Məhkəmə qərarları › İş №1(012)-314/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-314/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-314/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs bankdan 30.000 manat məbləğində kredit götürməkdə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 2022-ci ilin sentyabr ayının ortalarından axırlarına qədər olan müddət ərzində 4098- 5844-6727-2462 saylı Leo Bank kartına hissə-hissə olaraq göndərtdiyi 550 manat, 100 manat, 350 manat və 250 manat pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 1250 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Müharibə iştirakçısı olduğuna görə halhazırda bədənində xəsarətlər vardır. O, Zərərçəkmiş şəxs təxminən BİR ildir ki, tanıyır, Günayla məclislərin birində tanış olmuşdur. Həmin şəxslə münasibəti yaxşılaşdığı üçün aralarında sevgi münasibətləri başlamışdır. Günayla bir müddət sevgili olan zaman aralarında hər şey yaxşı olmuş, daha sonra Günayın onu aldatdığını və ona yalan danışdığını bilmişdir. Ona görə də Günaydan qisas almaq qərarına gəlmişdir. Məhz buna görə də Günayı aldatmaq və yalan danışmaq qərarına gəlmiş, həmin ərəfələrdə Günay onunla telefon əlaqəsi yaradaraq özünə biznes qurmaq istədiyini buna görə də müəyyən miqdarda pul lazım olduğunu bildirmişdir. Pulu olmadığı üçün də onun adına bankdan kredit götürmək istədiyini bildirmişdir. O isə öz adına kredit götürə bilməyəcəyini deyib adına kredit götürülməsində köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün yalandan Anar adlı tanışının olmasını deyib həmin şəxsin Günayın adına qeyriqanuni yol ilə kredit götürülməsində köməklik edə biləcəyini sonuncuya bildirmişdir. Günay 15.000 manat miqdarında pul götürmək istədiyinə görə həmin pulun bankdan götürülməsi üçün Günaydan 1500 manat pul istəmiş, İş həll olunduqdan sonra isə əlavə 1500 manat da pul verməli olduğunu Günaya bildirmişdir. Günay onunla razılaşdıqdan sonra Günaydan 2022-ci ilin sentyabr ayı ərzində 1250 manat pul almışdır. Belə ki, Günaydan hər dəfə pul istədikdə Günay onun 4098- 5844-6727-2462 saylı “Leo Bank” kart hesabına hissə-hissə pul göndərmişdir. O isə həmin pulu Günaydan əldə etdikdən sonra həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, Günaya kredit götürməkdə köməklik etmək fikri olmamışdır. Anar adını da uydurub Günaya bildirmişdir. Lakin, həmin pulu özü alıb, şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Saatlı rayonu, Minbaşılı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivi nömrəsiz fərdi yaşayış sahəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 7-8 aydır ki, tanıyır, münasibəti yaxşı olmuşdur. Belə ki, həmin şəxsi tanışlarının məclisində görüb tanış olmuşdur. Həmin şəxslə tanış olduqdan sonra mütəmadi olaraq telefonla danışmışdır. O, həmin şəxslə telefonda danışıq əsnasında biznes qurmaq istəyini bildirmiş, buna görə də ona iş qurmaq üçün 30.000 manat pul lazım olduğunu bildirmiş, Nurlandan həmin məbləğdə pul istəmiş, Nurlan isə həmin məbləğdə pulunun olmadığını deyib banklarda tanışının olduğunu və həmin məbləğdə pulu qeyri-qanuni yol ilə onun üçün kredit şəklində götürməkdə köməklik göstərəcəyini bildirmişdir. Kredit götürməkdə köməklik edən şəxsin Anar adlı şəxs olmasını, həmin şəxsə isə əvvəlcədən kredit götürmək üçün 1500 manat pul verilməli olduğunu demişdir. O, Nurlanın dediklərinə inanıb Nurlanın dediyi məbləğ ilə razılaşmış, lakin, 2022-ci ilin sentyabr ayının ortalarından Nurlana hissə-hissə cəmi 1250 manat pul düzəldib göndərmişdir. Nurlan hər dəfə ona zəng edib pul göndərməyini istədikdə pul tapıb Nurlanın ona göndərdiyi 4098-5844-6727-2462 saylı “LeoBank” kart hesabına göndərmişdir. Belə ki, hər dəfə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivindən mobil telefonu vasitəsi ilə Nurlanın kart hesabına göndərmişdir. Belə ki, Nurlana birinci dəfə 550 manat, ikinci dəfə 100 manat, üçüncü dəfə 350 manat və sonuncu dəfə 250 manat pul göndərmişdir. O, ümumilikdə 1250 manat pulu hissə-hissə olaraq online formada Nurlana göndərmişdir. Nurlan ona 1 ay müddətinə 30.000 manat krediti götürüb ona verəcəyinə söz vermişdir. O, 2022-ci ilin oktyabr ayı ərzində Nurlanın verdiyi sözü gözləməyə başlamış, lakin bir ay müddətinə Nurlan hər dəfə onu müxtəlif bankın qarşısına gəlməyini deyib sonra telefonları bağlamış və Nurlana zəng çatmamışdır. Bundan sonra Nurlanın onu aldatdığını görüb Nurlandan pulunu tələb etməyə başlamış, lakin Nurlan pulu Anar adlı şəxsə verdiyini və sonuncudan pulu ala bilmədiyini deyib həmin pulu özü qaytaracağına söz vermişdir. O isə yenə də Nurlanın bu sözünə inanmış, bir neçə gündən sonra Nurlandan yenə də pulunu tələb etmək istədikdə Nurlan ona pulu verməyəcəyini deyib nə bilirsə edə biləcəyini bildirmişdir. Bundan sonra Nurlanın onu aldatdığını, Anar adlı şəxsin adını deməklə ondan aldığı pulu həmin şəxsə verdiyini deyərək pulunu dələduzluq yolu ilə ələ keçirdiyini düşünmüşdür. Ona görə də 14 noyabr 2022-ci il tarixdə Abşeron RPİ-nə gələrək şikayət ərizəsi yazmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan tələbnamədən və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat miqdarında cərimə növündə cəzaya məhkum olunmuş və ona təyin edilmiş cərimə cəzasından heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması və 8500 manat cərimə cəzasına məhkum edilmişdir, ona təyin olunmuş cəzalar çəkilməmiş qalmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin olunmuş və ödənilməmiş 8500 (səkkiz min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün hazırki cinayət işi üzrə barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Suqmayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada müraciət olunması hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının müddəti və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzası qismən hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar