Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-323/2021 09.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2000-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Şuşa şəhəri, V.Cəfərov küçəsi ev 26 mənzil 12-də qeydiyyatda olan, faktiki İmişli rayonu Aran küçəsi ev 12də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının 26-da saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri,Kristal 1 Abşeron yaşayış massivi 9 nömrəli binanın qarşısında saxlanılmış Şahid etibarnamə ilə idarə etdiyi Zərərçəkmiş şəxs məxsus 2004-cü il buraxılışlı tünd yaşıl rəngli VAZ 2106 markalı 01BO016 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirmək üçün yan qapının nəfəsliyini açmaqla avtomobilin mühərrikini işə salıb idarə edərək həmin yerdən qanunsuz olaraq qaçırmış və həmin günü saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu Kənar dairəvi yolda X1 idarə etdiyi Kamaz markalı 10US213 dövlət qeydiyyat nişanlı avtomobillə toquşduqdan sonra hadisə yerinə gələn DİN-in BDYPİ-nin X2 əməkdaşı tərəfindən saxlanılmış, nəticədə qaçırdığı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində zərər çəkmiş Zərərçəkmiş şəxs 2325 manat ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitədən istifadə etdiyi üçün dayısı oğlu onu 2020-ci ilin dekabr ayının 24-də Bakı şəhərində Maştağa qəsəbəsində yerləşən Narkoloji dispanserə apararaq qeydiyyata aldırmış və o, 19 gün həmin dispanserdə müalicə olunmuş, bu ilin yanvar ayının 13 ya da 14-də həmin dispanserdən çıxmış və müvəqqəti olaraq Kristal-1 Abşeron yaşayış kompleksinin 9 nömrəli binanın 38-ci mənzilində yaşayan bacısıgildə qalmağa başlamışdır. 26 yanvar 2021-ci il tarixdə səhər tezdən bədəni ağrıdığı üçün bacısı Səmidə ona analqin və dimidroldan ibarət iynə vurmuş, buna baxmayaraq bədəninin ağrıları onu narahat etmiş, həmin gün saat 19:00 radələrində bacısıgilin yaşadığı evin həyətində dayanarkən VAZ 2106 markalı avtomobilin dayandığını və içərisindən tanımadığı cavan oğlanın düşüb bloka girdiyini görmüş, həmin anda onun ağrıları çox olduğu üçün tək qalmaq, mahnıya qulaq asmaq istəmiş, bu məqsədlə həmin avtomobili qaçırıb idarə etmək istəmiş, buna görə də həmin maşına yaxınlaşaraq nəfəsliyi cibinbəki dabankeşlə sındırıb qapını açmış, qapını açandan sonra avtomobilin üzərində açar olduğu üçün maşını işə salıb oradan sürüb getmiş, Bakı şəhərini yaxşı tanımadığı üçün hara gəldi sürməyə başlamış, təxminən 1 saat sürdükdən sonra avtovağzal ərazisinə daxil olub və oradan əsas yola çıxmaq istəmiş elə bu zaman yolun sol tərəfindən gələn yük maşını ilə toqquşmuş, toqquşandan bir qədər sonra ora yol polisi əməkdaşlarının yaxınlaşdığını gördükdə qorxub qaçmaq istəmiş, lakin yol polisi onu saxlamış və Abşeron RPİ-nin əməkdaşları gəldikdən sonra avtomobili onlara təhvil vermişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, VAZ 2106 markalı, 01BO016 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili idarə etmək üçün etibarnamə əsasında qohumu Şahid vermişdir. 26 yanvar 2021-ci il tarixdə ona həmin avtomobilin Abşeron rayonu, Kristal-Abşeron yaşayış massivində yerləşən binanın yanında qaçırıldığı və həmin avtomobilin Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzaya uğradığı məlum olmuş, hadisə nəticəsində ona 2325 manat məbləğində ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 26 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi 01BO016 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Kristal Abşeron-1 ərazisinə getmiş, avtomobilin açarını üstündə qoymuş, lakin qapıları bağlamamış 9-cu binada yaşayan dostugilə qalxmış, təxminən 15 dəqiqədən sonra aşağı düşərkən maşının yerində olmadığını görüb dərhal 102 xidmətinə məlumat vermiş, bir qədər sonra ona maşını oğurlayan şəxsin Yasamal rayonu ərazisində qəza törətdiyi məlum olmuş, o, polis əməkdaşları ilə hadisə yerinə getmiş, hadisə yerində, yəni dikdə əzilmiş maşınını, həmçinin maşını qaçıran şəxsi görmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə zamanı elan olunmuş ifadələri həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 03.02.2021-ci il tarixli tələbnamədən və İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və o, 31.08.2018-ci il tarixdə icra etdiyi üçün İmişli rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən 28.01.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və o, 25.03.2021-ci il tarixdə tutularaq həbsə alınmışdır. Daha sonra o, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməyərək 27.03.2021-ci il tarixdə azad olunmuş və məhkəmədə onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi)manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-323/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-323/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver