Məhkəmə qərarları › İş №1(012)-320/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-320/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-320/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə zərər çəkmiş X5, 07 mart 2023-cü il tarixdə zərər çəkmiş X3 və digər zərər çəkmiş şəxslərə məxsus olan əmlakları oğurladığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi Abşeron rayon Məhkəməsində baxılma mərhələsində olmasına baxmayaraq təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə 09 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı-Sumqayıt şossesinin 12-ci kilometrliyində Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki yolüstü piyada körpüsünün yaxınlığında xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 1250 manat dəyərində olan bir ədəd «Redmi Note 11Pro» markalı mobil telefonu danışmaq üçün aldıqdan sonra cibinə qoyub geri qaytarmayacağını bildirmiş, bu zaman sonuncunun telefonu almaq üçün üstünə gəldiyini görüb, Zərərçəkmiş şəxs sol əlinin arxa səthinə sıyrıq xəsarəti yetirməklə sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq edərək, həmin bir ədəd «Redmi Note 11Pro» markalı mobil telefonu açıq talamaqla ələ keçirib, hadisə yerindən qaçaraq zərər çəkmiş Zərərçəkmiş şəxs 1250 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin şəxsi tanımır. Zərərçəkmiş şəxs bir ədəd «Redmi Note 11Pro» markalı mobil telefonu danışmaq üçün almamış, Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq etməmiş, həmin bir ədəd «Redmi Note 11Pro» markalı mobil telefonu açıq talamaqla ələ keçirməmişdir. Əlavə olaraq bildirdi ki, təcridxanadan zərərçəkmişin atasına zəng etməkdə məqsədi, ümumiyyətlə, ondan şikayət edənlərin hamısının siyahının tutub bir-bir onlara zəng edib şikayətlərini geri götürməyi xahiş etmək olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral və mart ayları ərzində Abşeron rayonu ərazisində törətdiyi oğurluq hadisələri ilə bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanmış və həmin oğurluq cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi Abşeron rayon Məhkəməsinin icraatındadır. Cinayət işi Abşeron rayon Məhkəməsində baxılma mərhələsində olan zaman, yəni 09 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhərində “Heydər Əliyev” adına istirahət parkının yaxınlığında olarkən oradakı “Access” bank filalının yanındakı ara küçədə piyada gedən cavan oğlanın telefonla danışdığını görüb telefonunu ələ keçirmək üçün həmin şəxsə yaxınlaşmış və danışığını bitirdikdən sonra salamlaşıb danışmaq üçün həmin mobil telefonunu 1-2 dəqiqəliyə ona verməsini xahiş etmişdir. Həmin şəxs telefonunu ona vermiş, o, həmin şəxsin telefonu ilə dostluq etdiyi qadına zəng edib görüşmək istədiyini demiş, harada olmasını bilmək üçün telefonda ona məkan göndərməsini xahiş etmiş və telefonu həmin oğlana qaytarmışdır. Daha sonra oğlandan hara gedəcəyini soruşmuş, həmin şəxs Hökməli qəsəbəsinə gedəcəyini söylədikdən sonra o da Hökməli qəsəbəsi tərəfə gedəcəyini bildirmişdir. Onlar Xırdalan şəhəri daxilində ara yollarla piyada gəzərək söhbət edə-edə Masazır dairəsinə gedib çıxmışdır. Oradan da üzü Bakı şəhəri istiqamətində piyada getdikləri vaxt yolun kənarındakı qəbiristanlığın yaxınlığında o yenidən danışmaq üçün həmin telefonu istəmiş, həmin şəxs də etiraz etməyərək telefonunu 2-ci dəfə ona vermişdir. Bundan sonra onlar oradakı yerüstü dəmir körpüyə az qalmış magistral yolu piyada yolun digər tərəfinə keçmişlər. O, mobil telefonu cibinə qoymuş və onlar yolun digər tərəfi ilə piyada Bakı şəhəri istiqamətində gəzə-gəzə getmişlər. Yolda olan avtobus dayanacağını göstərən yol nişanının yanına çatanda həmin oğlan ondan telefonunu geri istəmiş, o isə həmin şəxsə telefonunu qaytarmayacağını bildirmişdir. Bu zaman həmin şəxs onun paltarından tutub telefonunu qaytarmasını tələb etmiş, o, həmin şəxsi özündən aralamaq üçün qolundan tutub kənara itələyib üzü Xırdalan dairəsi istiqamətində qaçaraq uzaqlaşmışdır. Həmin oğlan onun ardınca qaçsa da, çata bilməyəcəyini hiss edib dayanmış, o isə həmin şəxsdən xeyli aralanıb, həmin mobil telefonun üstündə olan mobil telefon nömrələrini çıxarıb kənara tullamış və öz mobil telefon nömrəsini həmin telefona qoşub yenidən az əvvəl tanıdığı qadına zəng etmişdir. Lakin telefonun konturu olmadığına görə danışa bilmədiyi üçün əsəbiləşib telefonu yerə çırpıb sındırmışdır. Məhkəmə iclasında qanuni nümayəndə X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində hazırlıq dərslərindən saat 12:30 radələrində çıxıb, yaşadığı ünvana gedirmiş. Həmin vaxt Xırdalan şəhərində Heydər Əliyev adına parkın yaxınlığında “Access” bankın arasında olan küçədə saat 13:06 radələrində anasından zəng gəldiyi üçün telefonla danışdığı zaman tanımadığı, əvvəllər görmədiyi, təxminən 19-20 yaşlarında, arıq bədən qurluşlu, balacaboy bir nəfər oğlan ona yaxınlaşmışdır. O, danışığını bitirdikdən sonra həmin şəxs danışmaq üçün ondan mobil telefonunu istəmiş, o da istifadəsindəki üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan “Redmi Note 11 Pro” markalı, **********59003 və **********59011 İMEİ kodlu telefonunu danışmaq üçün həmin şəxsə vermişdir. Həmin şəxs ondan telefonundakı 1-ci və ya 2-ci nömrə ilə zəng edə biləcəyini soruşmuş, o, 1-ci, yəni “Nar” nömrə ilə danışmasını söyləmişdir. Bundan sonra həmin şəxs zəng edərək danışmışdır. Həmin şəxsin danışığı təxminən 5-6 dəqiqə çəkmiş, hətta həmin şəxs telefonla danışdığı şəxsə, yerini bilməsi üçün telefonla “məkan” göndərməsini və həmin adamın yanına gedəcəyini də bildirmişdir. Həmin şəxs danışığını bitirdikdən sonra telefonu ona geri qaytarmışdır. O, öz telefonuna baxdıqda “WhatsApp” sosial şəbəkəsində “məkan” mesajı gəldiyini də görmüş, “məkan” hansısa yaxınlıqda olan xəstəxananı göstərirdi. Həmin şəxs bundan sonra ona Hökməli dairəsinə gedəcəyini bildirmiş, o da Hökməli tərəfə gedəcəyini dedikdən sonra həmin şəxs birlikdə getməyi təklif etmişdir. O, razılaşmış və həmin şəxslə Xırdalan şəhəri daxilində ara yollarla gəzərək söhbət edib gəzə-gəzə Masazır dairəsinə gedib çıxmışdır. Oradan da üzü Bakı şəhəri istiqamətində getdikləri zaman yolun kənarındakı qəbiristanlığın yaxınlığında həmin şəxs ondan telefonunu danışmaq üçün yenidən istəmişdir. O, etiraz etməyərək telefonunu 2-ci dəfə həmin şəxsə vermiş, bundan sonra onlar yolüstü dəmir körpüdən biraz uzaqda magistral yolun üstü ilə digər tərəfə keçmiş, bu zaman həmin şəxs onun telefonunu əlində tutmuş, yolu keçdikdən sonra isə həmin şəxs onun mobil telefonunu cibinə qoymuşdur. Bundan sonra onlar yolun kənarı ilə Bakı şəhəri istiqamətində gəzə-gəzə getmiş, yolun kənarında olan avtobus nişanının yanına çatdıqda o, həmin şəxsdən telefonunu geri istəmiş, həmin şəxs isə ona telefonunu qaytarmayacağını bildirmişdir. O, bu zaman həmin şəxsin paltarından tutub telefonunu qaytarmasını tələb etmiş, həmin şəxs isə onun qarnına yumruqla vurub kənara itələmiş, bu zaman həmin şəxsin dırnağı onun əlini cızmışdır. Həmin şəxs cibində onun mobil telefonu ola-ola oradan qaçıb uzaqlaşmış, o, həmin şəxsin ardınca xeyli qaçsa da, çata bilməmişdir. O, həmin telefonu təxminən 1 il bundan əvvəl 1250 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 76 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- sol əlin arxa səthinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əl barmağının dırnağının təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun şəxsin özü tərəfindən verilməsi inandırıcı deyildir. “Qanuni nümayəndə qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmış və bu barədə ona məlumat verilmişdir. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmiş və istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(0120-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtraış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 188/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddəsi ilə nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edlmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutub qismən toplamaqla, Təqsirləndirilən şəxs 03 il müddətinəa zadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 04 ay 22 gün və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət olmaqla cəmi 04 ay 26 gün müddət nəzərə alınmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 07 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, şəxsin tanınmaya təqdim edilməsi protokolları, məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 76 nömrəli rəyivə dogər rəsmi sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, həmin Məcəllənin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs bir ədəd «Redmi Note 11Pro» markalı mobil telefonu danışmaq üçün almaması, Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan zorakılıq tətbiq etməməsi, həmin bir ədəd «Redmi Note 11Pro» markalı mobil telefonu açıq talamaqla ələ keçirməməsi ilə bağlı dediklərini onun özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində müdafiəçinin iştirakının təmin edilməsi, o cümlədən vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq zərərçəkmiş şəxsin ifadəsi cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadə iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsə sual vermək imkanı yaradılsa da, zərərçəkmiş şəxs tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsn ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini, barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 29 saata görə 174 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 04 ay 22 gün və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət olmaqla, cəmi 04 ay 26 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 29 saata görə 174 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar