Məhkəmə qərarları › İş №1(012)-321/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-321/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-321/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxx 1998-ci ildə Ağcəbədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağcəbədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 27 sentyabr 2019-cu il tarixdə, saat 17 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən yaşadığı evə quraşdırdığı video müşahidə çihazının görünüş dairəsinin yaşadığı evin həyətini əhatə etdiyini hesab edib, cihazın quraşdırılmasına etiraz edən qonşusu Zərərçəkmiş şəxs ilə bu səbəbdən həmin ünvanda evlərinin qarşısında aralarında baş vermiş dalaşma zamanı sonuncunun yaxın qohumları 2007-ci il təvəllüdlü oğlu Şahid3 və arvadı Şahid2 Fəyyaz qızının yanında bədənin müxtəlif nahiyələrinə həyətindən götürdüyü dəmir parçası ilə çoxsaylı zərbələr vuraraq, onlara xüsusi əzab verməyi dərk etməklə, Zərərçəkmiş şəxs kəskin astenonevrotik vəziyyətdə fəsadlaşmış, baş beyin silkələnməsi ilə müşayiət olunmuş kəllə-beyin travması və sol qulaq seyvanı, sol kürək nahiyyəsinin əzilmiş-cırılmış yaralarından ibarət xəsarətlər yetirməklə, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı (10%) itirilməsinə səbəb olan xüsusi amansızlıqla qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onlarla qonşudur, Elşənlə aralarında münasibətləri yaxşı deyildir, evlərinin tikintisi ilə əlaqədar Elşənlə onun atası arasında dəfələrlə mübahisələr olmuş və dəfələrlə Polisə şikayət etmişlər, Elşənin barəsində İcra hakimiyyətinə material göndərilmişdir. 27 sentyabr 2020-ci il tarixdə usta evlərinə güvənlik kamerasını quraşdırırmış. Usta evin arxasında kamera quraşdıranda saat 10 radələrində Elşən küçəyə çıxaraq onların kamera quraşdıqmağına narazlıq etmiş və onlar Elşənə izah etmişlər ki, kameranı öz evlərinin təhlükəsizliyi üçün quraşdırırlar. Həmin vaxt Elşənin arvadı Gülnaz da küçəyə çıxaraq narazlıq etmiş, lakin Elşən arvadı Gülnazın qolundan tutub həyətə salaraq hətta arvadının ayağından da təpiklə vurmuşdur. Onların ustası Cavad da öz işini görürmüş, həmin gün saat 17 radələridə küçədə daşın üstündə oturmuş, bu zaman Elşən küçəyə çıxaraq ondan atası Cahidin harada olduğunu soruşaraq, ona demişdir ki, siz döyülməlisiz, onu bıçaqla öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt atası Cahid küçəyə çıxmış və Elşən ona yaxınlaşaraq atasının yaxasından tutub əli ilə atasının alın-qaş nahiyəsindən vuraraq xəsarət yetirmiş və atasının sifətindən qan gəlmişdir. Bunu görüb Elşənin atasını yenidən vurmaması üçün onlara yaxınlaşaraq onları ayırmışdır. Həmin vaxt anası, nənəsi, Elşənin arvadı, qardaşı küçəyə çıxaraq qardaşı Nahid Elşənin əlindən daşı almış, Elşən atasını əlindəki daş ilə vurmuşdur. Əlavə olaraq o, Elşənin hücümündan özlərini müdafiə etmək məqsədi ilə sonuncunu vurduğunu göstərmişdir. Dalaşma zamanı qonşulardan orada olanı görməmiş, ancaq anası və nənəsi orada olmuşlar. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və törətdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə ailə üzvləri ilə birlikdə 2013-cü ildən yaşayır. Şahid1 adlı şəxs də ondan sonra qonşuluğunda üç mərtəbəli yaşayış evini tikdirərək ailəsi ilə həmin evdə yaşamağa başlamışdır. Cahid hələ evinin tikintisinə başlayanda o, Cahidə demişdir ki, evinin birinci mərtəbəsinə onun evinə tərəf olan divarda pəncərə yeri qoya bilər, lakin hasardan yuxarı mərtəbələrdə isə onun həyətinə doğru pəncərə qoymasın. Belə ki, Cahid evini onun evinə çox yaxın məsafədə tikdirmişdir. Onun Cahidə bu barədə deməyinə baxmayaraq Cahid onun evinə tərəf evinin yuxarı mərtəbələrinə də pəncərə qoymuşdur. Həmin vaxtlarda o, rayonda olmuş, gələndən sonra artıq Cahidin onun evinə tərəf öz evinin yuxarı mərtəbələrinə pəncərə qoymuşdur.O, Cahidə bu barədə deyəndə Cahid demişdir ki, ev onundur özü bilər.Hətta həmin vaxt aralarında sözlə mübahisələri olmuş, lakin sonrakı müddətlərdə bir qonşu kimi münasibəti normal olmuşdur. O, da məcbur olub, evlərisinin arasında olan hasarın üstünə plasmas çəkdirmiş, lakin Cahid buna narazılıq edərək həmin plasması sökdürməyi tələb etmişdir. Ondan sonra aralarında narazılıqlar başlanmış, dəfələrlə hər hansı bir xırda işə görə aralarında narazılıqlar olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə görmüşdür ki, Cahid bir nəfər usta çağırıb və usta onun hasarın üstündə gəzərək nəsə Cahid üçün iş görür. Onda məlum olmuşdur ki, qonşu Cahid yaşadığı evin ətrafına kamera quraşdırmışdır. Həmin gün saat 17 radələrində o, kameranın qoyulduğunu görüb və baxmışdır ki, Cahidin quraşdırdığı kamera onun həyətinə tuşlanıb.Ona görə o, hasarın üstünə çıxaraq kameranı Cahidin həyətinə doğru bir az aşağı vermişdir ki, kamera onun həyətimi çəkməsin. Həmin vaxt görmüşdür ki, evin digər tərəfində də qoyulmuş kamera onun həyətinə tərəf tuşlanıb. Bu zaman o, küçəyə çıxmışdır ki, həmin kameranı da aşağı etsin, lakin görmüşdür ki, Cahidin oğlu Asif küçədədir və o, Asifə kameranı göstərərək bunun nə məsələ olduğunu soruşaraq kameranı onun həyətinə doğru nəyə görə qoyduqlarını soruşanda, Asif ona demişdir ki, “get işinlə məşğul ol”. Bunu eşidən atası Cahid həyətindən küçəyə çıxaraq ona doğru gələrək, nə dediyini soruşmuşdur. O, da Cahidə kameranı həyətinə doğru qoymasına narazılığını bildirmişdir. Cahid isə ona demişdir ki, yaxşı edib kameranı quraşdırıb, hələ başqa şeylər də edəcək. Bu zaman Cahid ilə arasında mübahisə yaranmış və digər oğlu Nahid də mübahisəyə qoşularaq üstünə gəlməyə başlamışlar, Asif isə həyətinə girmiş, Cahid ilə oğlu Nahid isə onunla əlbəyaxa olmuşlar. Bu zaman həyətdən küçəyə çıxan Asif əlində olan dəmir parçası ilə birinci onun başının sol qulaq nahiyyəsinə, sonra isə bədəninin müxtəlif nahiyyələrinə həmin dəmir parçası ilə zərbələr vurmağa başlmışdır. Həmin vaxt Cahid özü də digər oğlu Nahid ilə onu yumruq və təpiklə vururmuşlar. Həmin vaxt Asifin bir dəmir parçası ilə vurduğu zərbə Cahidin alın nahiyyəsinə dəymişdir. Onlar onu vurduqları üçün o, artıq yerə yarı oturmuş vəziyyətdə olmuş, Asif əlindəki dəmiri yerə atandan sonra onun boyun nahiyyəsini qoltuğunun altına salaraq onu boğmağa başlamışdır. Nahid də Asifin yerə atdığı dəmir yerdən götürərək onun qarnının sol tərəfinə dirəyərək sıxmışdır ki, o, tərpənə bilməsin. Həmin vaxt Cahid isə onun xayalarını tutub sıxaraq ona ağrılar vermişdir. Ondan sonra o, həyat yoldaşının və oğlunun qışqırdıqlarını eşitmiş, həyat yoldaşının müdaxiləsindən sonra onlar ondan ayrılmışlar. Ondan sonra həyat yoldaşı onu evə aparmış, qaynı Zauru ora dəvət etmişlər və Zaur ona kömək edərək, TTY xidmətin avtomobili ilə onu xəstəxanaya aparmışlar. Dalaşma zamanı ətrafda başqa şəxslər olmamış, Cahidin anası ilə həyat yoldaşı bunu görmüşlər. Bədəni üzərində olan xəsarətləri ona Asif dəmir parçası ilə yetirmiş, lakin Cahid və Nahid də onun bədənin müxtəlif nahiyyələrinə yumruq və təpiklə zərbələr vurmuşlar. Özü heç kimi vurmamış, Asif onu dəmir parçası ilə vuranda zərbənin biri Cahidin alın nahiyyəsinə dəymişdir. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 adlı şəxs də onlardan sonra qonşuluğunda üç mərtəbəli yaşayış evini tikdirərək ailəsi ilə həmin evdə yaşamağa başlamışdır. Cahid hələ evinin tikintisinə başlayanda onlar Cahidə demişlər ki, evinin birinci mərtəbəsinə onun evinə tərəf olan divarda pəncərə yeri qoya bilər, lakin hasardan yuxarı mərtəbələrdə isə onun həyətinə doğru pəncərə qoymasın. Belə ki, Cahid evini onun evimə çox yaxın məsafədə tikdirmişdir.Cahidə bu barədə deməklərinə baxmayaraq Cahid onların evinə tərəf də evinin yuxarı mərtəbələrinə pəncərə qoymuşdur. Həmin vaxtlarda onlar rayonda olmuşlar, gələndən sonra artıq Cahidin onların evinə tərəf öz evinin yuxarı mərtəbələrinə pəncərə qoymuşdur.Onlar Cahidə bu barədə deyəndə Cahid demişdir ki, “ev mənimdir, özüm bilərəm”.Hətta həmin vaxt Cahid onun həyat yoldaşı ilə sözlə mübahisə də etmiş, lakin sonrakı müddətlərdə bir qonşu kimi münasibətləri normal olmuşdur. Onlar da məcbur olmuşlar ki, evlərinin arasında olan hasarın üstünə plasmas çəkdirmişlər. Lakin Cahid buna narazılıq edərək həmin plasması sökdürməyi tələb etmişdir. Ondan sonra aralarında narazılıqlar başlanmış, dəfələrlə hər hansı bir xırda işə görə aralarında narazılıqlar olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə görmüşlər ki, Cahid bir nəfər usta çağırıb və usta onların hasarın üstündə gəzərək nəsə Cahid üçün iş görür. Onda məlum olmuşdur ki, Cahid yaşadığı evin ətrafına kamera quraşdırmışdır. Həmin gün saat 17 radələri olmuş, o, evdə olmuş, həyat yoldaşım Elşən azyaşlı oğlu Rövşən ilə həyətdə olmuşlar, qardaşı Zaur da evdə yatmışdır. Bu zaman o, küçədə səs-küy eşidib küçəyə çıxıb görmüşdür ki, Cahid və iki oğlanları Asif ilə Nahid onun həyat yoldaşı Elşəni döyürlər. Yaxınlaşmışdır ki, onları ayırsın, lakin ayıra bilmirmiş. Həyat yoldaşı Elşənin sifəti qanının içində olmuş, Asif onun həyat yoldaşı Elşənin boynunu qolu ilə qoltuğunun altına sıxıb onu tutub saxlamışdır. Həmin vaxt Cahidin anası və həyat yoldaşı da bir qədər aralıda dayanıb baxırmışlar.O, Asifi və Cahidi həyat yoldaşından ayıranda Cahidin atdığı təpik onun sol ayağına dəymiş, o xəsarət almışdır. Ondan sonra o, həyat yoldaşı Elşəni bir təhər həyətə salmış və oğlu Rövşəni evə göndərmişdir ki, qardaşı Zauru çağırsın. Qardaşı Zaur da evdən həyətə düşüb həyat yoldaşı Elşənin xəsarət aldığını və vəziyyətinin pis olduğunu görüb, TTY və polisə məlumat vermişdir. Ondan sonra TTY avtomobili gələrək həyat yoldaşını xəstəxanaya aparmışlar. Sonra o, baxmışdır ki, onun sağ əlinin biləyində də xəsarət var, lakin həmin xəsarəti necə aldığını bilmir. Dalaşma zamanı ətrafda başqa şəxslər olmasını görməmiş, Cahidin anası ilə həyat yoldaşı dalaşmanı görmüşlər. Hazırda qonşuları ilə barışmışlar, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşudur. Yaşadığı evin ikinci mərtəbəsini tikdirəndə Elşən narazılıq edərək evinin pəncərəsinin qarşısını dəmir löhvə ilə tutmuşdur. Ondan sonra evinə yaxın hasarın dibindən kanalizasiya şombası tikmiş və onun evinin divarları, döşəməsi sıradan çıxmış, ona 3000 manat maddi ziyan dəymişdir. Bundan sonra yenidən hasarın üstündə dalan tikərək öz evinin dam örtüyünü onun evinə bitişdirib bütün bunlara görə o, dəfələrlə polisə şikayət etmiş və Elşənin barəsində toplanmış material İcra Hakimiyyətinə də göndərilmişdir. 27 sentyabr 2020-ci il tarixdə, saat təxminən 17 radələrində yaşadığı evin ətrafında güvənlik kamerasını evdə işləyən üsta tərəfindən quraşdırılırmış və bu zaman küçədə səs-küy eşidib küçəyə çıxıb görmüşdür ki, kamera ustası kameranı quraşdırır, böyük oğlu Asif də daşın üstündə oturub, qonşu Elşən Asif ilə mübahisə edərək ona deyir ki, sizi yortacam, bıçaqlayacağam, öldürəcəyəm, kameranı buradan çıxarın. Üsta işləyən Cavad Elşənə demişdir ki, kameranı elə nizamlayacaq ki, onun həyətini çəkməyəcək. Elşən isə üsta Cavadın dediyinə heç məhəl qoymayaraq onunla mübahisə etməyə başlayaraq ona nalayıq ifadələr deyərək üstünə gəlib, bir əli ilə yaxasından tutmuş, o biri əli ilə onun alın və qaş nahiyyəsindən vurmuş, həmin yerdən qan gəlməyə başlamış və qan axaraq gözünü tutmuş, bunu görən oğlu Asif gəlib Elşəni ondan ayırmışdır. X6 ayırmasaydı, Elşən əlində olan daşla yenə onu vuracaqdır. Səsə Elşənin arvadı, qaynı, uşağı, öz həyat yoldaşı və anası, adını bilmədiyi qonşular küçəyə çıxmışlar, onlar Elşəni və arvadını sakitləşdirməyə çalışmışlar, lakin Elşən arvadı Gülnaz ilə onlara söyüş söyməyə davam etmişlər. Sonra balaca oğlu Nahid demişdir ki, Elşənin əlində daş olmuş və mübahisə zamanı daşı Elşənin əlindən almışdır. Mübahisə zamanı o, oğlu Asiflə özlərini müdafiə etmişlər, Elşən yenidən onu daşla vurmaq istəyəndə digər oğlu Nahid Elşənin əlindən daşı almışdır. Həmin gün səhər Elşənin arvadı küçəyə çıxaraq onların güvənlik kamerasını quraşdırmağına narazlıq etmiş, həyat yoldaşı Elşən də küçədə olmuş və onlara izah etmişlər ki, evin kamerası onun evini çəkməyəcək. Həmin vaxt Elşən arvadı Gülnaza əsəbləşərək özü arvadı Gülnazı onların yanında vurub həyətinə salmış, onlar Gülnazı vurmamışlar.Elşən yaşadığı evin hasarın lap yaxınlığında kanalizasiya şombası tikdiyinə görə ona 3000 manat maddi ziyan, evinə quraşdırılmış kameranı da vurub sındırdığına görə 200 manat maddi ziyan vurmuşdur.Qeyd etmişdir ki, bədəni üzərində aşkar edilmiş xəsarəti mübahisə zamanı Elşən əlində olan daş parçası ilə alın nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Araşdırma zamanı izahatında baş vermiş mübahisə zamanı oğlu Asif ilə Elşəni vurduğunu, digər oğlu Nahid isə Elşəni vurmadığını əsəbi olduğundan göstərmişdir. Dalaşma zamanı aldığı xəsarətdən gözünə qan axmış, dəqiq hansı qonşunun orada olduğunu bilməmişdir. Hazırda qonşuları ilə barışmışlar. Məhkəmə iclasında şahidin qanuni nümayəndəsi Şahid2 iştirakı ilə şahid qismində dindirilmiş X4 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, güvənlik kamerasının quraşdırılması işi ilə məşğul olur. Şahid1 adlı şəxsi də əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 27 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Şahid1 adlı şəxsin evində güvənlik kamerasını quraşdırmışdır. Həmin evin qonşuluğunda yaşayan əvvəllər tanımadığı sonradan adını bildiyi Elşən adlı şəxs küçəyə çıxaraq onun hara kamera quraşdırmağı ilə maraqlanmış və o, da Elşənə izah etmişdir ki, quraşdırdığı kamera onun evini çəkməyəcək. O, elə işlədiyi müddətdə Elşən tez-tez küçəyə çıxıb, onun hara kamera quraşdırmağına baxırmış və narazılığını bildirirmiş. Hətta Elşənin həyat yoldaşı da neçə dəfə küçəyə çıxaraq əri Elşənə deyirmiş ki, evə gəlsin, lakin Elşən əl çəkmirmiş elə küçədə onun nə iş gördüyü ilə maraqlanırmış. Saat təxminən 17 radələrində bir də görmüşdür ki, evin arxa tərəfinə quraşdırdığı kameranın birini sındırıblar.O, da ev sahibi Cahidə də bu barədə demiş, həmin vaxt küçədə işini görürmüş, bu zaman Elşən küçəyə çıxaraq Cahidlə mübahisə etməyə başlamış və onlar əlbəyaxa olub dalaşmışlar. Həmin vaxt görmüşdür ki, Elşənin əlində daş da var, Cahidin oğlanları Asif və Nahid də onları ayırırlar, o, onların arasında olan məsələyə qarışmamaq üçün gedib avtomobilində oturmuş və orada konkret olaraq kimin-kimi vurmasını bilməmişdir. Aradan 5-10 dəqiqə sonra sakitçilik olmuş, onlar evlərinin həyətinə girmişlər və o, da Cahidin həyətində işinə davam etmiş, həmin vaxt Cahidin alnında xəsarət olmuş, məlum olmuşdur ki, Elşən onu vurmuşdur. Qeyd etmişdir ki, qeyd edilən şəxslərin arasında dalaşma olanda ancaq elə öz ailə üzvləri olmuş, kənar adam olmamışdır. Avtomobilində oturduğu üçün onlardan kim-kimi vurmasını görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Gülnazın həyat yoldaşıdır, onlar Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayırlar. Elşənin qonşusu Şahid1 adlı şəxs onlarla bir qonşu kimi yaxşı münasibətdə deyildir, dəfələrlə Elşən ilə mübahisələri olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə o, bacısı Gülnazın evində olmuş, saat təxminən 17 radələrində evdə yatmışdır.Bu zaman bacısı oğlu Rövşən gəlib onu oyadıb demişdir ki, qonşuları atası Elşəni döymüşlər.O, həyətə düşüb görmüşdür ki, artıq Elşən həyətdə oturub, bacısı Gülnaz da onun yanındadır. Elşənin sifəti, başı qanın içində olmuş, onlardan nə baş verdiyini soruşanda, Elşən demişdir ki, qonşusu Cahid və oğlanları onu döymüşlər. Ona görə də o, DİN-in 102 xidmətinə məlumat vermiş, sonra TTY xidmətini ora çağırmış və Elşəni xəstəxanaya aparmışlar. Elşənlə qonşuları arasında baş vermiş dalaşmanı görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Cahid onun həyat yoldaşıdır, Asif və Nahid isə onun oğlanlarıdır.Zərərçəkmiş şəxs onlarla qonşudur.Yaşadığı evin ikinci mərtəbəsini tikdirəndə Elşən narazılıq edərək evin pəncərəsinin qarşısını dəmir löhvə ilə tutmuşdur. Ondan sonra evlərinə yaxın hasarın dibindən kanalizasiya şombası tikib və evin divarları, döşəməsi sıradan çıxmış, onlara maddi ziyan vurmuşdur. Bundan sonra yenidən hasarın üstündə dalan tikərək Elşən öz evinin dam örtüyünü onların evinə bitişdirib bütün bunlara görə həyat yoldaşı Cahid dəfələrlə polisə şikayət etmiş və Elşənin barəsində toplanmış material İcra Hakimiyyətinə də göndərilmişdir. 27 sentyabr 2020-ci il tarixdə, saat təxminən 17 radələrində yaşadığı evin ətrafında güvənlik kamerasını evdə işləyən üsta tərəfindən quraşdırılmış.Bu zaman küçədə səs-küy eşidib qaynanası ilə küçəyə çıxıb görmüşlər ki, kamera ustası kameranı quraşdırır, qonşu Elşən həyat yoldaşı Cahidə və iki oğlanlarına söyüşlər söyür, Elşənin həyat yoldaşı Gülnaz da orada olmuşdur. Həmin vaxt həyat yoldaşının sifəti qanın içində olmuş, orada ona məlum olmuşdur ki, Elşən güvənlik kamerasının quraşdırılmasına narazılıq edərək, həyat yoldaşına və oğlanlarına söyüşlər söyərək həyat yoldaşı Cahidin sifətinə daşla vuraraq xəsarət yetirmişdir.O, da qaynanası ilə onları sakitləşdirmək istəmiş, lakin Elşən və həyat yoldaşı Gülnaz onlara söyərək təhqir edirmişlər. Ondan sonra onlar evlərinə girmişlər. Qeyd etmişdir ki, Elşən düzgün göstərməyib, Elşən özü gəlib qəsdən həyat yoldaşını və oğlanlarını söyərək həyat yoldaşı Cahidə xəsarət yetirmiş, oğlu Asif və Nahid onu həyat yoldaşından ayırmışlar.O, qaynanası ilə küçəyə çıxanda artıq dalaşma qurtarmışdır.Dalaşma zamanı orada qonşulardan heç kim olmamış, ətrafda başqa şəxslər də olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X2 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PAB-nin 05 oktyabr 2020-ci il tarixli, 2095 saylı canlı şəxsin məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qulaq seyvanının və sol kürək nahiyyəsinin əzilmiş-cırılmış yaraları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 27.09.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş MTE və PAB-nin 28 dekabr 2020-ci il tarixli, 359/2020 saylı canlı şəxsin təkrar məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs asteno-nevrotik vəziyyətdə fəsadlaşan baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol qulaq seyvanı və sol kürək nahiyyəsinin əzilmiş-cırılmış yara olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 27.09.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə sol qulaq seyvanının yarası, kəskin asteno-nevrotik vəziyyətlə fəsadlaşan baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması sağlamlığın uzun müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı (10%) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol kürək nahiyyəsinin yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş MTE və PAB-nin 22 fevral 2021-ci il tarixli, 79 saylı komisyon məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs asteno-nevrotik vəziyyətdə fəsadlaşan baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol qulaq seyvanı və sol kürək nahiyyəsinin əzilmiş-cırılmış yarası, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 27.09.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə sol qulaq seyvanının yarası, kəskin astenonevrotik vəziyyətlə fəsadlaşan baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması sağlamlığın uzun müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı (10%) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol qulaq seyvanı və kürək nahiyyəsinin yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.İlkin məhkəmə tibbi ekspertiza zamanı baş beyin silkələnməsi fəsadlaşmadığından yüngül zərərvurmaya aid edilmiş, təkrari ekspertiza aparılarkən baş beyin silkələnməsi ilə müşayiət olunmuş qapalı kəllə-beyin travması kəskin astenonevrotik vəziyyətlə fəsadlaşdığın düzgün olaraq sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiqlənmiş 08.12.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyinə görə sonuncu ilə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar