Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-315/2023 16.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Əziz Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində “Herba Flora” şirkətin yaxınlığında yerləşən mişar daşı ilə hasarlanmış qapısı olmayan boş sahədə olan Zərərçəkmiş şəxs məxsus bir rəst kürən rəngli, alnında ağ rəngli qaşqası olan 2000 manat dəyərində erkək cinsli at, bir rəst el arasında “qəmər” deyilən tünd rəngli 1500 manat dəyərində dişi cinsli at və bir rəst kürən rəngli alnında ağ qaşqası olan 1000 manat dəyərində atın balasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, valideynləri ilə birlikdə xalasına məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Əziz Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Heç bir yerdə işləmir və hərbi xidmətdən 3 ay müddətdir ki, gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində “Xoş gəldin” deyilən ərazidə yaşadığı evin qarşısında tanışı Yusif ilə görüşmüş, söhbət əsnasında Yusif ona atının balasının itdiyini və qəsəbədə olan atlara qoşulub getdiyini bildirmiş, o da Yusifə atını verməsini və gedib onun dayçasını tapıb gətirəcəyini demiş, Yusif də etiraz etməmiş və atını ona sürmək üçün vermişdir. O, da Yusifin atına minib Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən “Herba Flora” adlı şirkətə tərəf gedən zaman həmin ərazidə boş sahədə atların otladığını görmüş, bundan sonra o, Yusifin atını geri qaytarmağı və həmin əraziyə piyada gəlib gördüyü atları oğurlamaq qərarına gəlmiş, daha sonra geri qayıdaraq Yusifin atını qaytarmış və Yusifə dayçasını tapmadığını bildirmişdir. Həmin gün saat 12 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən “Herba Flora” adlı şirkətə iş axtarmaq üçün getmiş, şirkətdə ondan şəxsiyyət vəsiqəsini istədikdə, o, şəxsiyyət vəsiqəsini itirdiyi üçün sənədlərini düzəltdikdən sonra müraciət etməyini bildirmişlər. O, da həmin yerdən çıxmış, həmin ərazidə piyada qayıdarkən gördüyü mişar daşı ilə hasarlanmış qapısı olmayan boş sahədə iki iri və bir balaca atları oğurlamaq üçün həmin yerə gəlmiş, bundan sonra həmin atlara yaxınlaşmış, atlardan bir rəst dişi cinsli atın yerə hörükləndiyini, digər erkək cinsli atın və balaca at balasının (dayça) açıq olduğunu görmüş, erkək cinsli atı tutmağa çalışsa da, tuta bilməmiş, bundan sonra dişi cinsli hörüklənmiş atın hörüyünü yerə vurulmuş mıxdan açmış, dişi atın ipini çəkərək həmin ərazidən uzaqlaşıb bir qədər aralıda yerləşən mişar daşı ilə hasarlanmış qapısı olmayan boş sahəyə salmış, dişi atın arxası ilə erkək at və dayça da özləri gəlmiş, dişi cinsli atın başında olan noxtasını çıxarmış və ipini həmin atın boynuna salmış, həmin vaxt erkək cinsli at həmin yerdən qaçaraq uzaqlaşmaq istədikdə, o, dişi cinsli atın ipini buraxıb erkək cinsli atın qabağını kəsmiş və onu ipindən tutmuşdur. Əlində erkək cinsli atın ipini dartaraq dişi at və dayçanı götürdüyü ərazi tərəfə buraxmış, o, həmin dişi atı və dayçanı buraxan zaman həmin ərazidə qoyun otaran Həsənağa bunu uzaqdan görmüş, o da erkək atı ipindən tutaraq özü ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə aparmış, atı Qobu qəsəbəsi ərazisində boş sahədə olan hasarlanmış yerə salmış, bundan sonra Qobu qəsəbəsində yerləşən kafeyə getmiş, kafedə çay içən zaman kənd sakini Tural kafeyə daxil olub onu küçəyə çağırmış, Tural ona çobanının ona zəng etdiyini, Şamaxıdan onun sarı rəngli erkək cinsli atının qaçıb kəndə gəldiyini, həmin atı da onun sürdüyünü gördüklərini demiş və ona atının harada olduğunu soruşmuş, o da oğurladığı həmin atın Turala məxsus olduğunu düşünüb ona həmin atı Qobu qəsəbəsində boş sahədə olan hasarlanmış yerə saldığını demiş, bundan sonra Tural ilə birlikdə həmin yerə getmişlər. İçəri daxil olub atı həmin yerdən çıxarmışlar. Tural ona atı onlara məxsus karyerə onunla birlikdə aparmağını xahiş etmiş, Tural idarə etdiyi avtomobil ilə, o, da atın üzərinə minib sürərək Turalgilin karyerinə getmişlər. Karyerə çatıdqdan sonra atı içəri salıb bağlamışlar, Tural da onu idarə etdiyi avtomobil ilə Qobu qəsəbəsində “Xoş gəldin” deyilən ərazidə dayanacaqda düşürmüş, o da həmin yerdən çıxıb evə getmiş, sonradan oğurladığı 3 rəst atın sahibi Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyi ona məlum olmuşdur. Əlavə olaraq onun xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus bir rəst kürən rəngli, alnında ağ rəngli qaşqası olan erkək cinsli at, bir rəst el arasında “qəmər” deyilən tünd rəngli dişi cinsli at və bir rəst kürən rəngli alnında ağ qaşqası olan atın balasını (dayça) Abşeron rayonu, Güzdək qəsəbəsi, “Herba Flora” adlı şirkətin yaxınlığında mişar daşı ilə hasarlanmış qapısı olmayan boş sahədən oğurladığını, onun 3 rəst atdan başqa heç bir at oğurlamadığını, bundan başqa oğurluq cinayəti törətmədiyini, sözügedən oğurluq cinayətini tək törətdiyini, atları oğurlayan zaman ətrafda heç kimin olmadığını bildirdi. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır, heyvandarlıqla məşğul olur. 2020-ci ildən Abşeron rayonu, Güzdək qəsəbəsində “Qayaaltı” deyilən yeni məhəllədə ferma tikib həmin yerdə anası ilə birlikdə yaşayır, həmin fermada iribuynuzlu heyvanlar saxlayır. Özünə məxsus 4 rəst atı var, həmin atlardan ikisi erkək cinsli, biri dişi cinsli, biri də dişi dayçadır, həmin atları yaşadığı fermanın yaxınlığında yerləşən mişar daşı ilə hasarlanmış qapısı olmayan sahəyə otlamaq üçün yerə hörükləyir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində həmin atlarından bir erkək, bir dişi və dayçanı həmin boş sahəyə hörükləmək üçün aparmış, həmin yerdə dişi atı boynundan asılmış iplə yerə hörükləmiş, digər erkək at və dayçanı isə hörükləməmiş, sonra işi ilə əlaqədar Bakı şəhərinə getmiş, aradan bir neçə saat keçdikdən sonra saat 16 radələrində Bakı şəhərindən çıxaraq yaşadığı yerə gəlmiş, o, atlarını aparmaq üçün bağladığı yerə gedərkən yerində olmadığını görmüş, bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, sonradan ona atlarının Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin atlardan bir rəst kürən rəngli, alnında ağ rəngli qaşqası olan 2000 manat dəyərində erkək cinsli atını əvvəl, sonradan isə ona məxsus digər iki rəst atlarını da qaytarmış, hazırda həmin atlarını yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən fermada saxladığını bildirmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışması, ona dəymiş ziyanın tam ödənilməsi, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, valideynləri ilə birlikdə yaşayır. Evlidir, iki azyaşlı övladı var, rəsmi olaraq heç bir yerdə işləmir və iş olanda tikintidə fəhlə işləyir. Dayısı Bəhruza məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində daş karyeri və onun yanında ferması da var. Bəhruz həmin fermada at da saxlayır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində dayısı Bəhruzun karyerində maşına daş yükləyən zaman bibisi oğlu Kamran ona zəng edərək Qobu qəsəbəsində yaşayan Həsənin 1 rəst atı minib və 2 rəst atı da qabağına qataraq apardığını demiş, o da Kamrana əgər Həsənə yaxındırsa onu saxlamağını bildirdikdə, Kamran ona Həsənin ondan aralıda olduğunu demiş, aradan bir qədər keçdikdən sonra o, işini bitirib yaşadığı Qobu qəsəbəsinə gəlmiş, qəsəbədə kafenin qarşısından keçərkən Həsənin kafedə oturduğunu görüb pəncərədən onu küçəyə çağırmış, Həsən də küçəyə çıxmış, o, Həsənlə görüşdükdən sonra ona Güzdək qəsəbəsində yerləşən dayısının karyerinin yaxınlığından atları niyə apardığını soruşduqda, Həsən ona həmin atların onlara məxsus olmasını bilmədiyini, həmin atların Güzdəklilərin atları olduğunu düşünüb oğurladığını demiş, o, Həsənə həmin atları ona göstərməsini bildirmiş, bundan sonra Həsən onu Qobu qəsəbəsində xatırlamadığı içərisi boş olan hasarlanmış yerə gətirmiş, içəridə bir rəst at olmuş, Həsəndən digər iki rəst atın harada olduğunu soruşduqda, o, digər atların qaçdığını bildirmiş, o, Həsənə içəridə olan həmin atı hardan götürüb ora aparmasını, həmin atın dayısı Bəhruza məxsus olub-olmamasını gedib müəyyən etməklərini demiş, bundan sonra Həsən atı minərək o, isə idarə etdiyi avtomobil ilə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində dayısı Bəhruzun karyerinə getmişlər, Həsən atı karyerin həyətinə salaraq bağlamış, bundan sonra o, Həsəni idarə etdiyi avtomobili ilə apararaq Qobu qəsəbəsində “Xoş gəldin” deyilən ərazidə dayanacaqda düşürmüş, həmin gün axşam saatlarında onu Qobu polis bölməsinə çağırmışlar, orada Həsənin oğurladığı atların Zərərçəkmiş şəxs məxsus olduğu ona məlum olmuş, bundan sonra Həsənin karyerdə bağladığı atı sahibi Aqilə qaytarmışlar. Əlavə olaraq bildirdi ki, onun xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bir rəst kürən rəngli, alnında ağ rəngli qaşqası olan erkək cinsli at, bir rəst el arasında “qəmər” deyilən tünd rəngli dişi cinsli at və bir rəst kürən rəngli alnında ağ qaşqası olan atın balasını (dayça) Abşeron rayonu, Güzdək qəsəbəsi, “Herba Flora” adlı şirkətin yaxınlığında mişar daşı ilə hasarlanmış qapısı olmayan boş sahədən oğurlaması barədə əvvəlcədən heç bir məlumatı olmamış, bibisi oğlu Kamran ona zəng etdikdən sonra bu barədə məlumatı olmuş, bu barədə heç kimə məlumat verməmiş, onun Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus bir rəst atı dayısı Bəhruzun karyerinə Həsənlə birlikdə aparmaqda məqsədi onlara məxsus atların oğurlandığını zənn edərək həqiqətən də Həsənin oğurladığı atın onların atı olubolmamasını müəyyən etmək üçün aparmış, sonradan həmin atın onlara məxsus olmadığı müəyyən edildikdən sonra sahibi Aqilə qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yoldan keçən zaman Qobu qəsəbəsində yaşayan Həsənin 1 rəst atı minib və 2 rəst atı da qabağına qataraq apardığını görmüş, o, dayısı oğlu Turalın dayısı Bəhruzun da həmin ərazidə fermasında at saxladığı üçün Həsənin Bəhruzun atlarını oğurlamasını düşünüb Turala zəng etmiş, o, telefonda Turala Qobu qəsəbəsində yaşayan Həsənin 1 rəst atı minib və 2 rəst atı da qabağına qataraq apardığını demiş, Tural da ona Həsəni saxlamağını desə də, o, Turala Həsəndən xeyli aralıda olduğunu bildirmiş, bundan sonra Tural ona özü maraqlanacağını bildirmiş, sonradan həmin gün Həsənin Turalın dayısının deyil, sonradan adını bildiyi Aqil adlı şəxsin atlarını oğurladığı məlum olmuşdur. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bir rəst kürən rəngli, alnında ağ rəngli qaşqası olan erkək cinsli at, bir rəst el arasında “qəmər” deyilən tünd rəngli dişi cinsli at və bir rəst kürən rəngli alnında ağ qaşqası olan atın balasını (dayça) Abşeron rayonu, Güzdək qəsəbəsi, “Herba Flora” adlı şirkətin yaxınlığında mişar daşı ilə hasarlanmış qapısı olmayan boş sahədən oğurlaması barədə həmin vaxt başı qarışıq olduğu üçün tələsdiyindən dayısı oğlu Turala zəng edərək məlumat vermiş, bu səbəbdən Turalın özünün polisə məlumat verəcəyini düşündüyünü, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus atları oğurlaması barədə əvvəlcədən heç bir məlumatı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Alternativ Ekspertiza Mərkəzindən alınmış 03 fevral 2023-cü il tarixli 11 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq: - 1 rast kürən kürən rəngli, alnında ağ rəngli qaşqası olan erkək cinsli at – 2000,00 manat; - 1 rast “qəmər” deyilən tünd rəngli dişi cinsli at – 1500,00 manat; - 1 rast kürən rəngli alnında ağ qaşqası olan atın balası – 1000,00 manat müəyyən edilir. Qərarın təsviri hissəsində qeyd olunan əşyaların 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri 4500,0 manat məbləğində müəyyən edilir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 3 rəst atlar Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ,yeni məhəllədə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsinin onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənnədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) rəst atın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı 58 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənnədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) rəst atın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs istintaq zamanı 58 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:ŞövkətNəcəfova
Məhkəmə qərarları › İş №1(012)-315/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-315/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver