Məhkəmə qərarları › İş №1(012)-317/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-317/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-317/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi vəkil X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 374-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yolun kənarında yerləşən “Ailə” marketin yaxınlığında əmisi oğlu Zərərçəkmiş şəxs torpaq sahəsi ilə bağlı əvvəllər aralarında yaranmış mülki mübahisəyə görə şəxsi münasibətlər zəminində əlində olan mismarçıxardan dəmir alətlə bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq, hər iki dodağın selikli qişasının səthi əzilmiş yaraları, sol bazu, hər iki bud nahiyələrinin iri ölçülü qançırları, xayalığın şişkinlik halında hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə ifadəsində göstərmişdir ki, özünü təqsirli bilmir, müdafiəsi üçün əlində dəmir parçasının olmadığını və Zərərçəkmiş şəxs vurmadığını, ümumiyyətlə dava dalaş olmadığını bildirməklə ifadəsində göstərmişdir ki, Abşeron rayonu. Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 374-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq sürücü kimi işləyib ailəsini dolandırır. Şikayət etdiyi şəxslər yəni, Şahid1 onun doğma əmisi, Zərərçəkmiş şəxs isə əmisi oğludur. 13 noyabr 2022-ci il tarixdə həmin şəxslərin onun barəsində Abşeron RPİ-nə verdikləri şikayət ərizəsi ilə tanış olmuş, həmçinin, həmin günü Şahid1 və oğlu Zərərçəkmiş şəxs yaşadığı evə hücum çəkməsi və idarə etdiyi Mercedes Benz markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobilini daşla vuraraq ziyan vurması barədə məlumat vermişdir. Onların təxminən 1 ildən çoxdur ki, əmisi Surxaygil ilə aralarında torpaqla bağlı mübahisəsi davam edir. Hazırda Abşeron rayon məhkəməsində həmin mübahisəli torpaq sahəsi ilə bağlı mülki icraat davam edir. 13 noyabr 2022-ci il tarixdə saat 15 radələrində atası ilə birlikdə evdə yatmışdılar. Həmin vaxtı əmisi Surxayın həmin mübahisəli torpaq sahəsinə gəldiyini, həmin torpaq sahəsində dayanaraq onların ailənin ünvanına qarşı nalayiq ifadələr işlətdiyini eşitmişdir. Onlar evdə həmin səsi eşitmişdilər. Lakin, həmin səxs çölə çıxmamışdır. Lakin, Surxay mübahisəli torpaq sahəsində dayanaraq, onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə məcbur atası ilə evin həyətinə düşmüş, Surxaydan nə istəməsini soruşmuşdular. Surxay isə yaxşı etdiyini deyib, həmin torpaq sahəsinin ona məxsus olmasını deyib, nalayiq ifadə ilə onlara cavab vermişdir. Atası Surxayı başa salmaq istəmiş, lakin Surxay atasının dediklərinə əhəmiyyət verməmişdir. Buna görə də atası ilə Surxay arasında mübahisə baş vermişdir. Mübahisə zamanı atasını Surxaydan aralaşdırmışdır. Atası ilə birlikdə evə qayıtmışdır. Surxay isə yenə də torpaq sahəsində dayanıb nalayiq ifadələr işlətmişdir. Bir neçə dəqiqə sonra Surxayın çıxıb getdiyini görmüşdür. Təxminən 10-15 dəqiqə sonra Surxayın oğlu Əli ilə birlikdə evinin qarşısına gəldiklərini görmüşdür. Gəldikdən sonra evin darvazasına daş atmağa başlamışdır. Həmin vaxt atası yenə də həyətə Surxay və Əlinin yanına düşmüşdür. O da atasının arxası ilə həyətə düşmüşdür. Daha sonra atası Əlinin qolundan tutaraq, oradan uzaqlaşdırmaq istəmişdir. Sonra Surxay əlində olan daş parçası ilə onun maşınının arxa buferinə vuraraq, ziyan yetirmişdir. Bundan sonra orada olan kənar şəxslər Əlini yolun digər tərəfinə keçirmiş, ancaq hadisə vaxtı mübahisə olsa da dava dalaş olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində kirayə yaşayır. Belə ki, həmin ünvanda anası Xuraman, atası Surxay və böyük qardaşı Elnur ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, “X4” QSC-da Zığ gəmi təmiri zavodunda elektrik mühəndisi vəzifəsində işləyir. Şikayət etdiyi şəxslər yəni, Şahid4 doğma əmisidir, Təqsirləndirilən şəxs isə əmisi oğludur. O, ailəsi ilə birlikdə əvvəllər Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yolun kənarında “ailə marketin” yaxınlığında öz şəxsi evində yaşamışdılar. Onların evi yolun kənarında, əmisi Alimin evi isə onların evinin arxasında yerləşmişdir. Evlərin arasında olan 5 sot torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi isə bələdiyyə sənədi ilə onun atası Surxayın adında olmuş və ətrafı daş hasarla hörülmüşdür. Əmisi Alim isə həmin 5 sot torpaq sahəsinin özünə aid olmasını iddia edərək, həmin torpaq sahəsini onların əlindən almaq istəmişdir. Bununla da aralarında təxminən 1 ildir ki, torpaq üstündə mübahisə davam etmişdir. Onlar öz evini təmir etdirmək üçün 2022-ci ilin oktyabr ayında evdən çıxıb, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış məhəlləsində kirayə ev tapmışdılar. Həmin ərəfədə isə evləri boş qalmış, əmisi Alim isə bundan istifadə edərək onların evini söküb dağıtmışdılar. Buna görə də onlar bununla bağlı Abşeron rayon məhkəməsinə müraciət etmişdilər. Evləri yaşayışa yarasız olsa da atası ilə qeyd etdiyi ünvana gedib arada baş çəkmişdilər. Sonuncu dəfə yəni, 13 noyabr 2022-ci il tarixdə kirayə yaşadığı evdə olan zaman atası evinin həyətyanı sahəsinə baş çəkməyə getmişdir. Sonra ona zəng vuraraq, həyətyanı torpaq sahəsinə daxil olmaq üçün dəmir darvazanın qaynaqla birləşdirildiyini və qapının açılmadığını bildirmişdir. O isə qeyd olunan yerə yəni, atasının yanına getmişdir. Həqiqətən də atasının dediklərinin şahidi olmuşdur. O, atasının yanına çatanda əmisi Alim ilə oğlu Eminin atası ilə mübahisə etdiklərini görmüşdür. O, atasının yanına çataraq həmin şəxslərlə mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, Alim ilə Emin öz hərəkətlərinə son qoymaq istəməmiş, onlarla etdiyi mübahisəni davam etdirmişlər. Eminin həmin vaxtı əlində dəmir parçası olmuşdur. Emin mübahisədən sonra əlində olan dəmir parçası ilə üzərinə gəlmişdir. Emin dəmir parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Həmin vaxt yerə yıxılmış, atası isə aralarına girib Eminin onun vurmasının qarşısını almağa çalışmışdır. Lakin, Emin yenə də öz əməllərinə davam edib, həm əlindəki dəmir parçası ilə, həm də təpiklə yerdə onu vurub xəsarət yetirmişdir. Həmçinin, Alim də onu yerdə uzanıqlı vəziyyətdə olan zaman vurub xəsarət yetirməyə çalışmışdır. Həmçinin, həmin şəxslər atasını da vurmuşdular. Həmin dava dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Bu zaman onların dava dalaşı yolun kənarı ilə gedən bəzi tanımadığı şəxslər görmüş, davanı ayırmaq üçün onlara yaxınlaşıb ayrımağa çalışmışdılar. Həmçinin, atası davanın sakitləşməsi üçün yerdən daş götürərək, maşınına tərəf daş atmışdır. Bundan sonra dava sakitləşmişdir. Şikayətçidir, ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu. Masazır kəndində qeydiyyatda olmaqla kirayə yaşayır. Belə ki, həmin ünvanda həyat yoldaşı Xuraman, oğlu Əli və Elnur ilə birlikdə yaşayır. "xxxx" MMCdə fəhlə işləyib ailəsini dolandırır. Şikayət etdiyi şəxslər yəni, Şahid4 onun doğma qardaşı, Təqsirləndirilən şəxs isə qardaşı oğludur. 13 noyabr 2022-ci il tarixdə həmin şəxslər barəsində Abşeron RPİ-nə şikayət ərizəsini yazmışdır. O, ailəsi ilə birlikdə əvvəllər Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yolun kənarında “ailə marketin” yaxınlığında öz şəxsi evində yaşamışdır. Onların evi yolun kənarında, qardaşı Alimin evi isə evlərinin arxasında yerləşmişdir. Evlərin arasında 5 sot torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi isə bələdiyyə sənədi ilə onun adında olmuş və ətrafı daş hasarla hörülmüşdür. Qardaşı Alim isə həmin 5 sot torpaq sahəsinin özünə aid olmasını iddia edərək, həmin torpaq sahəsini onun əlindən almaq istəmişdir. Bununla da aralarında təxminən 1 ildir ki, torpaq üstündə mübahisəsi gedir. O, öz evini təmir etdirmək üçün 2022ci ilin oktyabr ayında evdən çıxıb, Abşeron rayonu. Masazır qəsəbəsi, yeni yaşayış məhəlləsində kirayə ev tapmışdılar. Həmin ərəfədə isə evləri boş qalmış, qardaşı Alim isə bundan istifadə edərək onun evini söküb dağıtmışdır. Buna görə də onlar bununla bağlı Abşeron rayon məhkəməsinə müraciət etmişdilər. Evləri yaşayışa yarasız olsa da oğlu Əli ilə qeyd etdiyi ünvana gedib arada baş çəkmişdilər. Sonuncu dəfə yəni, 13 noyabr 2022-ci il tarixdə kirayə yaşadığı evdən çıxaraq evlərinin həyətyanı sahəsinə baş çəkməyə getmişdir. Oğlu Əli isə evdə yatmışdır. O, evin həyətinin qarşısına gəlib baxan zaman həyətyanı torpaq sahəsinə daxil olmaq üçün dəmir darvazanın qaynaqla birləşdirildiyini və qapının açılmadığını görmüşdür. Buna görə də oğlu Əliyə zəng vurub bu barədə məlumat vermiş. Alimi çağırmağa başlamışdır. Alimdən onun evinin darvazasının qapısını hansı səbəbə qaynaqla birləşdirdiyini soruşmuşdur. Lakin, Alim ona nalayiq ifadələr işlədərək yaxsı etdiyini deyib onu həyətdən qovmağa başlamış, sonra oğlu Emin də Alimlə birlikdə üstünə gələrək onunla mübahisə edib, ünvanına söyüşlər söyməyə başlamışdılar. Həmin vaxtı Eminin əlində dəmir parçası olmuşdur. Onların mübahisəsi bir müddət davam etmişdir ki, oğlu Əli də onun yanına gəlib çatmışdır. Oğlu Əli onların yanına çatan vaxt onların mübahisə etdiklərini görmüşdür. Əli onun yanına çataraq mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Belə ki, Alim ilə Emin öz hərəkətlərinə son qoymaq istəməmiş, onlarla etdiyi mübahisəni davam etdirmişdilər. Emin həmin vaxtı əlində dəmir parçası ilə Əlinin üzərinə gəlmiş, Emin dəmir parçası ilə Əlinin bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmiş, həmin vaxt Əli yerə yıxılmışdır. O, isə araya girib Eminin Əlini vurmasının qarşısını almağa çalışmışdır. Lakin, Emin yenə də öz əməllərinə davam edib, həm əlindəki dəmir parçası ilə, həm də təpiklə yerdə Əlini vurub xəsarət yetirmişdir. Həmçinin, Alim də Əlini yerdə uzanıqlı vəziyyətdə olmasından istifadə edib Əlini vurmuşdur. Həmçinin, Əlinin vurmasını qarşısını almağa çalışan vaxt Alim və Emin onu da vurub ayağına xəsarət yetirmişdilər. Həmin dava dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Bu zaman onların dava dalaşı yolun kənarı ilə gedən bəzi tanımadığı şəxslər görmüş, davanı ayırmaq üçün onlara yaxınlaşıb ayrımağa çalışmışdılar. Həmçinin, davanın sakitləşməsi üçün yerdən daş götürərək, Eminin maşınına tərəf daş atmışdır. Bundan sonra dava sakitləşmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 13-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq işləyib ailəsini dolandırır. Şahid4 və Şahid1 onun qardaşlarıdır. Qardaşlarının arasında Şahid4 ondan və Surxaydan yaşca böyükdür. Lakin, Alim ilə hal hazırda münasibəti yoxdur. Alim birinci dəfə onun yaşadığı evi, hazırda isə digər qardaşı Surxayın yaşayış sahəsini ələ keçirmişdir. Bununla bağlı da aralarında olan mübahisə məhkəmə qaydasında həll olunmaqdadır. Məhz bu səbəbdən də nə onun, nədə ki, digər qardaşı Surxayın Alimlə münasibəti yoxdur. Surxay ilə Alim arasında 13 noyabr 2022-ci il tarixdə baş vermiş dava dalaşdan və qarşılıqlı olaraq Abşeron RPİ-nə verdikləri şikayət ərizələrindən məlumatı olmuşdur. O, 13 noyabr 2022-ci il tarixdə günorta vaxtı yaşadığı evdə olan zaman qardaşı oğlu Əli ona telefon vasitəsi ilə zəng vuraraq, atası ilə öz evlərinin qarşısına gəldiklərini, lakin əmisi Alimin və oğlu Eminin onlarla mübahisə etdiklərini, yaşadıqları evə buraxmadıqlarını bildirib, kömək üçün onu da hadisə yerinə gəlməyini xahiş etmişdir. O isə özünə məxsus avtomobilə minərək, Əlinin dediyi yerə getmişdir. Hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi “Ailə” marketin yaxınlığında baş vermişdir. Hadisə yol kənarında baş verdiyi üçün ətrafda çoxlu adamların toplaşdığını görmüşdür. O. maşından düşüb onlara tərəf yaxınlaşmışdır. Əlinin yerdə uzanıqlı vəziyyətdə olmasını, Eminin isə əlində dəmir parçası ilə bir neçə dəfə Əlini vurduğunu görmüşdür. Həmin vaxt hadisə yerində qardaşları Alim və Surxay, onların oğulları Əli və Emin də orada olmuşdur. Ətrafda olan tanımadığı şəxslər onların davasını ayırmağa cəhd göstərmişdilər. O, Əliyə tərəf yaxınlaşdıqda əlinin sifət nahiyəsindən qan axmasını görmüşdür. O da həmin şəxsləri ayırmağa çalışmışdır. Təxminən 5-10 dəqiqə mübahisə davam etdikdən sonra həmin dava dalaş sakitləşmişdir. Bundan sonra hər iki tərəf polisə zəng vuraraq, bu barədə məlumat vermişdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Böyük Kəngərli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ancaq özünə məxsus avtomobil ilə taksi kimi işləyib ailəsini dolandırır. Belə ki, Şahid4, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ədavəti olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün təxminən 2022-ci ilin noyabr ayının ortalarında günorta vaxtında Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış ünvanına müştəri aparmışdır. Daha sonra həmin ünvandan Masazır dairəsi istiqamətində qayıdıb gəlmişdir. Masazır qəsəbəsi Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində gedən zaman yolun sol tərəfində “ailə marketin” yaxınlığında bir neçə nəfər şəxsin dalaşdıqlarını görmüşdür. Buna görə də maşını həmin istiqamətdə döndərib, marketin yaxınlığında saxlamışdır. Maşından düşüb, həmin dava dalaş istiqamətində gedib həmin şəxsləri ayırmaq qərarına gəlsə də həmin şəxslər ona demişlər ki, “get sənlik deyil”. Bir neçə dəqiqədən sonra isə o, maşınına minib oradan uzaqlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şikayət etdiyi şəxslər yəni, Şahid1 doğma qardaşı, Zərərçəkmiş şəxs isə qardaşı oğludur. Onun ailə üzvləri ilə qardaşı Surxay arasında yaşadığı evin həyətinin aşağı hissəsində mübahisəli torpaq məsələsi vardır. Bununla bağlı hal-hazırda Abşeron rayon məhkəməsində mülki iş üzrə icraat aparılır. 13 noyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman qardaşı Surxayın evin həyətinə gələrək səs-küy saldığını eşitmişdir. O, çölə çıxaraq Surxaydan hansı səbəbə evin həyətinə gəldiyini soruşmuşdur. Surxaydan çıxıb getməsini tələb etmişdir. Surxay isə ona qarşı nalayiq ifadələr işlətmiş, bu zaman oğlu Emin onların yanma yaxınlaşmışdır. Bundan sonra Surxay çıxıb getmiş, təxminən 20 dəqiqə sonra Surxayın oğlu Əli yaşadığı evin həyətinə gəlmiş və onlardan kobud formada hansı səbəbdən atası Surxayı mübahisəli torpaq sahəsinə buraxmadığını soruşmuşdur. Həmçinin, Eminin üstünə hücum etmiş, qabaqda olduğu üçün əlləri ilə Əlinin qollarından tutaraq evin həyətindən çıxardaraq küçəyə tərəf aparmışdır. Bu zaman oraya yaxınlaşan adlarını bilmədiyi şəxslər Əlini küçənin digər tərəfinə keçirtmişdilər. Bundan sonra Surxay əlində dəmir parçası ilə yenidən oraya yaxınlaşmış və dəmir parçası ilə Eminin evin giriş darvazasının qarşısında saxladığı “Mercedes Benz" markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinə zərbələr vuraraq ziyan yetirmişdir. Orada olan şəxslər Surxayı aralaşdırmışdılar. Sonradan oğlu DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. O, hadisə zamanı orada dava dalaş olmadığını Zərərçəkmiş şəxs yalan danışdığını, aralarında ancaq söz mübahisəsinin olduğunu bildirmişdir. Həmçinin, Eminin əlində dəmir parçası olmamış, ümumiyyətlə onlar orada dəmir parçasından istifadə etməmişdilər. Məhkəmə istintaqında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı yaşayış massivində müvəqqəti yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ancaq gündəlik olaraq evlərdə fəhləlik edib ailəsini dolandırır. Belə ki, bir müddət fəhlə kimi işlədiyi evdə qalır, daha sonra işini bitirib, başqa yerdə iş tapdıqda yaşayış yerini həmin evə dəyişir. Bununla da hansı evdə işləyirsə həmin evdə də müvəqqəti yaşayır. Şahid4, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ədavəti olmamışdır. O, təxminən 2022-ci ilin noyabr ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Vüsal adlı şəxsin evində təmir işləri ilə məşğul olmuşdur. 2022-ci ilin noyabr ayının ortalarında təxminən saat 15 radələrində evdən çıxaraq, evdəki təmir işləri ilə bağlı boya almağa getmişdir. Yolun kənarı ilə gedən zaman “ailə marketin” qarşısında bir neçə nəfər şəxsin toplaşdığını, səs küy etdiklərini, bir birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini eşitmişdir. O, yolun digər tərəfi ilə getdiyi üçün həmin şəxslərin arasında olan mübahisəyə yaxınlaşmamışdır. Sadəcə baxaraq öz yolu ilə hərəkətini davam etdirmişdir. Həmin vaxtı bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olmasının şahidi olmuşdur. Həmin şəxs yerdə uzanıqlı vəziyyətdə qışqıraraq köməklik istədiyinin şahidi olmuşdur. Bir nəfər şəxsin isə əlində dəmir parçası olmasını görmüşdür. Lakin, əlində dəmir parçası olan şəxsin kimisə vurmasını görməmişdir. O, həmin hadisəyə baxa-baxa öz yolunu davam edib, oradan uzaqlaşmışdır. Sonra orada nə baş verməsini bilməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 24 noyabr 2022-ci il tarixli 2686 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki dodağın selikli qişasının səthi əzilmiş yaraları, sol bazu, hər iki bud nahiyələrinin iri ölçülü qançırları, xayalığm şişkinlik halında hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən daxil olmuş 18 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü dəmir parçası maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. 13 dekabr 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, hadisə yerində olmuş bir ədəd dəmir parçası götürülmüş və bu barədə fotocədvəl tərtib edilərək materiala əlavə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü İnci və xx.xx.2020-ci il təvəllüdlü Adsız adlı iki azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş yekun protokolun əhatə etdiyi əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan dəmir parçası məhv edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan dəmir parçası məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar