Məhkəmə qərarları › İş №1(012)-319/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-319/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-319/2022 10.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs səlahiyyətli nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə xx.xx.1980-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işsiz, Abşeron rayonu Gənclər şəhərciyi, blok 17, mənzil 39-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 29 noyabr 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz E240” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Bakı-Sumqayıt yolu ilə Abşeron Gənclər şəhərciyi istiqamətindən “Vaz dairəsi”ndə Xırdalan şəhəri istiqamətində dönmə əməliyyatı edib həmin ərazidə yerləşən avtomobil körpüsünün girişində 20-30 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib avtomobilin qabaq hissəsi ilə körpüdə hərəkət hissəsinin sağ kənarı ilə Xırdalan şəhəri istiqamətinə düzünə hərəkət edən piyada Zərərçəkmiş şəxs arxa tərəfdən vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs 5-ci boyun fəqərəsinin yerdəyişən sınığı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus Mercedes Benz E 240 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi Mercedes Benz E 240 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Bakı-Quba şossesi ilə hərəkətdə olub, VAZ dairəsi adlanan dairənin ikinci çıxışından Xırdalan şəhəri istiqamətinə 20-30 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ kənarı ilə körpünün üstündən Xırdalan şəhəri istiqamətinə gedən, sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs hava qaranlıq olduğundan 1 metr məsafədən körpünün üstündə görmüş, onu vurmamaq üçün əyləcdən istifadə etmiş, sükanı sol tərəfə döndərmişdir. Lakin avtomobilinin qabaq sağ buferi ilə piyada Zərərçəkmiş şəxs toxunmuşdur. Nəticədə piyada Zərərçəkmiş şəxs yerə yıxılıb xəsarət aldığını görmüşdür. Sonra o, avtomobilini solda hərəkət edən avtomobilə toxunmamaq üçün sağa döndərmiş və yolun sağında olan dəmir dirəyə maşını qabaq hissəsi sürtmüşdür. Bundan sonra o, avtomobilini saxlayıb piyada Zərərçəkmiş şəxs köməklik göstərib, onu Xırdalan şəhərində yerləşən xəstəxanaya aparmışdır. O, avtomobili idarə edən zaman spirtli içki qəbul etməmiş, avtomobili saz və yüksüz vəziyyətdə olmuşdur. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, piyada Zərərçəkmiş şəxs əvvəllər tanımamışam, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadsədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadsədən az əvvəl spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs səlahiyyətli nümayəndəsi Müdafiəçi1 göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 18 radələrində usta işlədiyi yerdən çıxıb Xırdalan şəhəri VAZ dairəsi adlanan körpünün Saray istiqamətindən olan dairədən piyada yolun sağ kənarı ilə körpünün üstündən Xırdalan şəhəri VAZ dairəsi istiqamətinə düzünə hərəkət edən zaman arxa tərəfindən gözlənilmədən Mercedes markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə onu vurmuşdur. Həmin vaxtı o, xəsarətlər almışdır. Sonra sürücü Tural adlı şəxs ona yardım edib xəstəxanaya aparmışdır. Xəstəxanada əməliyyat olunmuşdur. O, sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. Onun tələbi ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsindən ibarətdir. O, maddi və mənəvi zərərin tutulmasına dair mülki iddia qaldıraraq bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarından göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır dərəcəli xəsarət vurulmuşdur. Yəni, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində bu gün əlil olmuşdur. Baş vermiş hadisədən (29 noyabr 2021-ci il tarixindən) artıq beş ay vaxt keçib ki, hələ Təqsirləndirilən şəxs onun sağlamlığı ilə maraqlanmamışdır. Həmin şəxs hadisədən sonra adında olan bütün əmlakları tez-tələsik özgəninkiləşdirməklə özünü maddi və mənəvi məsuliyyətdən azad olacağını düşünür. Halbuki, Tural nəyin bahasına olursa olsun onu sağaldacağına və ayağa qaldıracağına söz vermişdir. Bu günədək ailə üzvləri və qohumlarının maddi köməklikləri ilə qismən də olsa tibbi müalicə olunmuş, lakin onların maddi imkanları tükənmişdir. Bütün qızıllarını çox ucuz qiymətə satmış, qardaşı Rəşad, təcili əməliyyat olunmalı öz uşağı üçün bankdan yüksək faizlə götürdüyü 1500 manat pulu da ona vermişdir.Bu günədək bir neçə tibb müəssisələrindən aldığı rəylərdən məlum olur ki, çox güclü müalicələr, hətta xarici ölkələrdə əməliyyat və müalicə olunmalıdır. Hal-hazıradək 15.000 manatdan artıq xərcləri olmuşdur. Hazırda 70.000 manat civarında pul lazımdır ki, xarici ölkədə ciddi əməliyyat olunsun. Təqsirləndirilən şəxs mənə maddi və mənəvi dəstək olmadığı üçün sağlıq vəziyyəti günü gündən daha da ağırlaşır. Bu şəxs məhkəməyə qədər istintaq dövründə həm onların və həm də müstəntiqin çağırışlarına gəlməmiş və bütün bunlara məhəl qoymamışdır. Bu səbəbdən də onun barəsində axtarış elan olunaraq tapılmış və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan olunmuşdur. Məhkəmənin diqqətinə hazırkı sağlıq vəziyyətim barədə aşağıdakı məlumatları çatdırır və inanıram ki, işə obyektiv və ədalətli baxılacaqdır. Belə ki, 29 noyabr 2021-ci il tarixində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E240” markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobili ilə düzgün dönmə əməliyyatını etmədiyi üçün onu tam yolun sağ kənarında vurmuş və hadisə vaxtı 5-ci onurğa sümüyümün sınması və başqa orqanlarımın da zərər görməsi nəticəsində hazırda:-t 1. Əl, ayağımı və ümumiyyətlə bədənimi hərəkət etdirə bilmir, 2. Ozü ayağa qalxa bilmir, yüngün bayıra çıxmaqda əziyyət çəkir, böyük bayıra çıxmaq üçün hər gün altıma pampers qoyulur, gözlərimdə bərəlmələr var, psixoloji problemlərim günü gündən artmaqdadır, cinsi istək kimi hisslərim tamamilə itib və həmçinin cinsi orqanında şişkinlik var, bel hissəmdə hissiyatı yoxdur, ümumi hissiyyatım itmişdir, hələ ki, yekun rəy olmasa da özünü 1-ci dərəcəli əlil kimi hiss edir, hadisə baş verəndən sonra Azərbaycan Tibb Unversitetinin X1 əməliyyat olunmuş, ailəsinin maddi dəstəyi ilə çoxsaylı dərmanlar, iynələr və başqa müalicələr almışdır. (Sənədlər əlavə olunur) Bundan başqa bir çox özəl və dövlət xəstəxanalarda müalicə olunmuşam. Hazırda da Nərimanov tibb mərkəzində (5 nömrəli xəstəxanada) müalicə olunur, aldığı bütün epikrizlərdə verilmiş diaqnozu ağır dərəcəli olduğu bildirilmişdir. Qeyd edir ki, 2019-cu ildə ailə həyatı qurmuş, iki azyaşlı övladı var. Belə vəziyyətdə onların ona çox ehtiyacları var. Amma onlara heç bir köməklik edə bilmir. Bu ona çox böyük istirablar verir. Xüsusən də Təqsirləndirilən şəxs istintaq dövründə olan hərəkətləri və xəsarət nəticəsində ailə və uşaqlarıma əvvəlki kimi xidmət göstərə bilməməsi onun mənəvi iztirablarını daha da artırmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, xəsarət almamışdan öncə hər ay ən azı 800 manat həcmində aylıq qacancı olurdu ki, bu hadisədən sonra qazanclarından da məhrum olmuş, valideynləri və ailə-uşaqları onun qacancı ilə yaşayırdı. Hazırda sağlıq vəziyyətinə görə yaxın zamanlarda ona birinci dərəcəli əlillik təyin olunması nəzərdə tutulubdur. Hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən mülki cavabdeh Təqsirləndirilən şəxs mənə əlillik müddəti illərində əvvəllər qazandığım 800 manat puf vəsaitini hər ay ödəməlidir. Bundan başqa ona qulluq edilməsi üçün ailə üzvlərinə uşaqlarının on səkkiz yaşına çatanadək hər ay 200 manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməlidir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onu mülki iddiaçı qismində tanıyaraq maddi zərərə görə 15.000 manat və mənəvi zərərə görə isə 70000 manat, cəmi- 85000 (səksən beş min manat) məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək göstərdi ki, mülki iddiaçı Zərərçəkmiş şəxs ona qarşı dəymiş maddi zərərə görə 15.000,00 (on beş min) manat və mənəvi zərərə görə isə 70.000,00 (yetmiş min) manat ümumilikdə 85.000 (səksən beş) manat məbləğində pulun tutularaq mülki iddiaçı Quluyev Hüsaməddin oğluna verilməsinə dair mülki iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iddia tələbini qəbul etməyərək, bildirmək istəyir ki, 29 noyabr 2021-ci il tarixdə idarə etdiyi "Mercedes-Benz E240" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilim ilə hərəkət edərkən, yol piayada keçidi olmayan istiqamətdə hərəkət edən mülki iddiaçı Zərərçəkmiş şəxs nəqliyyat vasitəsi ilə toxunaraq xəsarət yetirmiş, yol nəqliyyat hadisəsi üzrə xəsarət almış olan mülki iddiaçıya təcili olaraq xəstəxanaya yerləşdirilməsini təmin etmiş, aşağıdakı qeyd olunan xərcləri çəkmişdir. Əməliyyat xərci kimi 5.500,00 (beş min) manat, təcili yardim maşını vasitəsi ilə mülki iddiaçını xəstəxanaya aparılması üçün 140 (bir yüz qırx) manat, analizlər üçün ödənilmiş 150,00 (bir yüz əlli) manat, xəstəxana çarpayısının kirayəsi üçün- 800 ,00 (səkkiz yüz) manat, ortopedik döşək üçün ödənilmiş-150,00 (bir yüz əlli) manat,mülki iddiaçının reanimasiyada yatmasının təşkil edilməsi üçün 400,00 (dörd yüz) manat, mülki iddiaçının palatada yatmaması 9 gün üçün- 900,00 (doqquz yüz) manat, təcili yardım nəqliyyat vasitəsi ilə mülki iddiaçını evə aparılmasına görə ödənilmiş -120,00 (bir yüz iyirmi) manat, fizioterapevtə (2 ay ərzində )- ödənilmiş 1.680,00 (bir min altı yüz səksən) manat, ramazan ayında 200,00 (iki yüz) manat, evinə bazarlıq (xəstəxanadan çıxandan sonra) 300,00 (üç yüz) manat, mülki iddiaçıya may ayında 500,00 (beş yüz) manat, sığorta hadisəsi üzrə 1.500,00 (bir min beş yüz) manat, ümumilikdə: 12.340,00 (on iki min üç yüz qırx) manat, göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən mülki iddiaçı Zərərçəkmiş şəxs ona qarşı dəymiş maddi zərərə görə 15.000,00 (on beş min) manat və mənəvi zərərə görə isə 70.000,00 (yetmiş min) manat, ümumilikdə 85.000 (səksən beş) manat məbləğində pulu tutularaq mülki iddiaçı Quluyev Hüsaməddin oğluna verilməsi, əlillik müddəti illərində əvvəllər qazandığı 800 (səkkiz yüz) manat pul vəsaitini və mülki iddiaçının uşaqlarının 18 (on səkkiz) yaşına çatanadək hər ay 200,00 (iki yüz) manat pul vəsaitinin ğdənilməsi tələbinə dair mülki iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 3062 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş 5-ci boyun fəqərəsinin yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz E240 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləində “Yol hərəkəti haqqında” Azərbayan Respublikası Qanununu 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Mercedes Benz E240 markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmişşəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşmançılıq hissi keçirməsi və ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsin hüququ varisinə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2020cu il tarixində onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probarsiya Şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X5 İdarəsinə həvalə edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia üzrə cavabdeh X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onu mülki iddiaçı qismində tanıyaraq maddi zərərə görə 15.000 manat və mənəvi zərərə görə isə 70000 manat, cəmi- 85000 (səksən beş min manat) məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə mülki iddianı baxılmamış saxlayarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında proses iştirakçılarının çıxışları başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (AR Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən, məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmə mülki iddia tələbinin maddi və mənəvi zərərə görə cavabdehdən müəyyən məbləğin tutulması üzrə qeyd edir ki, mülki iddiaçı müalicə olunduğu xəstəxana və klinikalarda çəkdiyi xərclə və ya müalicəsi ilə bağlı sənədləri, iddia ərizəsində müalicəsi ilə əlaqədar digər şəxslərin çəkdiyi xərlərə və aylıq gəlirinə dair sübutları tələb edilsədə məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki iddianı və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə kifayət qədər sübutlar təqdim edilmədiyi üçün mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probarsiya Şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X5 İdarəsinə həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə kifayət qədər sübutlar təqdim edilmədiyi üçün ərizəsi baxılmamış saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar