Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-310/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 08:20 radələrində sərnişin kimi əyləşdiyi atası Şahid idarə etdiyi “Mitsubishi Pajero” markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Masazır-Novxanı yolu ilə Novxanı kəndi istiqamətində hərəkətdə olan zaman Novxanı kəndi “Duz gölü”nün kənarında onlarla eyni istiqamətdə arxadan gələn “Hyundai Elantra” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Qocabəy oğlu ilə bir-birlərinə yol vermədiklərinə görə avtomobili saxlayıb yerə düşdükdən sonra heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək zərərçəkmiş şəxsə zor tədbiq etməklə “Hyundai Elantra” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomobilin sol qabaq qapısını açıb sol ayağı ilə həmin avtomobildə əyləşmiş sürücü Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya burun nahiyəsinin, burun tənəffüsünün sol tərəfli pozulması ilə müşayiət olunan şişkinlik halında qançırı, üst dodağın selikli qişasının şişkinlik halında iki ədəd əzilmiş-cırılmış yaraları, çeynəmə aktının nisbətən pozulması ilə sol yanaq nahiyyəsinin qançırı, sağ əlin iç səthinin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2da yaşayır. Atası Əhmədov X3 rayonu, Novxanı qəsəbəsində dekorativ ağac və bitkilərin satışı ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08:20 radələrində atasın idarə etdiyi “Mitsubishi Pajero” markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomaşınla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölünün kənarı ilə, yəni Masazır-Novxanı yolu ilə Novxanı kəndi istiqamətində hərəkətdə olan zaman arxadan gələn “Hyundai Elantra” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomaşın onları ötmək üçün işıq siqnalı vermişdir. Atası idarə etdiyi avtomobilin sayrışan işığını sağa yandırıb həmin avtomaşına yol vermək istədikdə həmin avtomaşın sağ yola keçərək yüksək sürətlə hərəkətini davam etdirmişdir. İşıqforda olan zaman “Hyundai Elantra” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomaşın sürücüsü atasının idarə etdiyi avtomaşının yanına gəlib ona niyə yol vermədiyini soruşmuşdur. Atası da həmin şəxsə yolun yaxşı olmamasını dedikdə həmin şəxs atasının ünvanına nalayiq söyüşlər söymüşdür. İşıqfor yandıqdan sonra həmin şəxs yüksək sürətlə hərəkətə davam etmişdir. Atası Şahid idarə etdiyi avtomobillə işıq siqnalı verdikdə, həmin sürücü idarə etdiyi avtomobili saxlamışdır. Həmin şəxs atası ilə sözlü mübahisə etməyə başlamış və atasını söyüb təhqir edən zaman o, əsəbləşib avtomobildən düşüb həmin sürücüyə tərəf gedərək onu və atasını söyməsinə görə həmin sürücüyə yaxınlaşmış və həmin şəxsin, yəni sonradan adının Zərərçəkmiş şəxs Qocabəy oğlu olduğunu bildiyi şəxsin idarə etdiyi avtomobilin sol qabaq qapısını açıb təpiklə sürücünün ağız nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt atası ona yaxınlaşmış və onu geriyə tərəf çəkib acıqlanaraq irad bildirmişdir. Zərərçəkmiş şəxs da avtomobildən düşüb onlara tərəf gələrək nalayiq söyüşlər söyməyə başlamışdır. Bu vaxt yol ilə keçən avtomobillərdən düşən şəxslər onlara yaxınlaşıb aralaşdırmışlar. Onlar da oradan çıxıb getmişlər. Həmin vaxt atası Raqub Zərərçəkmiş şəxs Qocabəy oğlunu vurmamş, onları aralamış və bina görə ona açıqlanaraq irad bildirmişdir. O, Zərərçəkmiş şəxs Qocabəy oğlunu avtomobildən yerə düşürməmiş, sinəsinə yumruqla zərbə vurmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qocabəy oğlu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri, H.Arif küçəsi, ev-44-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 08:20 radələrində istifadəsində olan **-UM-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölünün kənarı ilə, yəni Masazır-Novxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olduğu vaxt qarşısında olan “Mitsubishi Pajero” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək məqsədi ilə yol verməsindən ötrü işıq siqnalı ilə işarə vermişdir. Təxminən ***-**** metr məsafədə onun ötmə əməliyyatı etmək istədiyini bildiyi halda həmin avomobil yol verməmişdir. O, idarə etdiyi avtomobillə işqfora çatıb sağ hərəkət zolağında dayanmışdır. Həmin avtomobil də onun sol tərəfində dayandıqda o, sol qabaq pəncərədən həmin şəxsə yol vermədiyinə görə narazıçılığını ifadə etmişdir. Bu vaxt əvvəllər tanımadığı, həmin vaxt sükanda əyləşmiş, sonradan adının Şahid olduğunu bildiyi şəxs ona kobud cavab verərək “mən sənə yol verməliyəm?!, keçmək istəyirsən sağ tərəfdən get” sözlərini demişdir. Təxminən 10-15 saniyə ərzində işqforun yaşıl işığı yandığına görə o, həmin şəxsə əhəmiyyət verməyib idarə etdiyi avtomobillə hərəkətinə davam etmişdir. Təxminən 50-60 metr getdikdən sonra həmin avtomobil onu ötüb qarşısında dayanmışdır. O, həmin avtomobili ötüb keçsə də həmin avtomobil arxasınca hərəkətə davam eləyb arxadan işıq siqnalı ilə ona saxlamaq işarəsi vermişdir. O da məcbur olub idarə etdiyi avtomobili saxlamışdır. Lakin, avtomobildən düşməyib həmin şəxsləri gözləmişdir. “Mitsubishi Pajero” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağında əyləşmiş, əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona tərəf gəlmişdir. Sol əli ilə idarə etdiyi avtomobilin sol qabaq qapısını tam axıra qədər açıb zənnicə sol ayağı ilə ağız nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin zərbənin təsirindən hər iki dodağından burnundan ciddi xəsarətlər almış, dodaqlarından və burnundan qan gəlmişdir. Həmçinin burnunda tənəffüs çətinliyi hiss etmişdir. Həmin şəxs isə bununla kifayətlənməyib yaxasından tutaraq onu avtomobildən bayıra çıxarmaq istədikdə təhlüksəizlik kəmərindən istifadə etdiyi üçün onu bayıra çıxara bilməmişdir. O, isə həmin şəxsdən özünü müdafiə edə bilmək üçün təhlükəsizlik kəmərini açıb avtomobildən düşmüşdür. Həmin şəxs də o, düşən kimi əlləri ilə iki dəfə sinəsinə zərbələr vurmuşdur. Bu vaxt yol ilə keçən avtomobillərdən düşən şəxslər onlara yaxınlaşıb aralaşdırmağa çalışmışlar. Onu döyən şəxsin atası, yəni Şahid Musa oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasından düşüb iti addımlarla və qışqıra-qışqıra üstünə gələrək ona hücum etmək istəmişdir. Ətrafda olan şəxslər onu da tutub saxlamışlar və hər ikisini, yəni Şahid və Təqsirləndirilən şəxs öz avtomobillərinə tərəf aparmışlar. Onlar da avtomobillərinə əyləşib sürətlə oradan uzaqlaşmışlar. O da həmin yerdən Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 2da ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Novxanı qəsəbəsində dekorativ ağac və birkilərin satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 08:20 radələrində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Mitsubishi Pajero” markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomaşınla avtomobil ilə Abşeron rayonu Masazır qəsəbəsi, Duz gölünün kənarı ilə, yəni Masazır-Novxanı yolu ilə Novxanı kəndi istiqamətində hərəkət etmişdir. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Yolda hərəkətdə olan zaman onun eyni istiqamətdə arxadan gələn “Hyundai Elantra” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomaşın onu ötmək üçün işıq siqnalı vermiş, o, sayrışan işığını sağa yandırıb həmin avtomaşına yol vermək istədikdə həmin avtomaşın sağ yola keçərək yüksək sürətlə hərəkətini davam etmişdir. İşıqforda olan zaman “Hyundai Elantra” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü onun idarə etdiyi avtomaşının yanına gəlib həmin şəxsə niyə yol vermədiyini soruşmişdur. O, isə həmin şəxsə yolun yaxşı olmamasını dedikdə həmin şəxs onun ünvanına nalayiq söyüşlər söymüşdür. İşıqfor yandıqdan sonra həmin şəxs yüksək sürətlə hərəkətə davam etmişdir. O, idarə etdiyi avtomobilə işıq siqnalı verdikdə, o idarə etdiyi avtomobili saxlamışdır. O, həmin şəxsə yaxınlaşmış və aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt “Hyundai Elantra” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü onun ünvanına söyüşlər işlətdikdə oğlu Təqsirləndirilən şəxs əsəbləşib avtomobildən düşərək həmin sürücüyə tərəf gedib onları söyməsinə görə həmin şəxsin, yəni sonradan adının Zərərçəkmiş şəxs Qocabəy oğlu olduğunu bildiyi şəxsin idarə etdiyi avtomobilin sol qabaq qapısını açıb təpiklə ağız nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt o, oğlu Musaya yaxınlaşmış və Musanı geriyə tərəf çəkib ona acıqlanaraq iradını bildirmişdir. Zərərçəkmiş şəxs da avtomobildən düşüb onlara tərəf gələrək nalayiq söyüşlər söyməyə başlamışdır. Bu vaxt yol ilə keçən avtomobillərdən düşən şəxslər onlara yaxınlaşıb aralaşdırmışlar. Onlar da oradan getmişlər. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs vurmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 293 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Qocabəy oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun nahiyyəsinin, burun tənəffüsünün sol tərəfli pozulması ilə müşayət olunan şişkinlik halında qançırı, üst dodağın selikli qişasının şişkinlik halında iki ədəd əzilmiş-cırılmış yaraları, çeynəmə aktının nisbətən pozulması ilə sol yanaq nahiyyəsinin qançırı, sağ əlin iç səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə xx.xx.2023cü il tarixdə dava-dalaş zamanı yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Zərərçəkmiş şəxs Qocabəy oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli qərarından görünür ki, Nümayəndə mərhum Zərərçəkmiş şəxs Qocabəy oğlunun hüquqi varisi kimi tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadəsinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-310/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-310/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver