Məhkəmə qərarları › İş №1(012)-320/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-320/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-320/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 oğlunun iştirakı ilə xx.xx.1984-cü ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev-17, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci ildə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ilə Bakı şəhəri, Memar Əcəmi metrostansiyası arasındakı 525 saylı marşrut xətti üzrə işləyən, idarə etdiyi, “Daewoo BS090” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisindəki dayanacaqda saxladığı yerdən hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq, sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandırdıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək Zərərçəkmiş şəxs sərnişin kimi qapısı açıq olan avtobusa minərkən qapıları bağlamadan hərəkətə başlamış, nəticədə Zərərçəkmiş şəxs avtobusdan sərt yer örtüyünə yıxılaraq ehtiyatsızlıqdan sol mil sümüyünün tipik yerinin qapalı-qəlpəli yeridəyişmiş sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2004-cü ildən avtobus sürücüsü işləyir. 2018-ci ildən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış massivi ilə Bakı şəhəri, "Memar Əcəmi" metrostansiyası arasında işləyən 525 saylı marşrut xətti üzrə avtobusu idarə edir. 24.11.2020-ci il tarixdə saat 17-18 radələrində həmin marşrut xətti üzrə avtobusla sərnişin daşıyarkən Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində, işıqforun yaxınlığındakı dayanacaqda biri yaşlı, digəri cavan olan 2 nəfər qadının dayandığını görüb, avtobusu onların yanında saxlayıb qapıları açmış, avtobusun sağ yan güzgüsündən baxarkən qadınlardan yaşlı olanın birinci, onun ardınca da cavan olanının orta qapıdan avtobusa mindiyini görüb, qapıları bağlamadan avtobusu asta sürətlə sürərək hərəkətə başlamış, təxminən 5 metr məsafə qət etdikdən sonra həmin qadınlardan birinin kiminsə yıxıldığını deyib, avtobusu saxlamasını tələb etdiyinə görə avtobusu saxlayıb, sağ yan güzgüdən arxaya baxmış, həmin vaxtı qadınlardan cavan olanının, yəni sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qadının dayanacaqda yerə yıxılmış vəziyyətdə olduğunu görüb, dərhal avtobusdan düşüb sonuncuya yaxınlaşmış, həmin vaxtı avtobusda olan digər yaşlı qadın da düşüb Zərərçəkmiş şəxs yanına getmiş, o, həmin qadınla birlikdə Nərmini yerdən qaldırıb dayanacaqdakı oturacaqda əyləşməsinə köməklik etmişdir. Həmin vaxtı Nərminin sol qolunun şişmiş vəziyyətdə olduğunu görüb, tez yaxınlıqdakı dükandan su alıb sonuncuya vermiş və lazım gələrsə avtobusdakı sərnişinləri boşaldıb, onun yanında qala biləcəyini söyləmiş, bu zaman Nərminin yanında olan digər yaşlı qadın onun qalmasına heç bir ehtiyac olmadığını bildirdikdən sonra avtobusa minib, sürüb marşrut üzrə hərəkətinə davam etmişdir. Ertəsi günü, yəni 25.11.2020-ci il tarixdə saat 13-14 radələrində Zərərçəkmiş şəxs atası Abdulla mobil telefonuna zəng edərək, Masazır kəndi, "Qurtuluş- 93" yaşayış kompleksində onunla görüşüb, xəsrət almış qızı Nərminin müalicəsi üçün 320 manat xərc çəkdiyini bildirib, həmin məbləğdə pulu saat 16:00-dək ona verməsini söyləmiş, pulunun olmadığını bildirmiş, həmin günü saat 19-20 radələrində Abşeron rayonu, Masazır kəndindəki sonuncu avtobus dayanacağına gedərək, Abdulla ilə görüşüb söhbət etmiş, həmin vaxtı Abdulla yenidən ondan pul istəmiş, hazırda pulu olmadığını bildirib, yaxın günlərdə ödəyəcəyini söyləmişdir. Abdulla onunla razılaşmayıb polisə bu barədə məlumat verəcəyini bildirib getmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24.11.2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır kəndi, "Qurtuluş-93" yaşayış kompleksində yaşadığı mənzildən xalası Şahid1 ilə birlikdə çıxıb, sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə getmək getmək üçün "Qurtuluş-93" yaşayış kompleksindəki dayanacağa gedib gözləməyə başlamış, həmin vaxtı dayanacaqda onlardan başqa heç kim olmamışdır. Bir neçə dəqiqədən sonra 525 saylı marşrut avtobusu dayanacağa gəlib dayanmış, xalası Aida ondan əvvəl orta qapıdan avtobusa daxil olmuş, o da sağ ayağını avtobusa qoyub minmək istəmiş, bu zaman avtobus hərəkətə başladığına görə sol ayağını avtobusa qoya bilməmiş, həmin vaxtı avtobusun hər iki qapısı açıq olduğundan avtobusdan tuta bilməyib, arxaya doğru yıxılacağını hiss edib, başının yerə dəyməsi üçün sol əlini yerə tərəf uzatmış, bu səbədən də sol qolu yerə dəydikdən sonra bütün bədəninin çəkisi altında qaldığına görə əzilərək şişmiş, bu zaman avtobusda olan xalası Aida və avtobusun adını bilmədiyi sürücüsü həyəcanlı vəziyyətdə onun yanına gəlib, yerdən qaldırmışlar. Avtobusun sürcüsü dayanacaqdakı mağazadan su alıb ona vermiş, o da atasına zəng etmək istədiyini bildirmiş, sürücü bunu ğörüb, onu günahkar çıxarmaq istəmiş və "Yıxılmayardın", "Mənim günahım yoxdur" deyərək, dövlət qeydiyyat nişanının son 3 rəqəmi 632 olan avtobusa minib sürüb getmişdir. Bundan sonra xalası ilə birlikdə xəstəxanaya getmiş və atasına zəng etmiş, həmin vaxtı atası yanına gəlmiş, həkimlər onun qoluna sarğı qoyduqdan sonra atası ilə evə qayıtmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24.11.2020-ci il tarixdə saat 18 radələrində qızı Zərərçəkmiş şəxs ona zəng edərək, avtobusun hərəkət etməsi nəticəsində yerə yıxıldığını və həmin vaxtı qolu əzildiyinə görə Masazır kəndində yerləşən poliklinikada olduğunu bildirmiş, o da bu xəbəri aldıqdan dərhal sonra qızı Nərminin yanına getmişdir. Poliklinikada qızının sol qolunun sındığını öyrənib, sonuncu ilə birlikdə Bakı şəhərindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna getmiş, orada həkimlər ona qızının sol qolunun 4 yerdən sındığını bildirib, ilkin tibbi yardım göstərmişlər. Həmin vaxtı qızı Nərmin baş vermiş hadisə barədə ona məlumat vermiş, bundan sonra qızı Nərminlə birlikdə yaşadığı evə qayıdıb, həmin avtobusun sonradan adının Anar olduğunu bildiyi sürücüsünü tapıb, sonuncu ilə görüşüb qızının müalicə xərcləri ilə bağlı söhbət etmiş, sürücü Anar ona müalicə xərci ilə bağlı kömək edəcəyini bildirsə də, sonradan ona həmin hadisədə günahının olmadığını bildirib, heç bir kömək etməyəcəyini söyləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 27.11.2020-ci il tarixli, 2504 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət- sol mil sümüyünün tikil yerinin qapalı-qəlpəli yerdəyişmiş sınığı bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 24.11.2020-ci il tarixdə kərəkətdə olan avtobusdan sərt yer örtüyünə yıxılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11.03.2021-ci il tarixli 904 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Daewoo BS090” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ-nin DYPŞ-nin 06.03.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1984cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs 30.01.2015-ci ildə Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən “BCD” kateqoriyalı, AC-215046 nömrəli sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır.. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 90 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat pul Abşeron vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 90 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar