Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-323/2020 28.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynova Turac Rövşən qızının, Təqsirləndirilən şəxs və onun vəkili Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 21, ev 3-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 torpaq sahəsi və ya ev tikmək üçün bankdan 82.000 manat kredit götürəcəyinə köməklik göstərəcəyini vəd verib aldadaraq bu niyyətlə Sahilə Hüseynova ilə 2019-cu ilin aprel ayının sonlarında onun yaşadığı ünvan 1A ünvanında görüşüb 500 manat məbləğində pulunu, 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, 7 saylı poliklinikanın yanında görüşüb 700 manat məbləğində pulunu, 2019-cu ilin may ayının sonlarında ünvan 1A ünvanında görüşüb 1000 manat məbləğində pulunu ümumilikdə 2200 məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdən alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X3 ümumilikdə 2200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “Opel Astra” markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Mərhum X4 taksi fəaliyyətində olduğu zaman müştəri kimi tanımışdır. Sahilə Hüseynova ilə münasibəti yaxşı olmuş, əvvəllər aralarında heç bir dümənçilik və ədavət olmamışdır. İdarə etdiyi avtomobili kreditdə olduğu üçün o, X1 borca pul istəmişdir. Sahilədə onunla razılaşıb 2019-cu ilin aprel ayının sonlarında yaşadığı ünvan 1a ünvanında ona 500 manat pul vermişdir. Bundan sonra ona yenə pul lazım olduqda Sahiləyə müraciət etmiş, Sahilə də 2019-cu ilin may ayının əvvəllərində onunla Bakı şəhəri, Xətai rayonu, 7 saylı poliklinikanın yanında görüşüb ona 700 manat pul vermişdir. Bundan sonra o, 2019-cu ilin may ayının sonlarında Sahilədən kreditlə borca pul istəmiş, Sahilə də ona öz yaşadığı evində 1000 manat pul vermişdir. Sonra Sahilə ilə aralarında söhbət zamanı sonuncu ona verdiyi 2200 borcun əvəzinə ona kreditlə ev götürməkdə köməklik etməsini istəmişdir. O da Sahilə ilə razılaşmış, bununla bağlı bir neçə yerə müraciət etsə də bəzi sənədlər düzəlmədiyindən Sahilə üçün kreditlə ev almaq məsələsini düzəldə bilıməmişdir. Maddi imkanı olmadığından Sahilədən borca aldığı 2200 manat pulu ona qaytara bilməmişdir. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyanı tam ödədiyini, maddi ziyandan əlavə 400 manat məbləğində pul vəsaiti ödəyərək onunla barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynova Turac Rövşən qızı ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında validenləri ilə bir yerdə yaşamışdır. Mərhum anası Sahilə Hüseynova ikinci qrup əlil olduğundan, bununla bağlı onlar tez-tez taksi sifariş xidmətindən istifadə etmişlər. Təqsirləndirilən şəxs Cavid adlı şəxsi kimi “9933” taksi sifarişi xidmətindən tanımışlar. Həmin Cavid adlı şəxs onlara taksi lazım olarsa “9933” taksi xidmətinə yox, istifadə etdiyi ***-***-**-** cin mobil telefon nömrəsinə zəng etmələrini onlardan xahiş etmişdir. Bundan sonra onlar taksi lazım olduqda Cavidin istifadə etdiyi mobil nömrəsinə zəng etmişlər. 2019-cu ilin aprel ayında anası Sahilə ilə birlikdə Cavidin idarə etdiyi “Opel Astra” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı rayonuna gedən zaman anası X7 qəsəbəsindəki evləri görüb “kaş bizə də belə evlər qismət olsun” sözlərini demişdir. Cavid anasının bu sözlərini eşidib ona sözügedən məsələnin çətin olmadığını demiş və onlara FHN-də sürücü işlədiyini bildirmişdir. Cavid anası Sahiləyə ya ev almasında, ya da torpaq sahəsi alıb ev tikdirəcəyində kömək edəcəyini bildirmişdir. Anası Sahilə bunun necə olduğunu Caviddən soruşduqda sonuncu onlara öz torpaq sahəsinin sənədlərini girov qoyub 82000 manat pul götürəcəyini bildirmişdir. Cavid sənədləri düzəlmək üçün anasına 2200 manat pul lazım olmasını qeyd etmişdir. X11 sözlərinə inanıb onunla razılaşmışdır. 2019-cu ilin aprel ayının sonlarında Cavid anasına zəng edərək, pulu tapırsa onun işini düzəltməsini bildirmişdir. Anası da ona pul tapıb xəbər edəcəyini söyləmişdir. Bundan sonra anası Sahilə tanışından 500 manat borca pul alıb həmin pulu yaşadığı ünvan 2 ünvanında Cavid adlı şəxsə vermişdir. 2019-cu ilin may ayının əvvəllərində Cavid yenidən anasına zəng edərək pulun qalan hissəsini verməsini demişdir. Anası Sahilə də Cavidlə Bakı şəhəri, Xətai rayonu, 7 saylı poliklinikanın yanında Cavidlə görüşüb ona 700 manat pul vermişdir. 2019-cu ilin may ayının sonlarında Cavid yenidən anasına zəng edərək işi düzəltmək üçün pulun qalan hissəsini verməsini demişdir. Anası Sahilə də onun qayınatasından 1000 manat pul alıb yaşadığı ünvan 2 ünvanında Cavidə 1000 manat pul vermişdir. Anası Cavidə işlərini düzəltmək üçün ümumilikdə 2200 manat pul vermişdir. Onlar Caviddən işlərini nə vaxt düzəldəcəyini soruşduqda Cavid bu işin bir aya yekunlaşacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, Cavidə zəng edib bu məsələnin nə yerdə qaldığını soruşduqda Cavid onlara müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. O da DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Anası X6 xx xxxx 2020-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynova Turac Rövşən qızı sonda çıxışında göstərdi ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş 2200 manat maddi ziyan tam ödənilmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən 2200 manat maddi ziyandan əlavə ona barışıq üçün əlavə 400 manat məbləğində pul ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən X6 ibtidai istintaq dövründə xx xxxx 2020-ci il tarixdə vəfat etdiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Zərəçəkmiş şəxs X2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş qızı Hüseynova Turac Rövşən qızı ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan Hüseynova Turac Rövşən qızı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, ibtidai istintaq dövründə Hüseynova Turac Rövşən qızı Təqsirləndirilən şəxs tərəfindən verilmiş 2200 manat məbləğində pulu təhvil almışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, zərərçəkmiş şəxs X6 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Cinayət işi materiallarında olan zərəçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Hüseynova Turac Rövşən qızı mərhum anası X2 hüquqi varisi qismində tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynova Turac Rövşən qızının məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 2200 manat məbləğində maddi ziyan tam ödənilmişdir. Bundan əlavə ittiham aktında qeyd olunan 2200 manat maddi ziyandan başqa 400 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini nəzərə alaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini qiqmən etiraf etməsi ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin şahid qismində məhkəmə iclasında verdiyi ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin tələbləri baxımından dələduzluq əməli kimi qiymətləndirilməklə yanaşı, ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci hissəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin mənası baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Eyni zamanda həmin məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin imperativ şərti nəzərə alınaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisiHüseynova Turac Rövşən qızına dəymiş maddi ziyanı tam olaraq ödəyərək onunla barışması, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair xahişi və işin digər halları nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; Beləliklə, məhkəmə prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdiril-mə-sindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 175, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-323/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-323/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver