Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-315/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkən Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Bərdə rayonu, Mirəsəbli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Mirəsəbli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qum “Bazarı”nın yaxınlığında yerləşən küçədə tanışı Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar” markalı ** PS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində sonuncu üçün tikdiyi evin pulunun tam verilməməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı təpiklə və yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib üzündən dişləməklə sonuncuya başın sağ gicgah və ənsə nahiyələrinin qançır, şişkinliyi, başın alın nahiyəsinin, sol qulaq seyvanının və burun nahiyəsinin sıyrıqları, sağ qulaq seyvanının qançırı, çənə və çənaltı nahiyələrinin, boyunun sağ yan səthinin çoxsaylı sıyrıqları, üzün sağ gözaltı nahiyəsinin dişlənmiş yaraları, sağ gözaltı nahiyənin və alt göz qapağının qançırı, şişkinliyi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Həsənqaya Ərazi Dairəsi, Mirəsdəfli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs təxminən 3 il olar ki, tanıyır. Təxminən 1 il olar ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qum Bazarının yanında Zərərçəkmiş şəxs onun razılığı ilə 3 sot torpaq sahəsinin içərisindən 2 mərtəbli 160 kvadrat metrlik ev tikmişdir. Bunun müqabilində Fariz ona 47000 min manat pul vermişdir. Razılaşmalarına görə Fariz ona 62000 manat pul verməli olmuşdur. Lakin Fariz qalan pulu verməmişdir. Sonradan isə 2023-cü ilin mart ayında o, evi təhvil vermiş, Fariz də evinə köçmüşdür. 07 iyun 2023-cü il tarixdə təxminən saat 01 radələrində Fariz ona zəng vuraraq bildirmişdir ki, ona məxsus təmir etdiyi evdə işıq qırılmışdır. O da dərhal Farizə demişdir ki, “səhər gəlib düzəldər”. Lakin buna baxmayaraq Fariz onu öz avtomobili ilə yəni “Kahzar” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəvət etmişdir ki, “gedək işığı düzəldək”. O da evdən çıxaraq Farizə inşa etdiyi evə getmək üçün avtomobilə əyləşmişdir. Həmin vaxtı Fariz ona demişdir ki, işığı düzəlt. O da gecə vaxtı olduğu üçün işığı səhər düzəldə biləcəyini demişdir. Lakin buna baxmayaraq Fariz onu təhqir etməyə başlamışdır. Elə bunun üstündə Farizlə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Fariz onun sol göz nahiyyəsindən və sifətindən yumruq vurmuşdur. O da özünü müdafiə etmək məqsədi ilə Farizin sifətindən dişləmiş və yumruq ilə Farizi vurmuşdur. Sonra orada olan oğlu Səfər gəlib onları ayrmışdır. Hazırda zərərçəkənlə barışmışlar, odur ki, iş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3də yaşayır. Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki tanıyır. 2022-ci ilin mart ayında Abşeron rayonu, Masazır qəsəbəsi, Qum Bazarının yaxınlığında yerləşən 2.7 sot torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmək istəmişdir. Bu məqsədlə o, Bəxtiyara bildirmişdir. Bəxtiyar da ona 160 kvadrat metrlik 2 mərtəbəli fərdi yaşayış evini 62000 manata tikib təmirli təhvil verəcəyini demişdir. Aralarında bununla əlaqədar yazılı olmasa da şifahi müqavilə bağlanmışdır. Bundan sonra o, hissə-hissə Bəxtiyara pulu vermişdir. 2023-cü ilin mart ayında o, həmin evə köçmüşdür. Lakin evə köçdükdən sonra görmüşdür ki, Bəxtiyar evi yarımçıq təmir etmişdir. Evdə təxminən 5000 manatlıq təmir işləri yarımçıq qalmışdır. 07 iyun 2023-cü il tarixdə təxminən saat 01 radələrində evin işıqları qəfildən sönmüşdür. Bəxtiyarda yaxınlıqda qaldığı üçün o, özünə məxsus olan “Khazar” markalı **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bəxtiyarın yanına getmiş,onu bayıra çağırmışdır. Onlar maşında əyləşmişlər. Bu zaman Bəxtiyara demişdir ki, getsin onun işığını düzəltsin. Lakin Bəxtiyar gecə olduğu üçün işığı düzəltməyəcəyini demişdir. Elə bunun üstündə Bəxtiyarla aralarında mübahisə baş vermişdir. Mübahizə zamanı Bəxtiyar onun sifət nahiyəsindən dişləmiş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. O da Bəxtiyarın sifət nahiyəsində yumruqla vurdmuşdur. Sonra isə Bəxtiyar avtomobildən düşüb çıxıb getmiş, o isə xəstəxanaya getmişdir. Orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışlar,təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur. Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 3də yaşayır. Zərərçəkmiş şəxs onun əridir. Farizlə təxminən 10 ildir evlidir. Birgə nikahdan 2 azyaşlı övladı vardır. Bildirmişdir ki, 07 iyun 2023-cü il tarixdə saat təxminən 01 radələrində onların evin işıqları sönmüşdür. Bu zaman Fariz evlərini təmir edən Bəxtiyara zəng vurmuşdur. Bəxtiyar da telefonda Farizi təhqir etdiyi üçün Fariz getmiş Bəxtiyarla görüşməyə. Təxminən saat 02 radələrində evə gələndə görmüşdür ki, Farizin üzü qanııı içindədir. Fariz ona demişdir ki, “Bəxtiyar dişləyərək onu döymüşdür”. Bundan sonra o da hadisə barədə DİN-in “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2023-cü il tarixli 1122 saylı rəyindən görünür ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın sağ gicgah və ənsə nahiyələrinin qançır, şişkini iyi, başın alın nahiyəsinin, sol qulaq seyvanının və burun nahiyəsinin sıyrıqları, sağ qulaq seyvanının qançırı, çənə və çənaltı nahiyələrinin boyunun sağ yan səthinin çoxsaylı sıyrıqları, üzün sağ gözaltı nahiyyəsinin dişlənmiş yaraları, sağ gözaltı nahiyənin və alt göz qapağının qançır, şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.
2. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni başqa şəxs tərəfindən əllə, yumruqla vurulan zərbələrin təsirindən, sağ gözaltı nahiyyəsinin dişlənmiş yaraların və qançır şişkinliyin həmin nahiyyənin dişlənməsi nəticəsində əmələ gələ bilərdilər.
3. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİl-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi baxılmasından ötrü xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İşin materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 421 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CM-nin 73-1.2 maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkən Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənin və şahidlərin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, zərərçəkənin ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva