Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-312/2023 09.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Cəlilabad şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə 01 avqust 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 3 ünvanında heç kəsin olmadığından istifadə edərək plastik pəncərəni sıxıb açma yolu ilə içəriyə qanunsuz daxil olaraq, yataq otağından 01 ədəd 490 manat dəyərində «Sunny» markalı televizoru və üzərində «Krosnu» aparatı,01 ədəd 35 manat dəyərində şampun dəstini,həmin otaqda yerləşən şkafın içərisindən 1 ədəd 500 manat dəyərində «HP» markalı kompüteri,01 ədəd 900 manat dəyərində «Honor 10» markalı mobil telefon və 200 manat pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 2125 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 142 saylı fərdi yaşayış evinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Kia Cerato” markalı ** UK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini sındıraraq salonun qabaq hissəsində yerləşən saxlanc yerindən cüzdanın içərisindəki 680 manat ekvivalentində 400 dollar və 650 manat pulu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 1330 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 2022-ci ilin sentyabr ayının 07-dən 08-nə keçən gecə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 13 saylı evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mitsubishi” markalı, **-ET- *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq avtomobilin salonundan və yük yerindən ümumi dəyəri 700 manat olan 10 ədəd ətir, 15 ədəd qol saatı, bir ədəd 70 manat dəyərində təkər dolduran aparat,bir ədəd 150 manat dəyərində monitor və 95 manat pulu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1015 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 09 sentyabr 2022-ci il tarixdə saat 01 rədələrində Abşeron rayonu, Masazır qəsəbəsi, D.Qorqud küçəsində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Range Rover” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön şüşəsini sındıraraq avtomobilin salonundan 20 manat pulu və 960 manat dəyərində “Vertu” markalı mobil telefonu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 980 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının 11-də Bakı şəhəri, Yasamal rayonu ərazisində 10 manata istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 0,503 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq Abşeron rayonu Masazır qəsəbəsinə daşımış, 11 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, «Azər City» ticarət mərkəzinin arxasında Abşeron RPİnin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 0,503 qram çəkidə narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 01 avqust 2022-ci il tarixdə səhər saat 10 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisi deyilən yerin yanında yaşayan tanışı Nurlanın yanına getmişdir. Həmin vaxtı onun atası rəhmətə getmişdir. Hüzür yerindən çıxandan bir qədər sonra piyada gedəndə bir ev görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxmış ki,kimsə yoxdur. Qapını döymüş və kimsənin olmadığına əmin olub həyətə tullanmış, həyətdə olan pəncərəni əli ilə itələyib açmışdır. Evə daxil olandan sonra oradan bir ədəd “HP” markalı kompüter, bir ədəd “Sunny” markalı televizor,bir ədəd şampun dəsti,bir ədəd “Honor” markalı mobil telefon, krosnu aparatı və 200 manata yaxın pulu oğurlamışdır. Həmin əşyaları parçaya büküb oradan çıxmış,yolda taksi saxlatdırmış və taksi sürücüsü ilə söhbət edəndə ona bildirmiş ki,televizoru var,ustaya aparır ki,satsın. Taksi sürücüsü baxıb həmin televizora görə 40 manat verə biləcəyini demişdir.O razılaşmış və balaca televizoru ona 40 manata satmışdır. Taksidən xahiş etmiş ki,onu Sumqayıt şəhər 17-ci mikrorayona düşürtsün. Mikrorayonda düşəndən bir qədər sonra görmüş ki,aralıda polislər gəzir. Qorxudan orada olan blokların birinə daxil olmuş və 3-cü mərtəbəyə qalxıb “HP” markalı noutbuku və orada olan oğurladığı əşyaları blokda olan pəncərənin yanına qoyub çıxıb getmiş və bir daha həmin yerə qayıtmamışdır. Narkotik qəbul etdiyinə görə pul lazım olduğundan avtomobillərdən oğurluq etməklə məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində piyada gəzən zaman Həsən Əliyev küçəsində “Kia Cerato” markalı ** UK *** dövlət qeydiyyat nişanlı avtomobili görüb yaxınlaşmışdır. Ətrafa baxmış ki, heç kəs yoxdur ona görə avtomobilin şüşəsini yerdən götürdüyü daşla sındırmışdır. Sonra maşından kənara çəkilmiş, ətrafa diqqət yetirmiş, maşının şüşəsini sındıran zaman səs-küyə qonşulardan və ya maşın sahibindən hər hansı şəxs həyətə çıxmamışdır. Bir neçə dəqiqə sonra sakitçilik olduğunu görüb maşına yaxınlaşmış, bardaçoku açıb orada pul qabı tapmışdır. Pul qabının içərisindən 400 dollar və 680 manat pulu oğurlamışdır. Maşında başqa heç nəyi axtarmadan həmin yerdən uzaqlaşmışdır. Pulu sonra öz ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində gəzişən vaxtı məhəllələlərin arasında boz rəngli “Mitsubishi” markalı avtomobil görmüşdür. Ətrafda heç kəsin olmadığını görüb yerdən götürdüyü daş parçası ilə maşının yan şüşəsini sındırmış, sındırandan sonra biraz kənara çəkilmiş ki,səsə adam çıxsa qaçıb getsin. Bir neçə dəqiqə sonra kimsə səsə çıxmadığı üçün maşına yaxınlaşıb qapını açmış və içərisində hazırda yadında qalmayan sayda ətir,monitor,təkər dolduran aparat, 90 manata yaxın pul və bir neçə ədəd qol saatı oğurlayıb oradan qaçıb getmişdir. Səhərisi günü oğurladıqlarını Sumqayıt şəhərində bazarın yanında yadında qalmayan məbləğə satmışdır. Növbəti günü, yəni 09 sentyabr 2022-ci il tarixdə 01:00 radələrində yenə də Abşeron rayonu, Masazır qəsəbəsinin küçələri ilə gəzişirmiş. Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə yolun kənarında ağ rəngli “Range Rover” markalı dövlət qeydiyyat nişanlı yadında qalmayan avtomobil rastına gəlmişdir. Ətrafa baxıb hər hansı bir şəxsin olmadığını görəndən sonra avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yerdən bir daş parçası götürüb avtomobilin ön sağ tərəfinin şüşəsinə vurub həmin şüşəni qırmışdır. Şüşəni qırdıqdan sonra bir daha ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin qapısını açmışdır. Avtomobilin salonundan 20 manat pul və “Vertu” markalı mobil telefon götürüb oradan uzaqlaşmışdır. Oğurladığı 20 manat pulu xərcləmiş, “Vertu” markalı mobil telefonu isə anket məlumatlarını bilmədiyi Ağa adlı şəxsə 10 manata satmışdır. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmamışdan təxminən bir neçə saat əvvəl Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata heroin almışdır. Heroini alan kimi oradan uzaqlaşmış və yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə gəlmişdir. Heroin şalvarın cibində idi. 11 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «AzərCity» ticarət mərkəzinin arxasında piyada yol kənarı ilə gəzən vaxtı yanına polis əməkdaşları yaxınlaşmış, qaçmaq istəsədə onu saxlamışlar. Ondan şübhələndiklərini bildirib polis idarəsinə aparmışlar. Polis idarəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində qeyri qanuni nə varsa təqdim etməyi təklif olunmuş, o, əynindəki şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd bükümü polislərə təqdim etmişdir. Sonra müvafiq sənədləşmə aparılmış və həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında oğlu X6, qızı X5 və qızının yoldaşı X8 ilə birlikdə yaşayır. X1 xx.xx.2022-ci il tarixdə rəhmətə getdiyinə görə həmin tarixdən Sumqayıtdan çıxaraq ailə üzvləri ilə birlikdə Lənkəran şəhərinə getmişdir. Həmin vaxtı ünvan 4 ünvanında yerləşən fərdi evin pəncərələrini, eləcə də, evin qapısını açarla bağlamış və evin işığını yandırmışdır. Lakin həmin vaxtı evin həyətində iki nəfər usta beton tökmə işləri ilə məşğul olurmuş. Lənkəran şəhərində olan zaman həmin ustalar işlərini yekunlaşdırıb, sonra isə ona telefon vasitəsi ilə xəbər verib oranı tərk etmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 01:00 radələrində yaşadığı evə gələn zaman evin qapısını açmaq istədikdə qapının içəri tərəfdən bağlı olduğunu, yəni içəridən qapının halqa ilə bağlı olduğunu görmüşdür. Bundan sonra evin sağ tərəfinə keçdikdə pəncərənin içəri tərəfə açıq olduğunu və pəncərənin olduğu otağın işığını yanılı olmasını, həmin otağa qoyulmuş televizorun olmadığını görmüşdür. Bundan sonra evdə oğurluq olmasından və ya oğurluq edən şəxsin olmasından şübhələnərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin əraziyə polis əməkdaşları gəldikdən sonra onlar tərəfindən qapı açılmış və evə daxil olmuşlar. Evə baxış keçirdiyi zaman qızının yataq otağından bir ədəd 490 manat dəyərində olan “Sunny” markalı televizorun və üzərində “Krosnu” aparatının, bir ədəd 35 manat dəyərində olan şampun dəstinin, yataq otağında yerləşən şkafın içərisindən isə bir ədəd 500 manat dəyərində olan “HP” markalı komputerin, bir ədəd 900 manat dəyərində “Honor 10” markalı mobil telefonun və 200 manat pulun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 2125 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində özünə məxsus olan «Kia Cerato» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsi 142A saylı evin qarşısında saxlamışdır. 01 sentyabr 2022-ci il tarixdə saat 07 radələrində həyətə çıxanda avtomobilinin sürücü tərəfdən şüşənin sındırıldığını, naməlum şəxsin maşının salonunda olan saxlanc yerindən pul qabının içərisindən 400 ABŞ dolları və 650 manatın oğurlandığını aşkar etmişdir.Bununla bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir.Oğurluq nəticəsində ona 1330 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, **-TO-*** qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil ona məxsusdur. Avtomobili 08 sentyabr 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, D.Qorqud küçəsində evinin qarşısında saxlamışdır. 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evdən çıxarkən avtomobilə yaxınlaşmış, həmin vaxtı avtomobilin sol şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görüb dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və ona məlum olmuş ki, avtomobilin salonundan naməlum şəxs 20 manat pul və ona məxsus 960 manat dəyərində Vertu markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mitsubishi markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 2022-ci ilin sentyabr ayının 07də axşam saatlarında evə gəlmiş, maşını evin yanında hasarın qabağında saxlamışdır. 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evdən çıxanda görmüş ki,maşının arxa sağ şüşəsi sındırılmışdır.Maşına baxanda yük yerindən ümumi dəyəri 700 manat olan markasını bilmədiyi 10 ədəd ətir, markasını bilmədiyi 15 ədəd qol saatının oğurlandığını aşkar edib dərhal DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Polislə bir qədər sonra gəlmiş, müəyyən sənədləşmə işləri aparılmış,sonra o izahat vermişdir. Avtomobilə daha yaxşı baxandan sonra bir ədəd 70 manat dəyərində markasını bilmədiyi təkər dolduran aparat,bir ədəd 150 manat dəyərində markasının bilmədiyi monitor və qapının arasından 95 manat oğurlandığını aşkar etmişdir. Nəticədə ona 1015 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində yoldaşları Şahid2, Şahid3 və Elnur Arifbəyli ilə xidmətdə olduqları vaxtı Abşeron rayonu, Xırdalan şəhəri, «AzərCity» ticarət mərkəzinin arxasından keçəndə qaranlıq olduğu üçün küçədə bir nəfər şəxsin özünü şübhəli apardığını və piyada getdiyini görüb ona yaxınlaşmaq istəyəndə həmin şəxs qaçmaq istəmiş və qaçarkən yıxıldığı üçün onu saxlamışlar. Nə səbəbə görə qaçdığını öyrəndikdə onlara demiş ki, üzərində narkotik vasitə var ona görə qaçmaq istəmişdir. Dərhal onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Polis idarəsinin növbətçi hissəsinə təhvil verəndən sonra məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra raport tərtib olunmuş, raporta dair araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Bir qədər sonra vəkil gəlmiş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni nə varsa bildirməyi təklif olunmuş, Ruhəddin bildirmişdir ki, onun üzərində narkotik vasitə heroin var və əynindəki şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Ruhəddin bildirmiş ki, həmin bükümdəki maddəni bir neçə saat əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almışdır. Aşkar olunaraq götürülmüş həmin bükümdə olan maddə boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Bu barədə təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən protokol tərtib edilmiş və iştirak edənlər hamısı protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2022-ci il tarixli, 6/5078 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə olan maddə 0,503 qram tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,453 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə narkoloji ekspertizasının 08 oktyabr 2022-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 noyabr 2022-ci il tarixli 129 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan 01 ədəd “Vertu” markalı mobil telefonun qoruyucu qabı ilə birlikdə 09 sentyabr 2022-ci il tarixdən olan pərakəndə (sərbəst) satış qiyməti 900.0 manat məbləğində müəyyən edilir. DİN-nin Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2022-ci il tarixli 22/659R saylı rəydən görünür ki, ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd yapışqanlı lent kəsikləri üzərində 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına çıxarılmış əl barmaq və ovuc əksləri (daktilaskopik xəritə) müqayisəli təqqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağı və sağ əlin ovucu ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Novruzov X3 Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.5 və 66.9-cu maddəsinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Amnistiya Aktının tətbiq edlməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 08 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,453 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmış, bir ədəd “Vertu” markalı markalı mobil telefon sahibinə qaytarılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki şalvarının sağ yan cibindən bir ədəd büküm içərisində narkotik vasitə heroinə bənzər maddə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd “Vertu” markalı markalı mobil telefon ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalı, şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,453 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 92 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın və bir ədəd Vertu markalı markalı mobil telefon sahibinə qaytarılması nəzərə alınsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,453 qram narkotik vasitə heroin məhv edilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-312/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-312/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver