Məhkəmə qərarları › İş №1(012)-311/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-311/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-311/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 276-da qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Vaqif küçəsi, ev 32-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius" markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi ilə hərəkətdə olarkən M.Ə.Sabir küçəsi ilə Dostluq küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda həmin tələblərə əməl etməyərək, sağdan sola yolu keçən piyada xx.xx.2011ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, başın sağ təpə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyim Toyota Prius markalı **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 40 kilometr sürətlə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olan zaman qəflətən hərəkət istiqamətinin sağ tərəfində olan ara yoldan bir azyaşlı oğlan uşağı hərəkət zolağına çıxmışdır. O, uşağı vurmamaq üçün əyləci sıxsada ara məsafəsi az olduğu üçün hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsinin ortası ilə piyada uşağı vurmuşdur. Avtomaşını saxlayaraq həmin piyadanı xəstəxanaya aparmış və uşağın müalicəsi üçün bütün xərcləri ödəmişdir. Hətta uşağın atasına əlavə 1500 manat pul vermişdir. Törətdiyi yol nəqliyyat hadisəsi zamanı spirtli içki qəbul etməmiş, avtomobili yüksüz, saz vəziyyətdə olmuşdur. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-cü il tarixdə saat 13 radələrində çörək almaq üçün yaşadıqları məhlədə yerləşən “Əsləm” marketə getmişdir. Çörək alıb geri qayıdarkən yol ayrıcında yolu keçən zaman sol istiqamətdən gələn “Toyota Prius” markalı avtomobil onun sol hissəsindən vurmuş və o yerə yıxılmışdır. Sol ayağından xəsarət aldığı üçün həmin avtomobilin sürücüsü onu Sumqayıt şəhərinə xəstəxanaya aparmışdır. Sol ayağı sındığı üçün xəstəxanada əməliyyat olunmuş və bir neçə gün xəstəxanada müalicə almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində azyaşlı oğlu Zərərçəkmiş şəxs yaşadıqları küçədə evlərinin yaxınlığında avtomobil vurması və bundan sonra sürücünün Neməti xəstəxanaya aparması barədə məlumat alıb, dərhal Nemətin aparıldığı Sumqayıt təcili tibbi yardım xəstəxanasına getmişdir. Xəstəxanada Vüsal adlı sürücünün idarə etdiyi “Toyota Prius” markalı avtomobillə oğlu Neməti vurduğu və hadisə nəticəsində uşağın sol ayağının sındığı ona bildirilmişdir. Həmin vaxtı Vüsal adlı sürücü Nemətin qəfil avtomobilin qarşısına çıxdığını və hadisənin qarşısını ala bilmədiyi üçün Neməti vurduğunu bildirmişdir. Vüsal həmçinin övladının sağlmlığına ziyan vurduğuna görə maddi qarşılığı ödəyəcəyini öhdəsinə götürmüşdür. O, Vüsalın sözlərinə inanmış və həmin vaxtı şikayət etməmişdir. Vüsal ilk öncə oğlu Nemətin müalicəsi üçün nəzərdə tutulmuş 1270 manat xəstəxana xərclərini ödəmişdir Sonra Nemətə baş çəkərək 100 manat pul vermişdir. Nemətin tibbi xərcləri bununla yekunlaşmamış və o özü müayinələr üçün 700 manat xərcləmişdir. Oğlu Nemət bir müddət sonra yenidən əməliyyat olunmalı olduğu üçün Vüsalla əlaqə saxldıqda Vüsal maddi yardım etməkdən imtina etmişdir. Buna görə də Vüsal barəsində şikayət etmişdir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid məhkəməyə təqdim edilmiş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, qanuni nümayəndəsi olduğu Zərərçəkmiş şəxs dəmiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələblərinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 09 nömrəli rəyində göstərilmişdir ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Sumqayıt şəhər Uşaq xəstəxanası” PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə bədənində aşkar olunmuş xəsarətlər- sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, başın sağ təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığa uzun müddətə pozan sağlamlığa az ağır zərəvurmaya aiddirlər. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. İş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2023cü il tarixli 8/637 saylı rəyindən görünür ki, Toyota Prius markalı, 90DY 568 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ-nin DYPŞ-dən alınmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2021-ci il tarixdə, xx.xx.2031-ci il tarixədək etibarlı olan BD seriyalı 016719 nömrəli “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, qanuni nümayəndəsi olduğu Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.2-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron rayon Pİ-nin MSY-ə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə həmçinin, hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar