Məhkəmə qərarları › İş №1(012)-318/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-318/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-318/2023 01.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə kirayədə yaşadığı Şahid4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 223, 41 saylı mənzili satmaq qərarına gəlmiş, bu məqsədlə həmin mənzili kreditlə satması barədə “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi elana əsasən mənzilə gələn Zərərçəkmiş şəxs mənzilin özünə məxsus olduğunu yalandan deyib inandıraraq kredit şərtləri ilə 52000 manata satacağına vəd verib Zərərçəkmiş şəxs həmin mənzildə xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə isə 6500 manat, ümumilikdə vahid niyyətlə 8500 (səkkiz min beş yüz) manat pulunu ilkin ödəniş kimi alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, H/Şəh-38 Xətt-11, ev 14-də qeydiyyatda olsa da hal-hazırda Abşeron rayonu Digah qəsəbəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Ailəlidir və 2 azyaşlı övladı var. Mahiyyəti üzrə bildirir ki, 2021-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək Şahid4 məxsus ünvan 3-də ailəsi ilə birlikdə kirayədə yaşamağa başlamışdır. Həmin ərəfədə onun pula ehtiyacı olduğuna görə kimisə aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, 2022-ci ilin aprel ayının əvvəllərində “Facebook” sosial şəbəkəsində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində kirayədə yaşadığı və ona məxsus olmayan həmin mənzili kredit şərtləri ilə satmağı barədə elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs həyat yoldaşı və qaynı ilə birlikdə kirayədə yaşadığı həmin evin qarşısına gəlmişlər. Bundan sonra o, Bəhməni və yanındakı şəxsləri kirayədə yaşadığı həmin evə aparıb evi onlara göstərmişdir. Həmçinin o, Bəhmənə həmin mənzilin guya ki, Gəncə şəhərində yaşayan anasının adına olduğunu, sənədləşmə işlərinin bir həftə müddətində baş tutacağını bildirmişdir. Bəhmən də həmin 2 otaqlı mənzili bəyəndiyi üçün ona təklif etmişdir ki, həmin evə görə ona ilkin olaraq 9000 manat, hər ayda da 600 manat olmaqla ümumilikdə 52000 manat versin. Həmin vaxt Bəhmən onun bu şərtləri ilə razılaşıb ona ilkin olaraq 2000 manat vermişdir və qalan 7000 manat pulu da bir gündən sonra verəcəyini demişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bəhmən yenidən sözügedən mənzilə oğlu, həyat yoldaşı və qaynı ilə birlikdə gəlmişlər. Həmin vaxt Bəhmən ona 6500 manat da verib ilkin ödənişdən qalan 500 manat pulu da həmin ayın sonunda verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə o, həmin evin açarlarını taksi ilə Bəhmənə göndərdiyi üçün Bəhmən əşyalarını evə yerləşdirmişdir. Həmin gün saat 21 radələrində o, yenidən həmin evə gəlmişdir və Bəhmənlə söhbət əsnasında guya anasının xəstə olduğunu, bu səbəbdən də sənədləşmə işləri üçün ona bir həftə də möhlət verməyini xahiş edərək həmin evdən çıxıb getmişdir. Bundan bir neçə gün sonra isə Zərərçəkmiş şəxs onu aldadaraq 8500 manat pulunu ələ keçirdiyini bildiyi üçün barəsində Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs müraciətinə əsasən aparılan araşdırma ilə əlaqədar dəfələrlə Abşeron RPİ-nə dəvət edilməyinə baxmayaraq o, həbs olunacağından qorxduğu üçün çağırışlardan yayınsa da 12 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaxalanaraq Abşeron rayon polis idarəsinə gətirilmişdir. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs ona xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə də 6500 manat, ümumilikdə 8500 manat vermişdir. O, həmin pulların hamısını Xırdalan şəhəri, 22-ci məhəllədə kirayədə yaşadığı mənzildə vermişdir. Bəhmən həmin 8500 manat pulu ona özününkü kimi təqdim etdiyi mənzili almaq məqsədilə ilkin ödəniş olaraq vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu İsnovqışlaq kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 6, mənzil 5-də ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxsdur. Belə ki, o, özünə kredit şərtləri ilə ev almaq istədiyi üçün xx.xx.2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş elanlara baxan zaman Xırdalan şəhəri ərazisndə kredit şərtləri ilə ev satıldığı barədə elan yerləşdirildiyini görmüşdür. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həyat yoldaşı Şahid2 və qaynı Şahid1 ilə birlikdə sözügedən mənzilin qarşısına gəlib özünü ev sahibi kimi təqdim edən Ruslan adlı şəxslə görüşmüşdür. Həmin vaxt Ruslan onları evə aparıb evi onlara göstərmişdir. Bundan sonra o, 2 otaqlı həmin mənzili bəyəndiyi üçün Ruslanla aralarında razılaşmışlar ki, ona ilkin olaraq 9000 manat, hər ayda da 600 manat olmaqla ümumilikdə 52000 manat müqabilində həmin mənzili alsın. Həmin vaxt Ruslan mənzilin Gəncə şəhərində yaşayan anasının adına olduğunu, sənədləşmə işlərinin bir həftə müddətində baş tutacağını bildirdiyi üçün o, həmin vaxt Ruslana ilkin olaraq 2000 manat vermişdir. Qalan 7000 manat pulu da bir gündən sonra verəcəyini demişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, yenidən sözügedən mənzilə oğlu X7, həyat yoldaşı Şahid2 və qaynı Şahid1 ilə birlikdə gəlib ev sahibi kimi tanıdıqları Ruslanla görüşmüşlər. O, həmin vaxt Ruslana 6500 manat da verib ilkin ödənişdən qalan 500 manat pulu da həmin ayın sonunda əmək haqqını alıb verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Ruslan ona zəng edərək evin açarlarını ona taksi ilə göndərmiş və o, həmin gün ailəsinə məxsus əşyalarını həmin evə yerləşdirmişlər. Həmin gün saat 21 radələrində Ruslan da həmin evə gəlmiş və söhbət əsnasında Ruslan anasının ankoloji xəstə olduğunu, bu səbəbdən də sənədləşmə işləri üçün ona bir həftə də möhlət verməyini xahiş etmişdir. O, da Ruslana inanıb bu barədə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində evdə olduqları zaman qapıları döyülmüşdür. O, qapını açdığı zaman tanımadığı 2 nəfər şəxs Ruslanı soruşmuşdur. O, həmin vaxt Ruslanın artıq bu evdə yaşamadığını, bu evi ondan aldığını dedikdə isə onlar ona Ruslanın dələduzluqla məşğul olduğunu, ona satdığı həmin evin də ona məxsus olmadığı ehtimalının olduğunu bildirmişlər. Bundan sonra o, araşdırdıqda həqiqətən də Ruslanın ona satdığı həmin evin başqa bir şəxsə məxsus olduğunu bilmişdir. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bir daha bildirir ki, o, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə də 6500 manat, ümumilikdə 8500 manat vermişdir. O, həmin pulların hamısını Ruslana Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən, ona satdığı mənzildə vermişdir. O, həmin 8500 manat pulu Ruslana ona məxsus olduğunu dediyi mənzili almaq məqsədilə ilkin ödəniş olaraq vermişdir.Ruslanın hazırda harada yaşadığını bilmir və onun hazırda istifadəsində ***-***- **-** və ***-***-**-** saylı nömrələri vardır. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 13cü mikrorayon ev 6, mənzil 5-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə yeznəsi Zərərçəkmiş şəxs ona internet vasitəsilə Xırdalan şəhəri ərazisində kredit şərtlıəri ilə satılan ev tapdığını, ona görə də birlikdə həmin evə gedib baxmaqlarını xahiş etmişdir. Ona görə də həmin gün saat 11 radələrində o, Bəhmən və onun həyat yoldaşı Şahid2 ilə birlikdə sözügedən mənzilin qarşısına gəlib özünü ev sahibi kimi təqdim edən Ruslan adlı şəxslə görüşmüşlər. Həmin vaxt Ruslan onları evə aparıb evi onlara göstərmişdir. Bundan sonra 2 otaqlı həmin mənzili bəyəndikləri üçün Bəhmən Ruslanla razılaşdılar ki, ona ilkin olaraq 9000 manat versin, hər ayda da 600 manat olmaqla ümumilikdə 52000 manat müqabilində həmin mənzili alsın.Həmin vaxt Ruslan mənzilin Gəncə şəhərində yaşayan anasının adına olduğunu, sənədləşmə işlərinin bir həftə müddətində baş tutacağını bildirdiyi üçün Bəhmən həmin vaxt onların yanında Ruslana ilkin olaraq 2000 manat vermişdir. Qalan 7000 manat pulu da bir gündən sonra verəcəyini demişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində onlar yenidən sözügedən mənzilə gəlib ev sahibi kimi tanıdıqları Ruslanla görüşmüşlər. Bəhmən həmin vaxt Ruslana 6500 manat da verib ilkin ödənişdən qalan 500 manat pulu da həmin ayın sonunda əmək haqqını alıb verəcəyini demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, sözügedən mənzil Ruslana məxsus deyil və o, dələduzluq edərək yeznəsi Bəhmənin 8500 manat pulunu ələ keçirmişdir. Bu səbəbdən də Bəhmən xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Onu da əlavə edir ki, o, özü də Ruslanla dəfələrlə telefon əlaqəsi saxlayıb Bəhmənin 8500 manat pulunu qaytarmasını bildirsə də bu günə qədər heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Quba rayonu Zərdabi kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 6, mənzil 5-də ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar ev almaq istədikləri üçün xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Bəhmən “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş elanlara baxdığı zaman Abşeron rayonu, Xırdalan şəhəri ərazisndə kredit şərtləri ilə ev satıldığı barədə elan yerləşdirildiyini görmüşdür. Ona görə də xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bəhmən, qardaşı Natiq və o, birlikdə Abşeron rayonu, Xırdalan şəhərinə gəlib elanda yerləşdirilmiş həmin evə baxmışlar. Onlar evə baxdıqdan sonra bəyəndikləri üçün həmin evi almaq qərarına gəlmişlər. Söhbət əsnasında Bəhmənlə özünü ev sahibi kimi təqdim edən Ruslan adlı şəxs belə bir razılaşmaya gəlmişlər ki, evə görə ilkin olaraq Ruslana 9000 manat, hər ayda da 600 manat olmaqla ümumilikdə 52000 manat verməklə həmin mənzili alsınlar. Bu səbəbdən də Bəhmən həmin gün qardaşı Natiqin və onun yanında ilkin olaraq Ruslana həmin evdə 2000 manat vermişdir və qalan 7000 manat pulu da bir gündən sonra verəcəyini bildirmişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həyat yoldaşı Bəhmən, qardaşı Natiq, oğlu Famil və o, birlikdə Xırdalan şəhərində yerləşən sözügedən mənzilə getmişlər. Bəhmən həmin evdə özünü ev sahibi kimi təqdim edən Ruslana onların yanında 6500 manat da verib ilkin ödənişdən qalan 500 manat pulu həmin ayın sonunadək əmək haqqını alıb verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Ruslan Bəhmənə zəng edərək evin açarlarını taksi ilə göndərdiyi üçün onlar həmin gün ailələrinə məxsus əşyaları həmin evə yerləşdirmişlər. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində evdə olduğuqları zaman qapı döyülmüşdür. Qapını açdıqları zaman tanımadıqları 2 nəfər şəxs Ruslanı soruşmuşlar. Bəhmən həmin vaxt Ruslanın artıq bu evdə yaşamadığını, bu evi ondan aldıqlarını dedikdə isə onlar Ruslanın dələduzluqla məşğul olduğunu, onlara satdığı həmin evin də ona məxsus olmadığı ehtimalının olduğunu bildirmişlər. Bundan sonra isə Bəhmən bu barədə araşdırdıqda həqiqətən də Ruslanın onlara satdığı həmin evin başqa bir şəxsə məxsus olduğunu bilmişlər. Bu səbəbdən də həyat yoldaşı Bəhmən xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Koroğlu küçəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, ünvan 3 ünvanı ona məxsusdur. O, hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığına görə Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 223, mənzil 41 ünvanını 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs kirayə vermişdir. Ruslan həmin vaxtdan xx.xx.2022-ci il tarixədək ailəsi ilə birlikdə həmin evində kirayədə yaşamışdır. 2022-ci ilin aprel ayının sonlarında onlara məlum olmuşdur ki, Ruslan ona məxsus həmin evini tanımadığı başqa bir şəxsə öz evi kimi təqdim edərək guya ki, satmaq adı ilə həmin şəxsin 8500 manat pulunu ələ keçirmişdir. Belə ki, sonradan adı onlara məlum olan Bəhmən adlı şəxs onlarla telefon əlaqəsi saxlayıb onları Ruslana kirayəyə verdiyi evə çağırmışdır. O, həmin evə gedən zaman Bəhmən ona baş vermiş hadisəni danışaraq Ruslanın həmin evini ona satmaq adı ilə onu aldadıb 8500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Buna baxmayaraq Bəhmən həmin vaxt özünə məxsus əşyalarını onun evindən çıxararaq evin açarlarını ona təhvil verib getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 Ruslan İkram oğlunun himayəsindədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar