olmaqla dəmir setka ilə əhatə olunmuş və itlərin saxlandığı yerin qapıları qıfılla bağlanır. Həmin itlərin yanına giriş mümkün deyil və onlara yalnız kənardan yemək verilir. Göstərmişdir ki, ona məxsus avtoyuma məntəqəsinə hər tərəfdən kameralar quraşdırmış və obyekti həmin kameralar vasitəsi ilə tam müşahidə edə bilir. Yaşadığı ev həmin avtoyuma məntəqəsinin yaxınlığında yerləşdiyindən gün ərzində mütəmadi olaraq obyektə gedib gəlir. 21 avqust 2021-ci il tarixdə də gün ərzində bir neçə dəfə obyektinə gedib gəlmiş, gecə təxminən saat 01 radələrində obyektdən çıxıb evinə getmişdir. Səhərə yaxın təxminən saat 06 radələrində obyektində quraşdırdığı kameralara baxdıqda məlum olmuşdur ki, orada saxladığı «Çivas Qanqal» cinsli 4 aylıq iti naməlum şəxs tərəfindən oğurlanmışdır. Belə olduqda yaşadığı ev həmin obyektinin yaxınlığında yerləşdiyindən evdən çıxıb obyektə gəlmiş və məlum olmuşdur ki, «Çivas Qanqal» cinsli 4 aylıq iti saxladığı yerin qapısında olan dəmir setka kəsilmiş və it oradan çıxarılaraq oğurlanmışdır. Bundan sonra obyetinə quraşdırılmış kameraların fiksə etdikləri görüntülərə baxış keçirmiş və məlum olmuşdur ki, bir nəfər şəxs «Çivas Qanqal» cinsli 4 aylıq itin saxlandığı yerin qapısına yaxınlaşır və dəmir setkanı kəsir, həmin şəxs iti həmin yerdən çıxarır və qucağına götürüb aparır. Bundan sonra məlum olmuşdur ki, həmin oğurluğu edən şəxs Təqsirləndirilən şəxsdur. Belə olduqda bu barədə ərazinin əməliyyat müvəkkilinə məlumat vermiş və həmin şəxsin yaşadığı ünvana gedib oradan oğurladığı iti də aşkar edib götürmüşlər. Həmin itin aşkar edilib götürülməsi prosesində özü də iştirak etmiş və iti götürüb yenidən saxladığı obyektə geri qaytarmışdır. Göstərmişdir ki, itləri saxladığı yer avtoyuma məntəqəsinə bitişik olmaqla yan tərəfdən qapısı vardır və xüsusi dəmir setka ilə əhatə olunmaqla qapısı və üzərində də qıfılı vardır. Həmin qıfıl və qapı açılmadan itləri oradan çıxarılması mümkün deyil və itlər həmin yerdə mühafizə olunaraq saxlanılmaqla itlərin saxlandığı yer, eyni zamanda avtoyuma məntəqəsi müşahidə kameraları ilə əhatə olunmuşdur. Obyektindən oğurlanmış «Çivas Qanqal» cinsli it 4 aylıq olmaqla hazırkı satış dəyəri 2000 manat təşkil edir və baş vermiş oğurluq nəticəsində mənə 2000 manat dəyərində maddi ziyan dəymişdir. Obyektində quraşdırılmış kameraların fiksə etdiyi görüntülər kameranın yaddaşında 3 gün saxlanılır, buna görə də həmin görüntü sonradan yaddaşdan silindiyindən görüntüləri istintaqa təqdim edə bilmir. İş materiallarında Azərbaycan Respublikası Kənd X3 Xidmətlər Agentliyinin HSBX Mərkəzinin Abşeron rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış 30/6 saylı məktubla müəyyən edilmiqdir ki, 4 aylıq «Çivas Qanqal» cinsli itin bazar qiyməti 200-250 manat civarındadır. İş üzrə 4 aylıq «Çivas Qanqal» cinsli it iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2013-cü il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, həmçinin Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib cəzaları toplanmaqla 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə Nizami rayon Məhkəməsinin qərarı ilə CM-nin 180.3.3-cü maddəsi CM-nin 180.2.1 və 180.2.2-ci maddələrinə tövsif edilmiş, CMnin 66.5-ci maddəsinə əsasən 5 il 6 ay azadlıqdan məhrum etmə təyin edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3cü maddəsinə əsasən o, cinayətlərin residivi kimi qiymətləndiril-məməli və məhkumluğu ödənilmiş şəxs hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödədiyini və ondan şikayətçi olmadığını bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 232.1, 234.1 maddələri ilə cinayət törətməsi ilə əlaqədar o, xx.xx.2022-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 4 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətiimkan tədbiri seçilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayon ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayon ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Başqa cinayət törətməsi ilə əlaqədar Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətiimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabın ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar