Məhkəmə qərarları › İş №1(012)-315/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-315/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-315/2021 07.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakları ilə xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, «xxxx» MMC-də növbətçi işləyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdə, saat 20:30 radələrində Mehdiabad-Digah yolunun Abşeron rayonu, Digah qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Kia Cerato” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Digah istiqamətində təxminən 35-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, sərxoş vəziyyətdə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsində vurmuş, nəticədə ehtityatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol baldır sümüyünün iç topuğun və sol qamış sümüyünün arxa kənarının qapalı, yerinidəyişən sınıqları, sol aşıq-baldır oynağının şişkin fonda hematoması, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin və qarın nahiyəsinin sol yan səthinin sıyrıqları kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında arvadı Şahid1 adına qeydiyyatda olan Kia Cerato markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 01 yanvar 2021-ci il tarixdə saat 20.30 radələrində idarə etdiyi avtomobillə uzaqvuran işıqlarla Mehdiabad-Digah yolu ilə Digah qəsəbəsi istiqamətində yolun ortası ilə təxminən 35-40 km/saat sürətlə hərəkətdə olarkən qarşında və arxasında heç bir avtomobil hərəkət etməmiş, yəni hərəkətdə olduğu yol boş olmuş, həmin vaxtı təxminən 40-50 metr qabaqda hərəkəti istiqamətində bir nəfər piyada kişinin yolun sağ kənarındakı piyada səkisi ilə Digah istiqamətində düzünə hərəkət etdiyini görmüş, belə ki, piyadanın arxa hissəsi ona tərəf olmuş, ona çatmağına təxminən 1-1,5 metr qalmış piyada kişi gözlənilmədən sola yanı üstə ləngərləyərək onun qabağına çıxmışdır. O, piyadanı vurmamaq üçün avtomobilini sola qaçırtmış, buna baxmayaraq piyadanın sol ayağı idarə etdiyi avtomobilin qabaq fara şüşəsinə dəymiş, zərbədən piyada fırlandığından sağ əlində tutmuş əşya avtomobilinin qabaq alın şüşəsinin sağ aşağı hissəsinə dəymiş, nəticədə piyada yerə oturmuş, o, avtomobili bir qədər qabaqda yolun sol kənarında saxlayıb dərhal piyadaya yaxınlaşmış və piyada kişinin oturmuş vəziyyətdə yerdə nə isə axtardığını görmüş, piyada kişidən spirtli içki qoxusu gəlmiş, piyada kişinin sərxoş olmasını yəqin etmiş və onun qoluna girərək kənara çəkmiş, bu zaman yaxınlıqda yerləşən aptekin işçisi onlara yaxınlaşmış və xəsarət alan piyada kişini tanıdığını bildirmiş, onlar piyada kişiyə kömək edib aptekə aparan zaman ambulans və polis çağırmaq istədiyini bildirdikdə piyada buna imkan verməmiş və ona heç nə olmadığını bildirmiş, həmin şəxsi dərhal aptekə aparmış, aptek işçisi ona su vermişdir. Piyada kişi günahın özündə olduğunu və onun oradan getməyini bildirmişdir. Hadisə baş verən zaman avtomobildə qabaq sağ oturacaqda hamilə olan arvadı Əfsanə, bacısı Aysel və azyaşlı oğlu Uğur isə arxa oturacaqda əyləşmiş, onlar da çox qorxmuş və həyəcan keçirmişlər. O, aptekdə olan zaman aptek işçisi piyada kişini və onun arvadını tanıdığını demiş, aptek işçisi onun bacısına zəng edərək qardaşının özünü maşının qarşısına atdığını və sərxoş vəziyyətdə olduğunu bildirmiş, piyada kişi isə heç nə olmadığını və narahat olmamağı demiş, təxminən 20 dəqiqədən sonra piyada kişinin bacısı aptekə gəlmişdir. Bacısının yanında da piyada kişi günahın özündə olduğunu dəfələrlə deyib onun oradan çıxıb getməyini bildirmiş, həmçinin piyada kişi aptek işçisinin yanında özünün telefon nömrəsini ona vermək istəyərək avtomobilə dəyən ziyanı sabah zəngləşib ödəmək istədiyinbi bildirmişdir. Piyada kişinin bacısı aptekə gələrkən orada o, bacısı, və arvadı və aptek işçisi olmuşdur. Bacısı aptekə daxil olan kimi üzünü qardaşına tutaraq uca səslə «bəsdir, artıq nə qədər özünü maşınların altına atacaqsan, bizi bezdirmisən» dedikdə, piyada kişi isə ölmək istədiyini bildirmiş, sonra bacısı üzünü onun arvadına tərəf çevirərək qardaşının vaxtı ilə çox yaxşı qardaş olduğunu, evləndirdikdən sonra aldığı gəlinin küçə qadını, həyasız olduğunu, bu səbəbdən də qardaşının içkiyə qurşandığını dedikdə piyada kişi bacısının sözlərindən sonra başını aşağı salıb susmuş, aptekdə olduğu zaman piyada kişiyə heç nə olmadığını hamı görmüş, o, yenə də həmin şəxsə, bacısına bu barədə polisə məlumat vermək istədiyini bildirdikdə onlar razılaşmayaraq onun çıxıb getməyini xahiş etmişlər. Buna baxmayaraq o, özünə məxsus mobil telefon nömrəsini kişinin bacısına vermiş və bacısının mobil nömrəsini almışdır. Piyada kişinin bacısı onun mobil telefonunun nömrəsini götürmüşdür. Bundan sonra idarə etdiyi avtomobillə oradan çıxıb getmişdir. Sonda o, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 01 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Digah qəsəbəsində Mehdiabad-Digah yolunu Digah qəsəbəsi istiqamətində sağdan sola keçən zaman Mehdiabad qəsəbəsi istiqaməti tərəfdən gələn “Kia Cerato” markalı 99-XJ -871 dövlət qeydiyat nişanlı avtomobil onu vurmuşdur. Zərbədən o, asfaltın üzərinə yıxılmışdır. Avtomobilin sürücüsü və sərnişnləri ona köməklik edib yolun kənarında olan aptekə aparmışlar. O, hadisə yerinə yaxınlıqda yaşayan bacısını çağırmışdır. Həmin avtomobilin sürücüsü özünü təqdim etmiş və onunla bacısı bir-birilərinə telefon nömrələrini vermişdilər. Həmin sürücünün yanında olan qadınlar onu həkimə aparmaq istəsələr də etiraz etmişdir. Sonra bacısıgilə getmişdir. Ona ilkin tibbi yardım göstərilmişdir. 01.01.2021-ci il tarixdə ayağında küt ağrılar olduğuna görə 3 saylı xəstəxanaya müraciət etmişdir. Sürücünün cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyi üçün xəstəxanada ağacdan yıxılaraq xəsarət aldığını bildirmişdir. Sonradan adını Sunay kimi bildiyi sürücü onunla maraqlanmadığı, əksinə hadisə zamanı avtomobilinin zədələnmiş alın şüşəsini ondan tələb etdiyinə görə sürücünün barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Bildirmişdir ki, hadisə zamanı o, tək olmuş, hadisədən az əvvəl bir qədər spirtli içki qəbul etmişdir. Mehdiabad-Digah yolunu sağdan sola adi yerişlə keçib yolun ortasına çatdığı zaman Sunay adlı şəxs idarə etdiyi “Kia Cerato” markalı avtomobilin qabaq tərəfi ilə onu vurmuşdur. O, əvvəllər həmin sürücünü tanımamış və aralarında heç bir ədavət olmamışdır. Sonda o, Təqsirləndirilən şəxs ilə barışıq əldə edildiyini göstərərək məhkəmədən onun barəsində cinayət işinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır kəndi Cantəpə yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. 02.01.2021-ci il tarixdə yaşadığı evdə olarkən baldızı Qətibə ona zəng vuraraq dünən, yəni 01.01.2021-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində əri Qəlbinur piyada yolu keçərkən avtomobil tərəfindən vurulduğunu və xəsarət aldığını bildirmişdir. Həmin günü, yəni 02.01.2021ci il tarixdə Qəlbinur evə gəlmişdir. Qəlbinur evdə baş vermiş hadisə ilə bağlı ona danışmış və avtomobilin sürücüsündən şikayət etməmək üçün xəstəxanada ağacdan yıxıldğını və ona görə də ayağından xəsarət aldığını bildirdiyini ona demiş, bundan sonra Qəlbinuru vuran avtomobilin sürücüsü baldızı Qətibəyə zəng vuraraq hadisə nəticəsində avtomobilinin şüşəsinin sındığını və şüşənin pulunu istədiyini bildirmiş, bundan sonra onlar rəsmi qaydada polisə şikayət etmək qərarına gəlmişlər. Həmin sürücü əri Qəlbinura hadisədən sonra heç bir yardım etmədən köməksiz vəziyyətdə qoyub hadisə yerindən getmiş, əksinə olaraq Qəlbinuru vuran avtomobilin sürücüsü adını sonradan bildiyi X2 zəng edərək onlardan hadisə vaxtı zədələnmiş şüşənin pulunu tələb etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Mehdiabad-Digah yolunun Digah qəsəbəsində yerləşən “Buta” aptekdə əczaçı işləyir. 01.01.2021-ci ildə saat 21 radələrində aptekdə olarkən səs-küy eşidib küçəyə çıxan zaman səkinin kənarında əvvəllər tanıdığı Qəlbinurun asfaltın kənarında oturduğunu görmüş, həmin vaxt Qəlbinurun yolu keçərkən avtomobillə vurulduğu ona məlum olmuş, o, kömək edərək Qəlbinuru aptekə aparmış, orada ona su vermiş və tanıdığına görə bacısına zəng vurub hadisə barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra Qəlbinurun bacısı Qətibə gəlmiş, aptekdə Qəlbinuru vuran avtomobilin sürücüsü ona tibbi yardım göstəriləcəyinə köməklik edəcəyini bildirmiş, sonra sürücü aptekdən çıxıb getmiş, o da Qəlbinuru bacısı ilə birlikdə evə yola salmışdır. O, yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verdiyini görməmişdir. Hadisə vaxtı Qəlbinurdan spirtli içki qoxusu gəlsə də, özünü dərk etmiş və normal danışmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1nin elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair 11.01.2021-ci il tarixli, 76 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır sümüyünün iç topuğun və sol qamış sümüyünün arxa kənarına qapalı, yerinidəyişən sınıqları, sol aşıq-baldır oynağının şişkin fonda hematoması, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin və qarın nahiyəsinin sol yan səthinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, 01.01.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi şəraitində piyada qismində avtomobillə vurulması nəticəsində yetirilməyə xarakterik xəsarətlər alması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 10.02.2021-ci il tarixli, 8/267 saylı rəyi ilə müəyyən edilmişdir ki, «Kia Cerato» markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə maddi sübut kimi tanınmış «Kia Cerato» markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs az ağır bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdə, saat 20:30 radələrində Mehdiabad-Digah yolunun Abşeron rayonu, Digah qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Kia Cerato” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Digah istiqamətində təxminən 35-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, sərxoş vəziyyətdə yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsində vurmuş, nəticədə ehtityatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol baldır sümüyünün iç topuğun və sol qamış sümüyünün arxa kənarının qapalı, yerinidəyişən sınıqları, sol aşıq-baldır oynağının şişkin fonda hematoması, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin və qarın nahiyəsinin sol yan səthinin sıyrıqları kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə 10.03.2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, 19.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «Kia Cerato» markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar