Məhkəmə qərarları › İş №1(012)-313/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-313/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-313/2021 24.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğlunun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3 oğunun, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-cı il tarixdə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, evli, işləməyən Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla, Suraxanı rayon məhkəməsinin hökmü ilə qəti olaraq 3 il 4 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 26.04.2021-ci tarixdən hesablanmaqla hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2020-ci ilin noyabr ayında X4 ilə tanış olduqdan sonra sonuncunun icazəsi ilə qardaşı Zərərçəkmiş şəxs4 məxsus ünvan 1 ünvanında yaşamağa başlamış və 2020-ci ilin dekabr ayının əvvəlində həmin evin içərisində olan Zərərçəkmiş şəxs4 məxsus 800 (səkkiz yüz) manat dəyərində 01 ədəd «Samsung» markalı televizoru ələ keçirib talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin plastik pəncərəsini həyətdən tapdığı vintaçanla açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin birinci mərtəbəsində olan qonaq otağından 1200 manat dəyərində 01 ədəd və mətbəx otağından 400 manat dəyərində 01 ədəd «Samsung» markalı televizorları, evin ikinci mərətbəsində yerləşən yataq otağında olan paltar dolabından 200 manat dəyərində 01 ədəd qəhvəyi rəngli kişi gödəkçəsini ələ keçirib talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «AAAF park» yaşayış kompleksi küçə 5, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından həyətə keçməklə, evin açıq pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq, qonaq otağında yerdə olan 150 (bir yüz əlli) manat dəyərində «Sony» markalı, HBD-H8100W modelli dörd hissədən ibarət ev kinoteatrını ələ keçirib talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 150 (yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək, 20 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən “Sultan” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs1 674 manat dəyərində 01 ədəd sarı rəngli metaldan, gül formalı, üzərində ağ şəffaf qaşları olan üzərində «Anber 585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 8,98 qram, qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü və üzük dəstini, 128 manat dəyərində 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları olan üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 1,71 qram, qaşları qiymətli qaşlara aid olmayan üzüyü və 159 manat dəyərində 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları olan üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,03 qram, qaşları qiymətli qaşlara aid olmayan tayı qırıq sırğa cütünü evdə ailə üzvlərinə göstərməklə bəyənəcəkləri təqdirdə alacağına dair yalandan vəd verib aldadaraq, həmin qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 alıb yaxınlıqdakı çoxmənzilli binaya daxil olaraq başqa qapıdan çıxıb oradan uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 961 (doqquz yüz altmış bir) manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020ci ilin noyabr-dekabr ayı olarmış ki, o, Biləsuvar rayon sakini Elman adlı şəxsin qardaşı Telman adlı şəxslə tanış olmuş və həmin vaxtdan Elmanın Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən evində Telmanın razılığı ilə yaşamağa başlamışdır. Telman həmin evin açarını ona vermiş və o, yaşadığı AAAF park yaşayış kompleksi ev 1 mənzil 41 ünvanda qaldığı müddətdə Telman Biləsuvar rayonuna gedib gəlirmiş. 2020-ci ilin dekabr ayının ilk günlərindən Elmanın evində olduğu zaman, pulu olmadığı üçün evdə olan «Samsung» markalı yeni televizoru aparıb satmaq qərarına gəlmişdir. Buna görə də, həmin televizoru götürüb, Bakı şəhərində olan Qara Qarayev metro stansiyasının yaxınlığına getmişdir. Orada tanımadığı yol qırağı ilə keçən şəxslərə yaxınlaşıb təcili pula ehtiyacı olduğu üçün televizor satmaq istədiyimi bildirmiş, bir qədər sonra bir nəfər tanımadığı təxminən 35 yaşında cavan oğlan onun apardığı qutunun içərisində olan televizora baxdıqdan sonra ona 300 manat pul təklif etmiş, o, həmin şəxslə razılaşıb və həmin televizoru 300 manata satmışdır. Həmin pulları da sonradan öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri ərazisində «AAAF park» yaşayış kompleksində yerləşən, əvvəllər tanımadığı və sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 evindən oğurluq etmişdir. Belə ki, 15.12.2020-ci il tarixdə saat 22 radələrində həmin evin qarşısından keçən zaman, evin işıqları yanmadığına görə evdə heç kimin olmadığını düşünüb, dəmir darvazanın üstündən evin həyətinə tullanmışdır. Özündə olan alışqanın işığını həyətdəki masanın üzərinə tutduqda, bir ədəd vintaçan görmüş, həmin vintaçanla evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsini açıb evə daxil olmuşdur. Evin birinci mərtəbəsində yerləşən qonaq otağında divara quraşdırılmış markası yadında qalmayan televizoru yerindən çıxarıb yerə qoymuş, daha sonra mətbəxə keçmiş və orada divara quraşdırılmış digər markasını bilmədiyi televizoru yerindən çıxarıb yerə qoymuşdur. Bundan sonra o, evin ikinci mərtəbəsinə qalxaraq, orada olan yataq otağına baxdıqda divara quraşdırılmış digər televizorun olduğunu görmüşdür. Həmin televizoru da yerindən çıxarmaq istəmiş, lakin televizor yerindən çıxmadığına görə onu götürə bilməmiş, daha sonra həmin otaqda olan paltar dolabına baxdıqda bir ədəd qəhvəyi rəngli kişi gödəkçəsini görüb, həmin gödəkçəni götürüb aşağı birinci mərtəbəyə düşmüşdür. İlk öncə o, qonaq otağından götürdüyü televizoru götürüb evə girdiyi pəncərədən çıxaraq, həmin televizoru aparıb yaşadığı evdə qoyduqdan sonra yenidən Zərərçəkmiş şəxs2 evinə qayıdıb digər televizoru və gödəkçəni götürüb evinə qayıtmışdır. Səhəri gün, yəni 16.12.2020-ci il tarixdə günorta vaxtlarında televizorun balacasını və gödəkçəni götürərək tanımadığı taksiyə yükləyib Bakı şəhəri, Sabunçu bazarı deyilən yerə aparıb tanımadığı şəxsə 110 manat müqabilində satmışdır. 18.12.2020-ci il tarixdə böyük televizoru isə Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsə 150 manat müqabilində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində «AAAF park» yaşayış kompleksində yerləşən, əvvəllər tanımadığı və sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 evindəndə oğurluq cinayətini törətmişdir. Belə ki, 17.01.2021-ci il tarixdə saat 22 radələrində həmin evin qarşısından keçən zaman, evin işıqları yanmadığına görə evdə heç kimin olmadığını düşünüb, dəmir darvazanın üstündən hasardan aşmaqla evin həyətinə düşmüşdür. Həyətdəki evin birinci mərtəbəsində yerləşən qonaq otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Həmin pəncərədən evə daxil olaraq, evin birinci mərtəbəsində yerləşən qonaq otağında «SONY» markalı ev kinoteatrını görmüş, daha sonra evin bütün otaqlarını axtarmağa başlamışdır. Dəyərli əşya və pul tapmadığı üçün həmin ev kinoteatrını götürüb özü ilə gətirdiyi torbaya qoyub evdən çıxıb getmişdir. Zərərçəkmiş şəxs3 evindən oğurladığı ev kinoteatrını isə könüllü olaraq istintaqa təqdim etmişdir. Bundan sonra o, 19 yanvar 2021-ci il tarixdə saat 19 radələrində mobil telefonunda “Tap.az” saytında elanlara baxan zaman, həmin saytda yerləşdirilmiş qızıl alqı-satqısı elanı diqqətini cəlb etmişdir. Elanda qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə istifadəsində olan ***-***-**-** mobil nömrədən “WhatsApp” proqramı vasitəsilə mesaj yazaraq, qızıl almaq istədiyini, çatdırılma xidmətinin olub-olmamasını soruşmuşdur. Bundan sonra satışda olan qızılların şəkillərinin göndərilməsini xahiş etmiş və həmin nömrədən onun telefonuna bir neçə qızılların şəkilləri gəlmişdir. Səhəri gün, yəni 20 yanvar 2021-ci il tarixdə günorta saatlarında o, sonradan adını Zərərçəkmiş şəxs1 bildiyi şəxslə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq, seçdiyi 01 ədəd 585 əyarlı təxminən 5 qram çəkidə gül formasında olan qadın qızıl üzüyünü, 01 cüt 585 əyarlı təxminən 4 qram çəkidə gül formasında qadın qızıl sırğasını, 01 ədəd 585 əyarlı təxminən 2,50 qram çəkidə üzərində“Pasquale Bruni” yazısı olan qadın qızıl üzüyünü, bir cüt 585 əyarlı təxminən 3 qram çəkidə düz formalı qadın qızıl sırğasının qiymətini soruşmuşdur. Emin ona həmin qızılları ümumilikdə 1380 manata satacağını bildirmişdir. Bundan sonra o, seçdiyi həmin qızılları almaq istədiyini və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən “Sultan” şadlıq sarayının qarşısına çatdırılmasını xahiş etmişdir. Emin də, onunla razılaşaraq, 20 yanvar 2021-ci il tarixdə saat təxminən 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən “Sultan”şadlıq sarayının qarşısına gəlmişdir. O, Eminin gəldiyi avtomobilə yaxınlaşaraq, avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Emindən o, avtomobili bir qədər irəlidə“Sultan” şadlıq sarayı ilə üzbə-üz yerləşən 1 saylı yataqxananın giriş blokunun qarşısına sürməsini xahiş etmişdir. Emin də avtomobili həmin binanın qarşısına sürmüşdür. O, Emini aldadaraq, almaq istədiyi qızılları evdəkilərə göstərmək üçün qızılları evə aparmaq istədiyini, həmin qızılları evdəkilər bəyəndiyi halda alacağını bildirmişdir. Emin də bunun müqabilində özünə aid hər hansı sənəd, əşya qoymaq lazım olduğunu bildirmişdir. Eminin bu sözlərindən sonra o, özünə məxsus olan pasport və istifadəyə yararsız üzərində nömrə olmayan ağ rəngli “Nokia” markalı mobil telefonu Eminə vermişdir. Daha sonra o, sözügedən qızılları götürüb binanın blokuna daxil olaraq, blokun içərisində arxa hissəsində olan çıxışdan çıxıb yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə getmişdir. Evdə olan zaman o, dostu Raufa bir nəfəri aldadaraq, qızıl ələ keçirdiyini deyərək, Raufdan həmin qızılı satmasını xahiş etmişdir. Həmin gün, yəni 20 yanvar 2021-ci il tarixdə saat 18 radələrində dələduzluq yolu ilə ələ keçirdiyi qızıllardan bir dəstini yəni, 01 ədəd qızıl üzük və bir cüt sırğanı aparıb lombarda girov qoyaraq pul götürməsi üçün Raufa vermişdir. Rauf da həmin qızılı götürüb lombarda getmiş, bir qədər keçdikdən sonra Rauf ona“WhatsApp”proqramı vasitəsi ilə zəng edərək, həmin qızılı girov qoymağın müqabilində lombard 230 manat verə biləcəyini bildirmişdir. Lakin, Raufun şəxsiyyət vəsiqəsi evdə qaldığı üçün, qızılı lombarda girov qoya bilmədiyini bildirmişdir. Səhəri gün, yəni 21 yanvar 2021-ci il tarixdə Rauf ona qeyri-rəsmi münasibətdə olduğu Günayı aparıb işə qoyduqdan sonra ona verdiyi qızılları lombarda girov qoyaraq, 230 manat məbləğində pul götürdüyünü, 70 manat ona, 150 manat isə Günaya verdiyini bildirmişdir. O, Raufa ondan icazəsiz Günaya nə səbəbdən pul verdiyni soruşduqda, Rauf da ona bir neçə vaxt Günayın evində qaldığını bildirmişdir. Bundan sonra o, qalan qızılları götürüb, Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsində yaşayan qardaşı Şahid2 evinə getmişdir. Bir qədər evdə oturduqdan sonra qardaşına tanışı Xuraman adlı qadının qızılının özündə olduğunu, həmin qızılları satacağı təqdirdə Xuramanın ona pul verəcəyini demişdir. Bundan sonra o, sənədi olmadığı üçün qardaşı Nadirdən özündə olan qızılı lombarda girov qoyaraq pul götürməsini xahiş etmişdir. Nadir ondan həmin qızılın oğurluq olub-olmamasını soruşduqda o, qızılın tanışı Xuramana məxsus olduğunu bildirmişdir. Daha sonra o, cibindən 01 ədəd 585 əyarlı təxminən 5 qram çəkidə gül formasında olan qadın qızıl üzüyü, bir cüt 585 əyarlı ümumilikdə təxminən 4 qram çəkidə gül formasında qadın qızıl sırğasını çıxarıb Nadirə vermişdir. Nadir evdən çıxaraq lombarda getmiş və aradan təxminən bir saat keçdikdən sonra Nadir geri qayıtmışdır. Nadir ona həmin qızılları lombarda girov qoyması müqabilində götürdüyü 450 manat pulu ona vermişdir. Bundan bir qədər keçdikdən sonra həmin gün axşam saat təxminən 22 radələrində qardaşının evinin qarşısında olan zaman, mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər.Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, ünvan 4 ünvanında 0,03 ha torpaq sahəsində özünə iki mərtəbəli ev tikdirmişdir. Həmin ev dörd tərəfdən mişar daşları ilə əhatə olunmuş, tam təmirli, 5 otaqdan və 1 mətbəxdən ibarətdir. Həyətə giriş iki laylı dəmir darvazadan mümkündür. Qeyd olunan ünvanda o, yaşamır, lakin iki aydan bir evinə gəlib baş çəkirmiş. Sonuncu dəfə 06.12.2020-ci il tarixdə saat 14 radələrində evində olan zaman, hər şey öz qaydasında olmuş və evdən çıxanda evin giriş qapısını və darvazanı bağlamışdır. Həmin evi o, satmaq istədiyindən, hasara evin satılması barədə məlumat yazaraq mobil nömrəsini də qeyd etmişdir. 16.12.2020-ci il tarixdə səhər saatlarında bir nəfər şəxs tanımadığı və yadında qalmadığı nömrədən ona zəng vuraraq, darvazanın və evin qonaq otağının pəncərəsinin açıq olduğu bildirmişdir. Həmin gün saat 14 radələrində Lənkəran şəhərindən Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksində yerləşən evinə gəlmişdir. Evə gəldikdə, artıq polis əməkdaşları orada olmuşlar, çünki polisə o, oğurluqla bağlı məlumatı özü vermişdir. Evə daxil olub baxış keçirdiyi zaman, evin birinci mərtəbəsində yerləşən qonaq otağından 1200 manat dəyərində 01 ədəd, mətbəxdən 400 manat dəyərində 01 ədəd «Samsung» markalı televizorların, evin ikinci mərətbəsində yerləşən yataq otağında olan 200 manat dəyərində «Samsung» markalı televizorun yararsız vəziyyətdə olduğunu və həmin otaqda paltar dolabında olan 200 manat dəyərində 01 ədəd qəhvəyi rəngli kişi gödəkçəsinin yerində olmadığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat və televizorun yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Xırdalan şəhəri, H.Əliyev prospekti 167, «AAAF park» yaşayış kompleksi, küçə 5, ev 7 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi vardır. Ölkədə baş vermiş pandemiya ilə əlaqədar o, ailəsi ilə birlikdə 23.12.2021-ci il tarixdə özünə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evində yaşayır. Həmin müddət ərzində onun Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində heç kim yaşamamışdır. Lakin, evinə nəzarət etməkdən ötrü o, tez-tez evinə gəlib gedirmiş. 17.01.2021-ci il tarixdə evinə gedən zaman, hər şey normal vəziyyətdə olmuşdur. Sonuncu dəfə 19.01.2021-ci il tarixdə günorta saatlarında yenidən evinə nəzarət etmək üçün gəldikdə, evin həyətinin darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Evinə daxil olduqda, evin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu və gül dibçəyinin yerə düşdüyünü, həmin otaqda olan «Sony» markalı ev kinoteatrının yerində olmadığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 300 manat məbləğində maddi ziyan dəymişdir. Ziyan ödənilməsə də hazırda şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, qızılın alqı-satqısı ilə məşğul olduğundan, “Tap.az” saytında bu barədə elan yerləşdirmişdir. 19 yanvar 2021-ci il tarixdə saat 19:49 dəqiqədə ***-***-**- ** mobil nömrəli “WhatsApp” proqramı vasitəsi ilə ***-***-**-** mobil nömrədən ona mesaj gəlmişdir. Həmin şəxs ona qızıl dəsti lazım olduğunu, çatdırmanın olub-olmadığını, eyni zamanda satışda olan qızılların şəkillərini göndərmək lazım olduğunu bildirmişdir. O, həmin şəxsə mesaj yazaraq, çatdırmanın olduğunu və satışda olan qızılların şəkillərini göndərmişdir. 20 yanvar 2021-ci il tarixdə günorta saatlarında həmin şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə mesaj yazaraq, göndərdiyi qızılların şəkillərindən seçdiyi 1 ədəd 470 manat dəyərində 585 əyarlı 5,05 qram çəkidə gül formasında olan qadın qızıl üzüyünü, bir cüt 390 manat dəyərində 585 əyarlı ümumilikdə 4 qram çəkidə gül formasında qadın qızıl sırğasını, 1 ədəd 240 manat dəyərində 585 əyarlı 2,50 qram çəkidə üzərində “Pasquale Bruni” markalanma yazısı olan qadın qızıl üzüyünü, bir cüt 280 manat dəyərində 585 əyarlı ümumilikdə 3 qram çəkidə düz formalı qadın qızıl sırğasını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Sultan” şadlıq sarayının qarşısına çatdırılmasını istəmişdir. O, 20 yanvar 2021-ci il tarixdə saat 17 radələrində həmin qızılları götürüb idarə etdiyi avtomobillə Xırdalan şəhərində yerləşən “Sultan” şadlıq sarayının qarşısına getmişdir. Həmin vaxt bir nəfər ona yaxınlaşaraq, qızılları almaq üçün telefonda onunla danışdığını demişdir. Həmin şəxs avtomobilin qabaq sərnişin oturacağına əyləşmiş və ona bir qədər irəlidə yerləşən yaşayış binasının giriş blokunun qarşısına sürməsini xahiş etmişdir. O, avtomobili həmin yerə sürdükdən sonra, həmin şəxs ondan almaq istədiyi qızılları həyat yoldaşına göstərmək üçün qızılları özü ilə evə aparmasını xahiş etmişdir. Həyat yoldaşı qızılları bəyəndiyi təqdirdə alacağını bildirmişdir. O, həmin şəxsdən hər hansı bir əşyasını qoyub getməsini bildirdikdə, həmin şəxs bir ədəd ağ rəngli “Nokia” markalı mobil telefon və bir ədəd Təqsirləndirilən şəxs məxsus olan pasportunu ona vermişdir. Bundan sonra həmin şəxs satmaq üçün gətirdiyi yuxarıda qeyd edilən qızılları götürüb binanın giriş blokuna daxil olmuşdur. Bir qədər gözlədikdən sonra qızıllarını aparan şəxsin geri gəlmədiyini görüb ona zəng etdiyi ***-***-**-** mobil nömrəsinə zəng etsə də, telefon söndürülmüş vəziyyətdə olduğu üçün əlaqə yarada bilməmişdir. Əmılakı qaytarılsa da Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, iki il öncə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksində ev 1, 41 saylı mənzil almışdır. O vaxtdan etibarən qardaşı TZərərçəkmiş şəxs4 həmin evin təmiri ilə məşğul olmuşdur. Bildiyinə görə 2020-ci ilin noyabr ayında, qardaşı Telman evə kafel ustası Rahib adlı şəxsi dəvət etmiş və sonuncu evdə kafel işləri ilə məşğul olurmuş. Daha sonra Rahib adlı usta qardaşı Telmanın razılığı ilə ona məxsus AAAF park yaşayış kompleksi ev 1, mənzil 41-də yaşamağa başlamışdır. 18.12.2020-ci il tarixdə qardaşı Telman ona zəng vuraraq, onun 2020-ci ilin aprel ayında 800 manata aldığı və təmiri başa çatmamış evinə qutunun içərisində qoyduğu 01 ədəd «Samsung» markalı televizorun Rahib usta tərəfindən oğurlandığını bildirmişdir. X6 zəng vuraraq televizoru nə səbəbdən oğurladığını soruşduqda, Rahib Telmana ehtiyacı olduğu üçün ona məxsus «Samsung» markalı televizoru tanımadığı şəxsə satdığını bildirmişdir. Daha sonra Rahibin işlətdiyi mobil nömrəsinə zəng çatmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında Şahid3 qızının elan olunmuş ifadəsindən görünür ki, əsl adı Minagül olsa da, hamı onu Günay kimi tanıyır. Təxminən bir ay öncə tanış olduğu Rauf adlı şəxs, onunla birlikdə ünvan 5 ünvanda qalmağa başlamışdır. Təqsirləndirilən şəxs isə Raufun vasitəsi ilə tanımışdır. Təxminən 2021-ci ilin yanvar ayının ortalarında Rahib Raufa zəng edərək qalmağa evi olmadığıüçün onu bir günlük qonaq etməsini xahiş etmişdir. Rauf da Rahibi qaldıqları evə dəvət etmiş və bu minvalla təxminən 10 günə yaxın Rahib onlarla qalmışdır. 20 yanvar 2021-ci il tarixdə saat təxminən 19 radələrindəo, işdən evə gəlmiş, sonradan Rahibdə evə gəlmişdir. Rauf ona Rahibin qızılı olduğunu, həmin qızılıRahibin qadın tanışının ona satmasıüçün verdiyini bildirmişdir. Bundan sonra Rauf Rahibin yanında ona, həmin qızılı lombarda girov qoyub pul götürmək lazım olduğunu bildirmişdir. O, qorxduğu üçün həmin şəxslərlə razılaşmamış. Buna baxmayaraq, Rauf Rahibin lombarda girov qoymaq istədiyi 01 ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğanı ona vermişdir. Həmin vaxt o, Rahibdən həmin qızılların oğurluq olub-olmamasını soruşduqda Rahib ona həmin qızılların tanışına məxsus olduğunu və ona satması üçün verdiyini bildirmişdr. Səhəri gün, yəni 21 yanvar 2021-ci il tarixdə səhər saat 08 radələrində Rauf onu işə aparan zaman, o, işə gecikdiyi üçün lombarda gedə bilməmişdir. Yolda Raufa özündə olan 80 manat pulu vermiş ki, Rahibin ehtiyacını həll etsin. Raufun ona verdiyi qızıllar isə onda qalmışdır. O, düşünmüş ki, həmin qızıllar lombarda qoyulsa da sonunda sahibinə qaytarılmalıdır. 22 yanvar 2021-ci il tarixdə saat təxminən 20 radələrində işdən evə qayıdan zaman evin həyətində, yəni ünvan 5 ünvanda yerləşən binanın qarşısında mülki geyimdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Onunla polis idarəsində fərdi söhbət zamanı o, Raufun ona verdiyi Rahibin tanışına aid qızılların cinayət yolu ilə əldə edildiyini bildikdən sonra, həmin qızılları polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, təxminən bir ay öncə tanıdığı Günay ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Grand Mart” supermarketin yerləşdiyi binada kirayə qalır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, sonuncu ilə dostluq münasibətləri olmuşdur. Təxminən 2021-ci ilin yanvar ayının ortalarında Rahib ona zəng edərək, qalmağa evi olmadığı üçün onu bir günlük qonaq etməsini xahiş etmişdir. Bu minvalla təxminən 10 günə yaxın Rahib onlarla birlikdə qalmışdır. 20 yanvar 2021-ci il tarixdə saat təxminən 18 radələrində o, evdə olan zaman Rahib evə gəlmişdir. Rahib tanışı olan Xuraman adlı qadının ona verdiyi qızılını lombarda qoyub əvəzində pul götürməsinə kömək etməsini ondan xahiş etmişdir. O, Rahibdən nə səbəbdən özü həmin qızılları lombarda qoymamasını soruşduqda, Rahib ona sənədinin olmadığı üçün qızılı lombarda qoya bilmədiyini bildirmişdir. Bundan sonra Rahib ona 01 ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğa vermişdir. O, həmin qızılları götürüb Abşeron rayonu, Xırdalan şəhərində qaldığı “Grand Mart” supermarketin yerləşdiyi binanın yaxınlığında olan lombarda getmişdir. Orada həmin qızılları girov götürüb müqabilində 230 manat pul verə biləcəklərini ona bildirmişlər. Lombard ondan şəxsiyyət vəsiqəsi tələb etdiyinə və onun üzərində sənədi olmadığına görə evinə qayıtmışdır. Evdə Rahibə həmin qızılları girov qoymaq müqabilində lombard 230 manat pul verə biləcəyini demişdir. O, bir daha geri lombarda gedə bilməyəcəyini deyib Rahibin ona verdiyi 01 ədəd qızıl qadın üzüyünü və bir cüt qızıl sırğanı Rahibə qaytarmışdır. Bundan sonra Rahib telefonla kiminləsə danışaraq, qızılı olduğunu və həmin qızılı satmaq istədiyini demişdir. 21.01.2021-ci il tarixdə səhər saatlarında Rahib onun qaldığı evdən çıxıb getmişdir. Məhkəmə istintaqında Şahid2 Bahadir oğlunun elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Sonuncu əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Rahibin son zamanlar Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı yerdə kirayədə qaldığını bilirmiş və arada vaxtı olanda görüşürmüşlər. 21.01.2021-ci il tarixdə saat 14 radələrində Rahib onun yaşadığı evə gəlmişdir. Bir qədər oturduqdan sonra, Rahib ona gündəlik icarə əsasında avtomobil götürmək istədiyini bildirmişdir. Rahib Xuraman adlı bir qadının ona maddi köməklik etdiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Rahib ona qızılı olduğunu və lombarda girov qoyaraq, pul götürmək istədiyini bildirmişdir. O, Rahibdən dəfələrlə qızılı hardan aldığını soruşsa da, Rahib ona tanışı Xuraman adlı xanımın qızılları verdiyini bildirmişdir. Həmin qızılları lombarda girov qoyduqdan sonra götürüləcək puldan Xuramanın ona pul verəcəyini demişdir. Sənədləri olmadığına görə ondan həmin qızılları lombarda girov qoyub pul götürməsini xahiş etmişdir. Bundan sonra Rahib cibindən 01 ədəd 585 əyarlı təxminən 5 qram çəkidə gül formasında olan qadın qızıl üzüyü, bir cüt 585 əyarlı ümumilikdə təxminən 4 qram çəkidə gül formasında qadın qızıl sırğasını çıxarıb ona vermişdir. O, həmin qızılları götürüb Bakı şəhəri, Sabunçu rayonunda yerləşən dəmir yol vağzalının yaxınlığında lombarda aparmışdır. Lombardda sənədlərini təqdim edərək, Rahibin ona verdiyi 01 ədəd 585 əyarlı təxminən 5 qram çəkidə gül formasında olan qadın qızıl üzüyünü, bir cüt 585 əyarlı ümumilikdə təxminən 4 qram çəkidə gül formasında qadın qızıl sırğasını girov qoyaraq, 450 manat məbləğində pul almışdır. Daha sonra evə qayıdaraq, lombarddan aldığı 450 manat pulu Rahibə vermiş və Rahib də evdən çıxıb getmişdir. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, təxminən bir ildir ki, Bakı şəhəri, Sabunçu rayonunda Dəmir yol vağzalının yaxınlığında yerləşən “Lombard”da xəzinədar işləyir. Hər gün saat 10 radələrindən saat 18 radələrinədək işdə olur. 21 yanvar 2021-ci il tarixdə saat təxminən 17 radələrində işdə olduğu zaman, bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşmışdır. Həmin şəxs 01 ədəd 585 əyarlı 5,05 qram çəkidə gül formasında olan qadın qızıl üzüyü, bir cüt 585 əyarlı 4 qram çəkidə gül formasında qadın qızıl sırğasını təqdim edərək girov qoymaq istədiyini bildirmişdir. O, həmin qızıllara baxaraq, tərəzidə çəkdikdən sonra adını sonradan Şahid2 Bahadir oğlu bildiyi şəxsə həmin qızılları girov qoyması müqabilində 400 manat pul verə biləcəyini demişdir. Nadir ona ehtiyacı olduğunu bildirərək, bir az məbləği qaldırmasını xahiş etmişdir. O, sözügedən qızılların müqabilində 450 manat məbləğində puldan artıq verə bilməyəcəyini bildirmişdir. Nadir onunla razılaşandan sonra o, həmin qızılları götürüb sənədləşdirərək, Şahid2 Bahadir oğluna 450 manat məbləğində pul vermişdir. Şahid2 Bahadir oğlunun girov qoyduğu qızılları könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.02.2021-ci il tarixli, 6/398-9/488 nömrəli rəyinə əsasən: - 1 ədəd sarı rəngli metaldan, gül formalı, üzərində ağ şəffaf qaşları olan sırğa cütü – üzük dəsti – üzərində «Anber 585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 8,98 qramdır, qaşları qiymətli qaşlara aid deyil; - 1 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları olan üzük – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,71 qramdır, qaşları qiymətli qaşlara aid deyil; - 1 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları olan sırğa cütü (tayı qırıqdır) – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,03 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2021-ci ilin yanvar ayına olan dəyəri ümumilikdə 961,0 manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.02.2021-ci il tarixli, 9/495 nömrəli rəyinə əsasən: Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş, əvvəllər istismar edilmiş «Sony» markalı, HBD-H8100W modelli dörd hissədən ibarət ev kinoteatrının işlənmiş vəziyyətdə, 18 fevral 2020-ci il tarixə, fiziki və mənəvi köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 150,00 manat müəyyən olunur. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Sony» markalı, HBD- H8100W modelli dörd hissədən ibarət ev kinoteatrı, Şahid4 götürülmüş 01 ədəd sarı rəngli metaldan, gül formalı, üzərində ağ şəffaf qaşları olan üzərində «Anber 585» əyar damğası həkk olunmuş, çəkisi 8,98 qram sırğa cütü və üzük dəsti, Şahid3 qızından götürülmüş 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları və çəkisi 1,71 qram olan 585 əyarlı üzük və 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları, çəkisi 3,03 qram olan 585 əyarlı sırğa cütü və Zərərçəkmiş şəxs1 götürülmüş 01 ədəd «Nokia» markalı mobil telefonu və Təqsirləndirilən şəxs adına pasport iş üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək sahiblərinə qaytarılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 25.01.2021-ci il tarixli, 21/67R nömrəli rəyindən görünür ki:

1. 16.12.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd şəffaf yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 05 ədəd əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl-barmaq izi (ADİS-in məlumat bankına Xəzər və Nərimanov RPİ-dən daxil) xx.xx.1991-ci il tarixdə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (03 dəfə), orta barmaqlarının, sağ əlinin isə böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. 16.12.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş «əl-barmaq izləri» cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli 1(010)-36/2021 saylı Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hökmünə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 03(üç) il 04(dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs Bahadır oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bahadır oğluna CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 04 ay müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bahadır oğlu 21 yanvar 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədirinin seçilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 21.01.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Sony» markalı, HBD-H8100W modelli dörd hissədən ibarət ev kinoteatrının sahibi Zərərçəkmiş şəxs3, Şahid4 götürülmüş 01 ədəd sarı rəngli metaldan, gül formalı, üzərində ağ şəffaf qaşları olan üzərində «Anber 585» əyar damğası həkk olunmuş, çəkisi 8,98 qram sırğa cütü və üzük dəstinin, Şahid3 qızından götürülmüş 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları və çəkisi 1,71 qram olan 585 əyarlı üzük və 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları, çəkisi 3,03 qram olan 585 əyarlı sırğa cütünün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması, Təqsirləndirilən şəxs Bahadır oğlundan götürülmüş 01 ədəd «Nokia» markalı mobil telefon və pasportun Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs2 məxsus evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş «əl-barmaq izləri» cinayət işində saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci 184,50 (bir yüz səksən dörd manat əlli qəpik) manat Təqsirləndirilən şəxs Bahadır oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğluna, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Bahadır oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X3 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Bahadır oğluna Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası indiki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, Təqsirləndirilən şəxs Bahadır oğlunun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bahadır oğlunun cəzasının əvvəli 21.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bahadır oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Sony» markalı, HBD-H8100W modelli dörd hissədən ibarət ev kinoteatrının sahibi Zərərçəkmiş şəxs3, Şahid4 götürülmüş 01 ədəd sarı rəngli metaldan, gül formalı, üzərində ağ şəffaf qaşları olan üzərində «Anber 585» əyar damğası həkk olunmuş, çəkisi 8,98 qram sırğa cütü və üzük dəsti, Şahid3 qızından götürülmüş 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları və çəkisi 1,71 qram olan 585 əyarlı üzük və 01 ədəd sarı rəngli metaldan, üzərində «PASQUAL BRUNİ» yazısı və qara rəngli qaşları, çəkisi 3,03 qram olan 585 əyarlı sırğanın sahibi Zərərçəkmiş şəxs1 qaytarılması, Təqsirləndirilən şəxs Bahadır oğlundan götürülmüş 01 ədəd «Nokia» markalı mobil telefon və pasportun Şahid2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs2 məxsus evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş «əl-barmaq izləri» cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 184,50 (bir yüz səksən dörd manat əlli qəpik) manat Təqsirləndirilən şəxs Bahadır oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğluna, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar