Məhkəmə qərarları › İş №1(012)-322/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-322/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-322/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Şamaxı rayonu, Avaxıl kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Avaxıl kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Səttar Bəhlulzadə küçəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs, işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “Yeganə” restoranına edilən sifarişlərin ünvanına çatdırmasından ötrü yetkinlik yaşına çatmayan oğlu Şahid2 kuryer kimi cəlb etməsindən narazı qalaraq 11 fevral 2024-cü il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə xuliqamlıq niyyəti ilə Zərərçəkmiş şəxs işlədiyi “Yeganə” restorana gəlib restoranın qapısının şüşəsini vurub sındıraraq özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, sonuncu onu sakitləşdirərək restorandan çıxarıb yola saldıqdan sonra vahid qəsdlə həmin gün, saat 24 radələrində yenidən “Yeganə” restoranına gəlib heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, hamı tərəfindən qəbul olunan əxlaq normalarına açıq etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yerdə, insanların gözü qarşısında onunla mübahisə etmiş və əlbəyaxa olub dalaşarkan sol qolundan tutub dartaraq sol bazu oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol bazu oynağının tam travmatik çıxığı, sol bazu oynağı nahiyəsinin şişkinliyindən ibarət, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, 17 yaşlı oğlu Dəniz, Zərərçəkmiş şəxs işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “Yeganə”restoranında 11 fevral 2024-cü il tarixədək kuryer işləmişdir. Dəniz restorana verilmiş sifariş üzrə yeməkləri ünvanına çatdırıb pulunu alaraq restorana ödəməklə məşğul olmuşdur. Bu məqsədlə Dəniz, Zərərçəkmiş şəxs icarəyə götürdüyü mapetdən istifadə etmişdir. Dəniz 11 fevral 2024-cü il tarixdə sifariş əsasında ünvana gedərkən Xırdalan şəhəri, H.Əliyev prospektində onun idarə etdiyi mapet mersedes markalı, nömrəsi yadında qalmayan maşınla toqquşmuş, nəticədə mersedes markalı maşının qabaq buferi əzilmişdir. Mersedes markalı maşının əzilmiş buferini düzəltmiş və rəngləyib maşının üzərinə bərpa etmişdir. Mersedes markalı maşının sürücüsü ilə barışmışdır. Mersedes markalı maşının təmirinə 300 manat pul xərcləmişdir. Dəfələrlə Orxana, mopeti Dənizə verməməsi barədə desə də, Orxan moprti Dənizə verdiyinə görə ondan narazı qalmışdır. Ona görə də, 11 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Orxanın işlədiyi Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “Yeganə” restoranına gəlmişdir. Restorana gələndə içkili vəziyyətdə olmamışdır. Restoranın giriş qapısına çatdıqda qapının örtülmüş vəziyyətdə olduğunu görmüş, qapınmın içəridən cəftə ilə bağlandığını bilmədiyi üçün qapını itələmişdir ki, açılsın. Bu zaman qapı silkələndiyi üçün qapının şüşəsi sınmış və şüşənin bir hissəsi döşəməyə tökülmüşdür. Orxan qapını açmış və o, içəri girmişdir. Orxan qapının şüşəsinin sınmasından narazı qalaraq ona irad tutmuş və mübahisə etmişlər, lakin Orxanla dalaşmamışlar. Orxan yerə tökülmüş şüşə qırıntılarını süpürgə ilə xəkəndaza toplamış və zibil vedrəsinə boşaltmışdır. O, içəridəki divanda oturmuş və Orxana demişdir ki, gəlib o da otursun. Orxanla üzbəüz söhbət etmiş və qapının təmirinin neçəyə başa gələcəyini Orxandan soruşduqda təmirə 100 manat xərci çıxacağını söyləmiş, o da cibindən 100 manat pul çıxarıb Orxana vermişdir. Sonra ona bir daha xəbərdarlıq etmişdi ki, oğlu Dənizi kuryer kimi mopetlə ünvanlara göndərməsin. Orxan bildirmişdir ki, Dəniz özü işləmək istəyir. O, da demişdir ki, Dənizi işlədirsə, restoranın içində işlətsin. Orxanla razılaşmışlar. Orxanla söhbət edərkən restoranın qarşısında məhllədən tanıdığı Xeybəri görüb onu içəri çağırmış və ona 10 manat pul verib xahiş etmişdir ki, gedib yaxınlıqdakı marketdən iki ədəd “Kuller” markalı pivə alıb gətirsin. Xeybər təxminən on dəqiqəyə qayıtmış və iki ədəd “Kuller” markalı pivə alıb gətirmişdir. Pivənin bir butulkasını restoranda içmişdir. Orxan pivə içməmişdir. Sonra o, siqaret almaq üçün restorandan çıxmış və yaxınlıqdakı “Uğur” marketə getmişdir. Marketdə özünə siqaret alarkan görmüşdür ki, cibində Xeybərin qalıq olaraq ona qaytardığı dörd manat pul qalmışdır. Halbuki cibində 410 (dörd yüz on) manat pul olmuş, həmin puldan 100 manatını Orxana vermişdir. 10 manatını Xeybərə vermişdir ki, ona pivə alsın. Xeybər də 10 manatdan 6 manatını pivəyə verib 4 manatını ona qaytarmışdır. Ona görə də, onun cibində 304 (üç yüz dörd) manat pul olmalı halda, cəmi 4 manat pul qaldığını görüb 300 manat pulunun oğurlandığını fikirləşmişdir. Marketdən özünə siqaret alıb yenidən Orxanın işlədiyi “Yeganə” restoranına qayıtmışdır ki, itirdiyi 300 manat pulu axtarsın. Çünki axırıncı dəfə “Yeganə” restoranında Orxanla birlikdə oturmuşdur. Restorana çatanda görmüşdür ki, Orxan artıq içərini yığışdırıb restoranı bağlamağa hazırlaşır. Restorana girmiş və Orxana cibindən 300 manat pulun oğurlandığılnı, ya da itdiyini demişdir. Orxan demişdir ki, gəlib restoranı axtarsın. O, restoranda oturduqları stolun ətrafına, döşəməyə və tualetə baxmış, lakin pulu tapa bilməmişdir. Orxana demişdir ki, ona verdiyi 100 manatı qaytarsın, ona 100 manat pulu sonra verər. Orxana demişdir ki, sabahı gün ev kirayəsini verməlidir. Orxan 100 manat pulu qaytarmış, lakin narazı qaldığı üçün ondan restorandan çıxmağını tələb etmişdir. Onu çölə çıxartmaq üçün itələdikdə Orxanın bu hərəkətindən narazı qalmış və o da Orxanı itələmiş və mübahisə edib sonra əlbəyaxa olaraq dalaşmışlar. Orxan onun sol göz altı nahiyəsinə yumruqla vurmuş və onu divanın üstünə yıxmışdır. Bu zaman o, müdafiə olunmaq üçün onun sol qolundan tutmuşdur ki, onu özündən kənarlaşdırsın. Orxana üstündən durub onu qaldırmasını tələb etdikdə Orxan onun üstündən qalxmadığı üçün Orxanı üstündən kənar etməkdən ötrü sol qolunu burub aşağ dartmışdır ki, Orxan döşəməyə düşsün və o, yerindən qalxsın. Orxanın qolunu dartdıqdan sonra Orxan onu buraxmış və o, divanın üstündən qalxmışdır. Bu zaman restoranın qarşısında olan iki nəfər tanımadığı yeniyetmə oğlanlar restorana girib onları ayırmışlar. Həmin vaxt restorana onun oğlu Dəniz, arxasınca arvadı X4 və yanında bir qadın gəlmişlər. Lakin həyat yoldaşı Ceyhunə və yanındakı qadın içəri girməmişlər. O, restorandan çıxıb həyat yoldaşına acıqlanmış və onu oğlu Dənizlə birlikdə evə göndərmişdir. X10 Nazirliyinin “102 xidmətinə” zəng etmiş və hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlib ərizə və izahat vermişdir. O, “Yeganə” restoranına təxminən saat 23 radələrində gəlmiş, restoranın şüşəsi sındıqdan sonra restorana girib təxminən bir saata yaxın Orxanla birlikdə söhbət etmiş, pivə aldırıb içmiş və sonra siqaret almağa gedib təxminən on dəqiqədən sonra restorana qayıtmış, restoranda Orxanla dalaşması saat təxminən 23:30-23:40 radələrində baş vermişdir. Onlar əlbəyaxa olarkan restoranda müştəri olmamış, restoranın qarşısındakı küşədə iki nəfər tanımadığı yeniyetmə oğlan olmuş, onlar restorana girib onları aralamışlar. Sonradan hadisə yerinə oğlu Dəniz, həyat yoldaşı Ceyhunə yanındakı tanımadığı qadınla birlikdə gəlmişlər, lakin restorana girməmişlər. Orxanla aralarında olan sonuncu mübahisə və əlbəyaxa olmaqları təxminən 10-15 dəqiqə çəkmişdir. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir ilə yaxındır ki, tanıyır. Onu yetkinlik yaşına çatmayan oğlu Dənizin vasitəsiylə tanımışdır. Belə ki, Dəniz onun əvvəllər işlədiyi Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi 178 ünvanında yerləşən “Yeganə” restorandan sifariş olduqda onun icarəyə götürdüyü mopetlə ünvanlara yemək aparmışdır. Dəniz onun daimi işçisi olmamış, lakin ehtiyac olduqda ona kömək etmişdir. 11 fevral 2024-cü il tarixdə, saat 20 radələrində Dəniz müştəri üçün onun istifadə etdiyi mopetlə yemək apararaq sifariş yerinə yetirmişdir. Təxminən 30-40 dəqiqədən sonra Dəniz onun iş yerinə gəlmiş və bildirmişdir ki, mopetlə mersedes markalı maşın toqquşmuş, mersedes azca əzilmişdir. Ona görə də, mopeti qoyub getmişdir. Demişdir ki, atası çağırıb, atasının yanına gedir. O, Dənizə heç bir söz deməmişdir. İşlədiyi restoran şəhərin mərkəzindən kənarda yerləşdiyi üçün axşamlar həmin restoranda müştəri az olduğundan o, restoranı həmişə tez bağlamışdır. Həmin gün, yəni 11 fevral 2024-cü il tarixdə saat 23 radələrində restoranda müştəri qalmadığı üçün o, restoranın qapısını işəridən bağlayıb səliqə-sahman yaratmaqla məşğul olmuşdur ki, çıxıb getsin. İçəridə yır-yığış edərkən restoranın qapı tərəfindən şüşə sınmasına xarakterik olan səs eşitmiş, dönüb baxdıqda Təqsirləndirilən şəxs qapını itələdiyini və qapının şüşəsinin sındırdığını, şüşənin döşəmənin üstünə töküldüyünü görmüşdür. O, qapıya tərəf yaxınlaşmış və qapını açmış, Yasin içəri girmiş, o isə, Yasinə qapının şüşəsini sındırdığına görə irad tutmuşdur. Yasinin içkili olaraq sərxoş olduğunu görmüşdür. Ona görə də, onu bayıra çıxarıb restorandan kənarlaşdırmaq istəmişdir. Lakin Yasin bayıra çıxmamışdır. Yasini sakitləşdirmək üçün içəri buraxmış və o, stolda oturmuşdur. Yasinə şüşəni sındırması ilə əlaqədar irad tutduqda o, cibindən 100 (yüz) manat pul çıxarıb stolun üstünə qoymuş və şüşəni alıb qapını təmir etdirmək üçün ona vermişdir. Bir qədər Yasinlə söhbət edib sakitləşdirdikdən sonra onu restorandan çıxarıb yola salmışdır. Restoranın döşəməsinə tökülmüş şüşələri yığıb sonra restoranda qalmaq istəmişdir ki, sabahı gün qapının şüşəsini təmir etdirsin. Çünki restoranın qapısının şüşəsi olmadığı üçün sahibsiz qoyub gedə bilməzdi. Təxminən yarım saatdan sonra, saat 24-00 radələrində Təqsirləndirilən şəxs yenidən restorana qayıtmışdır.Yasin sərxoş olduğu üçün onu restorana buraxmamışdır. Lakin Yasin onu itələmiş, o da Yasini itələmişdir. Sonra onlar əlbəyaxa olmuşlar. Yasini itələyib çölə çıxartmaq istədikdə, Yasin onun sol qolundan tutaraq qəflətən bərk dartmış və onun sol qolu kəskin ağrımışdır. Sonradan qolunu müayinə etdirdikdə qolunun oynaqdan çıxması müəyyən olunmuşdur. Onlar əlbəyaxa olub dalaşarkan hadisə yerinə küçədə olan iki nəfər tanımadığı yemiyetmə oğlan uşağı gəlmişdir. Bundan başqa hadisə yerinə Yasinin oğlu Dəniz və Yasinin arvadı gəlmişlər. Yasinin arvadının yanında başqa bir qadın da olmuşdur. Yasinə onun oğlu Dəniz və arvadı irad tutmuş və onu sakitləşdirməyə çalışmışlar. Lakin Yasin sərxoş olduğu üçün öz arvadını nalayiq söyüşlərlə söymüşdür. Yasini restorandan çıxartdıqdan sonra X11 Nazirliyinin “102 xidmətinə” zəng etmiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onu və Yasini Abşeron rayon Polis İdarəsinə aparmışlar, orada izahat vermiş və şikayət ərizəsi yazmışdır. Hadisə onun işlədiyi Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi 178 ünvanında yerləşən “Yeganə” restoranda təxminən bir saat ərzində baş vermişdir. Yasinlə aralarında əlbəyaxa olub dalaşmaları təxminən on dəqiqə müddətində baş vermişdir. Hadisə yerində tanımadığı iki nəfər yeniyetmə oğlan, Yasinin oğlu Dəniz, Yasinin arvadı və onun da yanında bir nəfər tanımadığı qadın olmuşdur. Təqsirləndirilən şəxsla əlbəyaxa olub onu restorandan çölə çıxartmağa çalışarkan bir-birlərinə fiziki təzyiq göstərmişlər. Lakin o, Yasini yumruqla vurmamışdır. Ola bilsin ki, o, qapının şüşəsini sındırdıqda sol mil-bilək oynağında xəsarət almış, sol göz altı nahiyəsi də nəyəsə dəymişdir. Restoranın şüşəsinin sınması nəticəsində ona 100 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın qarşılığında Yasin 100 manat pulu 11 fevral 2024-cü il tarixdə axşam vaxtı ona vermiş, lakin yarım saatdan sonra restorana qayıdıb 300 manat məbləğində pulunun oğurlandığını və həmin məbləğdə pulun oğurlanmasında ondan şübhələndiyini bildirmişdir. Ona görə də, 100 manat məbləğində pulu Yasinə qaytarmışdır. Lakin sabahı günü Yasin özü usta gətirib restoranın qapısını təmir edərək vurmuş olduğu maddi ziyanı ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid2 ifadəsində göstərmişdir ki, valideyinləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma atasıdır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs 2023-cü ildə Abşeron rayon 7 saylı orta məktəbin yaxınlığında dönərxanada işləyərkən onun yanında kuryer işləmişdir. 2023-cü ilin axırlarında Zərərçəkmiş şəxs iş yerini dəyişib Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “Yeganə” adlanan dönərxananı icarəyə götürüb işləməyə başlamışdır. O, Orxanın yanında kuryer kimi işini davam etdirirmişdir. Orxanın icarəyə götürdüyü dönərxanada əmək müqaviləsi olmadan işləmişdir. Sifarişləri Orxana məxsus mopetlə ünvanına çatdırmışdır. 11 fevral 2024-cü il tarixdə axşam vaxtı, saat 22 radələrində atası Yasin ona zəng edib avtomaşın təmiri üçün şpakilovka lazım olduğunu demiş və alıb onun iş yerinə aparmağı tapşırmışdır. Odur ki, o, Orxandan icazə alıb mopeti götürərək şpakilovka almaq üçün getmiş, şpakilovka aldıqdan sonra geri qayıdarkan Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yolda mersedes markalı, nömrəsi yadında qalmayan maşınla idarə etdiyi mopet toqquşmuşdur. Xəsarət alan olmamış, lakin mopet azca əzilmişdir. Mersedes markalı maşının qabaq sol tərəfi də əzilmişdir. Mersedes markalı maşının sürücüsü maşından düşmüş və o, atası Yasinin telefon nömrəsini ona vermişdir ki, atası ilə danışsın. Mersedes markalı maşının sürücüsü atası Yasinlə telefonda danışmış və atası ona avtomaşınını təmir edəcəyini vəd etmişdir. Bundan sonra o, restorana qayıtmış və mopeti Orxana təhvil verib, hadisə barədə ona bildirmiş, sonra evə getmişdir. Saat təxminən 23 radələrində yaşadığı evdən çıxıb yenidən restorana qayıtmışdır. Restorana çatarkan dönərxanada səs-küy eşitmiş, yaxınlaşdıqda atası Yasinlə Orxanın mübahisə etdiyini görmüşdür. Onları iki nəfər tanımadığı şəxslər sakitləşdirmişdir. Həmin vaxt restoranın qapısının şüşəsinin sınmış olduğunu görmüşdür. O, atası Yasinlə Orxanı sakitləşdirmiş, onlar dönərxanada stol arxasında oturub söhbət etməyə başlamışlar. Onların barışdığını görüb, söhbətlərinə müdaxilə etməmək üçün dönərxanada qalmayıb evə qayıtmış və çay içib həyətə düşmüşdür. Atası ilə Orxanın mübahisə etməsinə görə nigaran qaldığı üçün yenidən dönərxanaya getmişdir. Yolda qarşısına çıxan üzdən tanıdığı “AAF park” yaşayış massivində yaşayan Nəsir və yanındakı uşaq demişlər ki, atası ilə Orxan dalaşmışlar və polislər onları Abşeron rayon polis idarəsinə aparmışlar. O, dönərxanaya getdikdə dönərxanın bağlı olduğunu görmüşdür. Dönərxananın qarşısında olan tanımadığı beş-altı nəfər şəxs atası Yasinlə Orxanın dalaşdıqlarını, hadisə yerinə gələn polis əməkdaşlarının onları Abşeron rayon polis idarəsinə apardıqlarını bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onun oğlu Dıniz ilə bir məhəllədə yaşayaraq yoldaşlıq edirlər. 2024-cü ilin fevral ayının əvvəllərində, axşam vaxtı o, Xırdalan şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən “Spar” marketə gedib su və sok almışdır. Marketdən çıxdıqdan sonra həmin marketin yanında yerləşən “Yeganə” restoranının qarşısından keçərkən içəridən səs-küy eşitmiş, qulaq asdıqda içəridə Dənizin atası Yasinin “Yeganə” restoranında işləyən dönərçi kimi tanıdığı Orxanla uca səslə mübahisə etdiyini görmüşdür. O, içəri girməmiş və evə gedərkən yolda Dənizlə rastlaşmış və ona Yasinlə Orxanın “Yeganə” restoranında bərk mübahisə etdiklərini demiş, sonra yoluna davam edib getmişdir. Sonradan eşitmişdir ki, Yasin və Orxan dalaşmış, hadisə yerinə polis gəlib onları Abşeron rayon Polis idarəsinə aparmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Naziliyinin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 273 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol bazu oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol bazu oynağının tam travmatik çıxığı, sol bazu oynağı nahiyəsinin şişkinliyi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı kənar təzyiqlə həmin ətrafin dartılması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq, Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, həmin tarixdə cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir.. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 69.1ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilməmişdir.. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbsdə saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq qəti olaraq Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədə həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar