Məhkəmə qərarları › İş №1(012)-312/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-312/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-312/2022 03.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Qubadlı rayonu Abdalanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Qubadlı rayonu Abdalanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 47-ci Məhəllə bina 12, mənzil 67-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən bir ədəd bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələlərin” siyahısına daxil edilmiş, təmiz çəkisi 0, 327 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və özü ilə Abşeron rayonu ərazisinə daşımış, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində Abşeron rayonu. “Abşeron Gənclər Şəhərciyi” yaşayış komleksinin ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilərək şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə, şəxsi istehlak miqdarılndan artıq miqdarda, təmiz çəkisi 0,327 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində işdən gələrkən Abşeron rayonu, "Abşeron Gənclər Şəhərciyi” adlanan yerdə köşkdən su və siqaret alarkən polis əməkdaşları ona yaxınlaşıb şəxsiyyətini aydınlaşdırmaq üçün sənələrini istəmiş, sonra Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsində xidməti otaqlardan birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən polisin əvvəlcədən ona verdiyi və əynində olan göy rəngli cins şalvarımın sağ yan cibinə qoyduğu qara rəngli sellofan torbaya bükülmüş 01 (bir) bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. O, polislərin təzyiqi ilə həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, təxminən beş-altı ildir ki, narkotik vasitə heroin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində adını xatırlamadığı metronun yaxınlığında yerdən bir ədəd qara rəngli sellofan büküm tapmişdir. Açıb baxdıqda sellofan bükümdə narkotik vasitə heroin olduğunu görmüş, həmin bükümdə olan narkotik maddə heroini şalvarının sağ yan cibinə qoyub Sumqayıt şəhərinə, evə getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində Abşeron rayonu, "Abşeron Gənclər Şəhərciyi” adlanan yerdə olarkan üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarını görüb onlardan yayınıb uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək yaxınlaşıb özlərini təqdim etdikdən sonra, onlardan yayınmaq istəməsinin səbəbini soruşmuş, o da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu saxlayıb Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsində xidməti otaqlardan birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən şəffaf və qara rəngli sellofan torbaya bükülmüş l(bir) bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin kütlə kağız zərfdə qablaşdırılmışdır. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunulmuş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət göstərir. 20 fevral 2022-ci il tarixdə, saat 03.50 radələrində polis serjantı Şahid2 ilə birlikdə 10 saylı marşrut üzrə Abşeron rayonu, Xırdalan şəhərinfdə yerləşən “Gənclər şəhərciyi"-nin ərazisində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsin şəxsiyyətini müəyyənləşdirmişlər. Məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 67-də yaşayan Təqsirləndirilən şəxsdur. Ondan üstündə hər hansı şübhəli əşya və ya predmet olubolmadığını soruşduqda, üsründə narkotik maddə heroin olduğunu bildirmişdir. Ona görə də. Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün onu üzərinə şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Abşeron rayon Polis İdarəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməzdən əvvəl vəkillə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet. narkotik vasitə, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub- olmadığı soruşulmuş, vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik maddə heroin olduğunu bildirmişdir. Bükümə baxzıldıqda içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narlotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, həmin kütlənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddə heroini 19 fevral 2022-ci il tarixdə Bakı şəhərində. Nəsimi rayonu ərazisində metronun yaxınlığında yerdən tapodığım, özü qəbul etmək üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan təqdim etdiyi həmin bir bükümdə olan narkotik maddə heroindən başqa digər şübhəli əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə olan narkotik maddə heroin iş üzrə əhəmiyyt kəsb etdiyindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edən Səfərov X3 Coşqun Aqil oğlu oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə zamanı Abşeron rayon Pİ-nin TŞ-nin əməkdaşı tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilmişdir. Təqdim olunmuş CD formatlı diskdəki görüntülərdə Təqsirləndirilən şəxs narkotik maddənin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması, Təqsirləndirilən şəxs üzrəində hər hansı şübhəli əşya və predmet varsa təqdim etməsi barədə təklif olunması, bu zaman onun əynindəki şalvarının sağ yan cibindən bir ədəd salafan bükümü çıxarıb təqdim etməsi və narkotik vasitə olan həmin narkotik maddəni Bakı şəhərində metro yaxınlığında tapmasını bildirməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs narkotik maddəni əldə etdiyi mənbənin, habelə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmamasının müəyyəın edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vət. Təqsirləndirilən şəxs narkotik vasitələrin və posixotrop maddələrin satışı ilə məşğul olmadığı, lakin narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğu müəyyən olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ondan aşkar olunmuş narkotik maddəni satmış şəxsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin olunaraq rəy alınmışdır. Məhkəmə-kimyəvi ekstertizanın 20 fevral 2022-ci il tarixli, 6/1051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbvaycan Respublikası DİN zərflər üçün “56” dairəvi möhür əksi olan, “ Vət. Təqsirləndirilən şəxs üzərində...” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş '‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş narkotik maddə heroinin təmiz çəkisi 0,327 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, ekspertiza tədqiqatından qalıq qalmış narkotik maddə heroinin çəkisi 0,277 qram təşkil edir. Odur ki, iş üzrə təmiz çəkisi 0,327 qram narkotik maddə heroin və bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0,277 qram narkotik maddə heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd CD diski iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234, 69.3-cü maddələri ilə 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021 -ci ildə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Göründüyü kimi. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu ödənilmişdir. Lakin onun xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə məhkumluğu Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə uyğun olaraq ödənilməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan Sumqayıt şəhər İH MKTB-nin 20 saylı MKS-nin verdiyi arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Aydınov X4 rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 67-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış 2006-cı il təvəllüdlü X5 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan ambulator məcburi- narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1430 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin qəbulu nəticəsində yarananan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,277 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş manat) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 80 (səksən) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində və məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,227 qram narkotik vasitə olan heroin xüsusi müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 80 (səksən) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində və məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar