Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-316/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “VAZ” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən təmir sexinə aid dayanacaq kimi istifadə edilən açıq ərazidən Zərərçəkmiş şəxs məxsus “DOOSAN” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı ekskavatorun hər birinin qiyməti 450 manat olan 06 ədəd barmaqlarını gizli olaraq talayıb zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs ümumilikdə 2700 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır və aralarında əvvəllər hər hansı bir formada münaqişə olmayıb. ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. “Hyundai” markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq yolu ilə alıblar. Atası Şahid1 həmin avtomobillə gecə vaxtı, özü isə gündüz vaxtı taksi kimi fəaliyyət göstərir. 22 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən təmir sexlərindən birinə müştəri aparıb. Daha sonra açıq sahədə təmirə dayanmış **-BC-*** dövlət qeydiyyat nişanlı texnikanın qarşısında yerdə 06 ədəd paleslərin olduğunu görüb. İdarə etdiyi avtomobili arxaya yəni paleslərin olduğu yerə yaxın sürərək saxlayıb. Daha sonra avtomobildən düşərək yük yerini açıb və həmin 06 ədəd palesləri bir-bir avtomobilin yük hissəsinə yığıb. Daha sonra avtomobilə əyləşərək oradan uzaqlaşıb. Binəqədi rayonu, Binəqədi şossesi, yolun kənarında yerləşən və metal qəbulu ilə məşğul olan sexə həmin 06 ədəd palesləri metal şəklində sataraq qarşılığında 86 manat pul alıb. 28 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsindən zəng edərək onu idarəyə dəvət ediblər. əldə etdiyi məbləğə övladı xəstə olduğu üçün dərman alıb qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləyib. Əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. **-BC-*** dövlət qeydiyyat nişanlı texnika ona məxsusdur və həmin texnikanı icarəyə verməklə məşğuldur. 23 dekabr 2022ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən təmir sexinin dayanacağı kimi istifadə edilən açıq ərazidə saxladığı həmin texnikanın yanına gəldikdə texnikanın qarşısına yığdığı 06 ədəd paleslərin yerində olmadığını müşahidə edib, paleslərin oğurlandığına əmin olub və bu barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə, daha sonra Abşeron rayon Polis İdarəsinə məlumat verib. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, ona məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı texnikaya aid 06 ədəd paleslərin hər birini 450 manat qiymətləndirir və baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2700 manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elmin əvvəllər oğurluq cinayəti törətdiyi üçün Binəqədi rayon Polis İdarəsi tərəfindən həbs edilmiş, Binəqədi rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş və 2022-ci ilin mart ayında azadlığa çıxmışdır. Həmin vaxtdan oğlu ailəsi ilə birlikdə onun evində yaşamaqla arabir ona işlərində köməklik göstərir. Əksərən gecə saatlarında taksi fəaliyyəti ilə məşğul olduğu üçün sutkanın gündüz vaxtı yatır. 26 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları onunla əlaqə saxlayıb oğlu Elminin harada olduğunu soruşublar və onu polis idarəsinə dəvət ediblər. Ertəsi gün, yəni 27 dekabr 2022-ci il tarixdə polis idarəsinə gəldikdə polis idarəsində ona məxsus avtomobilin 22 dekabr 2022-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “paleslərin” oğurlandığı təmir sexinin yaxınlığında videomüşahidə kameralarına düşdüyünü bildiriblər. O, qeyd edilən saatda yatmış olduğunu, çox güman ki, avtomobilin həmin vaxt oğlu tərəfindən idarə edildiyini söyləyib. Elminin avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. Bundan sonra polis əməkdaşları ondan 22 dekabr 2022-ci il tarixdə Xırdalan şəhəri ərazisində yerləşən təmir sexinin dayanacağından 1 ədədinin dəyəri 450 manat olan 6 ədəd “palesin” oğurlanması, oğlumun həmin cinayətin törədilməsində şübhəli olduğu barədə ətraflı məlumat veriblər. O isə həmin hadisədən məlumatının olmadığını bildirib. Sonradan Elmin polis idarəsinə dəvət edilib söhbət aparıldıqdan sonra oğurluq hadisəsinin onun tərəfindən törədildiyi məlum olub. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatdadır və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 1-ci mədən, nömrəsiz fərdi evdə yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, yolun kənarında yerləşən metal qəbulu ilə məşğul olan obyekti icarə əsasında işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb. 22 dekabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi, ağ rəngli avtomobillə işlətdiyi obyektə yaxınlaşaraq 06 ədəd palesləri metal şəklində satmaq istədiyini bildirib. Həmin 06 ədəd palesləri tərəzidə çəkib və 215 kq olması müəyyən edilib. Bundan sonra hər kq-a 0.40 manat olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 86 manat pul ödəyib. Həmin palesləri almazdan əvvəl Təqsirləndirilən şəxs onların oğurluq olub-olmadığını soruşub. Sonuncu ona həmin paleslərin atasına məxsus texnikaya aid olduğunu, istismar müddəti bitdiyi üçün istifadəyə yararsız olduğunu, ona görə də metal şəklində satdığını bildirib. Şahid2 22 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 06 ədəd palesləri alarkən onların oğurluq olduğunu bilməyib və həmin palesləri almazdan qabaq ondan şəxsiyyətini təsdiq edən sənədin surəti alaraq öz xətti ilə həmin paleslərin oğurluq olmadığı barədə qeydlər yazmasını xahiş edib və o, həmin qeydləri yazaraq öz imzası ilə təsdiq edib. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 30 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Qurbanov X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldıgı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə baglı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uygun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü 1 azyaşlı övladının olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını agırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən çox hissəsi ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıgın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlıgın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındıgı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlıgının faktiki məhdudlaşdırıldıgı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıgın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıgın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olundugu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdıgı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-316/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-316/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver