Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-316/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızı sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Xüsusi ittihamçı X5 müdafiəçisi Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 (X17), müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Məmmədbəyli Elşən Elbrus oğlunun iştirakı ilə açıq məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 (X8 ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X5 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 (X17) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktorudur. 15 illik pedoqoji fəaliyyətinin 8 ilini Abşeron rayon Təhsil Şöbəsində metodist vəzifəsində işləyərək tamamlamışdır. Hazırda Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır. Fəaliyyəti dövründə dəfələrlə peşəsinə və vəzifəsinə vicdanla yanaşdığına görə rəhbərlik tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür. Hesab edir ki, vəzifəsinin öhdəsindən layiqincə gəlməyə və rəhbərliyin ona göstərdiyi etimadı doğrultmağa çalışır. Hazırkı cavabdeh X10 əvvəlki ad soyadı X8 01 mart 2021 -ci il tarixdən başlayaraq özünün Facebook sosial şəbəkəsində Ruslan Cəlilov kimi qeydiyyatdan keçmiş səhifəsində o cümlədən youtubda olan eyni adlı kanalında onun barəsində xoşagəlməz məlumatlar paylaşmaqla ona təzyiq etməyə, habelə ona böhtan şər atmaqla onu nüfuzdan salmağa çalışır. Hətta o paylaşımlarında onu və işlədiyi məktəbin kollektivini təhqir etməkdən də çəkinmir. Belə ki, qeyd edilən tarixdə işlədiyi Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbə dərs vaxtı gəlmiş, giriş qapısında dərs fəaliyyətini kobud şəkildə pozaraq səs-küy qışqırıq -salmış, məktəbə zorla daxil olmağa çalışmış, orada olan işçiləri nalayiq, alçaldıcı ifadələrlə çağırmağa başlamışdır. Bununla bağlı məktəb adından polisə müraciət olunmuş, polis əməkdaşları çağırışa gələrək onu məktəbdən uzaqlaşdırmış, daha sonra o yenidən həmin yerə qayıtmış və öz çirkin əməllərini davam etdirmişdir. Bundan sonra yenidən məktəb tərəfindən hüquq mühafizə orqanına yenidən rəsmi qaydada müraciət olunmuş, yenidən polis əməkdaşları gələrək onu məktəbin ərazisindən uzaqlaşdırmışdır. Hazırda Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində daxil olmuş müraciət əsasında işə baxılır. Bu məsələni qeyd etməkdə əsas məqdsədi məhz proseslərin də eyni vaxtda yəni 01 mart tarixində Raul Yusifzadənin (Ruslan Cəlilov) məktəbə gəlişindən sonra başlandığını qeyd etməkdir. Belə ki, cavabdeh 01 mart 2021-ci İl tarixdə məktəbə ilk gəlişində canlı efirə qoşulmuş, canlı efir zamanı adının Çinarə olmasını bilə-bilə ona “Atayeva” deyə müraciət etməyə başlamış, telefon danışığı zamanı ona adını xatırlatsa da onu eyni şəkildə adlandırmaqda davam etmişdir. Həmin tarixdə cavabdehə məxsus youtube və facebook səhifəsində “Çinarə Atayeva məktəb direktoru Ceyranbatan” başlığı altında həmin çəkiliş paylaşılmış, youtube kanalında 840 baxış olmuşdur. Həmin çəkilişdən bəzi ifadələri bildirir ki: «Pul yığmaqdan başlar ayılmır... Bardakdı it yiyəsini tanımır.... Yığılışıblar quduz itlər kimi bura.... Atayevanın niyə yiyəsi tapılmır. X18 məktəbə gəlir Sevinc adlı şəxs Atayevaya pul yığır.... Atayeva Sizdən məlumatı alaçıq bu nə məsələdir.Siz camaatdan pul yığırsınız. Deyəsən maşınınıza benzin çatdıra bilmirsiniz. X12 krışalıq edir. Sizin bu çirkin, qara əməllərinizi ört basdır eləyir. P.S. Həmin çəkilişdə məktəbə sənədlərini təqdim etmək üçün gələn valideynə yalandan məktəbdə direktor tərəfindən pul yığıldığnı, gətirdiyi sənədə görə də : man direktorun pul tələb edəcəyini təkidlə deyir və bu böhtana onu inandırmağa çalışır. Həmçinin 02.03.2021-ci il tarixdə 2-ci “Abweron icra başçısı” başlıqlı facebook və youtubekanalında paylaşımda (819 baxış olmuşdur) bu dəfə aşağıdakı məzmunda qeyd etməklə bərabər çəkilişin başlanğıcında şəxsi həyatına adi səkilləri paylaşmışdır; «Cocuq Mərcanlıya məktəbdən pullar yığılıb. Həmin pulu Atayeva yuxarılara verir. Konkret olaraq Range Rover markalı maşın sürür, maşına benzin üçün uşaqlardan pui yığır» P.S. Bu çəkilişdə barəsində şikayət verilən şəxs dəfələrlə barəsindədə yalan, iftira dolu məktublarla müxtəlif orqanlara müraciət ünvanlayan, lakin heç bir şeyə nail ola bilməyən X3 müsahibə alır. Onun yalan böhtan dolu fikrilərini paylaşır, adını ləkələməyə çalışır. 03.03.2021-ci il tarixli 3-cü paylaşımda 2-ci paylaşımda olan eyni çəkiliş paylaşılsa da, bu dəfə başlıq olaraq “İradə Məmmədova və Çinarə Atayevanın macəraları” seçilmişdir. Təbii ki bu da təsadüfi deyildir. Daha çox izlənmə, habelə axtarışın daha effektli olması üçün edilmişdir. 06.03.2021-ci il tarixli 4-cü “Azərbaycan DİN-ə cənab Vilayət Eyvazova müraciət” başlıqlı paylaşırında fikiriər aşağıdakı formada olmuşdur «Çinarə Atayeva burda at oynadır. Onun arxasında İradə Gülməmmədova durur. Ç.Atayeva bu məktəbdə pul yığır. Tas qoyub. Cocuq Mərcanlıya pul yığıb. Onun dediyinə görə bu pulu İ.Gülməmmədovaya yerib. Məktəbə daxil olmaq pulnandır. Çinarə Atayeva 300 manat tələb edir. 8 mart qabağı məktəbdə pul yığır. Belə rüşvətxorlar burda işləyirlər» Daha sonra Raul Yusifzadə (Ruslan Cəlilov) 5-ci “Millət vəkili” başlıqlı çəkilişini öz facebook və youtube səhifələrində paylaşmışdır. Çəkilişə youtub kanalında 181 baxış olmuşdur. Çəkilişdə aşağıdakı fikirlər səsləndirilmişdir:” Mən camaatın adından danışıram, Etimadı doğrulda bilməyən məktəb direktoru Çinarə Atayeva məktəbdən pul yığır, rüşvət alır. 5-ci kalonun nümayöəndəsi olan Çinarə Atayeva, onun arxasında duran İradə Gülməmmədova ... At oynadır Çinarə Atayeva» P.S. Bu çəkilişdə heç bir səlahiyyəti və hüququ olmasına baxmayaq özünün xalqın adından çıxış etdiyini bildirir. Bununla yanaşı onu 5-ci kalonun üzvü olmaqda ittiham edir. İşin faktiki hallarından göründüyü kimi, barəsində şikayət verilən şəxs X10 (əvvəlki adı Ruslan Cəlilov olmuşdur) Facebook sosial şəbəkəsində və youtube kanalında Ruslan Cəlilov adı ilə qeydiyyatdan keçmiş səhifələrində 01,02,03,05,06 və 07 mart tarixlərində müxtəlif başlıqlar adı altında etdiyi paylaşımlarda onun və məktəbin digər işçiləri haqqında “yığışıblar quduz itlər kimi bura....” “Atayevanın niyə yiyəsi tapılmır” “Sevinc adlı şəxs Atayevaya pul yığır ...” “Range Rover markalı maşın sürür, maşına benzin üçün uşaqlardan pul yığır. ..” “Ç.Atayeva bu məktəbdə pul yığır. Tas qoyub.” “Çinarə Atayeva məktəbdən pul yığır, rüşvət alır. 5-ci kalonun nümayəndəsi olan Çinarə Atayeva” və sair təhqir böhtan xarakterli ifadələr işlətmişdir. Bununla da, barəsində şikayət verilən şəxs Raul Yusifzadə korrupsiya və rüşvət cinayəti, vəzifə səlahiyyətlərindən suiistifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və sair ağır cinayətlər törətdiyini bildirməklə ona qəsdən böhtan atmış, həmçinin onu təhqir etmişdir. İşin faktiki hallarından göründüyü kimi, Raul Yusifzadə adıçəkilən sosial şəbəklərdə barəsində ‘Atayevanın niyə yiyəsi tapılmır” “Sevinc adlı şəxs Atayevaya pul yığır... ” “Range Rover markalı maşın sürür, maşına benzin üçün uşaqlardan pul yığır....” “Ç.Atayeva bu məktəbdə pul yığır. Tas qoyub.” “Çinarə Atayeva məktəbdən pul yığır, rüşvət alır. 5-ci kalonun nümayəndəsi olan Çinarə Atayeva” ifadələrini işlətməklə ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini aşağılayan hərəkət edərək onu təhqir etmişdir. X13 əsassız olaraq yuxarı dövlət orqanlarına müraciət edərək, onu vəzifəli şəxslərin nəzərində müxtəlif cinayət əməllərini törədən şəxs kimi tanıtmaq istəmiş, ictimai nüfuzuna zərər vurmağa çalışmış, qəsdən şərəf və ləyaqətini aşağılamağa çalışmışdır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X10 heç bir əsaslı səbəb olmadan, yəni ona qəsdən böhtan atmaq və təhqir etmək niyyətilə adıçəkilən sosial şəbəklərdə müxtəlif tarixlərdə paylaşımlar etmiş, həmin paylaşımlar zamanı barəsində təhqir və böhtan xarakterli ifadələri işlətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törədib. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi Müdafiəçi şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 (X8) bildirdi ki, o jurnalist fəaliyyəti ilə bağlı məktəbə getmiş və bəzi məsələlərə aydınlıq gətirmək istəmiş, orda işlətdiyi ifadələr isə Çinarə Atayevaya aid olmamışdır. Ona görə də xahiş edir ki, şikayət əsassız olduğundan icraata qəbul olunmaqdan imtina olunsun. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Məmmədbəyli Elşən Elbrus oğlu xüsusi ittiham qaydasında şikayətin əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində barəsində şikayət verilən şəxsin haqqında məlumatlar tam göstərilməmiş, törədilmiş cinayət barədə məlumatlar yəni cinayət qanunu ilə nəzərədə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi barədə müfəssəl məlumatları qeyd etməmişdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 (X17) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X5 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-316/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-316/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver