Məhkəmə qərarları › İş №1(012)-316/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-316/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-316/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,Sumqayıt şəhəri, Nizami küçəsi 19C, ev 6-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 5 nömrəli orta məktəbin yanında fərdi tikilidə yaşamış,Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(002)-10/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(002)-10/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrun etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 600 manat cərimə cəzası ilə tam birləşdirilməklə qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrun etmə və 600 manat cərimə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,cərimə cəzasının müstəqil icra olunması, cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş - X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 aprel 2023-cü il tarixdə, saat 05:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Misir parkı ilə üzbəüz yerləşən «SUPER TOYS» oyuncaq mağazasına yan tərəfdə quraşdırılmış plastik pəncərənin dəmir barmaqlığını sındırma yolu ilə qanunsuz daxil olmuş, mağazanın kassasında saxlanılan 2880 manat məbləğində pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2880 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi sıxıntıları və pula ehtiyacı olduğu üçün 08 aprel 2023-cü il tarixdə gecə yaşadığı evdən çıxaraq oğurluq etmək qərarına gəlmiş, saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ilə piyada gedərkən yolun kənarında olan «SUPER TOYS» mağazası nəzərini cəlb etmişdir. Həmin mağazada dəyərli əşya və yaxud pul olduğunu zənn etdiyi üçün həmin mağazadan oğurluq etməyi qərarı almışdır. Bu məqsədlə əvvəlcə ətrafa nəzər salmış, kənar şəxslərin olmadığına tam əmin olduqdan sonra mağazanın yan tərəfinə keçmiş, orada kiçik pəncərənin və pəncərənin üzərində dəmir barmaqlıq olduğunu görmüş,içəri keçmək məqsədlə dəmir barmaqlığı dəmir parçası ilə sındırmış və plastik pəncərəni sıxıb açmışdır. Oradan içəri keçib həmin yerdə quraşdırılmış kombi aparatının yanına ayağını qoyaraq mağazanın içərisinə düşmüş və mağazanın içərisində dəyəi olan əşyaları axtarmağa başlamışdır. Mağazanın kassasına yaxınlaşıb kassaya baxmış və orada çoxlu sayda pul olduğunu gördükdə,kassada olan pulları götürərək, tez bir anda mağazaya daxil olduğu kiçik plastik pəncərədən çıxaraq mağazanı tərk etmiş və oradan uzaqlaşmışdır. Yolda gedərkən götürdüyü pulları saymış və götürdüyü pulların miqdarı 2800 manat olmuşdur. Bundan sonra əldə etdiyi həmin pulları öz şəxsi tələbatı üçün xərcləmiş və oğurluq barədə heç kəsə məlumat verməmişdir.Hal-hazırda əməlindən peşmandır,məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən «SUPER TOYS» mağazasında müdir işləyir. Mağaza hər gün saat 10 radələrində açılmış, axşam saat 22 radələrinədək işləmiş,o cümlədən 07 aprel 2023-cü il tarixdə də müdiri olduğu mağaza axşam saat 22-ə qədər işləmişdir. 08 aprel 2023-cü il tarixdə, səhər saatlarında ona məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ona məxsus «SUPER TOYS» mağazasına 08 aprel 2023-cü il tarixdə, saat 05:30 radələrində naməlum şəxs mağazanın yan tərəfində olan kiçik plastikdən olan pəncərənin üzərindəki dəmir barmaqlığı sındırma yolu ilə plastik pəncərəni açmış, həmin pəncərədən içəri daxil olmuş və mağazanın kassasında olan 2880 manat nağd pulu gizli olaraq talamışdır. O, hadisəni aşkar etdikdən sonra mağazada quraşdırılmış videomüşahidə kamerasına baxmış, videomüşahidə kamerası ilə də naməlum şəxsin mağağazaya plastik pəncərədən keçməklə daxil olması mağazanın içərisində sürünərək gəzib kassada olan pulu götürməsi və mağazanı tərk etməsi müşahidə edilmişdir.O mağazada baş vermiş 2880 manat nağd pulun oğurlanması ilə bağlı ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət emiş və sonradan polis idarəsində cinayət işinin ibtidai istintaqı zamanı ona məlum olmuşdur ki, mağazadan oğurluq edən Təqsirləndirilən şəxs olmuşdur.Hal-hazıradək Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 2880 manatdan ona hər hansı bir məbləğ qaytarılmamış,təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən «SUPER TOYS» mağazasında satıcı animator kuryer kimi işləyir, hər gün saat 13:00-da işə gəlir və axşam saat 22:00 radəllərində iş vaxtı bitir. Xəsdə olduğundan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi qısa müddətli, yəni 10 günlük məzuniyyət götürüb ailə üzvləri ilə birlikdə Agdaş rayonuna getmiş, xx.xx.2023-cü il tarixdə, marketə gəlib işini davam etdirmiş və ona məlum olmuşdur ki, 08 aprel 2023-cü il tarixdə, saat 05:30 radələrində işlədiyi «SUPER TOYS» mağazasında oğurluq hadisəsi baş vermiş və mağazanın kassasından 2880 manat oğurlanmışdsır.Sonradan «SUPER TOYS» mağazasından oğurluq edərək 2880 manat aparan şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Zərərçəkmiş şəxs özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Misir parkı ilə üzbəüz yerləşən «SUPER TOYS» oyuncaq mağazasına quraşdırılmış kameralardan oğurluq hadisəsini fiksə edən görüntünün köçürüldüyü bir ədəd DVD diski istintaqa təqdim etdiyindən protokolla götürülmüşdür. Təqdim edilmiş bir ədəd DVD diskdə 3 ədəd qovluq vardır. Həmin qovluqdakı videogörüntülər xx.xx.2023-cü il tarixdə saat 05:30-dan saat 05:46-dək olan müddəti əhatə etmişdir. Qeyd olunan qovluqdakı videogörüntülərə baxış zamanı müəyən edildi ki, bir nəfər arıq bədən quruluşlu qarayanış, əynində açıq rəngli köynək və qara rəngli qolsuz gödəkçə olan kişi cinsindən olan təxminən 22-25 yaşlı şəxs oyuncaq mağazasının mağazanın dəmir barmaqlığını sındırma yolu ilə pəncərədən mağazaya çətinliklə daxil olur və aşağı əyilərək mağazanın içərisinə doğru hərəkt edib axtarış aparmağa başlayır. Daha sonra həmin şəxs aşağı əyilmiş vəziyyətdə mağazanın orta hissəsində sol küncündə yerləşdirilmiş kassa aparatlarına tərəf hərəkət edib aparatların yerləşdiyi stolun arxa hissəsinə keçir. Kassa stolunun qarşısında olan qara rəngli kreslonun sağ və sol hissələrində yerləşən pul saxlanılan rəfləri çəkərək orada olan pulları hissə-hissə götürür və əynindəki qara rəngli qolsuz gödəkçənin sağ və sol ciblərinə yığır. Daha sonra həmin şəxs mağazaya daxil olduğu yerə yaxınlaşır və ciblərində olan pulları nizamlayıb mağazanı tərk edir. Diksə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdə əski təsvir olunan şəxsin özü olduğunu və həqiqətən 08 aprel 2023-cü il tarixdə gecə radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Misir parkı ilə üzbəüz yerləşən «SUPER TOYS» oyuncaq mağazasına plastik pəncərənin üzərindəki dəmir barmaqlığı sındırma yolu ilə içəri daxil olduğunu, əyilərək mağazanın kassasına doğru hərəkət etdiyini və kassada olan nağd pulları talayıb mağazanı tərk edərək çıxıb getdiyini bildirmişdir. İş materiallarında olan, məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(002)-10/2024 saylı hökmündən görünür ki, İmanov X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş CM-in 85.2-ci maddəsinə əsasən 600 manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinmiş CM-nin 66.2 və 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş apelyasiya məhkəməsinə baxışa geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilmiş, CM-nin 177.2.1,177.2.2,177.2.3,185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019- cu il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.4,66.5,69.3,68.2-ci maddələrinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən ona Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarında cərimə cəzaları ilə qismən toplanılmaqla 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. CM-nin 69.3 və 68.2-ci maddələrinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilməklə cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(002)-10/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 600 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona, qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cərimə cəzasının müstəqil icra olunması, cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanması, cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli,1(103)-1201/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(002)-10/2024 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi onun özünün, zərər çəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1 -ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təyin olunacaq cəzaya münasibət bildirərək qeyd edir ki, təqsirini etiraf etsə də, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yəni zərərçəkmiş şəxsə vurduğu ziyanın nəticələrini aradan qaldırmaması və ya dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslə hər hansı razılığa nail ola bilməməsi və bu əməlin ictimai təhlükəliliyinə laqeyd yanaşması, eyni zamanda onun cəmiyyətdəki davranışının mənfi xarakterizə olunması, təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi müəyyən edilir. Belə olan halda təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsi sosial ədalətin bərpası, cinayət törətmiş şəxsin islah edilməsi və digər şəxslər tərəfindən analoji cinayətlərin törədilməsinin qarşısının alınması, həmçinin ictimai maraq baxımından məqsədəmüvafiq olmazdı. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci madəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya cinayətin residivi nəzərə alınmaqla məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(002)-10/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzası birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlığı Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli,1(002)-10/2024 saylı hökmü ilə xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin hökmü üzrə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə ediləcək əmlak və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, Zərərçəkmiş şəxs hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəza ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(002)-10/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin hökmü üzrə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanısın. İş üzrə mülki iddia, xüsusi müsadirə ediləcək əmlak və məhkəmə məsrəfləri yoxdur. Zərərçəkmiş şəxs hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar